Məhkəmə qərarları › İş №2-1(120)-2580/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2580/2023

08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2580/2023 08.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı “Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üzərinə Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin siyahısının dürüstləşmə zamanı İddiaçı, onun iki övladı xx.xx.2010-cü il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X4 adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Vəliyeva X11 rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq vahid aylıq müavinətlərin bərpa olunması barədə qərar qəbul etməyi xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3469/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, inzibati işin aidiyyatı üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2580/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin cavabdeh kimi tanınması, cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinin cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində tanınması, iddia tələbinə isə “Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üzərinə Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin siyahısının dürüstləşmə zamanı İddiaçı, onun iki övladı xx.xx.2010-cü il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X4 adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il təvəllüdlü olmaqla Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi qəsəbəsi ərazisində məskunlaşmışdır. Əri Cəbrayıl rayonundan məcburi köçkün, “Vətən müharibəsi” iştirakçısı Nümayəndə ilə 2009-cu ildən rəsmi nikahdadır. Nümayəndə əvvəllər qardaşı X8 ailə üzvü olduğuna görə və sonuncu mənzil əldə etdiyi üçün onlara məcburi köçkün kimi vahid aylıq müavinətlərin ödənilməsi dayandırılmışdır. Bu qərarı qanunsuz hesab edir. Belə ki, onun Nümayəndələ birgə nikahından X15, X13 və X16 adlı üç övladı var və onlara münasibətdə aylıq müavinətin dayandırılması onun hüquqlarını pozmuşdur. Bununla bağlı əri Nümayəndə aidiyyəti üzrə etdiyi müraciətinə cavab olaraq Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısı Aparatından cavab müsbət olmamış və əvvəllər qardaşı ilə bir təsərrüfatda olduğuna görə onların da vahid aylıq müavinətləri bərpa edilməmişdir. Dövlət orqanının bu cavabını, ümumiyyətlə onun və iki övladının məcburi köçkün kimi aylıq müavinətlərinin bərpa edilməməsini əsassız, qanunsuz və ədalətsiz hesab edir. Hazırda onun və övladlarının hüquqlarının qeyd edilən səbəblərə görə pozulması yolverilməzdir. Hesab edir ki, dövlət orqanı bu məsələyə lazımi səriştəlilik göstərmədən yanaşmış və yetərli qədər araşdırmamışdır. Belə ki, Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamı ilə ailələri ayrı təsərrüfatdır. X3 isə ailə üzvləri ilə birlikdə 2015-ci ildən hazırkı dövrədək Qobu qəsəbəsində yaşayırlar və yaşadıqları evə xx.xx.2016-cı ildə Texniki Pasport almışdırlar. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” qanununun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Bununla əlaqədar xahiş edir ki, onun və iki övladı xx.xx.2010-cu il təvəllüdlü oğlu X7 və xx.xx.2013cü il təvəllüdlü X4 vahid aylıq müavinətlərinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir, gəlməmələrinin səbəbləri barədə məlmat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialında olan Cəbrayıl rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 576 nömrəli məktubunda qeyd edilmişdir ki, X5 Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı vahid aylıq müavinətin bərpa olunması tələbinə dair inzibati iş ilə əlaqədar Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən sorğu cavablandırılarkən ziddiyətli məqamlara yol verilməsi barədə məktubunuza baxılmışdır. Məsələ ilə bağlı müavafiq araşdırma aparılmışdır. Araşdırma zamanı Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin müvafiq sərəncamına baxış keçirilmiş və həqiqətən də Nümayəndə 04 noyabr 2015-ci il tarixdə ayrı təsərrüfat kimi qeydə alındığı aşkarlanmışdır. Müəyyən olunmuşdur ki, Nümayəndə ayrı təsərrüfat olunması barədə Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən RlH-nə təqdim edilmiş 23 fevral 2021-ci il tarixli 131 nömrəli arayışda səhvə yol verilmiş və bu səbəbdən də Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli 379 nömrəli arayışda Nümayəndə ayrı təsərrüfat olunma tarixi 02 mart 2016-cı il kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********69 nömrəli məktubunda qeyd edilmişdir ki, X8 adına daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın verilməsi barədə sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən: X8 adına ünvan 1 ünvanda yerləşən 0,12 ha bağ torpaq sahəsi üzərində tam mülkiyyət hüququ 15 sentyabr 2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 adına Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır və Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron rayon 1 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-789 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Cəbrayıl Rayon icra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, özünün və övladları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 vahid aylıq müavinətlərinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4030/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati icraata cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Bildiririk ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı vahid aylıq müavinətin bərpa olunması ilə əlaqədar Azerbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə müraciəti daxil olmamışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasına əsasən həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Qeyd edirik ki, Komitədə yaradılmış məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, İddiaçı, həmçinin onun həyat yoldası Nümayəndə odlunun məcburi köçkün statusu və onu təsdiq edən vəsiqələri aşkar edilməmişdir. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Şəxsin məcburi köçkün statusunu isə ona Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan “məcburi köçkün vəsiqəsi” təsdiq edir. Bununla yanaşı, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.1ci bəndinin tələbinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarja birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Diqqətinizə çatdırırıq ki, Cəbrayıl Rayon icra Hakimiyyəti tərəfindən iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinətin verilməməsi tam əsaslı və qanunvericiliyin tələbinə uyğundur. Belə ki, İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, “hazırda mənim və övladlarımın hüquqlarının qeyd edilən səbəblərə görə pozulması yolverilməzdir. Hesab edirəm ki, dövlət orqanı bu məsələyə lazımi səriştəlilik göstərmədən yanaşmış və işin faktiki hallarını yeterli qədər araşdırmamışdır. Belə ki, faktiki olaraq X17 ailə üzvləri ilə birlikdə 2015-ci ildən hazırki dövrədək Qobu qəsəbəsində yaşayırlar”. Yuxarıda qeyd olunan fikirlərlə əlaqədar bildiririk ki, məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, iddiaçının həyat yoldaşı Nümayəndə qardaşı X17, 2014-cü və 2016-cı illər üçün tərtib olunmuş adlı siyahılara əsasən kommunal güzəştlərdən Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, korpus 4 ünvanı üzrə istifadə etmişdir. Aparılmış araşdırma zamanı X8 müxtəlif vaxtlarda Sumqayıt şəhəri, Novxanı bağ massivi 4962, Abşeron rayonu, Hökməli qəsəbəsi, ünvan 4i ünvanlarında yerləşən torpaq sahələrinə, 2016-cı il tarixdə isə Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən olunmuşdur. Göründüyü kimi, Nümayəndə oqlu qardaşı X27 oqlu ilə təsərrüfatını ayırmadan öncə, R.K.Vəlivev mənzil Qanunvericiliyinə və ya mülki-hüquqi əgdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etmişdir. Bildiririk ki, X1 yaşayış sahəsini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə, iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Qaydanın 2.1 -ci bəndi nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlamasını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi olmaqla “özünün və övladları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013cü il təvəllüdlü X4 vahid aylıq müavinətlərinin bərpa edilməsi” nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 562 nömrəli məktubunda qeyd edilmişdir ki, əvvəllər sizinlə bir təsərrüfatda olan qardaşınız Rəşad Vəliyevin adına mənzil olduğu üçün ailə üzvlərinizin vahid aylıq müavinəti dayandırılmışdır. Sonradan təqdim etdiyiniz sənədlər 2019-cu ilin oktyabr ayının hesabatına əlavə edilərək Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə təqdim edilmiş, lakin əvvəllər qardaşınızla bir təsərrüfatda olduğunuz əsas gətirilərək Sizin ailə üzvlərinizin vahid aylıq müavinətləri bərpa edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********13 nömrəli məktubunda qeyd edilmişdir ki, X5 və digərlərinin adına daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın təqdim edilməsi barədə sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində ‘Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X8 adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4962 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan digər şəxslərin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5- 40/2-91/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 5-40/2-332/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl şəhər sakinləri xx.xx.1989-cu il təvəllüdlü İddiaçı, xx.xx.2010cu il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X4 vahid aylıq müavinətlərin dayandırılması barədə aşağıdakıları bildiririk. 01 yanvar 2011-ci il tarixdən 2016-cı ilin 31 dekabr tarixinədək qüvvədə olan “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimafın 6.1.1-ci bəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarının 2.1-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri,' şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri istisna olmaqla) verilən vahid aylıq müavinət dayandırılır. Həmin qaydaya Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 244 nömrəli qərarı ilə edilən dəyişikliyə əsasən yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan şəxs və onlarla birlikdə yaşayan şəxslərin də vahid aylıq müavinəti dayandırılır. 2017-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X12 Üzrə Dövlət Komitəsi tərəfindən adına mənzil olan vətəndaşları siyahısı rayon icra hakimiyyətinə təqdim edilmişdir. Həmin siyahıda İddiaçı həyat yodaşının qardaşı X8 adına Abşeron rayonu, Qobu qəsəbəsində evi olması aşkarlanmışdır. Siyahıda bir hesabdan vahid aylıq müavinət aldıqları üçün İddiaçı özü və 2 övladının adı da siyahıda göstərilmişdir. Bu səbəbdən də xx.xx.2017-ci il tarixdə onlara verilən vahid aylıq müavinət dayandırılmışdır. Sonradan İddiaçı başqa ünvanda yaşadıqları və ayrı təsərrüfat olmaları barədə təqdim etdiyi sənədləri 2019-cu ilin oktyabr ayının hesabatına əlavə edilərək Azərbaycan Respublikası Qaçqınların və X12 Üzrə Dövlət Komitəsinə təqdim edilmiş, lakin əvvəllər həyat yoldaşının qardaşı ilə bir kartdan vahid aylıq müavinət almaları və bir təsərrüfatda olduqları əsas gətirilərək İddiaçı ailə üzvlərinin vahid aylıq müavinətləri bərpa edilməmişdir. İş materiallarında olan Cəbrayıl rayonu İcra Hakimiyyəti Başçısının Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli, 05 nömrəli sərəncamından görünür ki, X2, X14, X20, X18, X21, Nümayəndə valideynlərinin təsərrüfatından ayrılaraq ayrı təsərrüfat edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.1995-ci il tarixli, XİX-JQ № 301884 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, AZ-İ 496053 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə ilə X10 xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, sonuncu Vəliyeva soyadını qəbul etmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, AA 130807 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X6 məcburi köçkün vəsiqəsi verilmişdir. İş materiallarında olan AA 026281 nömrəli məcburi köçkün vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə məcburi köçkün vəsiqəsi verilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, əvvəllər iddiaçı ilə bir təsərrüfatda olan qardaşı Rəşad Vəliyevin adına mənzil olduğu üçün onun ailə üzvlərinin vahid aylıq müavinəti dayandırılmışdır. Sonradan təqdim etdiyi sənədlər 2019-cu ilin oktyabr ayının hesabatına əlavə edilərək Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə təqdim edilmiş, lakin əvvəllər qardaşı ilə bir təsərrüfatda olduğu əsas gətirilərək onun ailə üzvlərinin vahid aylıq müavinətləri bərpa edilməmişdir. Lakin iş materiallarında olan Cəbrayıl rayonu İcra Hakimiyyəti Başçısının Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli, 05 nömrəli sərəncamından görünür ki, X2, X14, X20, X18, X21, Nümayəndə valideynlərinin təsərrüfatından ayrılaraq ayrı təsərrüfat edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası sində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir:Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası. Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə danmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra - aylıq müavinət) ödənilməsi qaydalarını müyyən edir.

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə;

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin nilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata seçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993cü il tarixli, 587 nömrəli Qərarından görünür ki, Respublikada məcburi köçkünlərə dövlət tərəfindən birdəfəlik yardım və yemək xərcləri kimi müəyyən edilmiş müavinətlərin verilməsi ilə əlaqədar siyahıların düzgünlüyü və dəqiqliyi üçün işğal edilmiş rayonların icra hakimiyyəti başçıları və məcburi köçkünlərin ərazilərində yerləşmiş olduqları yerli icra hakimiyyəti orqanları tam məsuliyyət daşıyırlar. 17 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayığ təsdiq edir və Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin Təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. Göründüyü kimi, iddiaçı məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti almaq hüququna malik olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyəti yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını hazırlayaraq təsdiq etməli və onları Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə təqdim etməlidir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Bundan sonra Qaçqınların və X12 üzrə Dövlət Komitəsi təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin siyahısında dürüstləşmə apararaq Maliyyə Nazirliyinə təqdim edir. Hazırki işdə cavabdeh əsassız olaraq əvvəllər iddiaçı ilə bir təsərrüfatda olan qardaşı Rəşad Vəliyevin adına mənzil olduğu üçün onun ailə üzvlərinin vahid aylıq müavinətini dayandırmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Göründüyü kimi, inzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Şəxslərin hüquq və azadlıqlarına müdaxiləni nəzərdə tutan normalar inzibati orqanlar tərəfindən olduğundan geniş şəkildə təfsir oluna bilməz. Beləliklə, məhkəmə hesab ki, cavabdeh inzibati orqanın iddiaçının adının məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin alınması üçün siyahıya daxil etməməsi sonuncuların konstitusion hüququ olan sosial təminat hüquqlarını pozmuşdur. Məhkəmə, həmçinin, qeyd edir ki, cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Göründüyü kimi, cavabdeh inzibati orqan yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İPM-nin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikasının İPM-nin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan iddiaçıların arzuladıqları inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia təmin edilməli, Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üzərinə Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin siyahısının dürüstləşmə zamanı İddiaçı, onun iki övladı xx.xx.2010-cü il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X4 adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyi qoyulmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2.2.1, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üzərinə Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin siyahısının dürüstləşmə zamanı İddiaçı, onun iki övladı xx.xx.2010-cü il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X4 adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar