Məhkəmə qərarları › İş №2-1(120)-2768/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2768/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2768/2024 20.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “başqa şəxsin adına keçirilmiş 2015-2021-ci illərdə yığdığı sığorta kapitalının öz hesabına qaytarılması və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma mərkəzinə qarşı “başqa şəxsin adına keçirilmiş 2015-2021-ci illərdə yığdığı sığorta kapitalının öz hesabına qaytarılması və pensiyasının yenidən hesablanması tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində qeyd olunan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əsl cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsi ilə əvəz edilməsini, digər cavabdeh Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialının cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir.Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialının nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, İddiaçı, cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə İddiaçı, cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsinin və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı ərizə ilə müraciət edərək iddia tələbinin məhkəmə iclasına qədər təmin edildiyi üçün ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən İPM-in 23, 55, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “başqa şəxsin adına keçirilmiş 2015-2021-ci illərdə yığdığı sığorta kapitalının öz hesabına qaytarılması və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar