Məhkəmə qərarları › İş №2-1(120)-2576/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2576/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2576/2025 08.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X4 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixli, 07 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na dair JN 1794, kod 80601004 nömrəli sənədə əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,81 hektar torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X4 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixli, 07 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na dair JN 1794, kod 80601004 nömrəli sənədə əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,81 hektar torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixli, 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,81 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN 1794, kod 80601004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı“ verilmişdir. Belə ki, qeyd edilən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və oradan ona bildirib ki, sözügedən ərazidə dürüstləşmə işləri aparıldıqdan sonra həll ediləcəkdir. Qeyd olunan səbəblərdən iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnu tanıtdıra bilmir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq mümkünlük icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: JN 1794, kod 80601004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı“ndan müəyyən olunur ki, X3 mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixli, 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,81 hektar torpaq sahəsi verilmişdir. xx.xx.2023-cü il tarixli, AR-İİ № 922754 nömrəli etibarnamənin surətindən görünür ki, Etibarnamə üzrə X5 tərəfindən verilən səlahiyyətlər: İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Cəlilabad rayon Torpaq şöbəsinin verdiyi 06 10.2005-ci il tarixli JN 1794 nömrəli Torpağa Mülkiyyət Hüququna X9 əsasən ona məxsus olan Cəlilabad şəhərində yerləşən 0.81 ha torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girovı qoymağı pulunu almağı, buna dair müqaviləni imzalamağı, dublikat almağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 25 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X3 adına verilmiş JN-1794 nömrəli Dövlət Aktı DBF (adlı siyahı) məlumatlarında, Dövlət Aktı və Şəhadətnamələrin qeydiyyat kitabında, həmçinin "xxxx" MMC-nin təqdim etdiyi Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixli, 07 saylı qərarında X1 adına işlənmiş, X3 və X2 adları isə adlı siyahıda JN-1902 nömrəli ilə qeyd edilsə də, dövlət aktı idarənin arxivində mövcud deyildir. Sənədlərin ekspertizası zamanı yaranmış uyğunsuzluq səbəbindən, X3 müraciəti üzrə müayinə aktı tərtib olunmamış və dürüstləşmə işləri aparılmamışdır. Eyni zamanda qeyd edilir ki, Cəlilabad rayon, Suluçeşmə kəndi ərazisində torpaq mülkiyyətçisi olan subyektlərin siyahısında X3 adı qeyd olunmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı 18 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədini əldə etmək üçün müraciətə baxılmış, təqdim olunan sənədlərə əsasən, aparılmış araşdırma zamanı qeydiyyata alınması istənilən torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri təqdim edilmədiyi məlum olmuşdur. Bu səbəbdən də ərizənin icrasından imtina edilmişdir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, X5 xx.xx.2023-cü ildə ölmüşdür. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia İnzibati Prosessual Məcəllənin müddəalarına uyğun olaraq mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən,inzibati orqan–Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən, inzibati akt–inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat–fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən,inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.1. Məhkəmələrə tövsiyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. 15.2. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilibedilmədiyi aydınlaşdırılmalıdır(İPM-in 25 və 26-cı maddələri). 15.2. Tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. 15.3. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Tahirov Təyyarın nümayəndəsi olduğunu bildirərək, ərizəyə etibarnamə əlavə etsə də, lakin həmin etibarnamə üzrə İddiaçı X4 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixli, 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0,81 hektar torpaq sahəsi ilə bağlı işlər üzrə X3 adından məhkəmədə iddia qaldırmaq, iddia ərizəsini imzalamaq, həmçinin məhkəmədə onun adından çıxış etmək hüququ müəyyən edilməmişdir. Həmçinin məhkəmə müəyyən edir ki, X5 xx.xx.2023-cü ildə ölmüşdür. Belə olan halda Mülki Məcəllənin tələblərinə əsasən həmin etibarnamə qüvvədən düşmüşdür. Mülki Məcəllə: Maddə 362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 365. Etibarnaməyə xitam verilməsi 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 365.1.4. etibarnamə verilmiş şəxsin imtinası; 365.1.5. adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.6. adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 365.1.8. etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı İddiaçı 17 yanvar 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanmış və mümkünlük şərtləri ilə bağlı qanunvericiliyin normaları ətraflı şəkildə izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar