Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-265/2022 15.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N №-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin döyüşlərdə iştirak etməsinə baxmayaraq hal-hazıra kimi müharibə veteranı adı və vəsiqəsi ala bilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 2 №-li əmrində, xx.xx.1992-ci il tarixli, N №-li əmrində hərbi hissənin şəxsi heyyətində olmaqla, lakin N №-li hərbi hissənin tərkibində xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə kimi Xocavənd rayonunun Omrallar kəndində, Muğanlı kəndində, Kurapatçia kəndində döyüş əməliyyatları keçirtmişdir. Bütün bunların sübutu əsası olaraq Silahlı Qüvvələrin Baş Klinikasında xx.xx.1992-ci il tarixdə, 2 №-li stasionar qeydiyyatda iddiaçının 1992-ci il tarixdə "sol baldırının və sol said oynağının dəlib keçən odlu güllə yaralanması” diaqnozu barədə məlumat qeyd edilmişdir. Bundan başqa iddiaçıya məxsus ******* №-li hərbi biletinin 7-ci səhifəsində iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə kimi erməni quldur birləşmələrinə qarşı döyüşdə iştirak etməsi barədə qeyd aparılmışdır. Belə ki, döyüş zamanı "sol baldırının və sol said oynağının dəlib keçən odlu güllə yaralanması" nəticəsində Silahlı Qüvvələrin Baş Klinikasında stasionar müalicə alması barədə də qeydlər aparılmışdır. Bütün bunlar iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə kimi döyüşlərdə iştirak etməsinin sübutudur və yuxarıda göstərilən hallarla tam sübuta yetirilmişdir. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, icraatınızda, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq Müdafiə Nazirliyi tərəfindən müraciətinə cavab olaraq “müharibə veteram” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə nazirinin Katibliyininİşlər İdarəsi Mərkəzi Arxivin tərəfindən sorğumuza əsasən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 4/2-1403 nömrəli arxiv arayışlarında N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-noyabr 1993-cü tarixli, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993cü il tarixli və N nömrəli hərbi hissə komandirinin iyul 1992-dekabr 1992-ci il, may-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il, may 1995-ci il tarixli nizami hissə üzrə əmirlərində İddiaçı xidməti barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1 (102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İşdə olan Beyləqan rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 120 nömrəli arayışından görünür ki, Behbudov X3 şəhəri, SMD-42 qəsəbəsi, Niyazi küçəsi, ev 1 ünvanında yaşayır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 1/B-14661 nömrəli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 9/2-2520 nömrəli arayışına və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli 3008 nömrəli məktubuna əsasən xx.xx.1992-ci il tarixdən sonrakı dövrdə hərbi xidmətiniz barədə məlumat olmadığına görə Sizə "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, "Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli, 9/2-2520 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı ondan ötrü ki, Beyləqan ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 1 №-li əmrində (əsas: §1, səh-5, əmrdə atasının adı qeyd olunmamışdır) şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 2 №-li əmrində (əsas: §2, sıra-19, səh-17, əmrdə atasının adı qeyd olunmamışdır) müqavilə əsasında olan şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N №-li əmrində (əsas: §1, sıra-76, səh-46, əmrdə atasının adı yazılmamış, onnan sonrakı 11 №-li əmr xx.xx.1992-ci il tarixində verilmişdir) iyun ayı üçün əmək haqqı almış şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissənin yaralananları qeydiyyatı kitabında (sıra-10, səh-20, əmrdə atasının adı yazılmamışdır) Beyləqan RHK-nın çağırışçısı, 1969-cu il təvəllüdlü İddiaçı 27 mart 1992-ci il tarixdə sağ baldır və sol bilək nahiyəsində qəlpəli kor yaralanması barədə məlumat vardır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli, 3008 nömrəli arayışında qeyd edilmişdir ki, verilir Milli Ordunun sabiq əsgəri İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1992-ci il tarixdə (yazıldığı tarix göstərilməyib) Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol baldırın və sol said oynağının dəlib keçən odlu güllə yaralanması. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1992-ci il üçün 2 №-li "Stasionar xəstələrin qeydiyyatı” kitabının 1357-ci sayındakı qeyd. İşdə olan İddiaçı məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən (səhf 7) görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992ci il tarixədək Erməni quldur birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 4/2-1193 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 1 №-li əmrində (əsas: §1, səh-5, əmrdə atasının adı qeyd olunmamışdır) şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 2 №-li əmrində (əsas: §2, sıra- 19, səh-17, əmrdə atasının adı qeyd olunmamışdır) müqavilə əsasında olan şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N №-li əmrində (əsas: §1, sıra-76, səh-46, əmrdə atasının adı yazılmamış, onnan sonrakı 11 №-li əmr 01,07.1992-ci il tarixində verilmişdir) iyun ayı üçün əmək haqqı almış şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissənin yaralananların qeydiyyatı kitabında (sıra-10, səh-20, məlumatda atasının adı yazılmamışdır) Beyləqan RHK-nın çağırışçısı, 1969-cu il təvəllüdlü İddiaçı 27 mart 1992-ci il tarixdə sağ baldır və sol bilək nahiyəsində qəlpəli kor yaralanması barədə məlumat vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 1175 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə Beyləqan RHK-ı tərəfindən N saylı hərbi hissəyə təhvil verilmiş, SHXÇDX-nin Beyləqan rayon şöbəsi tərəfindən Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 9/2-2609 saylı məktubunda «Beyləqan ƏÖMB-da, N və N saylı hərbi hissənin əmr kitablarında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan müddətdə şəxsi heyətin siyahısında adının olması və əmək haqqı alması, N saylı hərbi hissənin tərkibində 1969-cu il təvəllüdlü İddiaçı 27 mart 1992-ci il tarixdə sağ baldır və sol bilək nahiyəsində qəlpəli kor yaralanması barədə məlumat vardır». Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli 2508 saylı arayışında Milli Ordunun sabiq əsgəri İddiaçı xx.xx.1992-ci il tarixdə (yazıldığı tarix göstərilməyib) Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Sol saidin və sol baldırın kor güllə yaralanması’’ diaqnozu ilə stasionar müayinə və müalicə olunması yazılmışdır. H3 №5881423 saylı hərbi biletində xx.xx.1992-dən xx.xx.1992-dək erməni quldur birləşmələrinə qarşı döyüşlərdə iştirak etməsi yazılmışdır. H3 №5881423 saylı hərbi biletində yaralanması, hərbi hissəni özbaşına tərk etməsi və ya cinayət işinin olub-olmaması, hərbi xidmətdən tərxis edilməsi barədə məlumat qeyd olunmamışdır. Odur ki, barəsində təqsirləndirici materialın və ya cinayət işinin olub-olmaması barədə məlumat Beyləqan ƏÖMB-nun, N () saylı hərbi hissənin tabe olduğu Füzuli Hərbi Prokurorluğundadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli, 8040 nömrəli arayışında qeyd edilmişdir ki, verilir Milli Ordunun sabiq əsgəri İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1992-ci il tarixdə (yazıldığı tarix göstərilməyib) Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol baldırın və sol said oynağının dəlib keçən odlu güllə yaralanması. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1992-ci il üçün 2 №-li "Stasionar xəstələrin qeydiyyatı” kitabının 1357-ci sayındakı qeyd. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli, 3155 nömrəli arayışında qeyd edilmişdir ki, verilir Milli Ordunun sabiq əsgəri İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1992-ci il tarixdə (yazıldığı tarix göstərilməyib) Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol baldırın və sol said oynağının dəlib keçən odlu güllə yaralanması. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 1992-ci il üçün 2 №-li "Stasionar xəstələrin qeydiyyatı” kitabının 1357-ci sayındakı qeyd. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı xx.xx.1992-ci il tarixdə N saylı hərbi hissəyə təhvil verilmiş, N və N saylı hərbi hissədə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan müddətdə hərbi xidmət etmiş və əmək haqqı almış, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək erməni quldur birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir, N saylı hərbi hissənin tərkibində xidmət edərkən 27 mart 1992-ci il tarixdə yaralanmış və xx.xx.1992-ci il tarixdə sol baldırın və sol said oynağının dəlib keçən odlu güllə yaralanması diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 1/B-14661 nömrəli məktubu ilə İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində xx.xx.1992-ci il tarixdən sonrakı dövrdə İddiaçı xidməti barədə məlumat aşkar olunmadığı qeyd olunsa da, iddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1175 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək erməni quldur birləşmələrinə qarşı döyüşlərdə iştirak etmiş, 27 mart 1992-ci ildə yaralanmış və xx.xx.1992-ci il tarixdə sol baldırın və sol said oynağının dəlib keçən odlu güllə yaralanması diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-265/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-265/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver