Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-273/2020 11.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı (Sabirabad rayonu, Əsədli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçıcavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 02.01.1958-ci il tarixdə doğulmuş, Sabirabad rayonu, Əsədli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 21 noyabr 2019-cu il tarixli, **********2 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəyişərək, minimum əmək iştirakı norması nəzərə alınmaqla, 1988-1997-ci illərdə T.İsmayılov adına kolxozdakı faktiki iş illərini sosial sığorta stajı kimi qəbul edilərəkhüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 11.03.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 02.01.1958-ci il tarixdə Ermənistan SSR-nin Oktemberyan rayonu Bağçalar kəndində anadan olmuş, həmin kənddə 8 illik məktəbin 8-ci sinifini bitirərək 01.05.1972-ci il tarixdən Bağçalar Bayramyan adına kolxozda sağıcı işləməyə başlamışdır. 15.09.1988-ci ilədək orada işləmiş, həmin vaxt erməni millətçilərinin Azərbaycanlılara qarşı müllətçilik fəaliyyəti kəskinləşdiyindən 1988-ci ilin sentyabr ayında Ermənistandan qaçıb gələrək Sabirabad rayonu Əsədli kəndində yaşamağa başlamışdır. 01.10.1988-ci ildə Sabirabad rayonu Əsədli kəndində T.İsmayılov adına kolxozda sağıcı işinə qəbul edilmiş, 30.12.1997-ci ilədək, yəni kolxozlar ləğv edilənədək orada işləmişdir. T.İsmayılov adına kolxozda işləməyi və əmək haqqı almağı barədə arxiv arayışı olsa da Ermənistanda yaşayarkən 1972-ci ildən 15.09.1988-ci ilədək Bağcalar kəndində Baqramyan adına kolxozda işləməyi barədə heç bir sənəd əldə etməyi mümkün olmamışdır. Bu səbəbdən Sabirabad rayon Məhkəməsinə müraciət edərək 01.05.1973-ci ildən 15.09.1988-ci ilədək Ermənistan Respublikasının Oktemberyan rayonunun Başçalar kəndində olan Baqmayan adına kolxozda sağıcı işləməyi faktının və 01.10.1988-ci il tarixdən 30.12.1997-ci il tarixədək Sabirabad rayonunun T.İsmayılov adına kolxozda sağıcı işləməyi barədə Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 19.02.2019-cu il tarixli, 52 saylı arxiv arayışının ona məxsus olması və sosial stajın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sabirabad rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Qətnamədən maraqlı şəxs Dövlət Sosial X4 rayon şöbəsi apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin 06.09.2019-cu il tarixli, 2(106)2363/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sabirabad rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli qətnaməsi İddiaçı Ermənistan Respublikasının Oktemberyan rayonunun Başçalar kəndində olan Baqmayan adına kolxozda sağıcı işləməyi faktının müəyyən edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, 06.09.2019-cu il tarixli 2(106)2363/2019 saylı qərardadı ilə maraqlı şəxs Dövlət Sosial X4 rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi Sabirabad rayon Məhkəməsinin 01.04.2019cu il tarixli qətnaməsi ərizəçi İddiaçı 01.10.1988-ci il tarixdən 30.12.1997-ci il tarixədək Sabirabad rayonu T.İsmayılov adına kolxozda sağıcı işləməyi barədə Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 19.02.2019-cu il tarixli, 52 saylı arxiv arayışının ona məxsus olmasına dair hissəsində ləğv edilməsi və həmin hissədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Dövlət Sosial X4 rayon şöbəsinə yaşa görə pensiya təyin olunması üçün müraciət etmiş, onun sənədlərinə və Şirvan Apelyasiya Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2(106)2363/2019 saylı qətnamə və qərardadına baxaraq ona 21.09.2019-cu il tarixli, **********2 saylı imtina məktubu verilmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Sabirabad rayon Dövlət Arxivinin 19.02.2019-cu il tarixli, 52 nömrəli arxiv arayışını, Şirvan Apelyasiya Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2(106)2363/2019 saylı qətnaməsinin surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 02.01.1958-ci il tarixdə doğulmuşdur və 02.01.2019-cu il tarixdə 61 yaşı (1 iyul 2018-30 iyun 2019-cu il tarixlərdə qadınlar üçün pensiya yaşı 61 yaşdır) tamam olmuşdur. İddiaçının 1988-1997-ci illərdə T.İsmayılov adına kolxozdakı faktiki iş illəri (minimum əmək iştirakı norması nəzərə alınmaqla) nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 09370505 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 02.01.1958-ci il tarixdə anadan olmuş, Sabirabad rayonu, Əsədli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin 19.02.2019-cu il tarixli, 52 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1988-1997-ci illərdə T.İsmayılov adına kolxozda işləmiş və əmək haqqı almışdır. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2(106)2363/2019 saylı qətnaməsinin surətindən görünür ki, Dövlət Sosial X4 rayon şöbəsinin apelyasiya şikayəti qismən təmin edilərək Sabirabad rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli, 2(056)-674/2019 saylı qətnaməsi İddiaçı 01.05.1973-cü ildən 15.09.1988-ci il tarixə kimi Ermənistan Respublikasının Oktemberyan rayonunun Başçalar kəndində olan Baqmayan adına kolxozda sağıcı işləməsi faktının müəyyən edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Dövlət Sosial X4 rayon şöbəsinin iddiaçıya ünvanladığı 21.11.2019-cu il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına müvafiq olaraq «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək, yəni 01.01.2006-cı il tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Şirvan Apelyasiya Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2(106)2363/2019 saylı qətnaməsinə əsasən sığorta stajı tam təsdiq olunmadığı üçün əmək pensiyası təyin olunmasından imtina olunur. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin məhkəməyə ünvanladığı 06.02.2020-ci il tarixli, 2(106)2363/2019 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2(106)2363/2019 nömrəli qərardadından və 06.11.2019-cu il tarixli, 2(106)2363/2019 nömrəli qətnaməsindən bu günə qədər kassasiya şikayəti verilməmişdir. Həmin qərarlardan kassasiya şikayəti verilmədiyi və qərarlar qanuni qüvvəsini aldığı üçün mülki iş qərarların icra olunması üçün Sabirabad rayon Məhkəməsinə qaytarılmışdır. İşdə olan Dövlət Sosial X4 rayon şöbəsinin məhkəməyə ünvanladığı 10.03.2020-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd olunmuşdur ki, 08.10.2010-cu il tarixdə 4027 nömrəli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölümünün 3.1.1ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Sabirabad rayonu Əsədli kənd sakini İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün Dövlət Sosial X4 rayon şöbəsinə müraciət etmişdir. Lakin onun Sabirabad rayon Dövlət Arxivinin 19.02.2019-cu il tarixli, 52 nömrəli arxiv arayışına əsasən 1988- 1997-ci illərdə T.İsmayılov adına kolxozda olan sığorta stajı əmək kitabçasında qeyd edilməmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur. Onun təqdim etdiyi 25 il 4 ay 14 gün sığorta stajı (19.02.2019-cu il tarixli, 52 nömrəli arxiv arayışına əsasən 9 il, 01.05.1973-15.09.1988-ci illərdə Ermənistan Respublikasının Oktemberyan rayonunun Başçalar kəndində olan Baqmayan adına kolxozda 16 il 4 ay 14 gün sosial sığorta stajı var) yaşa görə əmək pensiyası təyin olunmasına kifayət edir. Lakin, 1988- 1997-ci illərdə T.İsmayılov adına kolxozda olan sığorta stajı əmək kitabçasında öz əksini tapmadığı üçün, yəni Qaydaların 3.1.1-ci hissəsinə uyğun gəlmədiyindən İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasına imtina edilmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 1975-1997-ci illərdə T.İsmayılov adına kolxozda işləmiş və 2015-ci il tarixdən ona pensiya təyin edilmişdir. İddiaçı onun birlikdə T.İsmayılov adına kolxozda işləmişdir. 1988-1997-ci illərdə İddiaçı T.İsmayılov adına kolxozda sağıcı işləyirdi. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (19.02.2019-cu il tarixli, 52 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Sabirabad rayon Dövlət Arxivinin 19.02.2019-cu il tarixli, 52 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə, Sabirabad rayon Dövlət Arxivinin 19.02.2019-cu il tarixli, 52 nömrəli arxiv arayışının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 1988-1997-ci illərdə T.İsmayılov adına kolxozda işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şirvan Apelyasiya Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2(106)2363/2019 saylı qüvvəyə minmiş qətnaməsində Sabirabad rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli, 2(056)-674/2019 saylı qətnaməsi İddiaçı 01.05.1973-cü ildən 15.09.1988-ci il tarixə kimi Ermənistan Respublikasının Oktemberyan rayonunun Bağçalar kəndində olan Baqmayan adına kolxozda sağıcı işləməsi faktının müəyyən edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı 19.02.2019-cu il tarixli, 52 nömrəli arxiv arayışına əsasən 9 il, 01.05.1973-15.09.1988-ci illərdə Ermənistan Respublikasının Oktemberyan rayonunun Bağçalar kəndində olan Baqmayan adına kolxozda 16 il 4 ay 14 gün sosial sığorta stajı nəzərə alınmaqla, tələb olunan 25 il sığorta stajını topladığından o, huqunun yarandığı vaxtdan yaşa görə əməkpensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı minimum əmək iştirakı norması nəzərə alınmaqla,1988-1997-ci illərdə T.İsmayılov adına kolxozdakı faktiki iş illəri sosial sığorta stajı kimi qəbul edilərəkhüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı minimum əmək iştirakı norması nəzərə alınmaqla, 1988-1997-ci illərdə T.İsmayılov adına kolxozdakı faktiki iş illəri sosial sığorta stajı kimi qəbul edilərəkhüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-273/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-273/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver