Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2578/2024 23.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 23 aprel 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Birinci Qarabağ müharibəsi vaxtı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli əmrinə əsasən həmin hərbi hissəyə xidmətə götürülmüşdür. xx.xx.1993-cü il tarixindək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Bu fakt onun ******* nömrəli hərbi biletində xüsusi qeyd edilmişdir. Həmçinin N nömrəli hərbi hissənin şəxsi heyətinin üzvü olmağı barədə ona 365 nömrəli vəsiqə verilmişdir. Qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli, 2/2-2803 nömrəli məktubda cavab olaraq bildirdilər ki, təqdim olunan sənədlərə əsasən N nömrəli hərbi hissədə xidmətiniz tam təsdiqlənmədiyinə, möhürlərin oxunması mümkün olmadığına və möhtəbərliliyi təsdiq olunmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Halbuki, verilmiş hərbi biletindən və digər sənədlərdən açıq aydın görünür ki, o, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixindək Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin buna baxmayaraq ona imtina verilmişdir. Bu faktı döyüş əməliyyatlarında iştirak etmiş döyüş yoldaşları təsdiq edə bilərlər. Həmin şəxslər hal-hazırda “müharibə veteranı” adına sahibdirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 16 avqust 1992-ci il tarixdən N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş və 06 avqust 1993-cü il tarixədək Qarabağda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 25 dekabr 2023-cü il tarixli, 2/2- 2803 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xidməti barədə məlumat aşkar edilməmişdir. İddia tələbi əsassız olduğundan İddiaçı döyüş əməliyyatları aparılan zaman xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından komissiyanın 17 noyabr 2023-cü il tarixli iclasında ərizəsinə baxılmış və ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” barədə müsbət qərar qəbul edilməmişdir. Tələbin faktiki əsasında gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının 06 avqust 1993-cü ildən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdə olmaması onun döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs statusunu əldə etməsini istisna edir. Belə olan halda Müdafiə Nazirliyinin imtinası qanunidir, iddiaçının hüquqlarını pozan hal kimi giymətləndirilə bilməz. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hesab edirlər ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2023-cü il tarixli, 2/2-12803 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır, təqdim olunan sənədlərə əsasən N nömrəli hərbi hissədə xidməti tam təsdiqlənmədiyinə, möhürlərin oxunması mümkün olmadığına və möhtəbərliliyi təsdiq olunmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 401 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma apara bilmirik. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən 09.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-30/2- 166/2024 nömrəli arayışından görünür ki, 1971-ci il təvəllüdlü, İmişli rayonu Otuziki kənd sakini İddiaçı xx.xx.1992-ci il tarixdə keçmiş İmişli rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. Qeydiyyat kartasına əsasən, xx.xx.1992-ci il tarixdən xx.xx.1993cü il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı barəsində araşdırma aparılması mümkün olmamışdır. İddiaçı barəsində cinayət işinin və ya təqsirləndirici materialın olub-olmaması barədə Tərtər hərbi prokurorluğuna sorğu göndərilmişdir. Sorğunun cavabı alındıqda Sizə məlumat veriləcəkdir.Yaralanması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsində məlumat yoxdur. Məlumat üçün bildirirlər ki, N nömrəli hərbi hissə xx.xx.1992-ci il tarixdən sentyabr 1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-3- 210/2-008244/2024 nömrəli məktubundan görünür ki, 1971-ci il təvəllüdlü, N nömrəli hərbi hissənin sabiq əsgəri olmuş İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. İddiaçıya məxsus HЗ № ******* nömrəli hərbi biletdə onun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ uğrunda döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilməmişdir. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1989-cu ildən xx.xx.1991-ci il tarixə kimi keçmiş sovet ordusunda hərbi xidmət keçmiş, səfərbərliklə əlaqədar İmişli rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, hərbi biletində onun xx.xx.1992-ci ildə N №-li hərbi hissəyə daxil edilməsi və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ uğrunda döyüşlərdə iştirak etməsi barədə qeydlər olsa da, lakin xx.xx.1993-cü il tarixdən sonra iddiaçının harda xidmət keçməsi, döyüşlərdə olub-olmaması, eləcə də qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından o, qanunvericiliyin tələbi baxımından Müharibə Veteranı deyildir. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2578/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2578/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver