Məhkəmə qərarları › İş №2-1(120)-2751/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2751/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2751/2024 12.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 avqust 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında yerləşən 36 mənzilli binada 80,25 kv.m, 3 otaqdan ibarət mənzili qeydiyyata almaqdan imtina edilmənin qanunsuz və əsassız hesab edilməsi, Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında yerləşən 36 mənzilli binada 80,25 kv.m, 3 otaqdan ibarət mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında yerləşən 36 mənzilli binada 80,25 kv.m, 3 otaqdan ibarət 36 nömrəli mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Astara Rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara rayonu Miki kəndində yerləşən fərdi yaşayış evləri torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Qəzalı vəziyyətdə olan fərdi yaşayış evinə Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin və Fovqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış kecirilmişdir və 16 noyabr 2020-ci il tarixində Astara Rayon İcra Hakimiyyəti başçısının Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X2 onunla qəzalı vəziyyətdə olan evlərin sökülməsinin təmin edilməsi öhdəliyinə dair 44 saylı müqaviləni bağlamışdır. Müqaviləyə əsasən qəzalı vəziyyətdə olan fərdi yaşayış evi sökülməlidir və Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında yerləşən 36 mənzilli binada 80.25 kv.m, 3 otaqdan ibarət yeni evə əşyalar daşınmalıdır. Sonra Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2019-cu il tarixli 1216 nömrəli “Astara rayonunun dağlıq və dağətəyi yaşayış məntəqələrində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılamsından ötrü ünvan 2 ünvanında tikilmiş 36 mənzilli yeni yaşayış binasında mənzillərin fərdi yaşayış evləri qəzalı vəziyyətdə olan şəxslərə verilməsi haqqında” sərəncamına, Ekologiya Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə və Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 3.9.6-cı maddələrini rəhbər tutaraq Astara Rayon İcra Hakimiyyətinin başçısının 24 dekabr 2020-ci il tarixli, 113 nömrəli sərəncamına əsasən Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında yerləşən 36 mənzilli binada 80.25 kv.m, 3 otaqdan ibarət yeni mənzil verilərək onu sənədləşdirilməliydi. Mənzilin sənədləşdirilməsi üçün o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. İdarə ona cavab olaraq adı çəkilən mənzilə dair Astara Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 13 nömrəli Sərəncamından çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.11 maddəsi ilə ziddiyət təşkil etdiyini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsi əsasında mulkiyyət və ya digər əşya hüquqlarının dövlət qeydiyyatı aparıla biləcəyini, bu səbəbdən Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq daşınmaz əmlakın qeydiyyata alınmasından imtina etmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı ünvan 3 ünvanında yerləşən 36 mənzilli binada 80.25 kv.m, 3 otaqdan ibarət mənzilin qeydiyyata alınmasından imtina edilməsi qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X4 gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın təmin edilibedilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında” 3 iyun 2019-cu il tarixli, 1216 nömrəli sərəncamına əsasən Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılması qərara alınmışdır. İş materiallarından, o cümlədən işdə olan 16 noyabr 2020-ci il tarixli, 44 nömrəli müqavilədən, 24 dekabr 2020-ci il tarixli, 113 nömrəli sərəncamdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında” 3 iyun 2019cu il tarixli, 1216 nömrəli sərəncamına əsasən rayonunun dağlıq və dağətəyi yaşayış məntəqələrində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında 36 mənzilli yeni yaşayış binası tikilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş 51 vətəndaşın həyətyanı torpaq sahələrinə və fərdi yaşayış evlərinə baxış keçirmiş, 33 vətəndaşın, o cümlədən hazırki iş üzrə İddiaçı fərdi yaşayış evinin texniki vəziyyəti qəzalı sayılmış, Astara Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2020-ci il tarixli, 113 nömrəli sərəncamı ilə Astara rayonu Miki kənd sakini İddiaçı adına 7 nəfər ailə üzvü ilə birlikdə Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında yerləşən 36 mənzilli binada sahəsi 80,25 kv.m olan, 3 otaqdan ibarət 36 nömrəli mənzilin sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3535/2023 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi idarəsinə ünvanlanmış 06 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Astara şəhəri ərazisində yerləşən Astara Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 113 nömrəli Sərəncamından çıxarış əsasında sizə məxsus mənzilə dair hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin mənzilə dair Astara Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 113 nömrəli Sərəncamından çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.11-ci maddəsi ilə zidiyyət təşkil edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsi əsasında, mülkiyyət və ya digər əşya hüquqlarının dövlət qeydiyyatı aparıla bilər. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Beləliklə, iş materiallarına əsasən İddiaçı Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində Astara rayonunun Miki kəndində yerləşən fərdi yaşayış evinin texniki vəziyyətinin qəzalı sayılması ilə əlaqədar Astara Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2020-ci il tarixli, 113 nömrəli sərəncamına əsasən ona və ailə üzvlərinə verilmiş Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında yerləşən 36 mənzilli binada 80.25 kv.m, 3 otaqdan ibarət mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi isə Astara Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 113 nömrəli Sərəncamının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.11-ci maddəsi ilə zidiyyət təşkil etdiyini bildirərək həmin Qanunun 15-ci maddəsinə əsasən ərizənin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Göründüyü kimi, mənzil qanunvericiliyi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin ehtiyacı olan vətəndaşlara yalnız sosial kirayə müqavilələri əsasında verilməsini tələb edir və yalnız sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Astara Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2020-ci il tarixli, 113 nömrəli sərəncamında təsbit olunmuş “Astara rayonu Miki kənd sakini İddiaçı 7 nəfər ailə üzvü ilə birlikdə verilmiş Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında yerləşən 36 mənzilli binada sahəsi 80,25 kv.m olan, 3 otaqdan ibarət 36 nömrəli mənzilin onun adına sənədləşdirilməsi” məhz həmin mənzil sahəsi ilə bağlı Astara Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında müvafiq sosial kirayə müqaviləsinin bağlanmasını, mənzil qanunvericiliyi isə həmin müqavilə əsasında iddiaçının qeyd olunan yaşayış sahəsi üzərində yaranacaq mülkiyyət deyil, istifadə hüququnun qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını nəzərdə tutur. Lakin iş materiallarından müəyyən olunduğu kimi, İddiaçı 7 nəfər ailə üzvü ilə birlikdə verilmiş Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında yerləşən 36 mənzilli binada sahəsi 80,25 kv.m olan, 3 otaqdan ibarət 36 nömrəli mənzil sahəsi ilə bağlı Astara Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında müvafiq sosial kirayə müqaviləsi bağlanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının xx.xx.2009-cu il tarixdən sonrakı dövrə aid sərəncamları, mənzil kirayə müqavilələri mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər kimi nəzərdə tutulmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11 maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsi əsasında, mülkiyyət və ya digər əşya hüquqlarının dövlət qeydiyyatı aparıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində Astara rayonunun Miki kəndində yerləşən fərdi yaşayış evinin texniki vəziyyətinin qəzalı sayılması ilə əlaqədar Astara Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2020-ci il tarixli, 113 nömrəli sərəncamına əsasən ona və ailə üzvlərinə verilmiş Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında yerləşən 36 mənzilli binada 80.25 kv.m, 3 otaqdan ibarət 36 nömrəli mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə iddia tələbinin hüquqi əsası yoxdur və Astara Rayon İcra Hakimiyyəti başçısının 24 dekabr 2020-ci il tarixli, 113 nömrəli sərəncamı əsasında iddiaçının Astara şəhəri, Həzi Aslanov küçəsi, 22A ünvanında yerləşən 36 mənzilli binada 80.25 kv.m, 3 otaqdan ibarət 36 nömrəli mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edərkən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar