Məhkəmə qərarları › İş №2-1(120)-2647/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2647/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2647/2025 20.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “X14 barəsində tərtib olunmuş xx.xx.1961-ci il tarixli 85 saylı doğum haqqında akt qeydində soyadın “Abdullayeva”dan “Allahverdiyeva”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki o, Ağcabədi rayonu Aşağı Avşar kəndində yaşayır və 20 noyabr 1984-cü ildə Ağcabədi rayonu Xocavənd kənd sakini 06 oktyabr 1961-ci il təvəllüdlü X6 ilə nikahlarını 20 noyabr 1984-cü tarixdə 47 nömrəsi qeyd etdirməklə evlənmiş, evləndikdən sonra Sahibəyə onun soyadına uyğun olaraq “Məmədova” soyadı verilmişdir. Arvadı Sahibə 03 dekabr 2024-cü il tarixdə ölmüşdür. Sahibənin soyadı, adı şəxsiyyət vəsiqəsində, həmçinin ölüm haqqında şəhadətnamədə “X14”, doğum tarixi 06 oktyabr 1961-ci il kimi qeyd olunmuşdur. Lakin müəyyən sənədləşmə işləri aparılarkən müəyyən olunmuşdur ki, 29 noyabr 1961-ci il tarixdə Ağcabədi rayonu Xocavənd kənd inzibati dairəsi üzrə nümayəndəlikdə mərhum arvadı X14 barəsində tərtib olunmuş 85 saylı doğum haqqında akt qeydində Sahibənin soyadı anasının soyadına uyğun olaraq uşaq və ana qrafasında “Abdullayevə”, doğum tarixi “01 noyabr 1961-ci il” kimi qeyd olunmuşdur. Sənədlərdə uyğunsuzluq olduğuna görə öz hüquqlarını həyata keçirməklə bağlı müəyyən sənədləşmə işləri aparmaqdan imtina olunur. Qeyd edilən ziddiyyətlərin aradan qaldırılması üçün ərizə ilə Cavabdehnə müraciət etmişdir. Cavabdeh 19 dekabr 2024-cü il tarixdə rəsmi məktubla ona bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları»nın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda şəxsin seçdiyi ərazi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edilmişdir ki, kifayət qədər əsaslar olmadığı üçün və təqdim olunmuş sənədlərdə ziddiyət olduğundan məsələ ilə bağlı məhkəməyə müraciət etsin. Qeyd olunanlara əsaən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində əlverişli inzibati aktın qəbul edilməməsi ilə bağlı hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Həmçinin iddiaçı xüsusi mümkünlük şərti kimi cavabdeh inzibati orqana müraciət etmiş, imtina aldıqdan sonra eyni tələblə məhkəmədə iddia qaldırmışdır. xx.xx.1959-cu il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.1984-cü il tarixli, İİİ-ЖГ № 365593 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında xx.xx.1984-cü il tarixdə rəsmi nikah akt qeydi bağlanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, №3-16-5/8-15-M-1482/2024 nömrəli arayışından görünür ki, X10 xx.xx.1961-ci ildə Ağcabədi rayonu Xocavənd kəndində anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, AZ-İİ№ 464112 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir (ölmüşdür). Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.1961-ci il tarixdə Ağcabədi rayonu, Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mərhum həyat yoldaşınız X14 barəsində tərtib edilmiş 85 saylı doğum haqqında akt qeydində uşaq qrafasında, ana qrafasında soyadları “Abdullayeva", uşaq qrafasında doğum tarixi '‘xx.xx.1961”, təqdim edilən sənədlərdə soyadları “Allahverdiyeva" doğum tarixi “xx.xx.1961” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün və təqdim olunan sənədlərdə ziddiyət olduğuna görə xx.xx.1961-ci il tarixdə Ağcabədi rayonu, Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mərhum həyat yoldaşınız X14 barəsində tərtib edilmiş 85 saylı doğum haqqında akt qeydində uşaq və ana qrafasında soyadlarına “Abdullayeva”dan “Allahverdiyeva”ya, doğum tarixi “xx.xx.1961”dən “xx.xx.1961”ə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Eyni zamanda onu da bildiririk ki. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış mərhum həyat yoldaşınız X3 doğumu barədə akt qeydi aşkar olunmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Torpağa mülkiyyət hüququna dair JN-184, KOD 60813038 nömrəli Dövlət aktından görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 17 nömrəli qərarı ilə İddiaçı, X14 və digərlərinə 1.55 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. xx.xx.1961-ci il tarixli, 85 nömrəli doğum akt qeydinin surətindən görünür ki, X10 xx.xx.1961-ci ildə anadan olmuşdur. Sonradan doğum tarixi akt qeydində xx.xx.1961 kimi göstərilmişdir. xx.xx.1984-cü il tarixli, 47 nömrəli Nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı ilə Məmmədova (Allahverdiyeva) Sahibə Rəşid qızı arasında rəsmi nikah akt qeydi bağlanmışdır. 19 noyabr 1991-ci il tarixli 38 saylı Ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X7 19 noyabr 1991-ci il tarixdə vəfat etmişdir. 19 saylı Evlənmə akt qeydinin surətindən müəyyən olunur ki, X11 və X7 arasında 20 sentyabr 1963-cü ildə nikah bağlanmışdır. 09 sentyabr 1965-ci il tarixli, 90 nömrəli Doğum akt qeydinin surətindən müəyyən olunur ki, X8 1 sentyabr 1965-ci il tarixdə doğulmuş, atası X11 və anası X5r. AZE 14660766 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X14 Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsini almışdır. Şirvan şəhər Polis şöbəsində iddiaçının adına tərtib edilmiş fərdi uçot kartoçkasından görünür ki, X14 xx.xx.1961-ci il tarixdə Xocavənd rayonunda anadan olmuş, yaşayış yeri Aşağı Avşar kəndi, İddiaçı ilə evlidir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 12.1-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 63.1-ci maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2-ci maddəsinə görə inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. Mülki Məcəllənin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir.

190. adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın: 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə iddiaçının istəyi mərhum aravadının soyadının “Abdullayeva”dan “Allahverdiyeva”ya dəyişdirilməsidir. İddiaçının mərhum həyat yoldaşına məxsus xx.xx.1961-ci ldə, 85 nömrə ilə qeyd edilmiş Doğum akt qeydində adı X4 qeyd edilmişdir. Lakin iş materiallarında olan ona məxsus digər sənədlərdə isə soyadı “Allahverdiyeva” kimi həmçinin doğum tarixi 06 oktyabr 1961-ci il kimi qeyd edilərək ziddiyyətli hal yaranmışdır. Məhkəmə müəyyən edir ki, xx.xx.1961-ci il tarixli, 85 nömrəli doğum akt qeydində onun adı X4 qeyd olunsa da, doğum tarixində sonradan düzəliş edilərək doğum tarixi akt qeydində xx.xx.1961 kimi göstərilmişdir. Və doğum tarixinə münasibətdə ziddiyyətli hal aradan qalxmışdır. Şəxsin soyadına münasibətdə isə məhkəmə qeyd edir ki, şəxsin valideynlərinə məxsus 19 saylı Evlənmə akt qeydinin surətindən müəyyən olunur ki, onların soyadı X11 və X2 qeyd olunmuşdur. Bundan əlavə 19 noyabr 1991-ci il tarixli 38 saylı Ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Məmmədova Sahibənin anası X7 19 noyabr 1991-ci il tarixdə vəfat etmişdir. Həmin akt qeydində də anasının soyadı Allahverdiyeva kimi qeyd olunmuşdur. X1 qardaşı barəsində tərtib edilmiş 09 sentyabr 1965-ci il tarixli, 90 nömrəli Doğum akt qeydinin surətindən müəyyən olunur ki, X8 1 sentyabr 1965-ci il tarixdə doğulmuş, atası X11 və anası X5r. Belə olan halda, məhkəmə hesab edir ki, şəxsin soyadı doğum akt qeydində səhvən Abdullayeva kimi qeyd edilmişdir və hazırkı iddiaçı mərhum həyat yoldaşının soyadının doğum akt qeydində “Abdullayeva”dan “Allahverdiyeva”ya dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və “X14 barəsində tərtib olunmuş xx.xx.1961-ci il tarixli 85 saylı doğum haqqında akt qeydində soyadının “Abdullayeva”dan “Allahverdiyeva”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68-ci , 69cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. “X14 barəsində tərtib olunmuş xx.xx.1961-ci il tarixli 85 saylı doğum haqqında akt qeydində soyadının “Abdullayeva”dan “Allahverdiyeva”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar