Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2644/2025 15.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mənzillə bağlı əldə etdiyi order və özəlləşdirmə sənədlərinə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə mənzil ehtiyacına əsasən orderli mənzil verildi. Daha sonra həmin mənzili öz adına özəlləşdirmişdir. Uzun illər çıxarış almaq istəməmişdir. Sonradan qərara gəlib ki, mənzilə çıxarış əldə etsin. Bununla bağlı cavabdeh orqana şifahi şəkildə müraciət etmiş və onu arxiv sənədinin olmamasına görə çıxarış verməkdən imtina edilmişdir. Daha sonra yazılı qaydada onlara müraciət etmiş ki, mübahisəyə məhkəmədə baxılsın. Orderə aid sənəd arxivdə olmasa da, o, mənzili özəlləşdirdiyinə görə order əsassız sayıla bilməz. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, icraatda olan 2- 1(120)-2644/2025 saylı inzibati iş üzrə sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar tərəflərindən həmin əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Məlumat üçün bildirir ki, hazırki iş üzrə İddiaçı tərəfindən yaşadığı mənzilə çıxarışın verilməsi barədə 10 saylı Lənkəran Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli ərizə ünvanlanmışdır. Bununla əlaqədar bildirir ki, müraciətdə qeyd edilmiş məsələ ilə əlaqədar hazırki iş üzrə iddiaçı tərəfindən və ya etibarnamə üzrə nümayəndəsi tərəfindən X3 Xidmət Mərkəzinə və ya 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon Şöbəsinə həmin daşınmaz əmlakla bağlı sənədlərin əslin təqdim etməklə rəsmi müraciət ediləcəyi təqdirdə sənədlərin ekspertizası və əmlakın müayinəsinin nəticəsi olaraq sözügedən məsələyə tərəflərindən qanunamüvafiq qaydada münasibət bildiriləcəyi onun nəzərinə çatdırılsa da, hazırki müddətə qədər hər hansı bir rəsmi müraciət X3 Xidmət Mərkəzinə və ya 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon Şöbəsinə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirir ki, Ərazi İdarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edir, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.1990-cı il tarixli orderin surətindən görünür ki, İddiaçı Kaverin küçəsi, ev 72, mənzil 2 ünvanında 2 otaqlı mənzil verilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Astanlı Kənd İnzibati Ərazi X1 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Babayeva X2 rayonu Fərzili kəndinin təsərrüfat kitabında qeydiyyatda olmadığından və Fərzili kəndində yaşamadığından onun haqqında heç bir məlumatımız yoxdur. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq. Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Öhdəliyin icra edilməsi növündə iddia tələbi üzrə qanaunvericiliyin normalarına uyğun olaraq müəyyən edilmiş xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İşin araşdırılması zamanı müəyyən olmuşdur ki, İddiaçı xx.xx.1990-cı il tarixli orderlə mülkiyyətçisi olduğu Kaverin küçəsi, ev 72, mənzil 2 ünvanında yerləşən mənzilə dair X3 Xidmət Mərkəzinə və ya 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon Şöbəsinə həmin daşınmaz əmlakla bağlı sənədlərin əslin təqdim etməklə rəsmi müraciət etməmişdir. Belə ki. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubda da qeyd edilmişdir ki, iddiaçının hazırki tələblə bağlı X3 Xidmət Mərkəzinə və ya 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon Şöbəsinə rəsmi müraciəti müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün hesab edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktubları ilə iddiaçıya yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardım məktublarının alındığı qeyd edilmişdir. İddiaçı tərəfindən inzibati orqana eyni tələblə müraciəti və tələbindən imtina olunması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı eyni tələblə iddia qaldırmaq imkanını istisna etmir və o, “mənzillə bağlı əldə etdiyi order və özəlləşdirmə sənədlərinə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı X3 Xidmət Mərkəzinə və ya 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon Şöbəsinə mənzilə dair bütün hüquqmüəyyənedici sənədlərin əslləri ilə birlikdə müraciət etməlidir. Müraciəti əsasında tələbin icrasından imtina cavabı alacağı təqdirdə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı həmin tələblə məhkəmədə iddia qaldıra bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlər əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2644/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2644/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver