Məhkəmə qərarları › İş №2-1(120)-255/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-255/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-255/2025 14.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı X11 iştirakı ilə, İddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinin koordinat nöqtələrinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin koordinat nöqtələrinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X30 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1995-ci ildə ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Separadi kəndində 1,21 ha torpaq sahəsini çəltik əkini üçün icarəyə götürmüşdürlər. Həmin torpaq sahəsindən bu günkü günə kimi öz mülkiyyəti kimi istifadə etmişlər, yəni həmin torpaq sahəsininin əziyyətlə abadlaşdırıb, orada çəltik əkmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahəsi o zaman kənddə islahat aparılarkən kəndin bir neçə sakininə və eyni zamanda cavabdehlərə pay torpaq sahəsi kimi verilmişdir. Həmin vaxtları istifadə etdiyi həmin torpaq sahəsinin ona verilməsi barədə Separadi kənd islahat komissiyasına və digər aidiyyəti qurumlara müraciət etmiş, Separadi kənd islahat komissiyası da onun sözügedən torpaq sahəsini 1995-ci ildə çəltik əkini üçün icarəyə götürməyini, yüksək zəhmət və külli miqdarda vəsait hesabına icarəyə götürdüyü torpaq sahəsinin bicar üçün hazırlamağını və s. nəzərə alaraq həmin torpaq sahəsinin verilməsini qərara almışdır. Yəni onunla maraqlı şəxslər və bir neçə kənd sakinlərinin torpaq sahələrinin yerlərinin əvəzlənməsi qərara alınmışdır. Bu barədə 15 may 2000-ci il tarixində Separadi kənd islahat komissiyasının sədri, torpaq sahəsinin nümayəndəsi və onun iştirakı ilə akt tərtib edilmişdir. Həmin vaxtdan da sözügedən torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edir. Bundan əlavə Lənkəran rayonu, Separadi kəndi ərazisində 0,72 hektar torpaq sahəsi Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun, yəni X11 və ailə üzvləri olan X1, X9, X13, X18 və X19 mülkiyyətinə verilmişdir. Bu barədə JN:273 Kod 80220018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinə dair dövlət aktında torpaq sahəsinin cizgi planı da verilmişdir. Sözügedən torpaq sahəsi indiki vaxta kimi onun və ailə üzvlərinin istifadəsindədir. Lakin yuxarıda qeyd etdiyi kimi 1995-ci ildən çəltik əkini üçün icarəyə götürdüyü və bu günkü günə kimi öz mülkiyyəti kimi istifadə etdiyi həmin torpaq sahəsi onun istifadəsində olmasına baxmayaraq sonradan iş üzrə maraqlı şəxslər X14 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinə müraciət edərək 1995-ci ildən icarəyə götürdüyü həmin torpaq sahəsinin 0.60 hissəsini özünün və ailə üzvlərinin adına dövlət qeydiyyatına aldırmışdır. Maraqlı şəxslərin adına verilmiş çıxarışa əlavə edilmiş cizgi planında qeyd edilmiş torpaq sahəsinin koordinatları 1995-ci ildən icarəyə götürüb, istifadə etdiyi torpaq sahəsinin kordinatları üst-üstə düşür, yəni onların torpaq sahəsi 1995-ci ildən icarəyə götürüb, istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Baxmayaraq həmin torpaq sahəsini 1995-ci ildə icarəyə götürüb, ondan istifadə edir və orada uzun illərdir ki, çəltik əkib satır və dövlətə vergi ödəyir. Maraqlı şəxslərin adına verilmiş çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və sxemində qeyd edilmiş koordinat nöqtələri dəyişdirilməlidir. Bununla əlaqədar dəfələrlə yazılı və şifahi formada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, hazırki iş üzrə iddiaçı tərəfindən Ərazi idarəsinə ünvanlanmış 2023-cü il 06 mart tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə barəsində qeyd olunan JN-273 nömrəli “Dövlət Aktı” üzrə Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən, onun və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 0.72 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması xahiş edilmişdir. Həmin ərəfədə barəsində qeyd olunan ilkin hüquqmüəyyənedici sənəd üzrə tərəfimizdən aparılan ekspertizanın, habelə həmin əmlaka dair arxiv və baza məlumatlarının aidiyyəti hissədə araşdırılmasının nəticəsi olaraq məlum olmuşdur ki, sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd üzrə göstərilən konfiqurasiya ilə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq (Dövlət Aktı üzrə göstərilən yer faktiki vəziyyətə uyğun deyildir) mövcuddur. Belə ki, gələcəkdə Lənkəran rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra hazırki sərəncamda və iddia ərizəsində göstərilənlərlə əlaqədar yaranmış bu və ya buna oxşar uyğunsuzluqlara (sənəd üzrə məlumatlarla yeni elektron uçot xəritə məlumatları arasında yaranmış uyğunsuzluqlara münasibətdə) qanunamüvafiq qaydada baxılacaqdır. Hal-hazırda Lənkəran rayonu ərazisində çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsi olaraq torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair ayrı- ayrılıqda hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək mövcud uyğusuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla (yalnız faktiki yerində tərəflərin iştirakı ilə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə uyğun olaraq) qanunamüvafiq qərar qəbul edildiyi təqdirdə, tərəfimizdən baxıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər X30 və X12 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X23 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan JN-272 KOD 80220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən 0.36 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini X4 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-273 KOD 80220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən 0.72 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini X11 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-283 KOD 80220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən 0.60 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini X5 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-284 KOD 80220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən 0.36 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini X8 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0,60 hektar torpaq sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 163 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0,72 hektar torpaq sahəsi X13 adına daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0,36 hektar torpaq sahəsi X20 adına daşınmaz əmlakın dövlət reyestrində 170 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0,3585 hektar torpaq sahəsi X15 adına daşınmaz əmlakın dövlət reyestrində 279 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmışdır Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-10/1445/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində X16 və ailə üzvlərinin mülkiyyətlərində olan sözügedən 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “Torpaqların elektron kadastr uçotu” informasiya sistemində ümumi sahə ölçüsü saxlanılmaqla iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsindən fərqli yerdə öz əksini tapması, torpaq sahəsinin üzrə vəziyyəti arasında uyğunsuzluğun (orta hesabla 700 m məsafə fərqi ilə) mövcud olması, iddia etdiyi torpaq sahəsinin faktiki vəziyyətdə digər şəxslərin (X17 və X30) istifadəsində olması, 0,72 ha torpaq sahəsinin 0,12 ha hissəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa( ilkin hüquqmüəyyənedici sənəd JN- 284 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt əsasında) və **********33 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən X20 mülkiyyətində olan 0,36 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı Lənkəran rayonu Separadi kəndi ərazisində yerləşən və Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun və ailə üzvləri olan X2, X9, X13, X18 və X19 mülkiyyətinə verilmiş 0.72 ha torpaq sahəsinin koordinat nöqtələrinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən iş üzrə tam araşdırma aparılmış və zəruri halların müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/1445/2025 nömrəli ekspert rəyləri təqdim edilmişdir ki, məhkəmə həmin rəyləri mötəbər sübut kimi qəbul edir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/1445/2025 nömrəli ekspert rəyində (qərardadın 5-ci sualına cavab olaraq təqdim edilmiş) “...İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən 0,72 ha torpaq sahəsinin 0,12 ha hissəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa ( ilkin hüquqmüəyyənedici sənəd JN-284 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt əsasında) və **********33 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən X20 mülkiyyətində olan 0,36 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, qalan 0.60 ha hissəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-273 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) və **********34 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən X6 və ailə üzvlərinin mükiyyətlərində olan 0.60 ha torpaq sahələrin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, iddiaçının iddia etdiyti torpaq sahəsi üzrə hüquqi marağının olduğu müəyyən edilir. Halbuki sənəd üzrə torpaq sahəsinin başqa ərazidə yerləşməsi müəyyən edilir. Gələcəkdə iddiaçı sənəd üzrə torpaq sahəsinə hüquqlarının qeydə alınması barədə müvafiq inzibati orqana müraciət etmək hüququ vardır. Məhkəmənin qənaətinə görə iddia etdiyi mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları qeydə alındığından və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinin koordinat nöqtələrinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinin koordinat nöqtələrinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı X10 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar