Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-262/2020 12.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial X2 rayon şöbəsinin nümayəndəsi X1 (ali təhsilli, Dövlət Sosial X2 rayon şöbəsinin Ünvanlı yardım və müavinətlər sektorunun məsləhətçisi, Şirvan şəhəri, ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «müharibə veteranlarına ödənilən müavinətin 01.09.2016-cı il tarixdən 01.04.2019-cu tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 04 sentyabr 2019-cu il tarixdə M/V 086238 saylı vəsiqə verilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə ərizə ilə müraciət edib ona müharibə veteranı vəsiqəsi təqdim edilməzdən əvvəlki üç il üçün ödənilməmiş müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh 20 noyabr 2019-cu il tarixli **********1 saylı məktubunda iddiaçının veteranlıq vəsiqəsini 2019cu ilin sentyabr ayında aldığına görə veteranlara verilən kommunal, nəqliyyat və digər xərclərə görə müavinətin vəsiqəni aldığı gündən qüvvədə olduğunu qeyd edərək, ərizəsinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 2016-cı il tarixdən 01 sentyabr 2019-cu il tarixədək müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 28.02.1967-ci il tarixdə Hacıqabul şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Xüsusilə Ağdam, Füzuli və Horadiz istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Döyüş əməliyyatlarında fəal iştirakını nəzərə alaraq, ona 04 sentyabr 2019-cu il tarixdə müharibə veteranı adı verilmiş və bu barədə müvafiq vəsiqə də təqdim olunmuşdur. Lakin ona müvafiq vəsiqə təqdim edilənədək heç bir müavinət verilməmişdir. Bununla bağlı olaraq, cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq 20.11.2019-cu il tarixli məktubda qeyd edilir ki, veteranlara verilən kommunal, nəqliyyat və digər xərclərə görə müavinət vəsiqəni aldığı gündən qüvvədədir. Mövcud qanunvericiliyin tələblərinə əsasən veteranlara verilən müavinət ən azı müvafiq vəsiqə təqdim edildiyi gündən 3 il əvvəlki ilin müavinəti hesablanmaqla ödənilməlidir. Lakin cavabdeh tərəf bundan imtina edir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. 22 yanvar 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbində dəqiqləşmə apardığını, hazırkı inzibati iş üzrə iddiaçı kimi İddiaçı qəbul edilməsini, cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə isə müharibə veteranları üçün verilən müavinətin 01 sentyabr 2016-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2-1(120)-262/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının müharibə veteranlarına ödənilən müavinəti almaq hüququ müharibə veteranı adını və vəsiqəsini aldığı 04.09.2019-cu il tarixdən yaranmışdır. İddiaçıya da 04 sentyabr 2019-cu il tarixdə müavinət təyin edilərək, həmin tarixdən ödənilir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və müharibə veteranı vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərini, Hacıqabul Rayon İHB-nin Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Hacıqabul rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. Belə ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 01 sentyabr 2019-cu il tarixdə deyil, 04 sentyabr 2019-cu il tarixdə verilmişdir. İddiaçı isə iddia tələbində müharibə veteranları üçün verilən müavinətin 01 sentyabr 2016-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək hesablanaraq ödənilməsini xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranlarına ödənilən müavinəti 04 sentyabr 2016-cı il tarixdən hesablanaraq 01 aprel 2019-cu il tarixədək almaq hüququna malikdir. Cavabdeh iddiaçıya müharibə veteranlarına ödənilən müavinətin əvvəlki illər üçün ödənilməsindən imtina edərkən iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi 04 sentyabr 2019-cu il tarixdən ödənilməli olduğunu əsas gətirmişdir. Мəhkəmə bununla bağlı bildirir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin 04 sentyabr 2019-cu ildə verilməsi о demək deyildir ki, iddiaçı həmin tarixdə müharibə veteranı olmuşdur. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı sayılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli Fərmanının 1, 1.9-cu bəndlərinə görə əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə-15 manat sosial müavinət müəyyən edilmişdir. «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2013-cü il tarixli 973 nömrəli Fərmanının 1.1, 1.1.7-ci bəndlərinə görə əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət-37 manat müavinət müəyyən edilmişdir. «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il Fərmanının 1-ci bəndinə görə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndində “37” rəqəmləri “45” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdehin iddiaçıya 04 sentyabr 2016-cı il tarixdən hesablanaraq 01 aprel 2019-cu il tarixədək ödənilməli olan müavinəti ödəməməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də iddia qismən təmin edilməli, 04 sentyabr 2016-cı il tarixdən əvvəlki müddət üçün iddiaçıya qeyd edilən müavinətin ödənilməsi tələbinin hüquqi əsası olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 04.09.2016cı il tarixdən 01.04.2019-cu il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı müavinətinin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia qismən təmin edilsin. İddiaçı 04.09.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı müavinətinin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulsun.
2. İddia qalan hissədə təmin edilməsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov