Məhkəmə qərarları › İş №2-1(120)-256/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-256/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-256/2020 28.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X2 Biləsuvar rayon şöbəsinə qarşı «sosial sığorta stajının müəyyən edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət X2 Biləsuvar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial sığorta stajının müəyyən edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-İİ 042838 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bir qayda olaraq mübahisəli hüquq münasibəti o halda hüquq varisliyinə yol vermir ki, həmin münasibət ölmüş fiziki şəxsin bilavasitə şəxsiyyəti ilə bağlı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Məhkəmə qeyd edir ki, əmək pensiya hüquq münasibətləri yalnız şəxsin sağlığında mövcud olmaqla, ölümü ilə xətm edilən hüquq münasibətləri kateqoriyasına daxil olduğundan bu hüququn prosessual hüquq varisliyi ilə məhkəmə qaydasında mübahisələndirilməsinə yol verilə bilməz. Məhkəmə bir məsələyə də aydınlıq gətirir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericiliklə nəzərdə tutulan qaydada ödənilir. Lakin İddiaçı sağlığında əmək pensiyası təyin edilməsi hüququnu qazanmadığından, o, əmək pensiyaçısı hesab oluna bilməz, ona təyin olunmamış pensiya məbləği isə əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği hesab oluna bilməz. Məhkəmə işin tətqiq edilən hallarına və tətbiq olunan maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, İddiaçı cavabdeh Dövlət X2 Biləsuvar rayon şöbəsinə qarşı «sosial sığorta stajının müəyyən edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci, 81-ci, 85-ci və Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci, 261- 262, 263-264-cü maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət X2 Biləsuvar rayon şöbəsinə qarşı «sosial sığorta stajının müəyyən edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar