Məhkəmə qərarları › İş №2-1(120)-270/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-270/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-270/2020 17.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati-İqtisadi Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı 1979-1980, 1993-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd M.F.Axundov adına kolxozda, 1989-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd V.İsmayılov adına orta məktəbdə və 08.10.1997-06.09.2001-ci illərdə Salyan rayonu Y.Qasımov adına Mədəniyyət və İstirahət parkında işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin cavabdeh 15.10.2019-cu il tarixli, **********8 nömrəli məktubunda ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1979-1980, 1993-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd M.F.Axundov adına kolxozda, 1989- 1996-cı illərdə Salyan rayonu Şorsulu kənd V.İsmayılov adına orta məktəbdə və 08.10.1997-06.09.2001-ci illərdə Salyan rayonu Y.Qasımov adına Mədəniyyət və İstirahət parkında işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 22.01.2020-ci tarixli iclasında İddiaçı iddia tələbini dəyişərək, arxiv arayışlarında və əmək kitabçasında qeyd edilən iş illərinin sığorta stajı kimi müəyyən edərək ona görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22.01.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1979-1980, 1993-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd M.F.Axundov adına kolxozda, 1989-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd V.İsmayılov adına orta məktəbdə işlədiyi illərin və 08.10.1997-06.09.2001-ci illərdə Salyan rayonu Y.Qasımov adına Mədəniyyət və İstirahət parkında işlədiyi illərdə müəssisə tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi səbəbindən pensiya təyin etməkdən imtina etmişdir. Həmin illər Salyan rayon Dövlət Arxivinin arayışında və müvafiq olaraq əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh isə 15.10.2019-cu il tarixli, **********8 nömrəli məktubla işləməyini əsassız olaraq staj hesab etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X11 rayonşöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının surətlərini, 16.04.2019-cu il tarixli, 35 nömrəli arayışını və 19.04.2019-cu il tarixli, 176 nömrəli arxiv arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibat Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 02.04.1955-ci il tarixdə doğulmuşdur və 02.04.2019-cu il tarixdə 64 yaşı (1 iyul 2018-30 iyun 2019-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaşdır) tamam olmuşdur. İddiaçının əmək kitabçasında və arxiv arayışlarında qeyd edilən iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 02110857 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 02.04.1955-ci il tarixdə Yardımlı rayonunun Yolocaq kəndində anadan olmuş, Salyan rayonu, Şorsulu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 23.12.1976-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.12.1976-cı il tarixdən 06.09.2001-ci il tarixədək əmək fəaliyyətində olmuş və 08.10.1997-06.09.2001-ci illərdə Salyan rayonu Y.Qasımov adına Mədəniyyət və İstirahət parkında işləmişdir. İşdə olan X12 filialının 19.04.2019-cu il tarixli, 176 nömrəli arxiv çıxarışından görünür ki, İddiaçı 1979-1980, 1992-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd M.F.Axundov adına kolxozda işləmiş və əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Salyan rayon Təhsil şöbəsi V.İsmayılov adına Şorsulu kənd tam orta məktəbinin 16.04.2019-cu il tarixli, 35 nömrəli arayışından görünür ki, İddiaçı 03.05.1989-cu il tarixdən 15.07.1996-cı il tarixə kimi Salyan rayonu Şorsulu kənd orta məktəbində dalandar vəzifəsində işləmişdir. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı 15.10.2019-cu il tarixli, **********8 nömrəli imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşı tamam olan kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 2019-cu il yanvarın 1-dən etibarən Qanunun 7-ci maddəsi ilə yaş həddinə çatmış sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi tarixədək (01.01.2006-cı il tarixədək) qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, arxiv sənədlərinə əsasən 1979-1980, 1993-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd M.F.Axundov adına kolxozda və 1989-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd V.İsmayılov adına orta məktəbdə işlədiyi əmək kitabçasında yazılmadığı üçün, eyni zamanda əmək kitabçası üzrə 08.10.1997-ci il tarixdən 06.09.2001-ci il tarixədək Salyan rayonu Y.Qasımov adına Mədəniyyət və İstirahət parkında işlədiyi barədə müvafiq qeydlərin aparılmasına baxmayaraq, göstərilən dövr üzrə sığorta stajı müəyyən etmək mümkün olmadığı üçün və əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi ünvan 2 ünvanladığı məktubunda qeyd edilmişdir ki, Qalamov X3 tam orta məktəbinin 03.05.1989-cu il tarixli, 31/2 saylı əmrinə əsasən məktəbə dalandar vəzifəsinə qəbul olunmuşdur və 15.07.1996cı il tarixli, 78/1 saylı əmrinə əsasən işdən azad edilmişdir. İşdə olan X12 filialının məhkəməyə ünvanladığı 10.12.2019-cu il tarixli, 505 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1979-1980, 1992-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd M.F.Axundov adına kolxozda işləməsini təsdiq edən sənədlər əlavə olunmuşdur. İşdə olan X12 filialının iddiaçıya ünvanladığı 21.01.2020-ci il tarixli, 22 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, X12 filialında mühafizə olunan Salyan rayon Şorsulu kənd XDS icraiyyə Komitəsinin 1990-1991 və Şorsulu kənd İnzibati Ərazi Vahidinin 1992-1996cı illərə aid əmək haqqı cədvəllərində X4 oğlu dalandar işləyib əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Salyan rayon Statistika İdarəsinin məhkəməyə ünvanladığı 05.02.2020-ci il tarixli, 48 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan Y.Qasımov adına Mədəniyyət və İstirahət Parkı 1997-2001-ci illərdə X5 Reyestrində qeydiyyatda olmuşdur. İşdə olan Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti başçısının Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 24.02.2020-ci il tarixli, 303 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətəndə Salyan rayonu, Şorsulu kəndində qeydiyyatdadır. Onun adı bəzi sənədlərdə səhvən arxiv arayışı № 01 10.05.2019-X1 Azərbaycan Respublikası X12 filialının 16.04.2019-cu il tarixli, 176 nömrəli məktubunda Qələmov Qəfər kimi arxiv arayışı № 22 21.01.2020-ci il tarixli arayışda X2 Yardımlı rayon DSMF-nin 10.05.2019-cu il tarixli aktında Əsədov Qəfər kimi, əmək kitabçasında İddiaçı kimi, əmək kitabçasında (№56) X2 yazılmışdır. Əslində bütün sənədlərdə onun əsl adı İddiaçı ilə eyni şəxsdir və Salyan rayonu, Şorsulu kəndinin ərazisində bu adda ikinci bir şəxs yoxdur. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 21.02.2020-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayonu, Şorsulu kəndində yaşayan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ verən azı 25 il ((16 il 01 ay 03 gün əmək kitabçası üzrə, ondan 08.10.1997-06.09.2001-ci illər üzrə sığorta stajı kimi müəyyən edilməsi mümkün olmayan 03 il 10 ay 28 gün)+(02 il hərbi xidmət)+(01 il 2 ay (arxiv, kolxoz), 1979-1980-cı illər üzrə+06 il 08 ay 28 gün (məktəb) 1989-1996-cı illər üzrə, əmək kitabçasında qeyd olunmayan, yəni sığorta stajı kimi müəyyən edilməsi mümkün olmayan illər)=26 il)) sığorta stajı müəyyən edilmişdir. 08.10.1997-06.09.2001-ci illər üzrə 03 il 08 ay 28 gün MDSS haqlarının ödənilməsi şərtilə işləməsi faktını müəyyən etmək mümkün olmadığı üçün və 1979-1980, 1989-1996-cı illər üzrə 07 il 10 ay 28 gün işləməsi faktı əmək kitabçasında qeyd edilmədiyi üçün, yəni göstərilən illərin sığorta stajı kimi hesablanması mümkün olmadığı üçün, eyni zamanda göstərilən illər nəzərə alınmadıqda, onun yaşa görə əmək pensiyası hüququ verən azı 25 il sığorta stajı olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (16.04.2019-cu il tarixli, 35 nömrəli,19.04.2019-cu il tarixli, 176 nömrəli arxiv arayışlarını və 23.12.1976-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətini) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X12 filialının 19.04.2019-cu il tarixli, 176 nömrəli arxiv arayışını və V.İsmayılov adına Şorsulu kənd tam orta məktəbinin 16.04.2019-cu il tarixli, 35 nömrəli arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Мəhkəmə, həmçinin iddiaçının əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmin əmək kitabçasına əsasən iddiaçının 03.12.1976- 06.09.2001-ci il tarixlərdə əmək fəaliyyətində olduğu müəyyən olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə iddiaçının 08.10.1997-06.09.2001-ci illərdə Salyan rayonu Y.Qasımov adına Mədəniyyət və İstirahət parkında işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 08.10.1997-06.09.2001-ci illərdə Salyan rayonu Y.Qasımov adına Mədəniyyət və İstirahət parkında işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Həmçinin,qeyd olunmalıdır ki, iddiaçının 1979-1980, 1993-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd M.F.Axundov adına kolxozda, 1989-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd V.İsmayılov adına orta məktəbdə işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 1979-1980, 1993-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd M.F.Axundov adına kolxozda, 1989-1996-cı illərdə Salyan rayonu Şorsulu kənd V.İsmayılov adına orta məktəbdə, eyni zamanda 08.10.1997-06.09.2001-ci illərdə Salyan rayonu Y.Qasımov adına Mədəniyyət və İstirahət parkında işlədiyi müddət nəzərə alınmaqla, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 18.10.1973-cü il tarixli, 56 nömrəli əmək kitabçasında, 16.04.2019-cu il tarixli, 35 nömrəli və 19.04.2019-cu il tarixli, 176 nömrəli arayışlarda qeyd edilən iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 18.10.1973-cü il tarixli, 56 nömrəli əmək kitabçasında, 16.04.2019-cu il tarixli, 35 nömrəli və 19.04.2019-cu il tarixli, 176 nömrəli arayışlarda qeyd edilən iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar