Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2548/2024 15.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon İcra Hakimiyyəti başçısının iddiaçının işdən azad olunması ilə bağlı qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 107 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2023-cü il tarixli, 107 nömrəli əmrin etibarsız edilərək ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mükafatın hesablanıb ödənilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir Beyləqan rayon İcra hakimiyyəti başçısının Aşağı X4 ərazi dairəsi üzrə nümayəndəsi işləyir. 1986-1999-cu illərdə Beyləqan rayon İcra hakimiyyəti nəzdində olan kənd təsərrüfatı və ərzaq idarəsinin (1986-1993) böyük mühasibi, 1993-1999-cu illərdə baş mühasibi kimi dövlət qulluqçusu olmuşdur. 2000-2005-ci illərdə Aşağı Çəmənli bələdiyyəsinin sədri seçilmişdir. İşini həmişə qanunvericiliyin tələblərinə uyğun olaraq, vəzifə təlimatında göstərilən qaydada qurmuş, həmişə ona tapşırılan işin öhdəsindən layiqincə gəlmişdir. Lakin son vaxtlar ona qarşı icra hakimiyyəti aparatında münasibət dəyişmişdir. 2022-ci ildə pambıq sahələrinə su verilməməsindən şikayət etmişdir. Sahənin suvarılması barədə tərtib olunmuş saxta akta qol çəkmədiyinə görə Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən daim təqib olunaraq ərizə yazıb vəzifədən getməsi tələb olunmuşdur. Əhaliyə suvarma suyu verilmədən 2022ci ilin İcra başçısının görüş qrafiki iyul ayından dəyişdirilrək noyabr ayına keçirilib. Çünki həmin dövr pambıq yığımı başa çatmışdı və suya ehtiyac yox idi. 2023-cü ilin də görüş qrafiki dəyişdirilərək mart ayına təyin olundu. Əhali suyun olmamasından şikayət etdikdə onun təqibləri yenidən başlanmışdır. Avqust ayına qədər ərizə yazmamışdır. Suvarma suyunun olmamasından başqa onun kəndindən, şəxsən ondan heç bir şikayət olmamışdır. Yenə də suvarma suyunun verilməməsi barədə rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişdir. Beyləqan rayon İcra Hakimiyyətindən onu çağıraraq müalicəyə buraxılma adıynan 08 avqust 2023-cü il tarixində işdən çıxması barədə ərizə yazmağı tələb etmişdirlər. Həmin ay onun məzuniyyət vaxtı olmuşdur. Lakin ona məzuniyyət vermədən başqa məqsədə ərizə yazmağı tələb etmişdirlər. Əks halda əmək intizamının pozulması ilə bağlı Əmək Məcəlləsinin 70 «Ç» bəndi ilə işdən azad edəcəklərini bildirmişdirlər. Səhhətində olan problemlə bağlı mübarizə aparmağa qüvvəsi çatmadığına görə müalicəyə getmək üçün ərizə yazmağa məcbur olmuşdur. Ərizəni 08 avqustda yazmasına baxmayaraq 12 avqust 2023-cü il tarixədək işinə davam etmiş və işdən çıxarılması barədə ona heç bir məlumat verilməmişdir. İşdən çıxma əmrinin surəti və digər sənədlər də ona verilməmişdir. Daxili orqanlarında olan xəstəlik onu hər an incidirdi. Ona görə də müalicə və müayinə olunmaq üçün 20 avqust 2023-cü il tarixdə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş və 21 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzi PHŞ-də stasionar müalicədə olmuşdur. Mədəsində kəskin qanaxmalar baş vermişdir. 29-31 avqust tarixlərində işdən azad olunması barədə xəstəlik tarixçəsində həkim qeydi vardır. 30 avqust 2023-cü il tarixdə Beyləqan rayonuna gəldikdən sonra ondan əmrlər kitabını istəmişdirlər. İşdən çıxmaq istəmədiyini bildirsə də onun əmrinin verildiyini, ona görə də sənədləri təhvil verməyini bildirmişdilər. Onlara ərizə verdiyi günü əmrinin verilməsinin qanunsuz olmasını, Əmək Qanunvericiliyinin təlblərinə zidd olmasını bildirmişdir. Lakin həmin gün akt əsasında əmrlər kitabını ondan almışdırlar. Sabahı gün vəziyyəti pisləşdiyi üçün yenidən rayon xəstəxanasına müraciət etmişdir. xx.xx.2023-cü il tarixədək ambulator müalicədə olmuşdur. Müalicə qurtardıqdan sonra İcra hakimiyyətinə gələrək işdən azad olunması barədə əmrin surətini və əmək kitabçasını tələb etmişdir. Lakin sənədlər onun təkidi ilə xx.xx.2023-cü ildə ona verilmişdir. Əmri və əmək kitabçasını alandan sonra qanunvericiliyin təlbinə uyğun olaraq Mediasiya təklifi ilə müraciət etsə də bu təklifə cavab verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Beyləqan rayon İcra hakimiyyəti başçısının onun işdən azad olunması və bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 08 avqust 2023-cü il tarixli, 107 nömrəli əmrinin etibarsız edilərək ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və mükafatın hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2548/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Beyləqan rayon İcra Hakimiyyəti başçısının iddiaçının işdən azad olunması ilə bağlı qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 107 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Aşağı X4 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli arayışından görünür ki, Cəfərov X2 rayonunun Aşağı Çəmənli kəndində yaşayır. İş materiallarında olan 26 yanvar 2007-ci il tarixli, 04 nömrəli əmrdən görünür ki, Cəfərov X2 rayon İcra Hakimiyyəti başçısının Aşağı X4 ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 27 mart 2023-cü il tarixli, 25 nömrəli əmrdən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının Aşağı X4 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı intizam tənbehi (töhmət) verilmişdir. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli, 77 nömrəli əmrdən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının Aşağı X4 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı intizam tənbehi (sonuncu xəbərdarlıqla şiddətli töhmət) verilmişdir. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli, 107 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ”a” bəndinə və “Dövlət qulluğu haqqında “Azərbaycan Respublikası Qanununun 33.1.1-cı maddəsinə əsasən Beyləqan rayon İcra Hakimiyyəti başçısının Aşağı X4 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı 08 avqust 2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X3 qida borusu, mədə, 12 barmaq bağırsaq cərrahlığı şöbəsinin epikrizindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə həmin mərkəzə daxil olmuş xx.xx.2023-cü il tarixdə çıxış etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli fəxri fərmandan görünür ki, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə İddiaçı “Heydər Əliyev ili” çərçivəsində fəxri fərmanla təltif edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli fəxri diplomdan görünür ki, yerli əhalinin istehlakçı hüquqlarının müdafiəsinin təmini məqsədi ilə onların “İstehlakçı biliklərinin əsasları”na dair elmi maarifləndirilməsindəki aktiv fəaliyyətinə görə Beyləqan rayon İcra Hakimiyyəti başçısının Aşağı X4 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı fəxri diplomla təltif edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli fəxri fərmandan görünür ki, 2016-cı ilin yekunları ilə bağlı səmərəli fəaliyyətinə görə Beyləqan rayon İcra Hakimiyyəti başçısının Aşağı X4 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı fəxri fərmanla təltif edilmişdir. İş materiallarında olan 2013-cü il tarixli fəxri diplomdan görünür ki, “Haqq-ədalət naminə” qəzetinin rəy və sorğusuna əsasən xalqa ləyaqətlə xidmətinə, səmərəli peşə fəaliyyətinə görə İddiaçı fəxri diplomla təltif edilmişdir. İş materiallarında olan İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2023-cüil tarixli, 107 nömrəli əmrlərin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mükafatın hesablanıb ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddia ərizəsinə cavabdeh Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddia ərizəsində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının işdən azad olunma və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 107 nömrəli əmrinin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mükafatın hesablanıb ödənilməsi öhdəliyinin Beyləqan Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bildiririk ki, Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini Cəfərov X2 Rayon İcra Hakimiyyəti başçısının 26 yanvar 2007-ci il tarixli 04 nömrəli əmri ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Aşağı X4 ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli, 5-37/1-C-80/2023 nömrəli ərizəsi əsasında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 107 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə və Azərbaycan Respublikası Dövlət Qulluğu haqqında Qanunun 33.1.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Dövlət Qulluğu haqqında Qanunun 33.3-cü maddəsinə əsaən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Dövlət orqanının rəhbərinin belə bir qərarı olmadığından İddiaçı ərizəni verdiyi gün öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş və son haqq-hesab ödənilmişdir. 14 avqust 2023-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin, Aşağı Çəmənli kənd İƏD üzrə nümayəndəliyin əməkdaşları və İddiaçı iştirakı ilə Akt tərtib edilmiş, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 107 nömrəli əmri ilə İddiaçı vəzifədən azad edildiyi üçün nümayəndəliyin 1 ədəd möhürü və 1 ədəd künc ştampı nümayəndənin müavini X1 təhvil verilmişdir. İddiaçı möhür və ştampı nümayəndənin müavini M.Orucluya təhvil verməsi barədə aktı imzalamışdır. Aktdan da göründüyü kimi İddiaçı işdən azad olunması barədə xəbəri olmuşdur. İddiaçı əmək kitabçası 21 sentyabr 2023-cü il tarixdə aktla özünə təqdim edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi İddiaçı öz arzusu ilə işdən azad olunmuş və onun işdən azad olunması "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə “Təlimat"ın tələblərinə uyğun olaraq əmrləşdirilmişdir. Qeyd edirik ki, İddiaçı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası İPM-nin 35.3-cü maddəsinə əsasən məhkəmədən İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2023-cü il tarixli, 107 nömrəli əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mükafatın hesablanıb ödənilməsi” barədə tələbinə dair iddiasının rədd edilərək mümkünsüz sayılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Tətbiq edilən hüquq: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. 33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Əsaslandırma hissəsi: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli, 107 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ”a” bəndinə və “Dövlət qulluğu haqqında “Azərbaycan Respublikası Qanununun 33.1.1-cı maddəsinə əsasən Beyləqan rayon İcra Hakimiyyəti başçısının Aşağı X4 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı 08 avqust 2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin əmrin hüquqi əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazında göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı 26 yanvar 2007-ci il tarixli, 04 nömrəli əmri ilə Beyləqan rayon İcra Hakimiyyəti başçısının Aşağı X4 ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, fəaliyyəti dövründə xx.xx.2013-cü il tarixdə yerli əhalinin istehlakçı hüquqlarının müdafiəsinin təmini məqsədi ilə onların “İstehlakçı biliklərinin əsasları”na dair elmi maarifləndirilməsindəki aktiv fəaliyyətinə görə fəxri diplomla təltif edilmiş, 2013-cü il tarixdə “Haqq-ədalət naminə” qəzetinin rəy və sorğusuna əsasən xalqa ləyaqətlə xidmətinə, səmərəli peşə fəaliyyətinə görə fəxri diplomla təltif edilmiş, xx.xx.2016-cı il tarixdə 2016-cı ilin yekunları ilə bağlı səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edilmiş, xx.xx.2023-cü il tarixli Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə İddiaçı “Heydər Əliyev ili” çərçivəsində fəxri fərmanla təltif edilmişdir. İddiaçının 17 (on yeddi) illik fəaliyyəti dövrün hərhansı intizam tənbehinə səbəb olan hallara yol verməsi müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının səhhətində yaranmış vəziyyəti qiymətləndirmədən onun iradəsinə zidd olaraq ondan 08 avqust 2023cü il tarixli işdən azad olanmasına dair ərizəni qəbul etmiş, 08 avqust 2023-cü il tarixli, 107 nömrəli əmr qəbul edilmişdir. Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X3 qida borusu, mədə, 12 barmaq bağırsaq cərrahlığı şöbəsinin epikrizindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə həmin mərkəzə daxil olmuş xx.xx.2023-cü il tarixdək stasionar qaydada mülicə olunmuşdur. İddiaçı stasionar qaydada müalicə olduqdan sonra Beyləqan rayon İcra Hakimiyyətinə müraciə edərək işləmək istədiyini bildiriş, həmçinin işdən çıxması ilə bağlı əmrin surətini tələb etmiş, sənədlər onun təkidi ilə xx.xx.2023-cü ildə iddiaçıya təqdim edilmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 33.3-cü maddəsində göstərilir ki, Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Məhkəmə hesab edir ki, iddiaçının uzun illər fəaliyyəti dövründə hər hansı nöqsana yol verməməsi, əksinə olaraq dəfələrlə təltif olunması, lakin 17 mart 2023-cü il tarixli əmrlə iddiaçıya intizam tənbehi olaraq Beyləqan rayon İcra Hakimiyyəti başçısı tərəfindən intizam tənbehi olaraq töhmət, 22 iyun 2023-cü il tarixli əmrlə inzitzam tənbehi olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, bundan 16 (on altı) gün sonra iddiaçının özünün təşəbbüsü ilə 08 avqust 2023-cü il tarixdə könüllü olaraq işdən azad olunmasına dair ərizə təqdim etməsi, dövlət qulluğuna özünün arzusu ilə xitam verilməsinə dair ərizəni iddiaçı tərəfində könüllü olaraq sərbəst iradə ifadəsini əks etdirən hal kimi qiymətləndirilməməlidir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə əsasında qəbul edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının 08 avqust 2023-cü il tarixli, 107 nömrəli əmrini əldə etmək üçün 1 ay ərzində cavabdeh inzibati orqana müraciətlər etmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək stasionar qaydada müalicə aldıqdan sonra əmrin surətini və əmək kitabçasını tələb etmiş, mediasiya təklifi ilə müraciət etməsi bir daha sübut edir ki, iddiaçı işdən azad olması ilə əlaqədar öz iradə ifadəsini səbrbəst qaydada nümayiş etdirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.5-ci maddəsinə əsasən vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon İcra Hakimiyyəti başçısının iddiaçının işdən azad olunması ilə bağlı qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 107 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı iddia tələbi təmin edilsin. Beyləqan rayon İcra Hakimiyyəti başçısının iddiaçının işdən azad olunması ilə bağlı qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 107 nömrəli əmri ləğv edilsin, Cəfərov X2 rayon İcra Hakimiyyəti Başçısının Aşağı X4 Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Şahəli Musayev