Məhkəmə qərarları › İş №2-1(120)-2614/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2614/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2614/2025 09.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili X2, Üçüncü şəxs X3, Üçüncü şəxs Neftçala rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli, 0051 saylı tikinti obyektinin sökülməsi barədə qərarın qanunsuz hesab edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən qəbul olunmuş 18 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9, Neftçala rayon İcra Hakimiyyəti və Neftçala Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli, 0051 saylı tikinti obyektinin sökülməsi barədə qərarın qanunsuz hesab edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Neftçala şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında yerləşən torpaq sahəsi Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı Qərarı əsasında onun mülkiyyətindədir. 38 kv.metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmışdır. Həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair Neftçala rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi də mövcuddur. İddiaçı hal-hazırda həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlet Reyestrində qeydiyyata alınması üçün Məhkəməyə də müraciət etmişdir. İnzibati iş Şirvan İnzibati Məhkəməsinin (iş nömrəsi: 2-1(120)-73/2024) icraatındadır. İddiaçı 2006-cı il tarixindən özünə məxsus olan torpaq sahəsində ölçüləri qanunvericiliklə qadağan olunmayan həddə olan tikintiyə başlamışdır. Lakin bu zaman cavabdeh inzibati orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən ona bildirilmişdir ki, qəbul etdikləri 18 dekabr 2024-cü il tarixli Qərar əsasında tikinti obyektini sökməlidirlər. İddiaçı dəfələrlə cavabdehə bildirmişdir ki, bu torpaq sahəsinin ona təqdim edilməsi barədə Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı Qərarı, torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair Neftçala rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi, əmlakın sığortası və digər lazım olan bütün sənədləri var. Buna baxmayaraq cavabdeh orqan həmin qərarı ləğv etməmiş və icra edəcəyini bildirmişdir. İddiaçı buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin 18 dekabr 2024-cü il tarixli Qərarının heç bir hüquqi əsası yoxdur. Cavabdeh orqanın qəbul etdiyi qərar birbaşa mənim mülkiyyət hüququma toxunmasına və hazırda mənim mülkiyyət hüququmun pozulmasına əsas yaradır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin və Neftçala Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və Neftçala Bələdiyyəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X10 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Neftçala rayon İcra Hakimiyyətinin nümayəndəsi X11 iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı qərarından çıxarışından görünür ki, Neftçala şəhər sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bələdiyyə torpaq fondundan tikinti üçün 38 kv.m torpaq sahəsi satılmışdır. İş materiallarında olan Neftçala bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 60 nömrəli məktubundan görünür ki, Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 07 saylı iclas protokolunun çıxarışına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı verilmiş 38 kv.m torpaq sahəsinə dair vətəndaşın mülkiyyət hüquqlarının Dövlət Reyestrindən qeydiyyata alınmasına etiraz etmirlər və Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarı hal-hazırda öz qüvvəsindədir. İş materiallarında olan Neftçala bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 181 nömrəli məktubundan görünür ki, Neftçalc bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 07 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul üçün şəhərin H.Əliyev prospektində ayrılmış 38 kv.m torpaq sahəsi Neftçala bələdiyyəsinin ehtiya fonduna aiddir. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-67/2- 637/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinin təmin edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə reyd keçirilərkən Neftçala şəhəri H.Əliyev prospekti 11 ünvanında (koordinatlar X-348999.999 Y- 4360784.423) vətəndaş X6 tərəfindən tikinti işlərinin aparılmasına səlahiyyət verən sənədlər olmadan özbaşına qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanmışdır. Bununla əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən vətəndaşa rəsmi xəbərdarlıq bildirişi təqdim edilərək aparılan işlərin dayandırılması tövsiyə edilmiş və eyni zamanda məsələ ilə bağlı müvafiq akt tərtib edilmişdir. Vətəndaşa tövsiyə edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən müvafiq sənədləşmə işlərini həyata keçirməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin xx.xx.2024-cü il tarixli, 0051 nömrəli tikinti obyektinin sökülməsi barədə qərarın surətindən görünür ki, Neftçala şəhəri, H.Əliyev prospekti11 ünvanında yerləşən X5 məxsus obyektinin tikintisi barədə tərtib olunmuş 242481 nömrəli texniki baxış aktına əsasən aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün cavabdehə 30 gün müddət təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-18-2/2-3888/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu, H.Əliyev prospekti 11 üvnanında vətəndaş X6 tərəfindən tikintisinə icazə sənədləri olmadan özbaşına qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı tədbir görülməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinin 9 dekabr 2024-cü il tarixli, 5-67/2-637/2024 nömrəli məktubu Agentliyə daxıl olmuşdur.Həmin məktubla təqdim olunmuş məlumatlar əsasında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla X6 tərəfindən qanunsuz tikinti quraşdırma işləri aparıldığı üçünhəmin işlərin dayandırılması barədə Agentlik tərəfindən 10 dekabr 2024-cü il tarixli, 1192 nömrəli “Qərar” qəbul olunmuşdur. Bundan sonra qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasında olmaqla dövlət mülkiyyətində olduğu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Neftçala Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2024-cü il tarixli 3-21- 3-38/2-4946/2024 nömrəli məktubuna əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsinə uyğun olaraq tikinti obyektinin birbaşa sökülməsi barədə Agentlik tərəfindən 18 dekabr 2024-cü il tarixli, 0051 nömrəli “Qərar” verilmişdir. “Qərar”ın icrası vətəndaş tərəfindən 30 gün ərzində təmin olunmadığına görə Neftçala Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə 05 fevral 2025-ci ildə həmin obyekt sökülmüşdür. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı iş üzrə iddiaçının tələbi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli, 0051 saylı tikinti obyektinin sökülməsi barədə qərarın qanunsuz hesab edilməsidir. Şəhərsalma və Tikinti Məcəlləsinin: -92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. -95.1-ci maddəsinə görə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın: - 2.1-ci bəndinə görə Məcəllənin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 2.1.1. tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi aidiyyəti icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 2.1.2. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.1-ci maddəsinə əsasən qərar qəbul edildiyi gündən 1 (bir) il ərzində tikintiyə icazə alınmadıqda; 2.1.3. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.4. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.5. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.6. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Qeyd olunan normalardan müəyyən olunur ki, adı çəkilən Qaydaların 2.1.1-2.1.5-ci bəndlərində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi əsasları bilavasitə cari vaxtda tikintisinə başlanılmış, tikinti mərhələsində olan, tikintisi başa çatmamış və ya tikinti qaydalarına riayət edilmədən tikintisi başa çatmış obyektlərin sökülməsi ilə bağlıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin: -74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. -74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. -75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. -82.1-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 iş günü ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. -82.2-ci maddəsinə görə məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanın: - 4.7-1-ci bəndinə görə Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin (.....) birinci cümləsində, (....) 82.1-ci maddəsində (birinci halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları. -4.10-cu bəndinə əsasən həmin Məcəllənin (....) 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarının 1.1-ci bəndinə əsasən dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndinə görə dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. Qaydaların 4.1-ci bəndinə görə yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra - yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində (Agentliyin sərəncamındakı torpaq sahələri istisna olmaqla) həyata keçirilir. Qaydaların 4.2.-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Qaydaların 4.3-cü bəndinə görə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Sadalanan normalardan görünür ki, şəhərsalma norma və qaydalarına nəzarəti yerli səviyyədə icra hakimiyyəti orqanları həyata keçirirlər. Tikinti obyektinin tikilməsinə məlumatlandırma icraatı və ya icazə icraatı tələb olunduğu kimi obyektlərin sökülməsinə də məlumatlandırma və ya icazə icraatı tətbiq olunur. İcazə verilmənin ümumi qaydaları Şəhərsalma və Tikinti Məcəlləsinin 75-78-ci maddələri ilə tənzimləndiyi halda, məlumatlandırma icraatı Məcəllənin 80-ci maddəsi ilə tənzimlənir. Hazırkı iş üzrə iddiaçıya məxsus tikilinin sökülməsi ilə bağlı cavabdeh inzibati orqanın “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli, 0051 saylı tikinti obyektinin sökülməsi barədə qərarı” mübahisələndirilsə də, iş materiallarına əlavə edilən sənədlərə, eləcə də tərəflərin izahatlarına əsasən qeyd edilən tikilinin artıq söküldüyü müəyyən edilmişdir. Tərəfin digər arqumenti qərarda mülkiyyətçinin İddiaçı deyil, X6 yazılmasıdır. Məhkəmə iddiaçının arqumentlərinə ümumi qiymət verərək qeyd edir ki, mübahisələndirilən qərarda qeyd edilən tikilinin sökülməsi müəyyən edilir ki, bu hal üzrə qərarın qanunsuz hesab edilməsi üzrə iddiaçının tələbinin hüquqi əhəmiyyətinin qalmadığı müəyyən edilir. Hal-hazırki vəziyyətdə iddiaçının hüquqi marağının ona dəymiş ziyanla bağlı olduğu müəyyən edilmiş və qeyd edilən istiqamətdə hüquqi yardım göstərilərək inzibati orqanların hərəkətlərinin qanunsuz hesab edilməsi üzrə müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən onun müraciəti təmin olunmayacağı təqdirdə eyni tələblə inzibati məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Qeyd edilən istiqamətdə tərəfə məhkəmə iclasında da qanunvericiliyin tələbləri izah edilmişdir. Həmçinin iddiaçıya izah edilir ki, “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (1100-cü maddə). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). Cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirildiyi təqdirdə iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli, 0051 saylı tikinti obyektinin sökülməsi barədə qərarın qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar