Məhkəmə qərarları › İş №2-1(120)-2543/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2543/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2543/2024 10.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 оğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirаkları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, xx.xx.2023cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində 28 il 10 ay 25 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən isə əmək pensiyası ilə bağlı ödəniş dayandırılmışdır. Dayandırılmış pensiyanın yenidən bərpa olunması ilə bağlı cavabdeh orqana müraciət etsə də həmin dövlət orqanı tərəfindən 27 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-2xx/xx/2023 saylı məktubla imtina edilmişdir. İmtinanın səbəbi kimi isə bildirmişdirlər ki, əmək kitabçasında qeyd edilən xx.xx.1977-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmiş, Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının Sabirabad rayon Kommunal Müəssisələr Kombinatı ilə birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən sözügedən müəssisənin əmr kitabları və əmək haqqı cədvəlləri saxlanılmadığından xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövr üzrə əmək haqqı alıb-almamasını müəyyənləşdirmək mümkün olmağı üçün həmin dövrlər sığorta stajına daxil edilməmiş və həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabında pensiya qeydə alınmamışdır. Qeyd edir ki, xx.xx.2021-ci il tarixdən ona yaşa görə sosial müavinat təyin edilmişdir. Əmək kitabçasında qeyd olunan latın dilində yazılmış Azərsu Avtomatika icarə müəssisəsinin möhrünün vurulma səbəbi (xx.xx.1977-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövr) həmin müəssisənin ləğv oluması və işlədiyi illər üzrə arxivə sənəd verilmədiyindən işlədiyi müəssisənin hüquqi varisi Azərsu Avtomatika icarə müəssisəsi tərəfindən təsdiq edilmişdir. Lakin bu faktı cavabdeh orqan qəbul etməmişdir. Həmin illərdə onunla işləyən şəxslər varki onun həmin illərdə orda işləməsini təsdiq edə bilərlər. Sabirabad rayon Kommunal Müəssisələr Kombinatının DSMF Sabirbad rayon şöbəsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1997-ci il tarixlindən xx.xx.2001-ci il tarixinədək olan dövr üzrə əmək haqqı almışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın siğorta hissəsində qeyd alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən olmayan pensiya təminatına imkan verdikdə siğorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il siğorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1977-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək işlədiyi illəri siğorta stajı kimi qəbul edərək, xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək əmək pensiyasının təyin edilməsini və yaranmış fərqin birdəfəyə ödənilməsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2543/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarında olan NT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2001-ci il tarixədək fasilələrlə müxtəlif müəssisələrdə işləmişdir. İş materiallarında olan 010149 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1973- 1977-ci illərdə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsillli Nazirliyinin Bakı axşam Neft texnikomunda təhsil almışdır. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48- 38-KA-32 nömrəli arayışından görünür ki, İddiaçı 1990-1996-ci illərdə Sabirabad rayon « H.Zərdabi » adına kolxozda işləmiş və əmək haqqı almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyəti yanında Sabirabad Kommunal Müəssisəsləri Kombinatının xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayışından görünür ki, İddiaçı 13 fevral 1997-ci il tarixdən (Əmr № 03) 07 sentyabr 2001-ci il tarixə kimi (Əmr № 07) Sabirabad rayon Kommunal Müəssisələri Kombinatının Camanşirxana sahəsində çilingər işləmişdir. Hesablanmış əmək haqqı cədvəldə göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq yaşa görə əmək pensiyası təyin edilmiş, həmçinin təyinat zamanı müəyyən olunmuşdur ki, Daxili Nəzarət və Audit Şöbəsinin yoxlama aktında qeyd olumuş dövrlərdə əmək fəaliyyəti dövrlərinin düzgünlüyü, habelə, həmin dövrlər üzrə əmək haqqlarına görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi vəziyyəti araşdırılmışdır. Fondun Mil- Muğan RF-nin xx.xx.2023-cü il tarixli yoxlama aktına əsasən 1997-2001-ci illər Sabirabad Kommunal Müəssisələri Kombinatının əmək haqqı kitablarının müəssisədə və Sabirabad rayon Dövlət Atxivində saxlanılmaması, eləcə də əmək kitabçasının doldurulması qaydalarına riayət edilməməsi (əmək kitabçası 1977-ci il tarixində açılsa da 1977-1989-cu illərdə olanda işə qəbul və işdən azad olunma əmrləri latın qafikalı möhürlə təsdiqlənib, xx.xx.1997-ci il tarixli işə qəbul əmri 3 nömrəli əmrlə, xx.xx.2001-ci il tarixli işdən azad olunma əmri 7 nömrəli əmrlə qeyd olunub) səbəbindən pensiya ödənişi dayandırılmışdır. Artıqvermə nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-223192/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən çox olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən 28 il 10 ay 25 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixinədək ödənişi davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra - Mərkəzi Filial) “Əsasnamə”sinə əsasən Mərkəzi Filial tərəfindən mütəmadi olaraq ümumi əsaslarla ödənişi həyata keçirilən sosial ödəniş işlərinin qanunvericiliyə uyğunluğu yoxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (1977-1989cu ildə işə daxil olma və işdən çıxma əmrləri latın qrafikalı möhürlə təsdiqləndiyindən və xx.xx.1997-ci il tarixində 3 saylı əmrlə işə qəbul edilib, xx.xx.2001-ci il tarixində 7 saylı əmrlə işdən azad edildiyinizdən) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun (Mil-Muğan regional filialının Sabirabad rayon Kommunal Müəssisələr Kombinatı ilə birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən sözügedən müəssisənin əmr kitabları və əmək haqqı cədvəlləri saxlanılmadığından xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövr üzrə əmək haqqı alıb-almadığınızı müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən həmin dövr sığorta stajınıza daxil edilməmişdir. Həmçinin bildiririk ki, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Xidməti yoxlama nəticəsində 10 il 7 ay 5 gün sığorta stajınız olduğu halda, Fondun keçmiş 4 saylı regional ərazi filialı tərəfindən sizə 28 il 10 ay 25 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyasının təyin edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən yaşa görə əmək pensiyanız ləğv edilmiş və xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sizə əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq pensiya hüququnuz olmadığı üçün sizə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 180 manat, xx.xx.2023-cü il tarixindən müddətsiz 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin istənilən filialına müraciət etməyiniz tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 83970/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, icraatınızda iddiaçı xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-2543/2024 nömrəli inzibati iş vardır. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması, qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı pensiya işinə dair sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 10 il 7 ay 5 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ıl tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 28 il 10 ay 25 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixədək ödənişi davam etdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (1977-1989-cu ildə işə daxil olma və işdən çıxma əmrləri latın qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Təqdim edilən əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının Sabirabad rayon Kommunal Müəssisələr Kombinatı ilə birgə tərtib etdiyi 07.12 2023-cü il tarixli aktına əsasən xx.xx.1997-ci ıl tarixdən xx.xx.2001-cı il tarixədək İddiaçı aldığı əmək haqlarının qeydiyyatı aparıldığı əmək haqqı cədvəllərinə baxış keçirilərkən həmin cədvəllərin “Hüquqi normativ sənədlərin tərtib olunma" qaydalarına riayət olunmadan hazırlandığı müəyyən edilmişdir. Belə ki, müvafiq cədvəllər A4 vərəqində tərtib olunmuş əmək haqqından ayırmalarına dair müvafiq məlumatların qeydiyyatı tam formada aparılmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Xidməti yoxlama nəticəsində 10 il 7 ay 5 gün sığorta stajı olduğu halda, Fondun keçmiş 4 saylı regional ərazi filialı tərəfindən iddiaçıya 28 il 10 ay 25 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyasının təyin edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçının yaşa görə əmək pensiyası ləğv edilmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq İddiaçı pensiya hüququ olmadığı üçün xx.xx.2021-ci il tarixdən (aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2021-ci il tarixdən dayandırıldığından) xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 180 manat, xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildiririk ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməyən müavinətin məbləği əmək pensiyası üzrə artıq ödənilmiş məbləğlə əvəzləşdiriləcəkdir. Əlavə olaraq bildiririk ki, təqdim olunmuş vergi bəyannamələrinə (hesabatlara) əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vergi ödəyicisi kimi fəaliyyəti barədə (VÖEN-nin aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövrlər üzrə təqdim olunmuş vergi bəyannamələrinə (hesabatlara) əsasən dövriyyə məbləği olmaması haqqında arayış təqdim etdikdən sonra həmin dövrlər üzrə müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən də aydın olduğu kimi, iddiaçının yaşa görə əmək pensiyasının yenidən bərpa olunması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçı, İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “yaşa görə əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-2543/2024 nömrəli inzibati iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, İddiaçı 1990-1997 ci illərdə Sabirabad rayon Zərdabi kolxozunda işləməsi, 1997-2001-ci illərdə Sabirabad rayon Kommunal Təsərrüfatda işləməsi 25 aprel 2024-cü il tarixdə məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X2nun və X3 ifadəsi ilə də təsdiq olunur. X2 ifadəsində İddiaçı tanıdığını, hər ikisinin birlikdə çilingər işlədiklərini, 1978-ci ildə işə düzəldiyini, işə düzəldiyi vaxt Nəbinin orda 1 il idi ki orada işlədiyini, 1990-cı ildə idarənin ləğv olunduğunu, iddiaçı ilə birlikdə çilingər olduğunu bildirmişdir. X1 ifadəsində İddiaçı tanıdığını, 1979-1989-cu ilə kimi işlədiyini, əmək pensiyası almadığını, Nəbinin briqadir işlədiyini, Aqilin prorab işlədiyini bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar. ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 36. İnzibati icraatda iştirakçılar 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. Rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. Səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. İnzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən icraat aparılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Beləliklə iş materialları ilə müəyyən olunur ki, İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra Daxili Nəzarət və Audit Şöbəsinin yoxlama aktında qeyd olumuş dövrlərdə əmək fəaliyyəti dövrlərinin düzgünlüyü, habelə, həmin dövrlər üzrə əmək haqqlarına görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi vəziyyəti araşdırılmışdır. Fondun Mil-Muğan RF-nin xx.xx.2023-cü il tarixli yoxlama aktına əsasən 1997-2001-ci illər Sabirabad Kommunal Müəssisələri Kombinatının əmək haqqı kitablarının müəssisədə və Sabirabad rayon Dövlət Arxivində saxlanılmaması, eləcə də əmək kitabçasının doldurulması qaydalarına riayət edilməməsi (əmək kitabçası 1977-ci il tarixində açılsa da 1977-1989-cu illərdə olanda işə qəbul və işdən azad olunma əmrləri latın qafikalı möhürlə təsdiqlənib, xx.xx.1997-ci il tarixli işə qəbul əmri 3 nömrəli əmrlə, xx.xx.2001-ci il tarixli işdən azad olunma əmri 7 nömrəli əmrlə qeyd olunub) səbəbindən pensiya ödənişi dayandırılmışdır. Artıq ödənilmiş məbləğin iddiaçıya təyin edilmiş sosial müavinatdan tutulması qərara alınmışdır. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iddia tələbini qismən əsaslı sayaraq qeyd edir ki, qanunvericilik qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə pensiya təyin edilməsinin ləğv edilməsi və artıq ödənilmiş pul vəsaitinin nəzərə alınması barədə inzibati aktın qəbul olunması ilə bağlı qərar qəbul etsə də, həmin qərarın “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbindən irəli gələn qaydada qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, iddiaçıya yaşa görə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin, bu haqqından istifadə edərək pensiya məbləğinin azalmasına və hətta həmin məbləğdən də artıq ödəmənin tutulmasına gətirib çıxaran qərar qəbul edilərkən, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan olan cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman, inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər bir tərəfdən dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Qeyd edilməlidir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-244/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyanın ləğv edilməsi və artıq ödəmə ilə bağlı qərar qəbul edilməsi məsələsinə baxarkən cavabdeh buna dair icraatla bağlı tələblərə riayət etmək öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükətilmədiyi üçün iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X10 Nəbi Fərzi oğluna yaşa görə təyin edilmiş pensiyanın dayandırılması və xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək artıq ödəmə ilə bağlı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddiaçının Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi tələbinə dair müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı barəsində əlverişsiz nəticə yaradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı yuxarıda qeyd olunanlara əsasən qanunsuz hesab edilməklə ləğv olunduğundan onun nəticələridə aradan qaldırılmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” barədə müraciətinə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Sədrlik edən: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar