Məhkəmə qərarları › İş №2-1(120)-268/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-268/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-268/2022 07.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçının, Cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçının cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 07 fevral 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdehlər Hacıqabul Rayon İcra Hakimiyyətinə, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının köməkçisi X10 və Hacıqabul Rayon İcra Hakimiyyətinin hüquqşünası X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxmağı barədə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28.04.2020-ci il tarixli, 25 saylı əmrinin ləğv edilərək, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə bərpa olunmağı və işə bərpa barədə əmrin veriləcəyi günə qədər məcburi buraxılmış iş günlərinin əmək haqqısının hesablanaraq ödənilməsi, dəymiş mənəvi zərərə görə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının köməkçisi X7 40.000 manat, Hacıqabul Rayon İcra Hakimiyyətinin hüquqşünası X4 65.000 manat pulun alınaraq ona verilməsi, ödədiyi dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 26.05.2014-cü il tarixli, 50 saylı əmrlə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə vəzifə funksiyasının icrası ilə əlaqədar heç bir tənbeh tədbirlərinə məruz qalmamış, iş fəaliyyətinə dair iclas və müşavirələrdə rəhbərliyin ona heç bir iradı, xəbərdarlığı olmamışdır. 2020-ci il aprel ayının 28-də saat 18:00-da Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının köməkçisi X12 onu iş otağına dəvət edərək dedi ki, İH başçısının bəzi tapşırıqlarını ona deməlidir. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin şəhər (rayon) icra hakimiyyəti başçısına Əsasnamə ilə verdiyi səlahiyyətlərdən biri kimi yeni təyin olunmuş icra hakimiyyəti başçısı aparat işçilərinin tam heyətdə istefa ərizələrini qəbul etməlidir. Bundan sonra isə kimin istefasını qəbul etmək, kimi işdə saxlamaq icra hakimiyyəti başçısının səlahiyyətindədir. Həmçinin bildirdi ki, “indiki icra hakimiyyəti başçısı Rüstəm Xəlilov vəzifəyə Prezident sərəncamı ilə dekabr 2019-cu ildə təyin olunmuşdur, lakin səndən istefa ərizəsi almaq unudulmuşdur. Odur ki, indi sən həmin istefa ərizəsini gec də olsa yazmalısan ki, formal cəhətdən sənəd yerində olsun. Bu ərizə ümumi şöbədə qovluğa qoyulacaq, sən isə necə ki, İH başçısının vaxtından artıq 5 aydır işləyirsən, yenədə işini eyni vəzifədə eyni funksiyalarla davam etdirəcəksən”. Köməkçi hətta istefa ərizəsinin mətnini də ona diktə etdi: “28 aprel 2020-ci il tarixdən öz xahişimlə işdən azad olunmağım barədə”. O, sonda bir daha əlavə bildirdi ki, o bununla İH başçısının tapşırıqlarını yerinə yetirir. Köməkçinin İH başçısı adından dediklərinin yerinə yetirilməsini özünə borc hesab edərək köməkçinin diktə etdiyi formada ərizəni yazıb köməkçinin özünə vermişdir. Bundan sonra o iş otağına qayıtmış, fikirləsəndən 5 dəqiqə sonra qayıdıb, köməkçidən ərizəni geri istəmişdir. Köməkçi isə demişdir ki, ərizən dərkənarla ümumi şöbədədir. Artiq ərizə yazdığı vaxtdan 10 dəqiqə keçmişdi. Umumi şöbənin müdiri dedi ki, artıq gecikmisən, Rüstəm müəllim işdən çıxmağın barədə əmri imzalayıb və kitaba salınıb”. Ertəsi günü hüquqşünasla məsləhətləşəndə, ona demişdir ki, “köməkçi səni aldadıb, artıq 5 aydır işləyən İH başçısı səni həm de-fakto, həm de-yure tanıdığından istefa bəhanəsi ilə səndən ərizə tələb oluna bilməz. Həm də ərizənin diktə altında yazılan məzmunu da bunu təsdiqləmir”. Odur ki, o, valideynləri ilə birgə ertəsi günü İH-nə getmişdir. Köməkçi A.Kərimova demişdir ki, “Siz məni aldatmısınız, indi valideynim Rüstəm müəllimin qəbuluna düşmək istəyir, xahiş edirəm ki, məruzə edin bizi qəbul etsin”. Köməkçinin cavabı bu oldu ki, “aldadırdımaldanmayaydın Rüstəm müəllim mənə tapşırıb ki, bax gör harada bir iş var, o qızı yerbəyer elə, bundan artıq sənin üçün heç nə edə bilmərik”. Köməkçi nəinki onu, yaxud valideynini Rüstəm müəllimin qəbuluna buraxmadı, hətta bildirdi ki, “İH başçısı bu məsələ ilə əlaqədar sizi dinləmək istəmir”. Köməkçinin ona qarşı qanunsuz hərəkətləri şüurunda kəskin mənəvi psixi reaksiyaya səbəb olmaqla, o vaxtdan indiyə qədər davam edən mənəvi sarsıntılarla nəticələnmişdir. Çünki, əvvəla nə ailədə, nə qohum-tanış içərisində, nə də 5 il işlədiyi kollektivdə köməkçinin qanunsuz əməli ilə aldanmağını izah edib özünə bağışlaya bilmir. İkinci isə, o, 2018-ci ilin iyul ayında Hacıqabul Rayon İH-nin göndərişi ilə imtahan verərək Azərbaycan Respublikası Prezidenti yanında X1 dövlət və bələdiyyə idarəetməsi fakültəsinə “regional idarəetmə” ixtisası üzrə magistr dərəcəsi almaq üçün qəbul olunmuşdur. Köməkçi A.Kərimovun onu aldatması, ona qarşı qanunsuz əməlləri X2 Siyasəti proqramı sayəsində ona açılan yollarla Prezidentimizin etimadını doğruldub, Hacıqabul rayonunda dövlət idarəetməsində istənilən işdə yararlı bir kadr olub Dövlətə, Vətənə bundan sonra da ləyaqətlə xidmət etmək arzularını puça çıxartdı. 19 yaşından Yeni Azərbaycan Partiyasının üzvüdür. Köməkçi A.Kərimovun qanunsuz əməli ilə erkən gənclik dövründən Dövlətə və İqtidara sədaqətini ortaya qoyan bir gənc qıza bundan da ağır mənəvi sarsıntı ola bilməz. Köməkçinin təhriki ilə işdən çıxarıldığı 28 aprel 2020-ci il tarixi Respublikada Xüsusi Karantin rejimi şəraitində Nazirlər Kabineti Operativ Qərargahının yerli icra hakimiyyəti orqanı üçün məhdudlaşdırdığı qeyri-iş gününə düşür. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Mülki Məcəllənin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliketlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq olunur. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında “Azəbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 07 №-li Qərarının 1-ci bəndinin 2-ci hissəsi ilə məhkəmələrə izah vermişdir ki, konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması və barədə tələbin rədd edilməsi üçün əsas deyildir”. Həmin Qərarın 2ci bəndinin 2-ci hissəsi zərərçəkən fiziki şəxsin mənəvi sarsıntını ona qarşı törədilən qanunsuz hərəkətin (hərəkətsizliyi) şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması kimi xarakterizə edilir. Yenə həmin Qərarın 2-ci bəndinin 3-cü hissəsi digər amillərlə bərabər şəxsin iş yerini itirməsini də mənəvi zərər vurulmasının səbəbi hesab etməklə mənəvi zərərin ödənilməsinə yönəldir. Həmçinin həmin bəndin 4-cü hissəsi ilə müəyyən edilir ki, mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Əmək Məcəlləsinin 291-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin tərəflərinin dövlət orqanının, yaxud vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələb etmək və bu ziyanın dövlət tərəfindən ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 300-cü maddəsinin (əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri) 1-ci bəndində nəzərdə tutulur ki, məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İH başçısının köməkçisi tərəfindən aldadılaraq, guya başçının tapşırığı ilə ərizə yazmağa vadar edildikdən sonra, köməkçinin ona qarşı qanunsuzluğunu bilərək əsəb sarsıntısı keçirir, ailə üzvlərinə, qohum-tanışa, iş yerində onunla ünsiyyətdə olanlara hərəkətinin məntiqini izah edə bilmir. Rayon İcra Hakimiyyətinin göndərişi ilə imtahan verib qəbul olunduğu Azərbaycan Respublikası Prezidenti yanında X1 təhsilini başa vuraraq Möhtərəm Prezidentimizin siyasətinə xidmət etmək, Dövlətə, dövlətçiliyə imkanı daxilində dövlət qulluqçusu olaraq fayda vermək imkanını itirməyini özünə qarşı ən böyük ölçüyə gəlməz mənəvi zərbə hesab edir. Bütün bunlarla əlaqədar Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı köməkçisinin ona törətdiyi mənəvi zərəri 40.000 (qırx min) manat dəyərləndirir. Qanunsuz işdən çıxarılmağının mülki məhkəmə icraatı zamanı ona 2-ci mənəvi zərəri İH aparatının əməkdaşı X8 vurmuşdur. Belə ki, o məhkəməyə göndərdiyi və özünün imzaladığı və hələ göndərilənə qədər məzmununun icra hakimiyyətində bir neçə nəfərə məlum olduğu məktubunda onun - hərəkətlərinin cəmiyyət arasında dedi-qodulara səbəb olduğunu, rayonun bir sıra idarə və təşkilatlarının rəhbərləri ilə kobud rəftarını göstərməklə şərəf və ləyaqətini subay gənc qız olaraq alçaltmışdır. Sirac Əsgərovun ona vurduğu mənəvi zərəri 65000 (altmış beş min) manat məbləğində hesab edir. Əvvəla S.Əsgərovun o, subay gənc qızın “hərəkətlərinin” cəmiyyətdə “dedi-qodulara” səbəb olduğunu yayması böhtandır. Bəzi idarə və təşkilat rəhbərləri ilə kobud rəftarı barədə “təqdimatlar və bir qrup İH əməkdaşının sonradan köhnə tarixlə tərtib etdiyi və bu səbəbdən də İH ümumi şöbəsinin daxili sənədlər kitabına salınması mümkünsüz olan təqdimatına gəldikdə isə, 1 saylı “Lalə” uşaq bağçasının kollektivi adından bağçanın müdirəsi R.Əliyevanın Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı R.Xəlilova ünvanladığı, “Kollektiv adından müraciət” adlandırdığı halda yalnız özünün imzaladığı, həmin uşaq bağçasından həqiqətən də imza olunduğu 24.12.2019-cu il tarixlə çıxması uşaq bağçasının müvafiq ştampı ilə təsdiqlənməyən, eləcə də Hacıqabul Rayon İcra Hakimiyyətinə nə vaxt daxil olmasını sübut edəcək kitabla qeydə alınma ştampı və İH başçısının həmin rəsmi müraciətdə dərkənarının olmadığı vəziyyətdə, 2 saylı körpələr eviuşaq bağçasının müdirinin öz adından rayon İH başçısı R.Xəlilova ünvanladığı 25.12.2019-cu il tarixdə imzaladığı, lakin həmin müraciətin hansı tarixdə körpələr evi-uşaq bağçasından çıxması təşkilatın müvafiq ştampı ilə təsdiqlənməyən, habelə Hacıqabul Rayon İcra Hakimiyyətinə də nə vaxt daxil olması İH-nin müvafiq daxil olma ştampı və İcra Hakimiyyəti başçısının sənədlə tanış olmasını təsdiqləyən dərkənar olmadığı halda, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısına daha bir “sifarişlə” ünvanlanmış bir qrup əməkdaşın təqdimatının yenə İH-nin ümumi şöbəsinin sənədlərin daxil olması kitabında qeydiyyata alınmadan, İH başçısının dərkənarı olmadan dərkənarsız saxlanılması, bütün bunlar saxtalaşdırılmış sənədlərdir və heç bir hüquqi əsası yoxdur. Bundan əlavə həm qanunvericiliklə, həm normativ hüquqi aktlarla, həm də adi kargüzarlıq qaydaları ilə idarələrarası, yaxud da idarə və təşkilatlardan dövlət orqanlarına göndərilən, mahiyyət və məzmundan asılı olmayaraq bütün sənəd, məktub və müraciətlər Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın müddəalarına ziddir. İddiasının yekun konteksti bundan ibarətdir ki: - stabil işi olub, büdcədən əmək haqqı alan, Prezident Akademiyasında təhsil alan, gələcəyini dövlət qulluqçusu işi-peşəsi ilə bağlayan, 3 banka kredit borcu olan, nə başqa yerə köçməyən, nə də daha sərfəli və yüksək maaşlı iş tapmayan gənc subay qızın işdən dərhal çıxarılması barədə ərizə yazması anormallıqdır və heç bir normal insan məntiqinə sığmır ki, burada aldatma və təzyiq elementləri olmamışdır. Üstəlik də bu ərizəni diqtə ilə İH-nin inzibati binasında İH başçısı köməkçisinin otağında, saat 18:00-da yazıldıqdan bir neçə dəqiqə sonra köməkçidən geri istəməsi, ümumi şöbəyə göndərilməsi və şöbə müdirindən eşitməsi ki, “gecikmisən, əmrin verilib”, bu da anormallıqdır və normal insan məntiqinə sığmır. Göstərilənlərə əsasən, iddiasının təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyəti məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı cavabdehlər Hacıqabul Rayon İcra Hakimiyyətinə, İcra Hakimiyyəti Başçısı Aparatının hüquqşünası X5 və İcra Hakimiyyəti Başçısının köməkçisi X10 qarşı “işə bərpa, məcburi buraxılmış iş müddətinə görə əmək haqqısı və dəymiş mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28.04.2020-ci il tarixli, 25 saylı əmrinin ləğv edilərək Hacıqabul Rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyası”nın uşaqlarla iş üzrə məsləhətçi -psixoloq vəzifəsinə bərpa olunmağı və işə bərpa əmrinin veriləcəyi günə qədər məcburi buraxılmış iş günlərinin əmək haqqısının hesablanaraq ödənilməsi öhdəliyi, dəymiş mənəvi zərərə görə Hacıqabul rayon İcra hakimiyyəti başçısının köməkçisi X7 40.000 manat və Hacıqabul rayon İcra Hakimiyyətinin hüquqşünası X4 65.000 manat pulun alınaraq ona verilməsi barədə müvafiq məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Hacıqabil Rayon İcra hakimiyyəti hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının əvvəllər işlədiyi Hacıqabul Rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyası”nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloq vəzifəsi “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavədə “Rayon İcra Hakimiyyəti Başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəlində öz əksini tapmışdır. Bu baxımdan həmin vəzifəni daşıyan şəxs “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsidir və həmin Qanunun 10.5-ci maddəsinə əsasən inzibati vəzifə hesab edilir. Yerli İcra Hakimiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə əsasən yaradılmış dövlət orqanıdır və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən 4-cü kateqoriyalı dövlət orqanı hesab edilir. İddiaçının əvvəllər tutduğu vəzifə həmin Qanunun 11.1.8.1-ci maddəsinə əsasən inzibati vəzifələrin yeddinci təsnifatına aid edilir. İddiaçı dövlət qulluğuna Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı tutduğu vəzifədən azad olunması barədə verdiyi ərizədə işdən azad olunması günü göstərdiyi üçün onun əmək müqaviləsinin xitam olunması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçının gətirdiyi digər arqumentlərə gəldikdə isə bildirirlər ki, iddiaçının iddiasında hadisələrin gedişi, yəni onun işdən azad olunması vəziyyəti özünün müəllifi olduğu iddia ərizəsində bir formada, yuxarı dövlət orqanlarına və müxalifyönümlü internet saytlarında isə başqa formada ifadə olunur. Ali təhsilli və normal yaş həddinə çatmış, xeyli müddət iş təcrübəsinə malik bir şəxsin özünün dediyi kimi 45 dəqiqə ərzində baş verən hadisələri ziddiyətli formada ifadə etməsi məntiqi cəhətdən yalnız onun bu fikirləri özünə haqq qazandırmaq üçün uydurduğu qənaətindən başqa bir nəticə hasil etmir. Belə ki, İddiaçı 09.05.2020-ci il tarixdə “Sfera az” Xəbər portalında, yenə də 09.05.2020-ci il tarixdə “bolgexeber.com” internet saytında və 18 may 2020-ci il tarixdə “mozalan.az/article/az1403” internet saytında kütləvi formada yayımlanmış Ölkə Başçısına ünvanladığı şikayətinin mətnində isə qeyd edir ki, “Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısı X9 işlədiyi 6 ay ərzində ilk dəfə olaraq 28.04.2020-ci il tarixdə, saat 17:30-da köməkçisi tərəfindən onun qəbul otağına çağırıldım və mənə söylədi ki, qızım, mən səninlə və keçmiş kollektivin işçiləri ilə işləmək istəmirəm və işləməyəcəm də. Turanə, ərizəni yaz çıx işdən. Mən otaqda olarkən rəhbərlə artıq əskik söz danışmadım və otaqdan çıxdım və başçısının köməkçisi Afiq Kərimov mənə dedi “get yaz ərizəni, sənə dedim ki, o, səni işdən çıxarmaq istəyir. Niyə uzadırsan vaxtı, geci-tezi sənə töhmət də verib çıxardacaq işdən. Ən yaxşısı yaz ərizəni, rəhbər odur və mən də səndən tələb edirəm”. Və o anda mən bilmirdim nə edəm, hədə-qorxu altında ərizəmi yazıb işdən çıxdım. Ərizəmi yazdığım anda affekt vəziyyətində olmuşam, halsız bir halda geri qayıtdım. Afiq Kərimovun yanında ərizəmi mənə geri verin söylədim, lakin o, mənə dedi ki, elə şey olur? Beləcə yarım saatın içində məni işdən azad etdilər”. İddiaçı bu xəbərləri sözsüz ki, oxumuş və keçən dövr ərzində kifayət qədər vaxtı olmasına baxmayaraq həmin yazı mətninə heç bir təkzibedici cavab verməmişdir. Bu da həmin yazı mətninin müəllifinin özü olduğunu isbat edir. Beləliklə də aydın olur ki, İddiaçı hazırki iddiasında qeyd etdiyi “28 aprel 2020-ci tarixdə saat 18:00-da İcra Hakimiyyəti başçısının köməkçisi X12 onu iş otağına dəvət edərək bildirdi ki, rayon icra hakimiyyəti başçılarına verilmiş səlahiyyətlərdən biri kimi rayona yeni təyin olunmuş icra hakimiyyəti başçısı aparatın bütün işçilərinin istefa ərizəsini qəbul etməlidir və hamı bunu edib sən də formal olaraq etməlisən və o da buna inanaraq işdən çıxma ərizəsini yazaraq təqdim etdim. Sonradan isə hüquqşünaslardan öyrəndim ki, belə bir hərəkət qanunsuzdur və qayıdaraq ərizəni geri istədim, lakin artıq iş-işdən keçdiyini və işdən çıxarılmağım barədə əmrin verildiyini öyrəndim”. İddiaçı əslində özünə haqq qazandırmaq, qarşı tərəfin əleyhinə mənfi fikir formalaşdırmaq baxımından özünün təxəyyülüdür. Bu iki ziddiyyətli fikir onu deməyə məntiqi əsas verir ki, iddiaçının hər iki şikayət mətni heç bir həqiqəti əks etdirmir. İddiaçı həmçinin yuxarıda qeyd etdikləri ziddiyyətli yazılarını yuxarı dövlət orqanlarına da ünvanlamışdır. İddiaçı şikayətində onun barəsində rayonun müxtəlif qrumlarından rayon rəhbərliyinə daxil olan şikayətlərin və rayon İcra Hakimiyyətinin bir qrup vəzifəli şəxsinin təqdimatının rəsmi daxil olmadığını, yəni üzərinə dərkənar qoyulmadığını bildirərək həmin sənədləri etibarsız hesab edir. Halbuki, iddiaçının gənc olması, qadın olması və işində bir daha belə hərəkətlərə yol verməyəcəyini söz verməsi səbəbindən qeyd edilən hallar rəsmiyyətə salınmamış, İddiaçı bir daha yeni şanslar verilmişdir (rəsmiyətə salınmış olsa idi iddiaçı müvafiq əmrlə işdən azad edilmiş olardı). Sonuncu dəfə yenə bu kimi hərəkətə yol verdiyinə görə ona bildirilən iradlardan sonra iddiaçı 28 may 2020-ci il tarixdə şəxsən özü məhz həmin tarixdə işdən azad edilməsi barədə ərizə vermişdir. Rəhbərlik tərəfindən onun vəzifədən hər hansı bir qüsur səbəbindən deyil (hansı ki bu qüsurlar kifayət qədər mövcud idi) öz istəyi ilə çıxmasının onun sonrakı iş həyatına heç bir maneə törətməyəcəyi nəzərə alınaraq ərizəsi qəbul edilmiş və tutduğu vəzifədən azad olunması barədə əmr verilmişdir. İddiaçınının problemlərlə dolu bir əməkdaş olması faktı onun tələblərində də özünü açıq biruzə edir. Belə ki, məhkəməyə etiraz mətni hazırlamış İcra Hakimiyyəti başçısı aparatının hüquqşünasından külli miqdarda pul tələbi əsassız varlanma sevdası ilə yanaşı, həm də məhkəmə icraatı zamanı tərəflərin sərbəst çəkişmə prinsipinə təsir göstərmək (əvvəlki məhkəmə prosesi zamanı mütamadi olaraq məbləğ artırılmışdır, yəni hər prosesdə hüquqşünas iddianı qəbul etmədikcə ona daha çox təsir vasitəsi kimi istifadə etmişdir) məqsədini daşıyır. “Yəni mən haqlıyam və hər şey mənim dediyim kimi olmalıdır. Qarşı tərəf hər hansı əks fikirdə olarsa onu öhdəsindən gələ bilməyəcəyi formada zərərə salaram (Əlindən gələn də məhz belə pul tələbidir. Yəqin ki, başqa vasitələr olsaydı onları da işə salardı.)”. İddiaçının belə hərəkətləri onların məhkəməyə təqdim etdiyi etirazda nə qədər haqlı olduqlarını göstərir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işdən çıxmağı barədə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28.04.2020-ci il tarixli, 25 saylı əmrinin ləğv edilərək, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə bərpa olunmağı və işə bərpa barədə əmrin veriləcəyi günə qədər məcburi buraxılmış iş günlərinin əmək haqqısının hesablanaraq ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı, 26.05.2014-cü il tarixli, 50 saylı əmrlə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilmiş, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısına ünvanladığı 28 aprel 2020-ci il tarixli ərizədə onu 28 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, İddiaçı dövlət qulluğuna Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2020-ci il tarixli, 25 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. İddiaçı işə bərpa olunması tələbini 28 aprel 2020-ci il tarixli ərizəni iradəsi əleyhinə (təzyiq, təhrik altında və aldadılaraq) yazıldığını iddia etməklə irəli sürdüyündən, məhkəmə ilk növbədə həmin tələb üzrə iddiaçının irəli sürdüyü faktiki halların müvafiq qanuni əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığına qiymət verməyi zəruri hesab edir; belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 33.1.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun 34-cü maddəsində qeyd edilir ki, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi qaydası “Dövlət qulluğu haqqında” Qanunda tənzimlənmədiyindən mübahisəyə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun hüquqi qiymət verilməlidir. Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısına ünvanladığı 28 aprel 2020-ci il tarixli ərizədə onu 28 aprel 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, bu ərizə əsasında Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 25 saylı, 28 aprel 2020-ci il tarixli əmrilə onun əmək müqaviləsinə 28 aprel 2020-ci il tarixindən etibarən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. Məhkəmənin qənaətinə görə, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı həmin əmri verdiyi zaman “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa və əmək qanunvericiliyinin yuxarıda qeyd edilən müddəalarına uyğun hərəkət etmişdir. Məhkəmə iddiaçının “könüllü işdən çıxmaq barədə 28 aprel 2020-ci il tarixli ərizənin iradəsi əleyhinə (təzyiq, təhrik altında və aldadılaraq) yazıldığı” dəlili ilə bağlı qeyd edir ki, həmin halları təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında da iddiaçı ona edilmiş təzyiqin, təhrikin və ya hədə-qorxunun, yaxud aldatmanın real olaraq nədən ibarət olmasını hansısa inandırıcı dəlillə izah edə bilməmişdir. İş materiallarından həmçinin aydın olur ki, iddiaçının işdən azad edilməsi barədə əmr verildikdən sonra - növbəti gün, 29.04.2020-ci il tarixdə valideynləri ilə birlikdə İcra Hakimiyyətinə getdiyini, o, köməkçi A.Kərimova yuxarıda qeyd olunan ərizəsini təzyiq, təhrik altında və aldadılaraq yazdığını bildirərək ərizəni geri götürmək istədiyini, onun müraciətinə cavab olaraq köməkçi A.Kərimovun “aldadırdım-aldanmayaydın” cavabı verildiyini, eləcə də 20.05.2020-ci il tarixdə ərizə ilə İcra Hakimiyyətinə müraciət edərək, 28.04.2020-ci il tarixli ərizəsinin etibarsız sayılmasını, onu əvvəlki işinə bərpa edilməsini, cavabdeh orqanın isə ona “Siz Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2020-ci il tarixli, 25 saylı əmri ilə vəzifədən azad olunmusunuz” cavabı verildiyini iddia edir. Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının 28.04.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi barədə ərizə ilə cavabdehə müraciət etməsindən və cavabdehin 28.04.2020-ci il tarixli, 25 saylı əmri ilə Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) onun əmək müqaviləsinə xitam verilməsindən sonra, əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni geri götürməsinə dair 29.04.2020-ci il tarixdə cavabdehə şifahi müraciətinin, eləcə də 28.04.2020-ci il tarixli ərizəsinin etibarsız sayılması, onu əvvəlki işinə bərpa edilməsi barədə 20.05.2020-ci il tarixli ərizəsinin hüquqi qüvvəsi olmamışdır. Belə ki, iddiaçının 28 aprel 2020-ci il tarixdən öz arzusu ilə işdən çıxmağı barədə ərizəsi nəzərə alınaraq “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən iddiaçının dövlət qulluğuna xitam verilməsinə dair 28.04.2020-ci il tarixli əmr imzalanmışdır. İddiaçı (işçi) ərizəsində əmək münasibətlərinin dayandırmaq istədiyi günü göstərmədiyi halda, ərizə verildiyi gündən bir təqvim ayı müddətində cavabdeh onu xəbərdarlıq müddəti bitmədən onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş olsaydı, iddiaçının dövlət qulluğuna xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş 28 aprel 2020-ci il tarixli əmr Əmək Məcəlləsinin 69.5-ci maddəsinin tələblərinə zidd olardı. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası göstərilmişdir. Həmin normanın-1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarliq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunun mənasına görə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda, ərizə verildiyi gündən bir təqvim ayı müddətində ona xəbərdarlıq müddəti şamil edilir və bu müddət bitənədək qeyd edilən maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsi ləğv edilə bilməz. İşdən azad olunması barədə ərizəsində işçi tərəfindən əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərildiyi halda isə qeyd edilən normada nəzərdə tutulmuş xəbərdarlıq müddəti işçiyə şamil edilmir. İddiaçının işin materiallarında olan ərizəsinin surətindən görünür ki, o, 28.04.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı (işçi) ərizəsində əmək münasibətlərinin dayandırmaq istədiyi günü göstərdiyindən, iddiaçının işdən azad edilərkən ona xəbərdarlıq müddətinin gözlənilməməsi barədə irəli sürülən arqumentləri də əsassızdır. Bundan əlavə, məhkəmə, iddiaçının İcra Hakimiyyəti başçısının köməkçisi Afiq Kərimovun ona “Azərbaycan Respublikası Prezidentinin şəhər (rayon) icra hakimiyyəti başçısına Əsasnamə ilə verdiyi səlahiyyətlərdən biri kimi yeni təyin olunmuş icra hakimiyyəti başçısı aparat işçilərinin tam heyətdə istefa ərizələrini qəbul etməli olduğunu, bundan sonra isə kimin istefasını qəbul etmək, kimi işdə saxlamaq icra hakimiyyəti başçısının səlahiyyətində olduğunu, lakin ondan istefa ərizəsi almağın unudulduğunu, odur ki, indi sən həmin istefa ərizəsini gec də olsa yazmalısan ki, formal cəhətdən sənəd yerində olsun. Bu ərizə ümumi şöbədə qovluğa qoyulacaq, sən isə necə ki, İH başçısının vaxtından artıq 5 aydır işləyirsən, yenədə işini eyni vəzifədə eyni funksiyalarla davam etdirəcəksən” barədə irəli sürülən dəlillərini də əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı Hacıqabul Rayon İcra Hakimiyyətinin digər əməkdaşlarından işdən azad olmaları barədə ərizələrinin alınması və işdən azad edilmələri öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddiasını əsaslandırmaq üçün irəli sürdüyü arqumentlər öz təsdiqini tapmamış, o, işdən azad edilməsi barədə ərizəni təzyiq, təhrik və hədə-qorxu altında və ya aldadılmaqla yazdığını sübut edə bilməmişdir. Məhz bu səbəbdən, iddiaçının, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmuş olması iddiasını məhkəmə əsaslı hesab etmir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçının cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar