Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2680/2025 27.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona cari ilin aprel ayından yaşa görə sosial müavinət təyin edilmişdr. Halbuki o, uzun müddət əmək fəaliyyəti ilə məşğul olmaqla əvvəllər müxtəlif idarə və müəssisələrdə işləmişdir. Belə ki, xx.xx.1976xx.xx.1977-ci illərdə Texniki Peşə Məktəbində elektrik qaynaqçı ixtisası üzrə orta ixtisas təhsili almışdır. xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1979xx.xx.1980-cı illərdə, həmçinin xx.xx.1980- xx.xx.1994-cü ilədək keçmiş Əzizbəyov adına sovxozda işləmişdir. 2003-cü ildən 71 saylı Masallı kənd dairə seçki komissiyasının 13 saylı məntəqə seçki komissiyasında işləyərək 2003, 2004, 2005-ci illərdə və 2006-cı ilin yanvar ayında əmək haqqları almışdır. Hesab edir ki, bu əsaslara görə ona sosial müavinət deyil, yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin ona təyin edilmiş sosial müavinətin yaşa görə əmək pensiyasına dəyişdirilərək pensiyanın hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və arada olan fərqin ödənilməsi barədə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Odur ki, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı: Cavabdeh etirazını onunla əsaslandırır ki, iddiaçı iddia ərizəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb edir. Hesab edir ki. iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericiliklə tələb olunan şərtlər ödənildiyi halda iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Bildirir ki, İddiaçı xx.xx.2024-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi 2043 nömrəli attestatın surətində qeyd olunan məlumata əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığı dövr, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan əmək fəaliyyəti dövrləri və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 74 saylı X2 Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 3-11-074/2-12/2024 nömrəli arayışına əsasən, 2003-2006-cı illər ərzində 71 saylı Masallı kənd Dairə Seçki Komissiyasının 13 saylı Məntəqə Seçki Komissiyasında həlledici səs hüquqlu üzv kimi fəaliyyət göstərdiyi müddətdə cəmi 11 ay əmək haqqı aldığı dövr nəzərə alınmaqla onun ümumilikdə 15 il 5 ay 23 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Sözügedən əmək kitabçasının surətində xx.xx.1994-cü il tarixində işə daxil olma haqqında əmr qeydi olsa da, müvafiq olaraq işdən azad olma haqqında əmr qeydi olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən sonra İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş 74 saylı X2 Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 3-11-074/2-12/2024 saylı arayışına əsasən 2006-cı ilin fevral ayı üzrə iddiaçının adına əməkhaqqı hesablanmasına baxmayaraq xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan uyğunsuzluqla bağlı Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmiş və cavab olaraq 74 saylı X5 Komissiyası (SUN:**********6) tərəfindən rəsmi blankda təqdim olunmuş arayışda iddiaçının adına 2003-2006-cı illər üzrə həlledici səs hüquqlu üzvü seçilməsinə dair qeydlərin öz əksini tapmasına baxmayaraq, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən 2006-cı il üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda iddiaçıya dair məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirir ki, iddiaçının fərdi şəxsi hesabında öz əksini tapmayan məlumatların araşdırılması ilə bağlı Filial tərəfindən sığortaedənin hüquqi varisi olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (SUN:**********6) xx.xx.2024-cü il tarixində 3- 17-1/2-219410/2024 nömrəli məktubla müraciət olunmuşdur. Qeyd olunanlara əsasən, müvafiq məlumat təqdim edildikdən sonra Fondun struktur bölməsi tərəfindən araşdırma aparılacağı iddiaçıya cavab məktubu ilə bildirilmişdir. Bununla əlaqədar, İddiaçı öz iddiasını sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1959-cu il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Masallı rayonunun Çayqıraq kəndidir. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, Masallı rayonunun Çayqıraq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Mərkəzi Seçki Komissiyası 74 Saylı X2 Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 71 saylı Masallı kənd dairə seçki komissiyasının 13 saylı məntəqə seçki komissiyasında həlledici səs hüquqlu üzv kimi fəaliyyət göstərmiş və cədvəldə göstərilən miqdarda illər üzrə əmək haqqı almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X3 iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz 74 saylı X2 Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 3-11-074/2-12/2024 saylı arayışına əsasən 2006-cı ilin fevral ayı üzrə adınıza əməkhaqqı hesablanmasına baxmayaraq xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan uyğunsuzluqla bağlı Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun cavabı ilə əlaqədar olaraq bildiririk ki, 74 saylı X5 Komissiyası (SUN:**********6) tərəfindən rəsmi blankda təqdim olunmuş arayışda adınıza 2003-2006-cı illər üzrə həlledici səs hüquqlu üzvü seçilməyinizə dair qeydlərin öz əksini tapmasına baxmayaraq, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən 2006-cı il üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda sizə dair məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, fərdi şəxsi hesabınızda öz əksini tapmayan məlumatların araşdırılması ilə bağlı Filial tərəfindən sığortaedənin hüquqi varisi olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (SUN:**********6) xx.xx.2024-cü il tarixində 3-17-1/2-219410/2024 nömrəli məktubla müraciət olunmuşdur. Qeyd olunanlara əsasən bildiririk ki, müvafiq məlumat təqdim edildikdən sonra Fondun struktur bölməsi tərəfindən araşdırma aparılacaqdır. İddiaçıya məxsus H3 № ******* nömrəli, xx.xx.1977-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, 2043 nömrəli atestatın surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1977-ci illərdə Texniki Peşə Məktəbində elektrik qaynaqçısı ixtisası üzrə orta ixtisas təhsili almışdır. İddiaçıya məxsus 15 avqust 1979-cu il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-xx.xx.1980-cı illərdə, həmçinin xx.xx.1980- xx.xx.1994-cü ilədək sovxozda işləmişdir. X1 74 Saylı X2 Dairə Seçki Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 08 avqust 2003-cü il tarixdən 15 aprel 2006-cı il tarixədək (yeni məntəqə seçki komissiyaları formalaşana qədər) 71 saylı Masallı kənd seçki dairəsinin 13 saylı məntəqə seçki komissiyasında həlledici səs hüquqlu komissiya üzvü kimi fəaliyyət göstərmişdir. İddiaçı işlədiyi dövr ərzində onun əmək fəaliyyətinə aid dairə seçki komissiyasında mövcud olan sənədlərin surəti təsdiq olunaraq sizə göndərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati X3 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, , İddiaçı təqdim etdiyi 2043 nömrəli attestatın surətində qeyd olunan məlumata əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığı dövr, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan əmək fəaliyyəti dövrləri və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 74 saylı X2 Dairə Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli 3-11-074/2- 12/2024 nömrəli arayışına əsasən 2003- 2006-cı illər ərzində 71 saylı Masallı kənd Dairə Seçki Komissiyasının 13 saylı Məntəqə Seçki Komissiyasında həlledici səs hüquqlu üzv kimi fəaliyyət göstərdiyi müddətdə cəmi 11 ay əmək haqqı aldığı dövr nəzərə alınmaqla onun ümumilikdə 15 il 5 ay 23 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildirir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən sonra İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Masallı Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddiası ilə bağlı, xx.xx.2025 il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğunuza cavab olaraq, İddiaçı keçmiş M.Əzizbəyov adına sovxozda işləməsini təsdiq edən işə girmə və işdən çıxma əmrlərinin və onun işlədiyi müddətdə aldığı əmək haqlarının yığma cədvəlinin təsdiqlənmiş surətləri sizə göndərilir. Əsas: Masallı Rayon Dövlət Arxivində mühafizə olunan sabiq M.Əzizbəyov adına sovxozunun əmr və əmək haqıı kitabları. Fond N- 30, siyahı N°- 2, 3, saxlama vahidi Ne- 32, 51, 66, 72, 80, 90, 104 Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən “əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən sonra kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv, qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçının hüquqi marağı ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. O, həmin tələblə cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə inzibati orqana müraciət etmiş, cavabdeh ümumi sığorta stajının qanunla nəzərdə tutulan 25 ildən az olması əsası ilə tələbin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasından narazı qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə ilk öncə qeyd edir ki, pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulması və xx.xx.2024-cü il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. - 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə nəzər yetirdikdə məlum olur ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1979-cu il tarixli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1979-xx.xx.1980-cı illərdə, həmçinin xx.xx.1980-xx.xx.1994-cü ilədək keçmiş sovxozda çalışmış və xx.xx.1994-cü il tarixdə 413 nömrəli TTİ-yə müvəqqəti olaraq 2-ci dərəcəli fəhləkimi qəbul edilsə də, işdən azad olunması barədə əmr əmək kitabçasında əks olunmamışdır. Həmçinin iddiaçıya məxsus H3 № ******* nömrəli, xx.xx.1977-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. Bundan başqa iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, 2043 nömrəli atestatın surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1977-ci illərdə Texniki Peşə Məktəbində elektrik qaynaqçısı ixtisası üzrə orta ixtisas təhsili almışdır. Bundan başqa Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 74 Saylı X2 Dairə Seçki Komissiyasının arayışından da görünür ki, İddiaçı 08 avqust 2003-cü il tarixdən 15 aprel 2006-cı il tarixədək (yeni məntəqə seçki komissiyaları formalaşana qədər) 71 saylı Masallı kənd seçki dairəsinin 13 saylı məntəqə seçki komissiyasında həlledici səs hüquqlu komissiya üzvü kimi fəaliyyət göstərmiş. Cavabdeh qeyd edir ki, iddiaçının 2003-2006-cı illər üzrə həlledici səs hüquqlu üzvü seçilməyinə dair qeydlərin öz əksini tapmasına baxmayaraq, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən 2006-cı il üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda iddiaçıya dair məlumat aşkar edilməmişdir. Məhkəmə iş materiallarından müəyyən edir ki, həmin dövrlərdə iddiaçıya əmək haqqları hesablanmış və ödənilmişdir. Həmçinin müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Belə olan halda göstərilən əsaslar iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Əks halda bu iddiaçının konstitusion hüquqlarının, yəni bərbaərlik və sosial təminat hüququnun pozulması ilə nəticələnmiş olar. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ 65 yaşında (xx.xx.2024-cü il tarixdə) yaranmış olur. Həmçinin iddiaçıya etiraz ərizəsində göstərildiyi kimi cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2024-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X3 üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2680/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2680/2025
27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver