Məhkəmə qərarları › İş №2-1(120)-2562/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2562/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2562/2023 20.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusuna qarşı “4-cü X4 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunması” tələbinə dair iddiası üzrə inzibati işə 20 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin barəsində verdiyi xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi və hərbi xidmət vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusu ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “4-cü X4 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusu ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, 2020-ci ildə 2-ci Qarabağ müharibəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Ağdam, Ağdərə və Xocavənd rayonlarınm azad olunmasında komanda tapşırıqlarının icrasını layiqincə yerinə yetirdiyinə görə mükafatlandırılaraq “Ağdamın azad olunması medalı” ilə təltif edilmişdir. Düşmən üzərində tarixi qələbəmizdən sonra həmin hərbi hissədən tərxis olunmuşdur. Bundan sonra hərbi xidmətini davam etdirmək üçün müraciəti əsasında Bakı şəhərində 2 aylıq kursa cəlb olunaraq, 2 illik müqavilə əsasında yenidən hərbi xidmətə götürülmüşdür. Daha sonra Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində, əvvəlcə Füzuli rayonunda, sonra isə Laçın rayonunda xidmətdə olmuşdur. Bundan sonra isə Laçın rayonundan Şəmkir rayonuna kurs keçmək məqsədilə gətirilmişdir. Burada ona və onunla birlikdə gəlmiş hərbi qulluqçulara elan olunmuşdur ki, kurs könüllüdür və kim bu kursda iştirak etmək istəməsə ərizə yazsın, həmin ərizəyə əsasən əvvəlki xidməti yerinə qaytarılacaqdır. Ona görə də o və kursa gətirilən bir neçə hərbi qulluqçu ərizə verərək kurs keçməkdən imtina etmişlər. Daha sonra Şəmkirdə bir həftə qaldıqdan sonra, ona və digər kursdan imtina barədə ərizə yazan hərbi qulluqçulara bildirilmişdir ki, guya hərbi xidmətləri başa çatdığından ehtiyata buraxılmalıdırlar. Bundan sonra onlar başa düşdülər ki, aldadaraq kursdan imtina etməklərinə ərizə yazdırmaqda məqsəd onları hərbidən tərxis etmək olmuşdur. Bu barədə cavabdeh Müdafiə Nazirliyinə və digər dövlət orqanlarına şikayət etmişlər. Şikayətlərinə cavab olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 7136 nömrəli məktubunda yalan və əsassız olaraq bildirilmişdir ki, guya o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 137-ci, 138-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma ilə həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 2-ci, 3-cü bəndlərinin tələblərini pozaraq bağlaşma ilə hərbi xidmətə daxil olarkən götürdüyü öhdəliyin icrasından və “Komando başlanğıc” kursunda iştirak etməkdən imtina edərək kurs rəhbərliyinin qanuni əmr və göstərişlərinin icrasından yayınmaqla, həmçinin intizam qaydalarini tez-tez pozmaqla kursda iştirak edən digər şəxsi heyətin hərbi intizamına mənfi təsir göstərdiyinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı X1 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) əsasən ehtiyata buraxılmışdır. Həmin məktubda o da qeyd edilmişdir ki, guya onun həqiqi hərbi xidmətə qəbul edilməyi barədə komanda üzrə məruzə olunmuş, lakin yuxarıda qeyd olunanlara əsasən müsbət qərar qəbul edilməmişdir. Qeyd edir ki, məktubda onun barəsində yazılanlar tam yalandır. Belə ki, tərəfindən hərbi xidmətlə bir araya sığmayan hər hansı bir hərəkətə yol verilməmişdir. Onu və eləcə də digər hərbi qulluqçuları aldadaraq kurs keçməkdən imtina ərizəsi yazdırmışlar. Necə ola bilər ki, onlar 2-ci Qarabağ müharibəsində düşmənlə savaşanda vətən yolunda canlarını belə əsirgəməməyi qarşılarına məqsəd qoyduqları halda indi lazımsız bir əşya kimi onları aldadaraq ərizə yazdırmaqla ehtiyata buraxırlar. Səbəb də göstərirlər ki, guya kurs rəhbərliyinin əmr və göstərişlərinin icrasından imtina etmişdir. Əgər belə bir hal olsaydı onda bununla bağlı əvvəlcə ona xəbərdarıq olunmalı, təkrar bu hal baş verərdisə barəsində təqdimat hazırlanmalı, ondan izahat alınmalı və bundan sonra toplanmış sənədlər cavabdeh Müdafiə Nazirliyinə göndərilməli idi. Lakin ona heç bir xəbərdarlıq olunmamış, izahat alınmamış, gizli olaraq barəsində saxta və əsassız material toplanmaqla, cavabdeh Müdafiə Nazirliyinə göndərilmiş, sonuncu isə əmrin surətini ona təqdim etməmişdir. Hesab edir ki, cavabdeh onu xx.xx.2020-ci il tarixli əmrlə ehtiyata buraxmaqda haqlı olmamış, barəsində tərtib olunmuş əsassız materiala əsaslanmış, bu da sonda qanunsuz əmrin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, müharibədə iştirak etmiş, ixtisaslı hərbi kadrdır və hazırda ölkəmizin ixtisaslı kadrlara böyük ehtiyacı var. Cavabdehin qanunsuz əmri əsasında o, hərbi xidmətdən kənarda qalmışdır. Dəfələrlə müraciətinə baxmayaraq cavabdeh əmrin surətini ona verməkdən boyun qaçırır. Ona görə də barəsində qəbul edilmiş həmin əmrin surətini iddia ərizəsinə əlavə edə bilməmişdir. Hesab edir ki, iddia ərizəsi icraata qəbul edilərsə məhkəmə tərəfindən həmin əmrin təsdiq edilmiş surəti cavabdehdən tələb edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İşin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənəd əldə edilmiş, aşağıdakılar müəyyən edilmişdir: İddiaçı, N nömrəli hərbi hissədə “Komando başlanğıc” kursuna cəlb edilmiş, kursda olarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 137, 138-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma ilə həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2-ci, 3-cü bəndlərinin tələblərini pozaraq kursda iştirak etməkdən imtina etmiş, bağlaşma ilə hərbi xidmətə daxil olarkən götürdüyü öhdəliklərin icrasından və kursda iştirak, kurs rəhbərliyinin qanuni əmr və göstərişlərinin icrasından yayınmaqla, həmçinin intizam qaydalarını tez-tez pozmaqla kursda iştirak edən digər şəxsi heyətin hərbi intizamına mənfi təsir göstərmişdir. İddiaçı “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 40.0.10-cu maddəsinin (bağlaşma ləğv edilərək) və Azərbaycan Respublikası Silahlı X1 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmadığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandandirinin xx.xx.2022-ci il tarixli, 64 nömrəli əmrinin tələbinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmri ilə o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sadalananları nəzərə alaraq komandanlıq tərəfindən iddiaçının barəsində “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 40.0.10-cu maddəsinin (bağlaşma ləğv edilərək) və Azərbaycan Respublikası Silahlı X1 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmadığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair haqlı qərar qəbul edilmişdir. İddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmri ilə tanış olmaqla N nömrəli hərbi hissənin “Ezamiyyət vəsiqəsi, məzuniyyət bileti və təyinat vərəqəsinin uçotu jurnalı”nda xx.xx.2022-ci il tarixdə imza edərək təyinat vərəqəsini almış və həmin gün N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçının hansı səbəbdən ehtiyata buraxılması ilə bağlı müraciəti N nömrəli hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixdə cavablandırılmış, lakin, iddiaçı cavabı aldıqdan yalnız 07 (yeddi) ay keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır. Onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsində imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətidir (“inzibati icraat haqqında” Qanunun şərhi). Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qeyd olunana əsasən iddiaçı qüvvədə olmuş mülki-prosessual və qüvvədə olan inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 gün müddəti ötmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və N nömrəli hərbi hissə hesab edir ki, məhkəmə, ilk növbədə, iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasında qanunla müəyyən olunmuş norma və prossedur pozulmamışdır. İPM-nin 73.3.1-ci maddəsinə əsasən “inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə”... və 73.3.2-ci maddəsi “inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə”... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etdi və bildirdi ki, o, Şirvan İnzibati Məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və hərbi xidmət vəzifəsinə bərpa edilməyi barədə iddia qaldırmışdır. Qeyd etmək istəyir ki, o, 25 dekabr 2020-ci il tarixdə tərxis edildikdən sonra müxtəlif dövlət orqanlarına, o cümlədən Müdafiə Nazirliyinə, Prezident Administrasiyasına, Birinci Vitse-Prezidentə müraciətlər edərək qanunsuz tərxis edilməyini bildirərək hərbi xidmətinin bərpa edilməsinə köməklik edilməsini xahiş etmişdir. Uzun müddət müraciətləri araşdırıldıqdan sonra ona ünvanlanmış məktubda ona köməklik olunacağı bildirilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, o, tərxis olunduqdan təxminən 6 ay sonra çoxsaylı müraciətlərindən sonra onun hərbi bileti ona təqdim edildi. O, qeyd etdiyi ünvanlara müraciətlər etdiyi və etdiyi müraciətlərin araşdırılması müddətini gözlədiyi üçün xx.xx.2020-ci il tarixli əmrdən qanunvercilikdə nəzərdə tutulmuş müddətdə əmrin ləğvi ilə bağlı məhkəməyə müraicət etməmişdir. Məhkəmə iddiaçını dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X4 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrindən çıxarışdan görünür ki, 157-ci Motoatıcı Briqadasının (N nömrəli hərbi hissə) 4-cü X2 X3 Motoatıcı Manqasının Baş Atıcısı İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edilərək) və Silahlı X1 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinə göndərilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Göründüyü kimi, hazırda qüvvədə olan mövcud qanunvericilik inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi ilə verilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Həmçinin mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X4 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edilərək) və Silahlı X1 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmin əmr iddiaçıya elan edilmişdir. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (1 il 1 aydan artıq müddət) qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçı buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, tərxis edildikdən sonra müxtəlif dövlət orqanlarına, o cümlədən Müdafiə Nazirliyinə, Prezident Administrasiyasına, Birinci Vitse-Prezidentə müraciətlər edərək qanunsuz tərxis edilməyini bildirərək, hərbi xidmətinin bərpa edilməsinə köməklik edilməsini xahiş etdiyini, uzun müddət müraciətləri araşdırıldıqdan sonra ona ünvanlanmış məktubda ona köməklik olunacağı bildirildiyini qeyd etmişdir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müxtəlif dövlət orqanlarına müraciətlər etməsini əsas göstərməklə buraxdığı prosessual müddətin bərpa edilməli olduğunu irəli sürmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, müddəti buraxmasının üzrlü səbəbi kimi göstərdiyi hallar qərar vermə və müvafiq iddianı hazırlamaq qabiliyyətinə təsir edəcək hallar deyildir. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, özü bu halı bir daha izahatı ilə təsdiq etmiş və iddia müddətinin ötürülməsi hər hansı üzrlü səbəblərdən baş verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya hazırda mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X4 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrin məzmunu elan olunduğundan, eləcə də sözügedən əmrlə tanış olmaqla N nömrəli hərbi hissənin “Ezamiyyət vəsiqəsi, məzuniyyət bileti və təyinat vərəqəsinin uçotu jurnalı”nda xx.xx.2022-ci il tarixdə imza edərək təyinat vərəqəsini aldığından, həmçinin iddiaçının hansı səbəbdən ehtiyata buraxılması ilə bağlı müraciəti N nömrəli hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixdə cavablandırıldığından, lakin, iddiaçı cavabı aldıqdan yalnız 07 (yeddi) ay keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirdiyindən, habelə iddia müddətinin ötürülməsi üçün hər hansı üzrlü səbəb olmadığından, bununla da iddiaçı mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X4 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrinin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 (otuz) günlük iddia müddətini üzrsüz ötürdüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusuna qarşı “4-cü X4 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunması” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və “4-cü X4 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusuna qarşı “4-cü X4 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunması” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusuna qarşı “4-cü X4 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar