Məhkəmə qərarları › İş №2-1(120)-268/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-268/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-268/2020 23.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi x2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət x6 İmişli rayon şöbəsinə qarşı 02.07.2019-cu il tarixli, 13 saylı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Dövlət x6 İmişli rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.07.2019-cu il tarixli, 13 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Cavabdeh Dövlət x6 İmişli rayon şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçıiddia tələbini onunla əsaslandırmışdır ki,azyaşlı uşaqları ilə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır. Həyat yoldaşı işləmir. Günəmuzd işləməklə ayda 250 manat alır və onunla dolanır. Qiymətli əmlakı, krediti yoxdur. Ona ünvanlı sosial yardım təyin edilməsi üçün 01.03.2017-ci il tarixdə DSMF-nin imişli rayon şöbəsinə müraciət etmişdir. Şöbədə onun sənədlərini qəbul edib araşdıraraq aztəminatlı ailə olduğunu təsdiq edəndən sonra elektron qaydada nazirliyə göndərdilər və ona 2 il müddətinə hər ay 162,91 manat ünvanlı sosial yardım təyin edildi.Lakin İmişli rayon İcra və Probasiya şöbəsindən aldığı sənədlərdən məlum oldu ki, DSMF-nin İmişli rayon şöbəsinin 02 iyul 2019-cu il tarixli 13 saylı qərarı ilə ondan 488,70 manat borcun tutularaq şöbəyə ödənməsinə qərar verilmişdir.Qərar ona göndərilməmiş, bu barədə xəbər tutduqdan sonra 12.11.2019-cu ildə qərarın surətini almışdır. Hesab edir ki, cavabdehin həmin hərəkəti qanuna ziddir. Belə ki, ona ünvanlı sosial yardım həmin şöbənin qərarı və sənədlər əsasında verilib. İmkansız ailədir. Şöbə və ya nazirlik yardım təyin edərkən hansısa səhvi buraxıbsa, buna cavabdeh ola bilməz. Digər tərəfdən, qərarda göstərilir ki, guya ailəsinin pay torpağını gizlətmişdir. Halbuki bunu etməmişdir. Yardımı təyin edən təşkılata verilən sənədlərdə onun kənd tipli qəsəbə sakini olmağı təsdiq olunur və hamıya məlumdur ki, rayon, qəsəbə sakinlərinə aqrar islahat zamanı pay torpaq sahəsi verilib. Elektron qaydada da bunun yoxlanması çətin deyil. Bu işdə onun günahı yoxdur. Ona görə də cavabdeh DSMF-nin İmişli rayon şöbəsinin 02 iyul 2019-cu il tarixli 13 saylı qərarı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, Dövlət x6 İmişli rayon şöbəsinin 02.07.2019-cu il tarixli, 13 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan otuz gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Mübahisələndirilən qərarda hüquqi müdafiə vasitələri (həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və s.) göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçı Dövlət x6 İmişli rayon şöbəsinin 02.07.2019-cu il tarixli, 13 saylı qərarının ləğv edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə olunmuş və şifahi məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 13828772 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 12.10.1985-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olub, hazırda İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və şifahi məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı x4 02.03.2020-ci il tarixli, **********41 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına İmişli rayoun, Bəhrəmtəpə qəsəbəsi ünvanında yerləşən 0.12 ha (5 nəfər ümumi birgə JN-222A) həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun ləğv edilmiş DT və XK-si tərəfindən qeydiyyata alınması barədə məlumat aşkarlandı. İş materiallarına əlavə olunmuş və şifahi məhkəmə iclasında tədqiq edilmiş JN 222A, kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İmişli rayonu x3 18.08.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi Qasımov Vəkil Abbas oğlunun və onun ailə üzvləri x1, Qasımov Arazxan Vəkil oğlunun, İddiaçı və Qasımov Coşğun Vəkil oğlunun mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin planı və çizgisi tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və şifahi məhkəmə iclasında tədqiq edilmiş Dövlət x6 İmişli rayon şöbəsinin 02.07.2019-cu il tarixli, 13 nömrəli qərarının surətindən görünür ki, İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini İddiaçı ÜSY üzrə dövlət büdcəsinə yaranmış 488,70 manat vəsaitin tutularaq Dövlət x6 İmişli rayon şöbəsinə ödənilməsi və qərarın icra edilməsi üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və şifahi məhkəmə iclasında tədqiq edilmiş Dövlət x6 İmişli rayon şöbəsinin 23.06.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd olunmuşdur ki, Nazirlik yanında DSMF-nin İmişli rayon şöbəsi Azərbaycan Respublikası Hesablama Palatasının 01.01.2017-ci il tarixdən 01.01.2019-ci il tarixədək aparılmış audit yoxlaması zamanı İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi sakini İddiaçı ünvanlı dövlət sosial yardımının təyinatının yoxlanılması nəticəsində pay torpağı mülkiyyətinin olmasının gizlədilməsinə görə təyinatı 10.04.2019-cu il tarixli Q-57 qərara əsasən dayandırılmışdır. Ünvalı dövlət sosial yardımın təyinatından artıq alınmış 977.46 manat vəsaitin bərpası üçün şöbə tərəfindən imişli rayon Məhkəməsinə verilmiş 02.07.2019-cu il tarixli iddia ərizəsinə əsasən həmin vəsait DSMF-nin İmişli rayon şöbəsinin hesabına ödənilməlidir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3-ci maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 10.1-ci maddəsinə əsasən sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. 10.3-cü maddəsinə əsasən sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: 4.6-cı bəndinə əsasən ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. 4.7-ci bəndinə əsasən sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2017-ci ildə sosial yardım təyin olunmuş, ancaq Dövlət x6 İmişli rayon şöbəsi tərəfindən 2019-cu il tarixdə aparılmış audit yoxlaması zamanı iddiaçının mülkiyyətində pay torpaq sahəsinin olduğu aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır. Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin 02.07.2019-cu il tarixli, 13 nömrəli qərarı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin inzibati aktınının qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Dövlət x6 İmişli rayon şöbəsinə qarşı 02.07.2019-cu il tarixli, 13 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət x6 İmişli rayon şöbəsinə qarşı 02.07.2019-cu il tarixli, 13 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar