Məhkəmə qərarları › İş №2-1(120)-2567/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2567/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2567/2023 07.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Astara şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarı əsasında ona satılmış 60 kv.m torpaq sahəsinin üzərində TNDM Sovavto MMC-yə məxsus 10 kv/t-lıq elektrik xəttinin kənara çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlük məsələsinə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Astara şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarı əsasında ona satılmış 60 kv.m torpaq sahəsinin üzərində TNDM Sovavto MMC-yə məxsus 10 kv/t-lıq elektrik xəttinin kənara çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı ərizə təqdim edərək cavabdehin əsl cavabdehlə dəyişdirilməsi və iddia tələbinin dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəmənin 04 may 2023-cü il tarixli qərardadı ilə icavabdeh əsal cavabdehlə əvəz edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilmiş və iddia tələbi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara bələdiyyəsindən 05 oktyabr 2007-ci il tarixli 40 saylı qərarı ilə alqı-satqı yolu ilə 60 kv.metr ölçüdə iki mərtəbəli komersiya mağazası tikintisi üçün torpaq sahəsi almışdır. Həmin torpaq sahəndinə 60 kv.metr ölçüdə iki mərtəbəli komersiya mağazası tikintisinə Astara rayon İcra Hakimiyyəti başçısı M.N Quliyevin 12 noyabr 2007-ci il tarixli 137 saylı sərəncamı ilə icazə verilmişdir. Qeyd edilən ayrılmış torpaq sahəsinin Cizgi planı tərtib edilmiş və Astara rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri E.Quliyevin, Rayon İca Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri R.Rufullayevin, Astara Bələdiyyəsinin sədri M. Məmmədovun Planı tərtip edən RTX şöbəsinin mütəxəssisi İ.Salmanovun imzaları ilə təsdiq edilmişdir. Beləliklə Astara bələdiyyəsinin tərəfindən torpaq sahəsi mülkiyyətinə verilərkən torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və səhər salma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra ona satılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56 maddəsinə Torpaq sahəsi ona satılarkən orada elektrik və qaz xətti olmamışdır. Əgər bu hallar olsaydı cizgi planında ayrılmış torpaq sahəsi bələdiyyə tərəfindən satıla bilməzdi və həmin torpaq sahəsinin ona satılmasına Astara rayon Dövlət Torpaq və Xəritəçəkmə şöbəsi, Astara rayon icra Hakimiyyətinin memarlıq şöbəsi rəy verməzdilər. Bütün mötəbər sənədlərlə təsdiq olunur ki, yüksək gərginlik elektrik xətti və qaz sayğacları sonradan razılığı olmadan çəkilmişdir. Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 40 saylı qərarı əsasında ünvan 1 ünvanında yerləşən sahibkarlıq faəliyyəti məqsədi satılmış 60 kv.metr torpaq sahəsinə hüquqların Dövlət Reyestrində qeydə aldırmaq üçün 27 aprel 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdim. Lakin 10 saylı Lənkəran Ərazi İdarəsi xx.xx.2021, **********91 nömrəli bildirişləri ilə "mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından, torpaq sahəsinin yerləşdiyi ərazidən sonradan elektrik xətti çəkildiyindən imtina edilmişdir. Cavabdeh "xxxx" ASC-nin Astara şəbəkəsi sonradan özbaşınalıq edərək razılığı olmadan mülkiyyətində olan 60 kv.mter torpaq sahəsinin üzərindən elektrik xətti çəkmişdir. Bu elektrik xətti Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinin tələbləri pozulmaqla çəkilmişdir. Bu xətt mülkiyyət hüquqlarının, pozmaqla ona maneçilik edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüquqi vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüquqi o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.” Pozulmuş hüquqlarının bərpası üçün Astara rayon məhkəməsinə iddia ərizəsilə müraciət etmişdir. Astara rayon məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(018)- 134/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Astara şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarı ilə alqı-satqı əsasında Astara şəhəri ərazisində ona satılmış 60 kv.metr torpaq sahəsinin üzərindən dioqonal şəkildə 10 kv/t-lıq elektrik xətti Cavabdeh ASC və TNDM Sovato MMC tərəfindən kənara çıxarılması, Astara şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarı ilə alqı-satqı əsasında Astara şəhəri ərazisində satılmış 60 kv.m torpaq sahəsinin yol tərəfindən giriş hissəsində olan 3 ədəd qaz sayğacı cavabdeh “Azəriqaz” İB tərəfindən kənara çıxarılması qət edilmişdir. Cavabdehlər Cavabdeh ASC və “Azəriqaz” İB tərəfindən ayrıayrılıqda apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-403/2023 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmaqla iddia ərizəsi icraata qəbul edildiyindən Astara rayon məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmişdir və ona tövsiyə olunmuşdur ki, iddia ərizəsi ilə Şirvan İnzibati məhkəməsinə müraciət etsin. Odur ki, Şirvan İnzibati məhkəməsinə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi vəsatət verərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi ərazidən keçən hava elektrik xətləri “Azərişıq ASC”-yə yox, ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-və məxsusdur və həmin cəmiyyətin balansındadır. “X1 Qaydalarm”-na 8 saylı əlavəyə uyğun olaraq tərəflər arasında “elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi” və tərəflərin məsuliyyəti haqqında xx.xx.2021-ci il tarixində müvafiq sənəd də imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, qeyd olunan məhkəmə iclasınadək ona edilmiş yardıma uyğun nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Məhkəmənin müraciəti iddiaçıya çatdırılsa da iddiaçı məhkəmənin müraciətinə münasibət bildirməmiş, iddiaçı X4 məhkəmə iclasına təyin olunmuş məhkəmə iclasına gəlmişdir. Şirvan İnzibati Məhkəməsinin 30 mart 2023-cü və 06 iyul 2023-cü il tarixli məktub ilə İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. İddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, iddiaçının hazırki iddia tələbi onlara qarşı yönələ blməz. İddia tələbini əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Astara rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarından görünür ki, Astara şəhəri, Nizami küçəsində, kateqoriyası yaşayış məntəqəsi, istifadə məqsədi sahibkarlıq, ümumi sahəsi 60 kv.m olan torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cənub RETSİ Astara Elektrik şəbəkəsinin xx.xx.2021-ci il tarixli xidməti məktubundan görünür ki, 110/35/10 kV-luq Astara yarımstansiyasından çıxan 10 kV-luq Şəhər mərkəzi h/x-də obyektə tərəf 10 kV-luq 101 saylı dayaqdan 101/03 saylı dayağa qədər 10 kv-luq hava xətti və kabel xətti kodu ******* olan 25 kVA-lıq 10/04 kV-luq transformator və elektrik avandanlıqları TNDM Sovavto (Relax) obyektinə məxsusdur elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət obyekt sahibi üzərindədir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Bununla yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarının 13-cü bəndi ilə müəyyən edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddia ərizə və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı pozulmuş mülkiyyət hüququnun bərpası, “Astara şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarı ilə alqı-satqı əsasında Astara şəhər ərazisində ona satılmış 60 kv.metr sahəsinin üzərində diaqnal şəkildə 10 kv/t-luq elektrik xəttinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kənara çıxarılmasıdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cənub RETSİ Astara Elektrik şəbəkəsinin xx.xx.2021-ci il tarixli xidməti məktubunda qeyd edilmişdir ki, 110/35/10 kV-luq Astara yarımstansiyasından çıxan 10 kV-luq Şəhər mərkəzi h/x-də obyektə tərəf 10 kV-luq 101 saylı dayaqdan 101/03 saylı dayağa qədər 10 kv-luq hava xətti və kabel xətti kodu ******* olan 25 kVA-lıq 10/04 kV-luq transformator və elektrik avandanlıqları TNDM Sovavto (Relax) obyektinə məxsusdur elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət obyekt sahibi üzərindədir. Həmçinin məhkəmə iclası zamanı cavabdehin təqdim etdiyi xəritələrə və digər sənədlərə əsasən qeyd edilən yüksək gərginlik kabel (eletrik) xəttinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğu öz təsdiqini tapmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, hazırki tələb üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçı tərəfindən irəli sürülən tələb üzrə cavabdeh deyildir və iddiaçının tələbi "xxxx" (Relax) obyektinə qarşı yönəldilməlidir. "xxxx" inzibati orqan olmadığına görə iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İİİ. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. İV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Vİ. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Vİİİ. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. İX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanun: 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cənub RETSİ Astara Elektrik şəbəkəsi 110/35/10 kV-luq Astara yarımstansiyasından çıxan 10 kV-luq Şəhər mərkəzi h/x-də obyektə tərəf 10 kV-luq 101 saylı dayaqdan 101/03 saylı dayağa qədər 10 kv-luq hava xətti və kabel xətti kodu ******* olan 25 kVA-lıq 10/04 kV-luq transformator və elektrik avandanlıqları TNDM Sovavto (Relax) obyektinə məxsusdur elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət obyekt sahibi üzərindədir. “İnzibati icraat haqqında” Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 30. Mart 2023-cü və 06 iyul 2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, iş üzrə iddiaçının iddia tələbinə cavab verməli olan "xxxx" MMC olduğu bildirilmiş və "xxxx" MMC-nin inzibati orqan sayılmadığından onun tələbinin mülki xarakterli olması və bu səbəbdən də inzibati məhkəməyə aidiyyatı olmadığı, mülki xarakterli olduğu və, hazırki müraciətə mahiyyəti üzrə baxılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq İddiaçı məktub ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmiş, lakin iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir.. Əlavə olaraq məhkəmə iclasında İddiaçı iddiasının mülki xarakterli olduğu və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı daşınmaz əmlakın olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət müraciət etmək hüququ izah olunmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, iddia ərizəsində qeyd edilən tələbin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğunu nəzərə alaraq aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı daşınmaz əmlakın olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Astara şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 40 saylı qərarı əsasında ona satılmış 60 kv.m torpaq sahəsinin üzərində TNDM Sovavto MMC-yə məxsus 10 kv/t-lıq elektrik xəttinin kənara çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar