Məhkəmə qərarları › İş №2-1(120)-2699/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2699/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2699/2025 17.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Biləsuvar rayon Xırmandalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 30 kv.m torpaq sahəsinin “X2 X4”də faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “30 kv.m torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Biləsuvar rayonu Xırmandalı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Biləsuvar rayon Xırmandalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 30 kv.m torpaq sahəsinin “X2 X4”də faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayır. 2006-cı ildə Xırmandalı bələdiyyəsinə kənd xəstəxanasının yaxınlığında boş torpaq sahəsndə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 30 kvadratmetr torpaq sahəsinin satılması üçün müraciət etmiş, bələdiyyə müvafiq sənədləşmə işlərini apardıqdan sonra göstərdiyi ərazidə 30 kvadratmetr torpaq sahəsini satmışdır. Bununla bağlı bələdiyyənin 29 aprel 2006-cı il tarixli qərarı da verilmişdir. Daha sonra ona təhkim aktı, alqı-satqı barədə akt, sxematik plan sənədlər də verilmişdir. Bələdiyyənin qərarı əsasında həmin illər fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə komitəsi 30 kvadratmetr torpaq sahəsinə dair hüquqlarını qeydiyyata almaqla 29 iyun 2007-ci ildə X8 kitabında 11 nömrə ilə hüququm qeydə alınmışdır. Buna dair ona A 000471 saylı Azərbaycan Respublikası DT və XK-nin torpaq sahəsinin plan və ölçüsü sənədi də verilmişdir. Hazırda çıxarış almaq üçün cavabdeh təşkilata müraciət etsə də oradan xx.xx.2024-cü il tarixdə imtina rəyi verilmiş, buna əsas kimi də guya torpaq sahəsinin alqı-satqı aktında qeydiyyata alma tarixi 10 aprel 2006-cı il kimi göstərilmişdir. Halbuki bu texniki səhvlə bağlı bələdiyyənin arayışı da vardır. Digər tərəfdən onun hüquqları həmin illər fəaliyyət göstərən Azərbaycan Respublikası DT və XK tərəfindən qeydiyyata alınmış və ona torpaq sahəsinin plan və ölçüsü sənədi də verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, İddiaçı məhkəməyə müraciət edərək, Biləsuvar rayon Xırmandalı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 04 saylı qərarı ona alqı-satqı yolu ilə ona satılmış Biləsuvar rayon Xırmandalı kəndində yerləşən 0,003 ha torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmişdir. Qeyd etmək istəyirik ki, Biləsuvar rayon Xırmandalı Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair 29 aprel 2006-ci il tarixli 04 saylı qərar qəbul etmiş, lakin torpaqların alqı-satqısına dair akt 10 aprel 2006-ci il tarixdə tərtib edilmişdir. Bu da onu göstərir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmazdan əvvəl artıq torpaqların alqı- satqısına dair akt tərtib edilmişdir. Bu səbəbdən də, İddiaçı adına çıxarışın verilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı vermiş iddia ərizəsinə etiraz edirik və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X6 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. Daşınmaz əmlak (torpaq sahəsi) isə Biləsuvar rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarından görünür ki, kənd sakini İddiaçı kənd xəstəxanasının giriş darvazasının cənub hissəsində xəstəxananın hasarı ilə asfalt yol arasındakı boş və istifadəsiz torpaq sahəsindən sahibkarlıq fəaliyyəti məqsədilə 3m x 10m ölçüdə ümumi sahəsi 30,0 (otuz) kv metr olmaqla torpaq sahəsi verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Biləsuvar rayonu Xırmandalı kənd sakini İddiaçı Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarı ilə almış 30 kv.m torpaq sahəsi sahibkarlıq ilə bağlı tərtib edilmişdir. X10 kitabında xx.xx.2007-ci il tarixdə11 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-48-10RA/2-262-2024 nömrəli arxiv çıxarışından görünür ki, Biləsuvar rayon Dövlət Arxivində mühafizə olunan Biləsuvar rayon Xırmandalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 (18) №-li iclas protokoluna baxış keçirilmiş, baxış zamanı məlum oldu ki, Xırmandalı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 04 (18) №-li İclas protokolu ilə Xırmandalı kəndi ərazisindən kommersiya məqəsədilə 30,0 kv metr torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-M-0157- 8/2024 nömrəli məktubundan görünür ki, Biləsuvar rayonu Xırmandalı Bələdiyyəsinin torpaq sahəsinin ayrılmasına dair 29 aprel 2006-cı il tarixli 04 saylı qərar qəbul etməsinə baxmayaraq torpaqların alqısatqısına dair akt 10 aprel 2006-cı il tarixində tərtib edilmişdir ki, bu da “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.2. maddəsinin tələbinə cavab vermir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.2. maddəsinin tələbinə əsasən “hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə” həmin ərizənin icrasından imtina edilməlidir. Qeyd olunanları nəzərər alaraq Biləsuvar rayonu Xırmandalı Bələdiyyəsinin torpaq sahəsinin ayrılmasına dair 29 aprel 2006-cı il tarixli 04 saylı qərarı ilə ayrılmış 0.003 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-6048/2025 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar bildirilir:

1. Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclasının qərarı və “Torpaqların alq ı-satq ısı na dair” aktı ilə Biləsuvar rayonu Xırmandalı kəndində A № 000471 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 30 kv.m torpaq sahəsinin X2 uçotu informasiya sistemi baza məlumatı materialında faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır.

2. X2 uçotu informasiya sistemi baza məlumatlarına görə Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair" aktı ilə Biləsuvar rayonu Xırmandalı kəndində A № 000471 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 30 kv.m torpaq sahəsinin ayrılması barədə qərarın qəbul olunduğu vaxt və hazırda kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı uqodiyası-tikili altında olan torpaqlar, əmlak növü-torpaq sahəsi, hüquqi statusu bələdiyyə mülkiyyətində saxlanılmış torpaq sahəsi olduğu müəyyən edildi.

3. Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” aktı ilə Biləsuvar rayonu Xırmandalı kəndində A № 000471 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən icdiaçı İddiaçı sahibkarlıq fəaliyyəti üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 30 kv.m torpaq sahəsinin X2 uçotu informasiya sistemi baza məlumatı materiallarında (elektron kadastr xəritələrində) qeyd edilmədiyi müəyyənləşdirildi.

4. Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” aktı ilə Biləsuvar rayonu Xırmandalı kəndində A № 000471 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 30 kv.m torpaq sahəsinin X2 uçotu informasiya sistemi baza məlumatı materialında faktiki iddia etdiyi tikili olmayan ərazi ilə sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğun olduğu müəyyənləşdirildi. İddiaçı A № 000471 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən sahibkarlıq fəaliyyəti üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 30 kv.m torpaq sahəsi faktiki iddia etdiyi tikili olmayan ərazi kimi plana alınmış 30 kv.m torpaq sahəsinin şimal-şərq istiqamətində hüdudlarından kənarda yerləşdiyi müəyyən olunaraq rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.

5. Mübahisələndirilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti sırasında uyğunsuzluq mövcuddur. Sənəd və faktiki istifadə üzrə koordinatları müəyyən edilərək rəyə əlavə olunuş yerquruluşu planında öz əksini tapmışdır. İddiaçı iddia etdiyi, 30 kv.m tikilisi olmayan ərazi kimi plana alınmış torpaq sahəsinin onun istifadəsində olduğu və təyinatına uyğun istifadə edilmədiyi müəyyən olundu.

6. Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” aktı ilə Biləsuvar rayonu Xırmandalı kəndində A № 000471 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 30 kv.m torpaq sahəsinin şimal-şərq istiqamətində 20,5 kv. metrədək hissəsi X2 uçotu informasiya sistemi baza məlumatı materialında üçüncü səxslərin istifadəsində olan qonşuya məxsus qeyri yaşayış binasının hüdudları daxilində yerləşmə (üst-üstə düşmə) vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. İddiaçıya məxsus torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin olmadığı müəyyənləşdirildi.

7. Qeyd edilən mübahisəli torpaq sahəsi tikilisi olmayan ərazi kimi faktiki olaraq iddiaçının istifadəsində olduğu və təyinatına uyğun istifadə edilmədiyi müəyyənləşdirildi.

8. Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” aktı ilə Biləsuvar rayonu Xırmandalı kəndində İddiaçı sahibkarlıq fəaliyyəti üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 30 kv.m faktiki istifadəsində olan ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində tikilinin mövcud olmadığı müəyyən edildi. Bu sualın sonrakı bəndləri tikili mövcud olmadığına görə cavablandırılmadı.

9. Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclasının qərarı və “Torpaqların alqı-satqısına dair” aktı ilə Biləsuvar rayonu Xırmandalı kəndində A № 000471 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən i: diaçı İddiaçı sahibkarlıq fəaliyyəti üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 30 kv.m torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatları arasında texniki səhvin olduğu və həmin texniki səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü səxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edildi. Həmin texniki səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü səxslərin qanuni istifadəsində c an torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pözulub-pozulmayacağını müəyyənləşdirmək yerquruluşu mühəndisinin səlahiyyətlərinə aid olmadığından cavablandırılmadı. Qeyd: Mülki iş üzrə rayonu Xırmandalı kəndində A № 000471 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 30 kv.m tikilisi olmayan ərazi kimi plana alınmış torpaq sahəsinin koordinatları ilə faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin koordinatları, həm də X2 uçotu informasiya sistemi baza məlumatı materialı arasında uyğunsuzluqların olduğu müəyyənləşdirildi.

Əsaslandırma hissəsi:

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddia həm də əsaslıdır. Belə ki, iddiaçı Biləsuvar rayon Xırmandalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 30 kv.m torpaq sahəsinin “X2 X4”də faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Biləsuvar rayon Xırmandalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarı) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin natamam olması, torpaq sahəsi ilə bağlı mövcud uyğunsuzluq iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-6048/2025 nömrəli mütəxəssis rəyinə əsasən mülki iş üzrə rayonu Xırmandalı kəndində A № 000471 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 30 kv.m tikilisi olmayan ərazi kimi plana alınmış torpaq sahəsinin X2 uçotu informasiya sistemi baza məlumatı materialında faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmış, torpaq sahəsinin ayrılması barədə qərarın qəbul olunduğu vaxt və hazırda kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı uqodiyası-tikili altında olan torpaqlar, əmlak növü-torpaq sahəsi, hüquqi statusu bələdiyyə mülkiyyətində saxlanılmış torpaq sahəsi olduğu, İddiaçı istifadəsində olduğu,torpaq sahəsinin X2 uçotu informasiya sistemi baza məlumatı materialında faktiki iddia etdiyi tikili olmayan ərazi ilə sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğun olduğu, həmin texniki səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü səxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Biləsuvar rayon Xırmandalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı Biləsuvar rayon Xırmandalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarı ilə 30 kv.m torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Həmçinin torpaq sahəsinin koordinatlarının uyğunsuzluqlar olmuşdur ki, qeyd edilən hal iddiaçının səhvi kimi qiymətləndirilməməlidir. Həmin texniki səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü səxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, inzibati orqan müvafiq dürüstləşmə işlərini həyata keçirməli və koordinatlarda olan yanlışlığı aradan qaldırılmalıdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Biləsuvar rayon Xırmandalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 30 kv.m torpaq sahəsinin “X2 X4”də faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı iddiası təmin edilsin. Biləsuvar rayon Xırmandalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 30 kv.m torpaq sahəsinin “X2 X4”də faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar