Məhkəmə qərarları › İş №2-1(120)-2556/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2556/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2556/2023 29.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hesab edir ki, 1995-ci ilə qədər qüvvədə olan qanunvericilik aktları və normativ hüquqi sənədlərlə qiymətləndirilərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, İddiaçı 1995-ci ilə qədər qüvvədə olan qanunvericilik aktları və normativ hüquqi sənədlərlə qiymətləndirilərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün hüququ yaranmamışdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 28 oktyabr 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta‘haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin ümumi iş stajınız 25 ildən az (16 il 6 ay 19 gün (xx.xx.1978xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 36600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12613,70 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, sizə əlillik dərəcəsinin və ya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Son dövrlər ölkəmizdə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə pensiyaların minimum məbləği 2.2 dəfə artırılaraq 240 manata çatdırılmış, bütün növ pensiyaların sığorta hissəsi əvvəlki illərdə müvafiq olaraq 16.6 ve 11.4 faiz indeksləşdirilmiş, nəticədə orta aylıq pensiya məbləği 330 manata yüksəldilmişdir. Pensiya təyinatı prosesinin sadələşdirilməsi üçün 1 yanvar 2019-cu il tarixindən emək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmışdır. Həmçinin vətəndaşların hazırda topladıqları pensiya kapitalı, pensiyaya çıxacağı tarix və yaşı, eləcə də ehtimal edilən pensiya məbləği ilə bağlı müfəssəl məlumat əldə edə bilməsi üçün “Pensiya kalkulyatoru” elektron xidməti yaradılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, sizin ümumi iş stajınız 25 ildən az, yəni 16 il 6 ay 19 gün (xx.xx.1978xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Həmçinin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 36600 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12613.70 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizdə qeyd etdiyiniz sizə əlillik dərəcəsinin verilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Naziriər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi QaydasTna uyğun olaraq əlillik vəziyyətiniz tibb müəssisəsinin 0254003AAJQC nömrəli göndərişi əsasında xx.xx.2021 -ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması qərarı verilmişdir. Belə ki, barənizdə Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0254003AAJQC nömrəli göndərişdə kliniki göstəricilərin ağırlıq dərəcəsini təsdiq edən instrumental müayinə nəticəsi qeyd edilmədiyindən sizə əlilliyin təyin edilməsi mümkün olmamışdır. Bundan irəli gələrək, siz dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan sonra barənizdə yenidən göndəriş rəsmiləşdiriləcəyi, eləcə də xəstəliyinizin əlamətləri və xüsusiyyətləri həmin göndərişdə ətraflı və dəqiq göstəriciləyi təqdirdə, əlillik vəziyyətiniz mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan NT-İ ******* nömrəli əmək kitabçasının və X11 Alətləri ASCnin arayışından görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1978-ci illərdə 28 nömrəli X5 məktəbində təhsil almış, xx.xx.1978-xx.xx.1979, xx.xx.1981-xx.xx.1988, xx.xx.1988xx.xx.1989, xx.xx.1989-xx.xx.1995-ci illərdə X7 işləmiş, ümumi iş stajı 17 il 5 ay 19 gün təşkil edir. İş materiallarında olan Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 139456/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 30 may 2023-cü il tarixində daxil olmuş 2-1(120)-2556/2023 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X1 Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (16 il 6 ay 19 gün (xx.xx.1978- xx.xx.1979cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, İmaməddin Nurəliyevin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15328,48 manat təşkil edir. Qeyd olunan səbəblərdən İmaməddin Nurəliyevə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-cı ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun sığorta stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. Başqa sözlə işin hallarından və yuxarıda qeyd edilən sənədlərdən görünür ki, İddiaçı 25 ildən az ümumi iş stajı, 12 il 6 aydan az güzəştli sığorta stajı olmasına baxmayaq, israrla həmin illərin nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İş materiallarından müəyyən olunur ki, 25 ildən çox ümumi iş stajı olmalı olduğu halda ümumi iş stajı 17 il 5 ay 19 gün, həmçinin tələb olunan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, İmaməddin Nurəliyevin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15328,48 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hal-hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından və iş materiallarından da göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi iş stajı (hal-hazırki ümumi iş stajı 17 il 5 ay 19 gün) toplamadığından, həmçinin tələb olunan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 40320,00 (hal-hazırkı ümumi kapitalı 15328,48 manat) toplanmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar