Məhkəmə qərarları › İş №2-1(120)-2582/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2582/2025

29.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2582/2025 29.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Masallı rayon Mərkəzi X1rşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Masallı rayon Mərkəzi X1rşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Masallı rayon Mərkəzi X1rşı “atası X10 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş və cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-cİ ildə Masallı rayonunda anadan olmuş və hazırda Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. X2 onun atasıdır, atası xx.xx.2024-cü il tarixdə avtomobilinə əyləşərək evinin yaxınlığında çayxanaya getmişdir. Avtomobildə olarkən ürəyi tutmuş və dünyasını dəyişmişdir. Həmin vaxtı orada olan kənd sakinləri təcili tibbi yardıma zəng vurmuşlar və təcili yardım gələnə kimi artıq atası ölmüşdür. Atasının ölməsi barədə Masallı rayon prokurorluğunda araşdırılma aparılmış və cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. O, bu barədə Masallı rayon mərkəzi xəstəxanasından tibbi arayış almaq istəsə də ona arayışın verilməsindən imtina etmişlər. Tibbi arayış verilmədiyindən atasının ölüm şəhadətnaməsini qeydiyyat şöbəsindən ala bilmir. Qeydiyyat şöbəsi ona ölüm şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin cavabdeh inzibati orqanın ünvanı Neftçala rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, 3-16-5/8-28-06/24 nömrəli arayışda qeyd olunur ki, xx.xx.1950-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında Masallı Rayon Prokurorunun köməkçisinin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, X13 uzun illər ürək damar xəsətliyindən əziyyət çəkmiş, təxminən 7 il əvvəl əməliyyat olmuş və hazırki vaxtadək müalicə almış, son zamanlar ürəyində olan ağrılardan əziyyət çəkmiş, bu səbəbdən də həkim müayinəsindən keçmiş, müalicəsini davam etdirmiş, hadisə baş verən gün o, qəsəbə ərazisində yerləşən çayçıya getmək məqsədilə özünə məxsus “Vaz 2107” markalı avtomobil ilə evdən tək çıxmış, yolda olarkən ürək tutmasından vəfat etmiş, onun vəfat etməsi ilə bağlı yaxınlarının şikayət və tələbi olmamış, o, öz əcəli ilə vəfat etmiş və hər hansı kənar təsirlər olmamışdır. Toplanmış 169-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti X11 göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Masallı Rayon İcra Hakimiyyətinin Başçısının Ərkivan Qəsəbə İnzibati Ərazi X5 xx.xx.2024-cü il tarixli, 1957 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı mərhum atası X13 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Masallı rayonu Ərkivan qəsəbəsi Abaslı küçəsindəki qəbristanlıqında dəfn olunmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Masallı Rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, Masallı rayon Ərkivan qəsəbə sakini İddiaçı vəfat etmiş atası X8 ölməsi barədə “Masallı Rayon Mərkəzi Xəstəxanası” X20də hər-hansı bir məlumat aşkar olunmadı. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Masallı Rayon Mərkəzi Xəstəxanası” X15 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Masallı rayonunun Ərkivan qəsəbə sakini xx.xx.1950-ci il təvəllüdlü X8 ölməsi ilə bağlı “Masallı Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən tibbi arayış verilməmişdir. Belə ki, Şahmur Quliyevin ölməsi ilə bağlı xəstəxanaya hər-hansı bir məlumat daxil olmamışdır. Masallı regional “ASAN xidmət” mərkəzinin rəyində qeyd edilmişdir ki, İddiaçı vəfat etmiş atası X8 ölümünün qeydə alınmasından imtina edilsin. İzah edilsin ki, bu barədə məhkəməyə müraciət etmək hüququ vardır Masallı Rayon İcra Hakimiyyətinin Başçısının Ərkivan Qəsəbə İnzibati Ərazi X5 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-66-2/2-17.2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X13 xx.xx.1950-ci il tarixdə Azərbaycan Respublikası Masallı rayonu Ərkivan kəndində doğulmuşdur. Onun daimi qeydiyyat və yaşayış yeri Masallı rayonu Ərkivan qəsəbəsi olmuşdur. Ş.Quliyev uzun müddət təsərrüfatlarda işləmişdir. O, vəfat edənə kimi əmək pensiyası almışdır. Ş.Quliyev xx.xx.2024-cü il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində vəfat etmişdir. Ərkivan qəsəbəsinin Göllü küçəsindəki qəbristanlığında dəfn olunmuşdur. Həkimə qədər ölüm halını təsdiq edən Aktdan müəyyən edilir ki, X8 ölümü xx.xx.2024-cü il tarixdə saat 15:04-də qeydə alınmışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Masallı Rayon Mərkəzi Xəstəxanası” X15 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 05 nömrəli 31 yanvar 2018-ci il tarixli Qərarının 4.4.5-ci bəndinin (ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda) tələblərinə əsasən “Ölüm haqqında tibbi şəhadərtnamə”nin verilməsi mümkün deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.7-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 1.14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 8.1. ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.1. ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.14. ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 8.15. ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 05 nömrəli 31 yanvar 2018-ci il tarixli Qərarı: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X6 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.6. Yenidoğulmuşun ölümü 168 saat ərzində baş veribsə “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” doldurulur (3 nömrəli əlavə). 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X3 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X4 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə işin araşdırılması zamanı müəyyən edir ki, X13 uzun illər ürək-damar xəstəliyindən əziyyət çəkmiş, təxminən 7 il əvvəl əməliyyat olmuş və son zamanlar ürəyində olan ağrılardan şikayətlənmiş, bu səbəbdən də həkim müayinəsindən keçmiş və müalicəsini davam etdimişdir. Hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Ş.Quliyev qəsəbə ərazisində yerləşən çayçıya getmək məqsədilə özünə məxsus “Vaz 2107” markalı avtomobil ilə evdən tək çıxmış, yolda olarkən ürək tutmasından vəfat etmiş, onun vəfat etməsi ilə bağlı yaxınlarının şikayət və tələbi olmamış, o, öz əcəli ilə vəfat etmiş və ölümündə hər hansı kənar təsirlər olmamışdır. Hadisə ilə bağlı cinayət işi başlanmasının rədd edilməsi haqqında Masallı Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarında eyni hallar qeyd edilərək cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin iş materiallarında olan Masallı Rayon İcra Hakimiyyətinin Başçısının Ərkivan Qəsəbə İnzibati Ərazi X5 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-66-2/2- 17.2025 nömrəli məktubunda da qeyd edilmişdir ki, X13 xx.xx.1950-ci il tarixdə Azərbaycan Respublikası Masallı rayonu Ərkivan kəndində doğulmuşdur. Onun daimi qeydiyyat və yaşayış yeri Masallı rayonu Ərkivan qəsəbəsi olmuşdur. Ş.Quliyev uzun müddət təsərrüfatlarda işləmişdir. O, vəfat edənə kimi əmək pensiyası almışdır. Ş.Quliyev xx.xx.2024-cü il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində vəfat etmişdir. Ərkivan qəsəbəsinin Göllü küçəsindəki qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə qeyd edir ki, şəxsin ölümü Həkimə qədər ölüm halını təsdiq edən Aktla da təsdiq edilir ki, həmin aktda qeyd edilmişdir ki, X8 ölümü xx.xx.2024-cü il tarixdə saat 15:04-də qeydə alınmışdır. Beləliklə də, iş materiallarında olan mötəbər sübutlarla X8 xx.xx.2024-cü il tarixdə ürək tutmasından həkiməqədər ölümü öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Masallı rayon X9 Hüquqi Şəxsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı atası X10 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Masallı rayon X9 Hüquqi Şəxsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı atası X10 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Masallı rayon X9 Hüquqi Şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar