Məhkəmə qərarları › İş №2-1(120)-271/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-271/2020

06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-271/2020 06.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakmiyyəti başçısının Qəyyumluq və Himayəçilik komissiyasına qarşı «övladlığa verilməsi haqqında 30 iyul 1990-cı il tarixli, 178 saylı qərarın ləğv edilməsi və doğum haqqında akt qeydində dəyişiklik edilməsi barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh İmişli Rayon İcra Hakmiyyəti başçısının Qəyyumluq və Himayəçilik komissiyasına qarşı məhkəmədə iddia qaldıraraq, onun İmişli rayonu Mirili kənd sakinləri olmuş X9 və X3 «övladlığa verilməyi barədə» keçmiş İmişli rayon XDS İcraiyyə Komitəsinin 30 iyul 1990-cı il tarixli 178 saylı qərarın ləğv edilməsi barədə onun doğum akt qeydində ata adı qrafasında X8, ana adı qrafasında Babaşova Əzizə Yusubəli qızı yazılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş İmişli rayon XDS İcraiyyə Komitəsinin (indiki İmişli RİHB-nin Qəyyumluq və Himayəçilik komissiyası) 30 iyul 1990-cı il tarixli 178 saylı qərarı ilə onu, atası X4 xəbəri və razılığı olmadan İmişli rayonu Mirili kəndində yaşayan babası X9 və nənəsi X3 övladlığa vermişlər. İddia ərizəsinə əlavə etdiyi keçmiş İmişli rayon XDS İcraiyyə Komitəsinin 30 iyul 1990-cı il tarixli 178 saylı qərarında göstərilir ki, «övladlığa götürülən uşağın anası X7 uşağın X9 və X3 övladlığa götürülməsinə etiraz etmir». Lakin həmin qərarda onun dogma atası X4 onun övladlığa verilməyinə razı olub-olmaması göstərilməmişdir. Çünki həmin ərəfədə atası X1 Rayon Məhkəməsinin hökmünə əsasən cəzaçəkmə müəssisəsində cəzasını çəkib başa vurduqdan sonra ölkə hüdudlarından kənara, Rusiya Federasiyasına getməyə və orada yaşamağa məcbur olmuş, onun övladlığa verilməsi barədə razılığı və məlumatı olmamışdır. Hesab edir ki, Atasının razılığı olmadan onu birtərəfli qaydada qanunsuz olaraq övladlığa veriblər və həmin inzibati aktın məhkəmə qaydasında ləğv olunması barədə qərar qəbul edilməlidir. Keçmiş İmişli Rayon XDS İcraiyyə Komitəsinin 30 iyul 1990-cı il tarixli 178 saylı qərarının əslini (inzibati aktı) və buna dair digər sənədləri ona verilməsi barədə aidiyyəti dövlət orqanlarına rəsmi qaydada müraciət etsə də, müvafiq icra orqanlarının hərəkətsizliyi səbəbindən 2 aydan çoxdur ki, ona heç bir rəsmi cavab verilməmişdir. X5 28.04.1995-ci ildə, X9 isə fevral 2003-cü ildə vəfat etmişlər. Onun dogma anası Babaşova (Yusubova) Əzizə Yusubəli qızı 14 fevral 2019-cu il tarixdə kəskin ürək çatışmazlığından vəfat etmişdir. O, 20.02.1985-ci ildə İmişli rayon Mirili kəndində anadan olmuşdur, faktiki olaraq Saatlı rayonunun Əhmədbəyli kəndində mərhum anası Babaşova (Yusubova) Əzizə Yusubəli qızı ilə birlikdə yaşamışdır, nikah münasibətinə daxil olduqdan sonra soyadı dəyişilərək Qarayeva olmuşdur. O, babası X9 və nənəsi X2 evində heç vaxt yaşamamışdır və onları xatırlamır. Ona görə də o, övladlığa götürülmə barədə inzibati orqanın qərarını tam olaraq qanunsuz hesab edir və həmin qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh İmişli Rayon İcra Hakmiyyəti başçısının Qəyyumluq və Himayəçilik komissiyasının 06 fevral 2020-ci il tarixdə məhkəməyə daxil olmuş 06 fevral 2020-ci il tarixli 3/146 saylı münasibət məktubunda qeyd edilmişdir ki, İddiaçı (Arif) qızının cavabdeh İmişli Rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik komissiyasına qarşı övladlığa verilməsi haqqında 30 iyul 1990-cı il tarixli, 178 saylı qərarının ləğv edilməsi və doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbinə dair iş üzrə bildiririk ki, İddiaçı (Arif) qızının cavabdeh İmişli Rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik komissiyasına qarşı övladlığa verilməsi haqqında 30 iyul 1990-cı il tarixli, 178 saylı qərarının ləğv edilməsi və doğum haqqında akt qeydində dəyişiklik edilməsi tələbinə dair iddianı qəbul edirik. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İmişli Rayon İcra Hakmiyyəti başçısının Qəyyumluq və Himayəçilik komissiyasının və İmişli rayon qeydiyyat şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən, işə İmişli Rayon İcra Hakmiyyəti başçısının Qəyyumluq və Himayəçilik komissiyasının və İmişli rayon qeydiyyat şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində (ailə münasibətləri ilə bağlı) yaranmışdır. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh İmişli Rayon İcra Hakmiyyəti başçısının Qəyyumluq və Himayəçilik komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı 28.08.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi təsnif olunmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı 27 noyabr 2019-cu il tarixli məktubla yardım olunsa da, məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakmiyyəti başçısının Qəyyumluq və Himayəçilik komissiyasına qarşı «övladlığa verilməsi haqqında 30 iyul 1990-cı il tarixli, 178 saylı qərarın ləğv edilməsi və doğum haqqında akt qeydində dəyişiklik edilməsi barədə» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50, 80 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İmişli Rayon İcra Hakmiyyəti başçısının Qəyyumluq və Himayəçilik komissiyasına qarşı «övladlığa verilməsi haqqında 30 iyul 1990-cı il tarixli, 178 saylı qərarın ləğv edilməsi və doğum haqqında akt qeydində dəyişiklik edilməsi barədə» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar