Məhkəmə qərarları › İş №2-1(120)-266/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-266/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-266/2024 13.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.N-ci il tarixli, 0213gm nömrəli əmrin qismən ləğv edilməsi və işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yenidən işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “xx.xx.N-ci il tarixli, 0213gm nömrəli əmrin qismən ləğv edilməsi və işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1992-ci ildə Lənkəran rayonu Boladi kəndində anadan olmuş, 2010-2012-ci illərdə N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, 2012-2013-cü illərdə SQTTM-də kursant kimi Beyləqan rayonu N saylı hərbi hissədə xidmət etmiş, 2013-cü il aprel ayında N-ci ilin iyul ayına kimi Füzuli rayonu N saylı hərbi hissədə gizir kimi xidmətə başlamışdır. Aprel döyüşlərində iştirak etmiş və həmdə vətən müharibəsində iştirak etmişdir. 2016-ci ilin aprel döyüşlərində iştirak edərkən mənfur düşmənin pilotsuz uçuş aparatlarını vurmuşdur. Vətən müharibəsində isə Ali Baş Komandan İlham Əliyev cənablarının Sərəncamı ilə Cəbrayılın və Qubadlının işğaldan azad olunmasında medalları ilə təltif olunmuşdur. Aprel döyüşlərindən sonra xidmət etdiyi hərbi hissədə bəzi komandirlərin ona qarşı qərəzli mövqe tutaraq, güya hərbi hissədə əsgərləri döymüşdür, buna görə onu haqsız və ədalətsiz olaraq Füzuli Hərbi Məhkəməsinə verilmişdir. 2016-cı il məhkəmənin hökmü ilə 2000 manat cərimə kəsilmişdir. Məhkəmə heç bir araşdırma aparılmadan, ədalətsiz olaraq hökm çıxarıldılmışdır. Məhkəmə tərəfindən verilən cəza ilə razılaşmamış və özünü təqsirli bilməmişdir. O zamanki rəhbərliklə xoş olmayan münasibətlərə görə üzünə duran əsgərlərin sözü ilə ona məhkəmə qərarı ilə cərimə cəzası tədbiq edilmişdir, sondada hərbi xidmətdən təxris edilmişdir. xx.xx.2020-ci il tarixdə qismən səfərbərliklə əlaqədər ordu sıralarına göndərilmiş, xx.xx.2021-ci ilə kimi yenidən silahlı qüvvələrdə gizir kimi xidmət etmişdir. Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, bu barədə müsbət xarakterli olunmuş hərbi xasiyyətnamə verilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birinci müavini Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 01 iyul N-ci il tarixli, 0213 nömrəli əmri ilə xidmət keçmə haqqında əsasnamənin 156-ci maddənin e bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. 09 iyul N-ci il tarixdə sənədlərini hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıgarılmış, qeydiyyat üçün səfərbərlik və hərbi xidmətə çağırış dövlət xidmətini Lənkəran rayon şöbəsinə göndərilmişdir. Birdəfəlik pul mükafatına layiq görülməli olduğu halda ona verilməmişdir. Məzuniyyətdən istifadə etməyinə görə əlavə pul ödənilməmişdirlər. Dövlətə daim xidmət etmək istəyir, bu səbəbdəndə Müdafiə Nazirliyinə yenidən işə bərpa olunmaqımla əlaqədər ərizə ilə müraciət etmiş, Müdafiə Nazirliyi tərəfindən onun vətənə xidmət etdiyi dövürdə göstərdiyi yüksək səviyəli xidmətlərini nəzərə almadan işə bərpa etməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərvaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı həqiqi hərbi xidmətə bərpa tələbinə dair iddia ərizəsi Hüquq İdarəsinə daxil olmuş və öyrənilmişdir. İddia tələbi əsassız olduğundan aşağıakı səbəbdən təmin edilə bilməz. Belə ki, inzibati işin tam və hərətəfli araşdırılması, həmçinin, Məhkəmənin 11 avqust 2022-ci il tarixli 2-1(120)-2168/2022 nömrəli sorğusunun icrasını təmin etmək məqsədi ilə tərəflərindən müvafiq sorğular verilmişdir. Şəxsi Heyət Baş İdarəsinin 14 sentyabr 2022-ci il tarixli, 1/4458 nömrəli müşayiət məktubu ilə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr və əmrin verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qəragah rəisinin 01 iyul N-ci il tarixli müvafiq əmri ilə gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Belə ki, 9-cu bölük komandiri gizir İddiaçı xidməti vəzifələrini yerinə yetirmədiyinə görə ona verilən əmr və tapşırıqları vaxtı-vaxtında yerinə yetirə bilmədiyinə və tutulan nöqsanlardan nəticə çıxarda bilmədiyinə görə, xidmətə uyğunsuzluqla ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırması üçün raportla 3-cü tabor komandirinə müraciət etmiş, 3-cü tabor komandiri tərəfindən raport əsasında vəsatət qaldırılmışdır. N nomrəli hərbi hissə komandirinin N may N-ci il tarixli təqdimatında gizir İddiaçı xidmət etdiyi müddət ərzində özünü savadlı, nizam-intizamlı və vəzifəsinin öhdəsindən layiqincə gələn gizir kimi göstərməyə çalışsa da buna nail ola bilmədiyi qeyd edilmişdir. Belə ki, taqım komandirinin müavini vəzifəsinin nə qədər məsuliyyətli olduğu dərindən dərk etmədiyini, taqımın şəxsi heyətinə qarşı tələbkarlığının zəif olduğu taqımın şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığının yüksək səviyyədi saxlanılması üçün məşğələlərin keçirilməsinə diqqət yetirmədiyi, taqım komandiriniı müavini kimi taqımın şəxsi heyətinin məişət şəraitinin yaxşılaşdırılmasında və onlarıı gigiyenik qaydalara düzgün əməl etməsinə nəzarət etmədiyi, vəzifəsinə aid rəhbəredic sənədlrələ işləməyi bacarmadığı, taqıma təhkim olunan silahların, döyüş sursatının v texnikaların saz vəziyyətdə saxlanılması üçün onlara qulluq etməsinə nəzrət etmədiyi komandirlər və rəislər tərəfindən verilən əmr, tapşırıqları vaxtında və dəqiq yerinə yerin yetirmədiyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamanmələrini zəif bildiyi və gündəlik xidmətini onların tələbləri əsasında qurmaqda çətinlik çəkdiyi qeyd edilmişdir. Həmçinin, iddiaçıya məxsus xidmət vərəqəsində İddiaçı böyük rəisləri qarşlılıqlı münasibəti pozduğu üçün 21 fevral N-ci il tarixdə töhmət, sıralara gecikdiyi üçün 17 mart N-ci il tarixdə şiddətli töhmət, böyük rəislərlə qarşlıqlı münasibə pozduğu üçün 18 may N-ci il tarixdə xidmətə tam uyğun olmaması barədə xəbərdarlıq edildiyi qeyd edilmişdir. Digər tərəfdən surəti etiraza əlavə edilmiş, Füzuli Hərbi Məhkəməsinin 19 fevral 2015-ci il tarixli hökmü ilə İddiaçı AR CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib AR CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1000 manat cərimə cəzasına, Füzuli Həri Məhkəməsinin 20 avqust 2015-ci il tarixli hökmü ilə AR CM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il müddətir azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2015-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfındən bağlaşmanın imzalanmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının müraciətinə baxılmış və müsbət cavab verilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xitmətə bərpa tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın (əmrin) ləğv edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı Lənkəran rayonu, Boladi kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddia tələbinə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan otuz gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş və yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli, 325 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, hərbi hissə komandirinin müavinləri, bölmə və xidmət rəisləri, hərbi hissənin xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixədək düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələri layiqincə yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı tərtib edilsin. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələri taqım komandirinin müavini-qrup komandiri İddiaçı layiqincə yerinə yetirmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli, AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, Qasımov X2 rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2010-cu ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2012-ci ildə AR DSXSQK-nın xx.xx.2011-ci il tarixli, 2271s/h saylı əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və Lənkəran RHK göndərilmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğuna görə) əsasən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 704-cü Motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İşdə olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(97)-82-2015 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının CM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən, bu cəzaya Füzuli Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 1000 (bir min) manat miqdarında cərimə cəzası tamamilə birləşdirilmişdir. İşdə olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli (təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə) qərarı ilə xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş, həmin ünvanda daimi qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir İddiaçı barəsində komandanlığın müşahidəsi altına vermə qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan Müdafiə Nazirinin birinci müavini-silahlı qüvvələrin baş qərargah rəisinin xx.xx.N-ci il tarixli, 0213gm nömrəli əmrindən çıxarışdan görünür ki, gizir İddiaçı N nömrəlihərbi hissənin 7063cü Motoatıcı taborunun Motoatıcı bölüyünün Motoatıcı taqım komandirinin müavini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********321 nömrəli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, rütbəsi gizir, vətəndaş həqiqətən xx.xx.2010-xx.xx.2012, xx.xx.2020-xx.xx.2021, xx.xx.2012xx.xx.N-ci il tarixində həqiqi hərbi xidmət keçmişdir. Xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İşdə olan “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikası Medalının İ-2196 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Pezidentinin 2020-ci il 24 dekabr tarixli, 2358 nömrəli Sərəncamı ilə təltif edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 000128 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vətən X4 və Milli Qəhrəmanlar İctimai Birliyinin üzvüdür. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(049)-149/2022 nömrəli qərarı ilə İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı üzərindən Füzuli Hərbi Məhkəməsinin 1(97)121/2016 nömrəli, xx.xx.2016-cı il tarixli hökmü ilə yaranmış məhkumluğu vaxtından əvvəl götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 370-5248Q- 3222 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 1/Q-6321 nömrəli məktubundan görünür ki, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə məhkum edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli, 21 nömnrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfındən bağlaşmanın imzalanmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 369 nömrəli əmrində qeyd edilmişdir ki, Müdafiə nazirinin müavinləri, qoşun (qüvvə) komandanları, Millli Müdafiə Universitetinin rektoru, birlik komandirləri və xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmaları aşağıdakı qaydada həyata keçirilsin: 2020-ci il 1 iyun tarixinədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.1-ci maddəsi ilə məhkum edilmiş, lakin hazırda məhkumluğu olmayan hesab edilən şəxs sayılaraq bağlaşmanın imzalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq; 2020-ci il 1 iyun tarixinədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 332.1, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 333.1, 333.3, 347 və 350.1-ci maddələri ilə məhkum edilmiş şəxslərlə bağlaşmanın imzalanmasından əvvəl həmin şəxslərdən məhkum edilmələri barədə məhkəmənin hökmü əldə olunaraq törətdikləri əməllər cinayət qanunvericiliyinə əsasən cinayət hesab edilmədiyi təqdirdə həmin şəxslərlə bağlaşmanın imzalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq; Əvvəllər hərbi xidmət əleyhinə olan cinayət törətdiyinə görə məhkum edilmiş şəxsin əməlinin cinayət, inzibati xəta olmasının və ya dekriminallaşmasının müəyyən edilməsi və bu barədə hüquqi rəyin verilməsi bağlaşmanı imzalamağa səlahiyyəti olan komandirin (rəisin) tabeliyindəki hüquq xidmətinin vəzifəli şəxsinə həvalə olunsun və bağlaşmanın imzalanması və ya imtina edilməsi zamanı müvafiq rəy nəzərə alınmaqla qərar qəbul edilsin. Əmrin icrasına nəzarət müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinə tapşırılsın. Əmr aidiyyəti üzrə çatdırılsın. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Boladi kənd inzibati ərazi dairəsində nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 12-22/75 nömrəli 1992-ci ildə anadan olmuş Azərbaycanlı, kişi, bitərəf, İddiaçı barəsində xasiyyətnamədən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş və hal-hazıra kimi Boladi kəndində qeydiyyatdadır, ailəlidir və bir uşağı vardır. Qasımov X1 yaşadığı dövrdə müsbət davranışı ilə seçilmişdir. O öz davranışı ilə kənd əhalisinin hörmətini qazanmışdır. Zəhmətkeş, çalışqan bir insandır. Özündən böyüklərə həmişə hörmətlə yanaşır, azyaşlılara qayğı göstərmişdir. Ailə üzvləri, qonşuları və yaşıdları ilə münasibət həmişə normal olmuşdur. Barəsində Lənkəran ŞİH başçısının Boladi kənd inzibati ərazi dairəsində nümayəndəliyinə heç bir narazılıqlar və şikayət daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HPxx/xx- 11895 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissədə gizir rütbəsində xidmət edərkən hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozduğuna görə xx.xx.2014-cü il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə 306342 №-li cinayət işi başlanmış, həmin işin istintaqı xx.xx.2014-cü il tarixdə tamamlanaraq baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilmişdir. Bundan əlavə, gizir A.Qasımov hərbi hissəni özbaşına tərk etdiyi üçün xx.xx.2015-ci il tarixdə barəsində CM-nin 333.3cü maddəsi ilə 306410 №-li cinayət işi başlanmış, işin istintaqı xx.xx.2015-ci il tarixdə tamamlanaraq baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilmişdir. Həmçinin, gizir A.Qasımov digər hərbi qulluqçuları təhqir etdiyi üçün xx.xx.2016-cı il tarixdə barəsində CM-nin 331.2-ci maddəsi ilə 306606 №-li cinayət işi başlanmış, işin istintaqı xx.xx.2016-cı il tarixdə tamamlanaraq baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. - 2-ci bəndində əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. - 146-cı bəndinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosialiqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək, hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək, həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq, vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq hərbi qulluqçunun vəzifəsidir. - 156-cı bəndinin e) yarımbəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İş materiallarındanda göründüyü kimi iddiaçı 2010-2012-ci illərdə N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, 2012-2013-cü illərdə SQTTM-də kursant kimi Beyləqan rayonu N saylı hərbi hissədə xidmət etmiş, 2013-cü il aprel ayında N-ci ilin iyul ayına kimi Füzuli rayonu N saylı hərbi hissədə gizir kimi xidmətə başlamışdır. Müdafiə Nazirinin birinci müavini-silahlı qüvvələrin baş qərargah rəisinin xx.xx.N-ci il tarixli, 0213gm nömrəli əmrindən çıxarışdan görünür ki gizir İddiaçı N nömrəli hərbi hissənin 7063-cü Motoatıcı taborunun Motoatıcı bölüyünün Motoatıcı taqım komandirinin müavini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyyata buraxılmışdır. Hazırki iş üzrə iddiaçı ehtiyata buraxılması barədə əmri mübahisələndirir. Həmin əmri cavabdeh malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2015-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfındən bağlaşmanın imzalanmasından imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyyata buraxıldıqdan sonra yenidən xidmətə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək 704-cü Motoatıcı briqadanın tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********321 nömrəli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışından görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2020-xx.xx.2021-ci illərdə həqiqi hərbi xidmət keçmiş və xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Əlavə olaraq, göstərdiyi şücaətlərinə görə Azərbaycan Respublikası Pezidentinin 2020-ci il 24 dekabr tarixli, 2358 nömrəli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikası Medalı ilə təltif edilmişdir. Mübahisənin həllinə yardımçı olacaq digər bir hal isə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 369 nömrəli əmridir ki, qeyd edilən əmrdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmalarının qaydaları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(049)-149/2022 nömrəli qərarı ilə İddiaçı ərizəsinin təmin edildiyi, İddiaçı üzərindən Füzuli Hərbi Məhkəməsinin 1(97)121/2016 nömrəli, xx.xx.2016-cı il tarixli hökmü ilə yaranmış məhkumluğu vaxtından əvvəl götürüldüyü müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 370-5248Q-3222 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. Nəzərə alınmalı digər bir hal İddiaçı xasiyyətnaməsi ilə bağlıdır. Bu istiqamətdə aparılan araşdırma nəticəsində məhkəməyə təqdim edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Boladi kənd inzibati ərazi dairəsində nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 12-22/75 nömrəli sorğu cavabına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1992-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş və hal-hazıra kimi Boladi kəndində qeydiyyatdadır, ailəlidir və bir uşağı vardır. Qasımov X1 yaşadığı dövrdə müsbət davranışı ilə seçilmişdir. O öz davranışı ilə kənd əhalisinin hörmətini qazanmışdır. Zəhmətkeş, çalışqan bir insandır. Özündən böyüklərə həmişə hörmətlə yanaşır, azyaşlılara qayğı göstərmişdir. Ailə üzvləri, qonşuları və yaşıdları ilə münasibət həmişə normal olmuşdur. Barəsində Lənkəran ŞİH başçısının Boladi kənd inzibati ərazi dairəsində nümayəndəliyinə heç bir narazılıqlar və şikayət daxil olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Həmçinin inzibati orqan tərəfindən yenidən aparılan araşdırma formal xarakter daşımamalıdır, onun xidməti, uğurları, döyüşlərdə iştirakı, xasiyyətnaməsi və digər hallarıda nəzərə almalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar