Məhkəmə qərarları › İş №2-1(120)-2753/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2753/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2753/2025 19.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının verilməsi üçün sənədlərin göndərilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı Silahlı Qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndində göstərilən 10 may 1994-cü ildən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar yaralanma, travma, kontuziya və xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adının verilməsi barədə cümləsinin Konstitusiya Məhkəməsində şərh olunması üçün müraciət olunması və Konstitusiya Məhkəməsinin Qərarı əsasında əsasnamədə dəyişiklik olduğu təqdirdə ona müharibə veteranı adının verilməsi üçün sənədlərinin Nazirlər Kabineti yanında komissiyaya göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu vaxt xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün ölkə ərazisində erməni separatçılarına qarşı antiterror əməliyyatlarında iştirak etmişdir. Cavabdeh inzibati orqana ona müharibə veteranı və vəsiqəsinin verilməsindən ötrü müraciət etsə də onun müraciəti cavablandırılmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma. kontuziva) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 9-cu abzasına uyğun olaraq 12 may 1994-cü il tarixdən sonra “Müharibə veteranı” adı yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Əsasnamənin tələbinə görə şəxsin hərbi xidməti 12 may 1994-cü ildən sonraya təsdaüf edərsə “müharibə veteranı” statusunun verilməsi üçün zəruri şərt şəxsin döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması göstərilir. İddiaçının hərbi xidməti 12 may 1994-cü il tarixdən sonraya təsadüf etsə də, iddiaçının iddia ərizəsinə əlavə etdiyi və məhkəməyə təqdim etdiyi sənədlərdə onun döyüş tapşırığını yerinə yetirməsi zamanı yaralanmasına dair hər hansı sübut mövcud deyil. Beləliklə də, İddiaçı döyüş əməliyyatlarında xəsarət (yaralanma, travma, kontuziya) almadığından qeyd olunan normanın imperativ şərtə görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilə bilməz. Odur ki, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq icraata başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi iclasa gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün N nömrəli hərbi hissəyə vətəndaşın xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair xidməti barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrdən çıxarışlarını (h/h-ə daxil olması, çıxması və döyüşə cəlb olunması barədə), ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini (ezamiyyətə getməsi və qayıtması barədə əmrdən çıxarışlar), şəxs haqqında arayış-məlumatı və döyüş əməliyyatlarında yaralanmasını təsdiq edən (Forma 11) arayışı istənilmişdir. Vətəndaş İddiaçı döyüş əməliyyatlarında iştirakına dair sənədlər toplanılıb Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxıldıqdan sonra, qəbul olunan qərar haqqında sizə yazılı məlumat veriləcək. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq. Məhkəmə iddia ərizəsini, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, hazırki iddia məcburetmə növünə aiddir və iddia tələbi üzrə qnaunvericiliyin normalarına uyğun olaraq müəyyən edilmiş xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ona müharibə veteranı adının verilməsindən ötrü müraciət etməli, cavabdeh inzibati orqan onun müraciətindən imtina etdiyi təqdirdə məhkəməyə müraciət etməlidir. Məhkəmə qeyd edir ki, hazırki tələblə bağlı iddiaçı kimi cavabdeh inzibati orqana müraciət edilməli və müraciətdən imtina olunduqdan sonra məhkəmədə iddia qaldırılmalıdır. Cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair xidməti barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrdən çıxarışların (h/h-ə daxil olması, çıxması və döyüşə cəlb olunması barədə), ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini (ezamiyyətə getməsi və qayıtması barədə əmrdən çıxarışlar), şəxs haqqında arayış-məlumatı və döyüş əməliyyatlarında yaralanmasını təsdiq edən (Forma 11) arayışı müvafiq komissiyaya təqdim edilməlidir. Məhkəmə hesab edir ki, bu məktub imtina deyil, tövsiyə xarakterli məktubdur. Bundan əlavə, iddia tələbinin digər hissəsinə, yəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı Silahlı Qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndində göstərilən 10 may 1994-cü ildən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar yaralanma, travma, kontuziya və xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adının verilməsi barədə cümləsinin Konstitusiya Məhkəməsində şərh olunması üçün müraciət olunmasına münasibətdə məhkəmə bildirir ki, Əsasnamənin həmin bəndi kifayət qədər aydındır, əlavə şərhə ehtiyacı yoxdur və həmin hala münasibətdə kifayət qədər formalaşmış məhkəmə təcrübəsi mövcuddur. İddiaçı tələbinin ikinci hissəsini isə həmin halla şərtləndirmişdir ki, Konstitusiya Məhkəməsinin Qərarı əsasında əsasnamədə dəyişiklik olacağı təqdirdə ona müharibə veteranı adının verilməsi üçün sənədlərinin Nazirlər Kabineti yanında komissiyaya göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair məhkəmə qərar qəbul etsin. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. İddiaçı tərəfindən inzibati orqana müraciəti və tələbindən imtina olunması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və heç bir münasibət bildirilməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. İddiaçı hazırki tələbi ilə bağlı qanunvericinin müəyyən etdiyi tələblərə uyğun şəkildə, nöqsanlar aradan qaldırılmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməli, müraciəti əsasında tələbin icrasından imtina cavabı alacağı təqdirdə cavabdehə qarşı məhkəmədə yenidən iddia qaldıra bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlər əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar