Məhkəmə qərarları › İş №2-1(120)-2726/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2726/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2726/2024 01.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Astara rayonu Səncərədi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixli, 39 nömrəli doğum akt qeydlər kitabında “Söhrab” adından “Sehran” adına dəyişiklik aparılmasına və X4 adına doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “Astara rayonu Səncərədi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixli, 39 nömrəli doğum akt qeydlər kitabında “Söhrab” adından “Sehran” adına dəyişiklik aparılmasına və X4 adına doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasının Nijni Taqil şəhərinin Taqlistroyevski rayon məhkəməsinin xx.xx.2010-cıı il tarixli hökmii ilə məhkum olunmuşdur. Cəzasını çəkdikdən sonra Astara rayonun Artupa kəndinə qayıtmış və hal-hazırda həmin kənddə yaşayır. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” AR Qanunun (bundan sonra Qanun) 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyac olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran - Astara regional filialına müraciət edilmiş və birdəfəlik pul müavinətinin verilməsindən imtina edilmişdir. İmtina üçün əsas şəxsiyyət vəsiqəsində adı “Söhrab” yazıldığı halda təqdim edilmiş sənədlərdə adı “Sehran” göstərilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran Astara regional filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-P-304247/2023 saylı məktubunda qeyd edilir ki, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıdış şəhadətnamənizi təqdim etmədiyinzdən və təqdim etdiyiniz arayışda adı “Seyran” qeyd edildiyindən ona sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımında mümkün hesab edilmir. Şəxsiyyət vəsiqəsində adı “Seyran” deyil, “Söhrab” yazılması ilə bağlı xx xxxxx 1973-cü il tarixdə Astara rayonun Artupa kəndində anadan olmuşdur, orta məktəbdə sinif jurnallarında adı Sehran kimi yazılmış, Astara rayon 139 nömrəli texniki peşə məktəbi tərəfindən 01 sentybar 1988-ci il tarixdə verilmiş diplomda, diplomun sahibi kimi X6 yazılmışdır. Komsomol üzvlüyün uçot kartoçkasında adı Sehran yazılmışdır. Hərbi biletdə və 15 fevral 1990-cı ildə verilmiş SSR vətəndaşının pasportunda da adı “Seyran” yazılmışdır. Rusiya Federasiyasında Nijni Taqil şəhərində DAM tərəfindən verilmiş sürücülük vəsiqəsində, həmçinin digər sənədlərdədə adı “Sehran” göstərilmişdir. Cinayət işi üzrə hökmdə və digər məhkəmə sənədlərində adı “Sehran” yazilmişdir. Həmin sənədlərə görə adının “Sehran” olduğunu təsdiq edilir. Azərbaycan Respublikasına yaşamaq üçün qayıtdıqdan sonra AA******* nömrəli şəxsiyyət vəsiqəsi götürmüş, şəxsiyyət vəsiqəsində adı “Sehran” deyil, “Söhrab” yazılmış və şəxsiyyət vəsiqəsinə əsasən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialı birdəfəlik müavinətin verilməsindən imtina etmişdir. Adının “Sehran”a dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/7-P-54/2023 saylı məktuba görə Aslara rayonun Səncərədi kənd ərazi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixli, 39 nömrəli doğum haqqında akı qeydində adının “Söhrab” yazılmışdır. Bunlara əsasən Cavabdeh “Söhrab” adından “Sehran” adına dəyişiklik edilməsindən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmıəsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.1973-cü il tarixli, 39 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Astara rayonunun Artupa kəndində anadan olmuş, atası X5, anası X3 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Astara rayonunun Artupa kəndində anadan olmuş, Astara rayonu, Artupa kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, X7 hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, 4304 nömrəli Diplomun surətindən görünür ki, X6 xx.xx.1988-ci ildə Azərbaycan SSR Astara rayonu 139 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və xx.xx.1991-ci ildə orta təhsil almaqla geniş profilli “traktorçu-maşınçı” peşəsi üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Rusiya cəzaların icrası federal xidmətinin Sverdlovsk vilayəti üzrə islah koloniyasının xx.xx.2023-cü il tarixli, 072226 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X1 Taqil şəhöər Taqilstroyevskiy rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissə-228.1-ci maddənin 2-ci hissəsinin “a,b” bəndi, 30-cu maddəsinin 3-cü hissə-228.1-ci maddənin 3-cü hissəsinin “q” bəndi, 69-cu maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək, cəzasını ciddi reyimli islah koloniyasında çəkməklə 14 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 26 avqust 2008-ci il tarixdən 23 iyun 2023-cü il tarixədək azadlıqdan məhrumetmə yerlərində saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli deportasiya haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaş İddiaçı (Seyran) Mirzəli oğlunu, xx xxxxx 1973-cü ildə anadan olmuş, Rusiya Federasiyasından deportasiya olunsun. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/7-P-54/2023 nömrəli məktubundan görünür ki, Astara rayonu Səncərədi kənd ərazi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixli 39 nömrəli doğum haqqında akt qeydində adının Söhrab kimi qeyd edilmişdir. Adının “Sehran”a dəyişdirilməsi ilə bağlı müraciətinə baxılmışdır. Bildririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci bəndinə əsasən heç bir əsas olmadığından akt qeydində dəyişiklik edilməsi məqsədə müvafiq sayılmamışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 358-05/70 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Astara rayonunun Artupa kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1973-cü il tarixdə Astara rayonunun Səncərədi kənd icra nümayəndəliyində 39 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 38 nömrəli məktubunda qeyd edilmişdir ki, Artupa kənd sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı nümayəndəliyin 9 saylı təsərrüfatbaşına kitabın 148-ci səhifəsində X2 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-230/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı doğum haqqında adının “Seyran”a dəyişdirilərək təkrar şəhadətnamə verilməsi haqqında Cavabdehnə müraciət etmiş və müəyyən edilmişdir ki, Astara rayon Şəncərədi ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş onun doğumu haqqında xx.xx.1973-cü il tarixli 39 saylı akt qeydində onun adı “Söhrab” yazılmışdır. Şəxsiyyətini təsdiq edən sənəddə “Söhrab” qeyd edilmişdir. Doğum haqqında akt qeydində “Söhrab” adının “Seyran”a dəyişiklik edilməsi üçün heç bir əsas olmadığından ərizəni təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalırını müəyyən edən” Əsas Müddəalara əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmə qətnaməsi əsasında aparılır. Vətəndaşa müraciəti ilə bağlı ətraflı cavab verilmiş və cavabdan narazı qaldığı halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüqüqunun olması izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Astara Regional Təhsil İdarəsi ünvan 3 ünvanladığı xx.xx.2024-cü il tarixli, 63 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü X7 1987-1988-ci tədris ilində ümumi təhsilinin başa vurmuş, A№332842 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamə almışdır. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar»ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı iddiaçı xx.xx.1973-cü ildə Astara rayonunun Artupa kəndində doğulmuş və həmin vaxtdan doğum haqqında akt qeydində İddiaçı kimi göstərilmişdir. Hazırda iddiaçı “Söhrab” adından “Sehran” adına dəyişiklik edilməsini istəyir və bu məqsədlə cavabdehə müraciət etsə də, sonuncu həmin məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6-cı maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirirsə, onun yetkinlik yaşna çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndnə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atasının adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də, yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin onun adının dəyişdirilməsindən imtinasını mübahisələndirir. Belə olan halda, nəzərə alınmalıdır ki, mövcud qanunvericilik 18 yaşına çatmış şəxsin soyadını və adını növbəti dəfə dəyişdirməsininin hallarını konkret müəyyən etmişdir və iddiaçının soyadının və adının dəyişdirməsi həmin (NK-nin xx.xx.2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiqlənmiş Qaydaların 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş) halların heç biri ilə uzlaşmır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Astara rayon qeydiyat şöbəsinin imtinası qanuna zidd qiymətləndirilə bilməz. Belə ki, iş materiallarına baxılan zaman iddiaçının doğumu ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.1973-cü il tarixli, 39 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir ki, həmin akt qeydinin ad hissəsində iddiaçının adı “Söhrab” kimi göstərilmişdir. Həmçinin iddiaçıya İddiaçı adı ilə Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. İddiaçı adının səhv yazıldığını, əsl adının Sehran olduğunu bildirir. Lakin təqdim olunan digər sənədlərə, eləcə də xx.xx.1991-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Astara Regional Təhsil İdarəsi ünvan 3 ünvanladığı xx.xx.2024-cü il tarixli, 63 nömrəli məktubuna əlavə edilmiş sənədlərin, Rusiya cəzaların icrası federal xidmətinin Sverdlovsk vilayəti üzrə islah koloniyasının xx.xx.2023-cü il tarixli, 072226 nömrəli arayışın, xx.xx.2023-cü il tarixli deportasiya haqqında qərarın təsdiq edilmiş surətinə baxış keçirilən zaman iddiaçının adının Seyran kimi yazıldığı müəyyən olunur. Məhkəmə hesab edir ki, Cavabdehnə qarşı “Astara rayonu Səncərədi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixli, 39 nömrəli doğum akt qeydlər kitabında “Söhrab” adından “Sehran” adına dəyişiklik aparılması üçün heç bir əsas müəyyən olunmur, iddiaçının yalnız Sovet Sosialist Respublikaları ittifaqı vətəndaşının pasportuna əsasən adının Sehran yazılması tələbindən imtina qanuni olmu və həmin hall qanuna zidd hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, vətəndaş X1 Taqil şəhöər Taqilstroyevskiy rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissə-228.1-ci maddənin 2-ci hissəsinin “a,b” bəndi, 30-cu maddəsinin 3-cü hissə-228.1-ci maddənin 3-cü hissəsinin “q” bəndi, 69-cu maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək, cəzasını ciddi reyimli islah koloniyasında çəkməklə 14 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 26 avqust 2008-ci il tarixdən 23 iyun 2023-cü il tarixədək azadlıqdan məhrumetmə yerlərində saxlanılmışdır. Həmin vaxt vətəndaşın adında yanlışlıqlar olmasın deyə xx.xx.2023-cü il tarixli deportasiya haqqında qərarda adı İddiaçı (Seyran) Mirzəli oğlu kimi qeyd edilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Astara rayonu Səncərədi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixli, 39 nömrəli doğum akt qeydlər kitabında “Söhrab” adından “Sehran” adına dəyişiklik aparılmasına və X4 adına doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “Astara rayonu Səncərədi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixli, 39 nömrəli doğum akt qeydlər kitabında “Söhrab” adından “Sehran” adına dəyişiklik aparılmasına və X4 adına doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar