Məhkəmə qərarları › İş №2-1(120)-2766/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2766/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2766/2025 17.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh 2-153/2004 nömrəli, 17 iyun 2004-cü il tarixli qətnaməsinin surətinə qanuni qüvvəsini alması barədə qeydin daxil edilməsi, Cavabdeh 2-25/2003 nömrəli, 08 sentyabr 2003-cü il tarixli qətnaməsinin və bu iş materiallarında olan aqrar islahat komissiyasının xx.xx.1997, xx.xx.1999 və xx.xx.1999-cu il tarixli qərarlarının təsdiq edilmiş surətlərinin onlara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh 2-153/2004 nömrəli, 17 iyun 2004-cü il tarixli qətnaməsinin surətinə qanuni qüvvəsini alması barədə qeydin daxil edilməsi, Cavabdeh 2-25/2003 nömrəli, 08 sentyabr 2003-cü il tarixli qətnaməsinin və bu iş materiallarında olan aqrar islahat komissiyasının xx.xx.1997, xx.xx.1999 və xx.xx.1999-cu il tarixli qərarlarının təsdiq edilmiş surətlərinin onlara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh 2-153/2004 nömrəli, 17 iyun 2004-cü il tarixli qətnaməsinin surətinə qanuni qüvvəsini alması barədə qeydin daxil edilməsi, Cavabdeh 2-25/2003 nömrəli, 08 sentyabr 2003-cü il tarixli qətnaməsinin və bu iş materiallarında olan aqrar islahat komissiyasının xx.xx.1997, xx.xx.1999 və xx.xx.1999-cu il tarixli qərarlarının təsdiq edilmiş surətlərinin onlara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2004-cü ildə İddiaçı1 tərəfindən qaldırılmış iddia üzrə, DTXK-nin Sabirabad Rayon Şöbəsinə qarşı “DTXK-nin Sabirabad Rayon Şöbəsinin müdiri Mahmud İsrafilovun hərəkətlərindən şikayətə dair” mülki iş olmuş və bu iş üzrə Cavabdeh tərəfindən 17 iyun 2004-cü il tarixli 2-153/2004 nömrəli məhkəmə qətnaməsi çıxarılmışdır. Bu qətnamədən verilmiş apellyasiya şikayətində (2(106)07/08 nömrəli 20 fevral 2008-ci il tarixli iş) X2 Məhkəməsi tərəfindən üçüncü şəxs kimi prossesə cəlb edilmişdir. Cavabdeh 2-153/2004 nömrəli, 17 iyun 2004cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəmsinin MİÜMK-nın 19 oktyabr 2004-cü il tarxili 1MK-4443 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 6k-2328 13 oktyabr 2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 19 oktyabr 2004-cü il tarxli 1MK-4443 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün X2 Məhkəməsinə göndərilmişdir. X2 Məhkəməsinin 2(106)07/08 nömrəli 20 fevral 2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh 2- 153/2004 nömrəli, 17 iyun 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X1 Apellyasiya Məhkəməsinin 2(106)07/08 nömrəli 20 fevral 2008-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 2(102)1859/08 nömrəli, 03 iyul 2008-ci il tarixli qərarı ilə X2 Məhkəməsinin 2(106)07/08 nömrəli 20 fevral 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə eyni predmet üzrə atası Babaşov Rasim İsrayıl oğlunun DTXK-nın Sabirabad Rayon Şöbəsinə qarşı “DTXK-nin Sabirabad Rayon Şöbəsinin müdiri Mahmud İsrafilovun hərəkətlərindən şikayətə dair” mülki iş olmuş və bu iş üzrə Cavabdeh tərəfindən 2-25/2003 nömrəli 08 sentyabr 2003-cü il tarixli qətnamə çıxarılmışdır. Atası Babaşov Rasim İsrayıl oğlu xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Xüsusi mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hazırda məhkəmə mübahisəsi vardır. Yuxarıda qeyd etdiyi məhkəmə qərarlarında, bu mübahisə ilə bağlı bəzi sənədlərin, o cümlədən məhkəmə qətnamələrinin sübut kimi məhkəməyə təqdim edilməsi zərurəti yaranmışdır. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Cavabdehnə rəsmi müraciətləri olmuş, bu müraciətə ümumiyyətlə cavab verilməmiş, təkrarən xx.xx.2024-cü il tarixdə yenidən rəsmi müraciət edilmiş və yenə də müraciətlərinə heç bir cavab verilməmişdir. Məhkəməyə 20 dəfədən çox gedərək mövcud məsələ ilə bağlı sədrlə görüşmək cəhdləri də baş tutmamışdır. Sonradan Sabirabad Rayon Dövlət Arxivinə gedərək bu sənədlərin əldə edilməsi ilə bağlı müraciət etmiş və 2-153/2004 nömrəli məhkəmə işindən, Cavabdeh 2-153/2004 nömrəli, 17 iyun 2004-cü il tarixli, X2 Məhkəməsinin 2(106)07/08 nömrəli 20 fevral 2008-ci il tarixli və Ali Məhkəməsinin MİÜMK-nın 2(102)1859/08 nömrəli, 03 iyul 2008-ci il tarixli qətnamələri surəti təsdiqlənərək ona verilib. Lakin arxiv işçiləri Cavabdeh 2-25/2003 08 sentyabr 2003-cü il tarixli qətnaməsini tapa bilmədiklərini bildirdilər. Səbəb kimi onu qeyd etdilər ki, məhkəmənin arxiv işçisi 20 ilin işlərini yeni gətirmiş, boş otağa nizamsız və kor təbii şəkildə boşaldaraq getmiş, ona görə də işləri tapmaqda çətinlik çəkirlər. Sabirabad Rayon Dövlət Arxivi tərəfindən surəti təsdiqlənərək ona verilən Cavabdeh 2-153/2004 nömrəli, 17 iyun 2004-cü il tarixli qətnaməsində qanuni qüvvəsini alması barədə qeyd olmadığından bununla bağlı Cavabdehnə 10 dəfədən çox getməyinə baxmayaraq, onlar üstündən 20 il keçdiyini əsas gətirərək bu qətnaməyə qanuni qüvvəsini alması barədə qeyd (möhür) daxil etmək barədə müraciətinə imtina edirlər. Halbuki o, onlara Ali Məhkəmənin də qərarını təqdim edərək bu qətnamənin qüvvəsini aldığını dəfələrlə bildirmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə mümkünlük iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə təeəflərə məlumat verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılması və qərardad qəbul edilməsini mümkün saydı. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı ilə cavabdeh orqan arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. Başqa sözlə,hazırkı halda iddiaçılar Cavabdeh 2-153/2004 nömrəli, 17 iyun 2004-cü il tarixli qətnaməsinin surətinə qanuni qüvvəsini alması barədə qeydin daxil edilməsi, Cavabdeh 2-25/2003 nömrəli, 08 sentyabr 2003-cü il tarixli qətnaməsinin və bu iş materiallarında olan aqrar islahat komissiyasının xx.xx.1997, xx.xx.1999 və xx.xx.1999-cu il tarixli qərarlarının təsdiq edilmiş surətlərinin onlara verilməsini xahiş edirlər ki, həmin sənədlərin və qətnamənin onlara təqdim edilməsi aktı çıxarmış məhkəmənin səlahiyyətindədir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxsdir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Lakin, qeyd edilən qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və mülki hüquqi qaydada həyata keçirdiyi fəaliyyətinə şamil olunmur. Göründüyü kimi, inzibati orqanların bütün fəaliyyəti deyil, məhz inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Göründüyü kimi, inzibati məhkəmə icraatının predmetini inzibati hüquqi mübahisə təşkil edir. Mübahisənin inzibati xarakterli olması və inzibati məhkəməyə aidiyyəti üçün ilk növbədə cavabdeh qismində inzibati orqan (habelə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs) çıxış etməli, eləcə də mübahisə inzibati orqanın publik (ümumi) hüquq sahəsində həyata keçirdiyi fəaliyyət sahəsində yaranmalıdır. Bu ilkin şərtlərin olmaması inzibati mübahisənin də mövcudluğunu istisna edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 1-ci hissəsinə əsasən hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. Şəxslər məhkəmələrin ədalət mühakiməsini həyata keçirərkən qəbul etdikləri qərarların qanuniliyinin yoxlanılmasına qanunla müəyyən edilmiş müddətdə və qaydada yuxarı instansiya məhkəmələrinə verdikləri şikayətlərə əsasən nail ola bilərlər. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı fəaliyyəti deyil, inzibati idarəçiliyin tənzimlənməsinə yönələn fəaliyyətləri inzibati mübahisənin predmeti ola bilər. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi əsasları və qaydası isə xüsusi qanunla tənzimlənmişdir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə tərəfindən iddiaçılara 19 fevral 2025-ci il tarixli, 2-1(120)-2766/2025 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq iddia tələbinin mümkünlük şərtləri ətraflı şəkildə izah olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh 2-153/2004 nömrəli, 17 iyun 2004-cü il tarixli qətnaməsinin surətinə qanuni qüvvəsini alması barədə qeydin daxil edilməsi, Cavabdeh 2-25/2003 nömrəli, 08 sentyabr 2003-cü il tarixli qətnaməsinin və bu iş materiallarında olan aqrar islahat komissiyasının xx.xx.1997, xx.xx.1999 və xx.xx.1999-cu il tarixli qərarlarının təsdiq edilmiş surətlərinin onlara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar