Məhkəmə qərarları › İş №2-1(120)-2761/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2761/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2761/2025 22.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ÖdənişlərinTəyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək onun 1983-1994-cü illərdə sabiq Tüklə (Gürcüstan) sovxozunda və 2015-2020-ci illər ərzində Masallı rayonu Tüklə Bələdiyyəsində işlədiyi dövr nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin olunmasının cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o hazırda Masallı rayonu, Tüklə kəndində yaşayır. 2-ci qrup əlildir və xx.xx.2005-ci il tarixdən əlilliyə görə əmək pensiyası almışdır.O, 1983-1994-cü illərdə Tüklə (keçmiş Gürcüstan) sovxozunda işləmişdir, sovxozun sənədləri yandığı üçün staj komissiyası tərəfindən tərtib olunmuş və Masallı Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş siyahıda 11 il iş stajı təsdiq olunmuşdur. Həmçinin, ona pensiya təyin olunan zaman 2 nəfər şahid çağırılmış və onların əmək kitabçası yoxlanılmışdır. Onun həmin dövrdə əmək kitabçası olmamışdır. Bundan başqa, o, 2015-2020-ci illər ərzində Masallı rayonu Tüklə bələdiyyəsinin sədr müavini vəzifəsində işləmişdir. Ümumilikdə onun 16 il iş stajı vardır. Onun pensiya almaq hüququ xx.xx.2005-ci il tarixdə yaranmış və həmin tarixdəndə pensiyanı uzun illər almışdır. xx.xx.2024-cü il tarixdə pensiya dayandırılmışdır. Onun hüququ yarandığı zaman qüvvədə olan “Əmək Pensiyaları” haqqında Qanuna əsasən əmək pensiyası iş stajı əsasında təyin olunmuşdur və həmin zaman onun iş stajı pensiya təyin olunması üçün yetərli olmuşdur. Həmçinin, hazırda qanunun normalarının dəyişməsi vətəndaşın vəziyyətini ağırlaşdıra bilməz. Onun iş stajını təsdiq edən staj komissiyasının protokolu, arxiv sənədləri və şahidlər vardır. Onun hüququ onsuzda 2005-ci ildən yaranmışdır və onun işlədiyi illərə görə də ona əmək pensiyası təyin olunmalıdır. Hazırda qüvvədə olan qanunun tələbindən də aydın olduğu kimi sığorta stajı azı 5 il olduqda əlilliyə görə əmək pensiyası təyin olunur.Onun əmək pensiyası xx.xx.2024-cü il tarixdən qanunsuz dayandırıldığı üçün məhkəmə qərarı qüvvəyə minənədək ödənilməyən məbləğdə hesablanmalı və ona ödənilməlidir. İnzibati orqan düzgün araşdırma aparmamışdır və qanunun normalarını düzgün tətbiq etməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli 3-17-1/2-118497/2025 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən xx.xx.2005-ci il tarixində 1983-1994-cü illərdə Masallı rayon Tüklə sovxozunun inzibati binasının yanması səbəbi ilə şahid ifadələri üzrə protokola əsasən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maodəsi tətbiq edilməklə pensiya ödənişi xx.xx.2024-cü il tarixədək davam etdirilərək ödənilmişdir.Fondun “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 2020-ci il iyul tarixli **********1 nömrəli və 2020-ci il 25 sentyabr tarixli **********0 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-4-5389/2023 nömrəli qərarı ilə, “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edildikdən sonra Mərkəz Filial tərəfindən pensiya işlərinin inventarlaşdırılmasına başlanılmışdır.İnvertarlaşdırma zamanı xidməti araşdırma aparılarkən iddiaçının əlilliyə görə pensiya təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Belə ki, yanğın aktının, şahid ifadəsi verənlərin əmək kitabçasının yə qeyd olunan rayonun işğal rayonu olmaması səbəbindən sözügedən dövrün iddiaçının sığorta stajına şahid ifadələri ilə hesablanması qanunauyğun hesab edilməmişdir.Bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək, iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası ləğv edilmişdir.Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır."İnzibati icraat' haqqında Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibatı akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya təyin edilmiş pensiyanı ləğv olunmuşdur. Qanunvericiliklə nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddialar üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində həm inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər, həm də inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İddianın növü müvafiq olaraq öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Tüklə Bələdiyyəsinin 02 №-li, xx.xx.2015-ci il tarixli əmri ilə İddiaçı Masallı Rayon Bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmiş, 01 №-li, xx.xx.2020-ci il tarixli əmri ilə vəzifəsindən azad edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Masallı rayon X8 Hissəsinin 3-18-223/2-M-18-42/24 №-li, xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1994-cü il tarixdə Tüklə (keçmiş Gürcüstan) sovxoz idarəsinin binasında yanğın hadisəsi baş vermiş və nəticədə bina yanaraq yararsız hala düşmüşüdür. Masallı rayon Tüklə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 01 №-li arayışda İddiaçı Tüklə kənd bələdiyyəsində işlədiyi dövrdə 2015-ci ildə 1375,00 manat, 2016-cı ildə 1500,00 manat, 2017-ci ildə 1500,00 manat, 2018-ci ildə 1500,00 manat, 2019-cu ildə 1620,00 manat, cəmi 7495,00 manat əmək haqqı almışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 3-17-1/2-39221/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubuna əlavə olunmuş İddiaçı aid 034458 №-li pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 №-li Zona TSEK-in 052463 №-li müayinə aktından çıxarışının surətindən müəyyən olunur ki, X4 xx.xx.2005-ci il tarixdən ümumi əsaslarla ikinci dərəcə əlillik təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və və Reabilitasiya Agentliyinin 3-17-4/2- 5400/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. Masallı rayon Dövlət Arxivinin M-3-48-33RA/2-051/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sabiq “Tüklə (keçmiş “Gürcüstan”) sovxozu inzibati binasının xx.xx.1994-cü ildə yanması ilə əlaqədar “Gürcüstan” sovxozunun əmr kitabları və əmək haqqı sənədləri Arxivə verilməyib. Bu səbəbdən də, İddiaçı 1983-1994cü illərdə keçmiş “Gürcüstan” sovxozunda işləməsini və əmək haqları almasını sübut edən əmrlərin və əmək haqqı cədvəllərinin surətlərinin məhkəməyə təqdim olunması imknaları xaricindədir.Lakin, sovxozun inzibati binasında baş vermiş yanğınla əlaqədar yaradılmış staj komissiyasının tərtib etdiyi və Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü ildə təsdiq etdiyi siyahının 2-ci səhifəsində, 53-cü sırasında, “Tüklə” (keçmiş “Gürcüstan”) sovxozunda on bir il işləməsi təsdiqlənmişdir. Məktuba əlavə olunmuş Masallı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq olunmuş xx.xx.1994-cü il tarixli “Tüklə” sovxozunun komissiya tərəfindən əmək stajı müəyyən edilmiş fəhlə qulluqçuların siyahısında 53-cü sırada İddiaçı stajı 11 ( on bir ) il göstərilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsi ilə təqdim olunmuş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. Qərarın 12-ci bəndində Vərəndaşın sosial sığorta stajı, 1983-1994-cü illərdə Masallı rayon Tüklə sovxozunun inzibati binasının yanması səbəbi ilə şahid ifadələri üzrə protokola əsasən təyin olunmuşdur. Yanğın aktının olmaması, şahid ifadəsi verənlərin əmək kitabçasının olmadığından və qeyd edilən rayonun işğal rayonu olmadığından şahid ifadələri ilə staj hesablanması qanuna uyğun olamamsı səbəbindən əmək pensiya ləğv edilir. Artıqvermə məbləğinin 12 565,15 manat olduğu qeyd edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın 3-17- 1/2-M-31119/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən xx.xx.2005-ci il tarixində ona 1983-1994-cü illərdə Masallı rayon Tüklə sovxozunun inzibati binasının yanması səbəbi ilə şahid ifadələri üzrə protokola əsasən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə pensoyasının ödənişi davam etdirərək xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblərdən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, idarə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Xidməti araşdırma zamanı əlilliyə görə pensiya təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Yanğın aktının, şahid ifadəsi verənlərin əmək kitabçasının və qeyd olunan rayonun işğal rayonu olmaması səbəbindən sözügedən dövrün sığorta stajına şahid ifadələri ilə hesablanması qanunauyğun hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəki üç il üçün ödənilməklə, aylıq müavinətlər ( vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Ona xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat xx.xx.2022-ci il tarixinədək xx.xx.2022-ci il tarixinədək 180 manat, xx.xx.2023-cü il tarixindən 220 manat məbləğindən olmaqla əlilliyə görə sosial müavinət təyin olunub. Tətbiq edilən hüquq. 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Pensiyaların təyin edilməsi halları. Əlillik qrupları Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); v) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən “Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında” təlimata uyğun müəyyən olunur. Maddə 25. Pensiyaların təyin edilməsi şərtləri Əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 26 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir. Əgər müvafiq, yaş qrupu üçün lazımi iş stajı toplanmışdırsa və növbəti yaş qrupuna keçərkən iş davam etdirilmişdirsə, növbəti yaş qrupu üçün qoyulmuş tələblərdən asılı olmayaraq staj haqqında şərt yerinə yetirilmiş sayılır. Əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə görə pensiyadan ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyaya keçirilən şəxslərin lazımi iş stajı əlilliyin əvvəlcə müəyyən edildiyi vaxtadək olan yaş üzrə müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (hazırda qüvvədə olan redaksiyada): Maddə 1. Əsas anlayışlar. 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. ... Maddə 3. Əmək pensiyası təminatı hüququ. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: ... 4.1.2. əlilliyə görə əmək pensiyası. ... Maddə11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ...... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya əlillik dərəcəsi xx.xx.2005-ci il tarixdən təyin edilmiş və həmin tarixdən də iddiaçıya əlilliyə görə əmək pensiyası (xx.xx.2005-ci il tarixdən) təyin olunmuşdur. 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun təhlili onu göstərir ki, 23 yaşından sonra əlil olmuş sığorta olunana əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün o, 1 il sığorta stajına malik olmalı idi. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 01 il iş stajı tələb olunurdu. Masallı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq olunmuş “Tüklə” sovxozunda komissiya tərəfindən əmək stajı müəyyən edilmiş fəhlə və qulluqçuların siyahısındakı qeydə əsasən xx.xx.2005-ci il tarixədək (əlilliyə görə əmək pensiyası təyin olunan günədək) onun 11 il əmək stajı olmuşdur. İddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır və buna səbəb kimi, aparılan araşdırma zamanı iddiaçının tələb olunan sığorta stajına malik olmadığına (1983-1994-cü illərdə Masallı rayon Tüklə sovxozunun inzibati binasının yanması səbəbindəniddiaçıya əlilliyə görə əmək pensiyası şahid ifadələri üzrə protokola əsasən təyin edilmişdir) görə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Lakin iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqanın iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətdirilmədən cavabdeh inzibati orqan əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunan əsaslar ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Məhkəmə hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. İşin araşdırılan hallarından isə müəyyən olunur ki, cavabdeh tərəfindən aparılan araşdırmanın (pensiya təyinin qanuniliyinin yoxlanılmasının) diskresion səlahiyyətlər çərçivəsində, yaxud qanundan irəli gələn hallarla əlaqəli həyata keçirilməsi məsələsini araşdırmamış və iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunmasının əsaslarını qanunla nəzərdə tutulan əsasların mövcudluğuna qiymət verməmişdir. Bu zaman isə qanunla nəzərdə tutulan diskresion səlahiyyət həddi cavabdeh orqan tərəfindən aşılmasına əsas olmuşdur. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan bu qərarın 37-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. “İnzibati icraat haqqında “ Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-nin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5 İradə Taryel qızı barəsində qəbul etdiyi “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar