Məhkəmə qərarları › İş №2-1(120)-2567/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2567/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2567/2025 13.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1988-ci ildə Astara rayonunun Kakalos kəndində Azərbaycan Respublikasına mənsub Azərbaycanlı ailəsində doğulmuşdur. Azərbaycan Respublikasında ona doğum haqqın Şəhadətnamə verilmişdir. Atası X1 Federasiyasına işləməyə getmiş, o, 12 yaşında olarkən atasının yanına getmişdir. X3 iddiaçının baba atasının soyad kimi daşımağını arzu etdiyindən, xx.xx.2006cı ildə VVAQ şöbəsi Rzayev soyadını Süleymanov soyadına dəyişmişdir. İddaçı atasınınyanın dayaşayarkən Azərbaycanla əlaqəsini kəsməmiş,mütəmadi olaraq anasının yanına gedib-gəlmişdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşı anası X2 yanına daimi yaşamağa gəlir və onunla birlikdə Astara rayonu, Kakalos kəndində yaşayır. Astara rayonu, Kakalos İƏD üzrə nümayəndəlikdə mövcud olan təsərrüfatbaşına kitabda qeydiyyatdadır. Yaşadığı ev xüsusi mülkiyyət hüququ əsasında adına dövlət qeydiyyatına alınmışdır. Dədə-baba yurdunda təsərrüfatla məşğul olur. Həkimdir, dövlət xəstəxanasında işləyərək xalqına, vətəninə xidmət etmək istəyir. xx.xx.2024-cü ildə ona 1 il müddətinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının vətəndaşlığını mənsubiyyətinin müəyyən edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh özünün xx.xx.2024-cü il tarixli Qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. xx.xx.2024-cü il tarixdə yenidən cavabdehə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli Qərarını nəzərə alaraq cavabdeh müraciətini baxılmamış saxlamış və caabdeh ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 05 avqust 2024-cü il tarixli qərarın surətindən görünür ki, iddiaçının vətəndaşlığa mənubiyyətinin tanınmaması qərara alınmışdır. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallaına əlavə olunmuş Azərbaycab Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, 95522393 nömrəli Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında Qərarının surətindən müəyyən olunur ki, iddiaçı X7 xx.xx.2024-cü il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət edilmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, araşdırma nəticəsində şəsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olunduğu müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının hüquqi marağına uyğun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarını mübahisələndirmək hüququ vardır. Beləliklə iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024cü il tarixli, ******* nömrəli qərarından məlumatı olmuş və bununla da iddiaçının hüququnun pozulmasını aşkar etməsinə baxmayaraq, o, hüququnun müdafiəsi haqqında iddia ərizəsi ilə məhkəməyə 5 aydan da artıq müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə müraciət etmiş və 30 günlük müddəti ötürmüşdür.” Məhkəmə xüsusi olaraq qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, iddiaçının xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərardan məlumatı olmuş, 11 dekabr 2024-cü il tarixdə yenidən cavabdeh inzibati orqan müraciət edərək mənsubiyyətinin tanınmasını inzibati orqadan xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli qərarla bildirmişdir ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərar qəbul edildiyindən şəxsə dair 11 dekabr 2024-cü il tarixli müraciət baxılamamış saxlanılmışdır. İddiaçının hüquqi marağının əsasını cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi təşkil edir. Buna baxmayaraq iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilsədə iddiaçının həmin qərarın ləğvini tələb etməmiş və müddətlə baxlı əsaslandırılmış vəsatət məhkəməyə təqdim etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktdan məlumatlı olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixində yəni mübahisələndirdiyi inzibati aktdan məlumatı olduğu vaxtdan müvafiq olaraq 5 (beş) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Yuxarıda qeyd edilən məsələlərlə bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)- 2567/2025 saylı məktubla və məhkəmə iclasında şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı hazırkı iddia tələbi üzrə, “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1712/20 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən məsələlərlə bağlı İddiaçı yazılı şəkildə və məhkəmə iclasında şifahi qaydada hüquqi yardım edilməsinə baxmayaraq təyin edilmiş məhkəmə iclas gününə kimi hazırkı iş üzrə iddia tələbi dəqiqləşdirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar