Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-278/2021 02.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 10 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 10 saylı regional ərazi filialına qarşı «08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixə kimi işlədiyi dövrlərin sığorta stajı kimi qəbul edilərək hüququnun yarandığı 05.07.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X8 Saatlı rayon filialına qarşı “əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-278/2021 nömrəli 09 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X8 Saatlı rayon filialına qarşı “əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Saatlı rayon filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 10 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-278/2021 nömrəli 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbinə “08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixə kimi işlədiyi dövrlərin sığorta stajı kimi qəbul edilərək hüququnun yarandığı 05.07.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, onun “08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixə kimi işləməsi əmək kitabçasında qeyd olunduğu üçün onun, həmin illər nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin pensiya təyin edilməməsi ilə bağlı hərəkətlərini (hərəkətsizliyini) qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin 10.07.2020-ci il tarixli, **********2 nömrəli məktubun məzmunundan müəyyən olunur ki, iddiaçının əmək kitabçasında əmək pensiyası təyin edilməsi üçün əsas götürülmüş bəzi dövrlərin sosial sığorta stajları üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sübutların mövcud olmadığını əsas gətirərək, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, ödəniş qəbzini, NT-İ ******* nömrəli əmək kitabçasının əslini və notarial qaydada təsdiq olunmuş surətini, yaşayış yerindən arayışını, Dövlət Sosial Müdafiə X11 Şəxsin Saatlı rayon filialının 25.09.2020-ci il tarixli, **********6 nömrəli arayışını, NZ ******* nömrəli hərbi biletin əslini, əlillik arayışından çıxarışını, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29.06.2021-ci il tarixli, **********31 nömrəli məktubuna, Saatlı rayon Dövlət Arxivinin 01.12.2020-ci il tarixli, 66 nömrəli məktubuna və ona əlavə edilmiş sənədlərə, Dövlət Sosial Müdafiə Fondu X8 10 saylı regional ərazi filialının Saatlı rayon qəbul şöbəsinin 17.12.2020-ci il tarixli, **********3 nömrəli etirazın və etiraza əlavənin, Saatlı rayon İcra Hakimiyyətinin 07 aprel 2021-ci il tarixli, 03/875 nömrəli məktubuna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08.04.2021-ci il tarixli, **********765000 nömrəli məktubuna, Saatlı rayon Dövlət Arxivinin 03.05.2021-ci il tarixli, 43 nömrəli məktubuna, 1976-2005-ci illərə” dair “X12” zavodu üzrə əmr kitabından çıxarışa, Saatlı rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, Q-31/194 nömrəli məktubuna əlavə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. İddiaçının əlil olması işin mübahisəsiz halıdır, bununla belə iddiaçının əlil olmasına dair iş materiallarında sübutlar vardır. İddiaçı 08.01.1969-cu il təvəllüdlüdür və o, 05 iyul 2019-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən üçüncü dərəcəli əlil hesab edilmişdir. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən ötrü 11 il 8 ay sığorta stajının olması tələb olunur. Onun əlilliyinə uyğun tələb olunan sığorta stajına malik olması, iş materiallarında olan NT-İ ******* nömrəli əmək kitabçası və hərbi bileti ilə təsdiq olunur. Lakin, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixə kimi Saatlı rayon X1nda işlədiyi dövrlər mübahisələndirilir. Həmin dövrlərinin cəmi 6 il 11 ay 13 gün təşkil edir. Həmin dövrlər nəzərə alınmadıqda iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı kifayət etmir. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının 08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixə kimi Saatlı rayon X1nda işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında göstərilən digər iş illəri və hərbi xidmət illəri və s.) mübahisə edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajını təsdiq edilməsində mötəbər sübut kimi qiymətləndirərək, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.2.1ci maddəsinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Beləliklə, hazırkı iş üzrə iddiaçının 08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixinə kimi işləməsi, əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr bütünlüklə iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması, iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan NT-İ ******* nömrəli əmək kitabçasının əslindən və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixə kimi Saatlı rayon X1nda və digər müəssisələrdə işləmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə X11 Şəxsin Saatlı rayon filialının 25.09.2020-ci il tarixli, **********6 nömrəli arayışından görünür ki, Saatlı şəhər sakini İddiaçı Dövlət Sosial Müdafiəsi Fondunun PHŞ-nin Saatlı rayon filialından üçüncü dərəcəli əlilliyə görə 01.12.2019-cu il tarixdən 05.07.2024-cü il tarixədək aylıq 110 manat məbləğində sosial müavinət təyin edilmişdir. İş materiallarında olan əlillik arayışından çıxarışdan görünür ki, İddiaçı 05.07.2019-cu il tarixdən 05.07.2024-cü il tarixədək üçüncü dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu X8 10 saylı regional ərazi filialının Saatlı rayon qəbul şöbəsinin 17.12.2020-ci il tarixli, **********3 nömrəli etirazında qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında 08.01.1969-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Saatlı rayon filialının üzərinə qoyulması barədə iddia tələbi vardır. 01 yanvar 2006-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması Qaydalarının 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası 1-ci qrup əlillərə ümumulikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaş İddiaçı əmək kitabçasına əsasən sığorta stajı 17 il 5 ay 16 gün təşkil etmişdir. ******* saylı hərbi biletiə əsasən İddiaçı 2 il 28 gün hərbi xidmətdə olmuşdur. Beləliklə vətəndaşın əliliyə görə əmək pensiyasının təyin olunmasından ötrü tələb olunan 11 il 8 ay sığorta stajına qarşı cəmi 19 il 6 ay 7 gün sığorta stajı yaranmışdır. Vətəndaşın mübahisəli sığorta stajı Saatlı rayonu X1nda işlədiyi 6 il 9 ay 8 gün olduğu üçün əliliyə görə əmək pensiyasının təyin edilməsinə görə nəzərə alınan sığorta stajı 12 il 8 ay 29 gün, nəzərə alınmayan sığorta stajı isə 6 il 9 ay 8 gün təşkil edir. Həmin nəzərə alınmayan 6 il 9 ay 8 gün sığorta stajı nəzərə alınarsa İddiaçı əlilliyə görə əmək pensiyası hüququ əldə edir. İddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün, yəni tələb olunan 16800 manat pensiya kapitalına qarşı iddiaçının 14089 manat 18 qəpik pensiya kapitalı vardır. Buna görə də qanunvericiliyə görə iddiaçının əmək pensiyası hüququ mövcud deyildir. İddiaçı əmək kitabçasında 08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixə kimi Saatlı rayon X1nda işləməsi göstərilsə də həmin kombinatın şöbədə mövcud olan hesabat məlumatlarına əsasən təşkilat 01.07.1995-ci il tarixə kimi fəaliyyət göstərmişdir. Beləliklə İddiaçı 19 il 6 ay 7 gün sığorta stajı olmasına baxmayaraq yuxarıda göstərilən səbəblərə görə onun əlilliyə görə əmək pensiyası hüququ mövcud deyildir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməyi Sizdən xahiş edirik. İş materiallarında olan etiraza əlavədə qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır. Aşağıda qeyd edilən hüquqi və faktiki əsaslara görə hesab edirik ki, icraatınızda olan 2-1(120)-202/2021 nömrəli iş üzrə iddia tələbi tamamilə, əsassızdır və təmin edilməməlidir: 1) Qeyd etməyi zəruri hesab edirik ki, “X12” zavodunun mübahisələndirilən illər ərzində (1999-2005) dövlət qeydiyyatının və fəaliyyətinin olub- olmaması, arxiv sənədlərinin saxlanılıb-saxlanılmaması barədə müxtəlif dövlət orqanlarına məhkəmə tərəfindən sorğular ünvanlanmış və nəticədə məlum olmuşdur ki, həmin dövrdə sözügedən zavodun dövlət qeydiyyatı olmamış, sənədləri arxivə təhvil verilməmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə ünvanlandığı məktubda qeyd edilmişdir ki, X12 zavodu hüquqi şəxs statusuna malik olmayaraq müstəqil fəaliyyət göstərməmişdir. Keçmiş Azərkəndtikinti Dövlət Şirkətinin tabeliyində olmuş Saatlı Layihə Kəndtikinti Kombinatının balansında olan Beton Məmulatları sexi istehsal sahəsi kimi 1994-cü ildən fəaliyyət göstərməmiş və 07.11.2006-cı il tarixdə özəlləşdirilmişdir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçının əmək kitabçasında işəgötürən qismində müstəqil hüquqi şəxs statusuna malik olmayan “X12” zavoduna aid qeydin olması əsaslı şübhələr doğurur. 2) İşlə bağlı açılmış cinayət işinin materiallarında əks olunan sübutların qiymətləndirilməsi barədə qərarda qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərin saxtalığının sübutların kifayətsiziiyi səbəbindən təsdiq olunmaması təqsirsizlik prezumpsiyası məqsədləri üçün şəxs barədə açılmış cinayətin işinin xitam olunması üçün əsasdır, lakin bu inzibati icraat məqsədləri üçün həmin qeydlərin mötəbər olması nəticəsinə gəlmək üçün əsas deyildir. Bundan başqa, şəxsin faktiki olaraq həmin müəssisədə işləməsi faktı sübuta yetirilsəydi belə, hazırkı halda aşağıdakı səbəblərə görə həmin qeydlərin iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi üçün etibarlı hesab oluna bilməz: “Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanununun (1 iyul 1994-cü il tarixli) 18-ci maddəsi müəssisələrin qeydiyyata alınması ilə bağlı münasibətləri tənzimləyir və həmin maddənin tələbinə əsasən qeydə alınmayan müəssisənin fəaliyyəti qadağandır. Qeydə alınmayan müəssisənin fəaliyyətindən əldə edilən gəlir qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qərarı ilə alınır və yerli büdcəyə köçürülür. Qeyd edilən qanunvericilik normalarının qarşılıqlı təhlilindən aydın olur ki, müəssisə faktiki olaraq fəaliyyət göstərmiş olsaydı belə, (hansı ki, həmin zavodun həmin dövrdə fəaliyyəti ümumiyyətlə, mövcud olmamışdır) qeydiyyata alınmadığı dövrdəki fəaliyyəti qanunsuzdur. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81 və 83 maddələrini nəzərə alaraq, icraatınızda olan İddiaçı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Saatlı rayon İcra Hakimiyyətinin 07 aprel 2021-ci il tarixli, 03/875 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Saatlı rayon filialına qarşı “əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işlə əlaqədar X12 Zavodunun 1999- 2005-ci illərdə və hal-hazırda qeydiyyatının və fəaliyyətinin olub-olmaması,həmin müəssisənin sözügedən illərdə sosial sığorta, vergi ödənişlərini ödəyib-ödəməməsi barədə məhkəməyə təqdim edilməsi barədə məktubunuza baxılmışdır. Bildiririk ki, məsələ ilə bağlı bir sıra aidiyyəti təşkilatlara, o cümlədən rayon Dövlət Arxivinə və Dövlət Sosial Müdafiə X11 şəxsin 10 saylı Regional ərazi filialının Saatlı rayon qəbul şöbəsinə sorğu verilmişdir. Belə ki, sorğu əsasında rayon Dövlət Arxivindən verilmiş məlumatda Şirvan İnzibati Məhkəməsinin sözügedən məsələ ilə bağlı müraciətinə 1 dekabr 2020-ci il tarixli 66 nömrəli məktubla cavab verildiyi və X12 Zavodu tərəfindən rayon Dövlət Arxivinə heç bir sənəd təhvil verilmədiyi bildirilmişdir. Eyni zamanda, Dövlət Sosial Müdafiə X11 şəxsin Saatlı rayon qəbul şöbəsindən daxil olmuş məlumatda X12 Zavodunun 01.01.1993-cü il tarixdən 01.07.1995-ci il tarixə kimi, yəni 2 il 6 ay müddətində dövlət sosial sığorta haqlarının ödənilməsi barədə Şöbəyə hesabat verdiyi və 1999-2005-ci illərdə X12 Zavodunun dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hesabatı təqdim olunmadığı bildirilmişdir. Bununla yanaşı bildiririk ki, X12 Zavodunun hal-hazırda fəaliyyəti olmamaqla İdarənin vergi ödənişi ilə bağlı Saatlı rayon İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Saatlı rayon Dövlət Arxivinin 03.05.2021-ci il tarixli, 43 nömrəli məktubunda qeyd olunmuşdur ki, Saatlı rayon X1 Saatlı rayon Dövlət Arxivinə saxlamaq üçün sənəd təhvil vermədiyi üçün İddiaçı işləyib-işləməməsini aşkar etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29.06.2021-ci il tarixli, **********31 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin iş üçün zəruri olan “X12” zavodunun 08.01.1999 - 21.12.2005-ci illəri əhatə edən bir sıra məlumat və sənədlərin Şirvan İnzibati Məhkəməsinə təqdim edilməsi ilə bağlı 20 aprel 2021-ci il tarixli, 2-1(120)-278/2021 nömrəli müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “X12” zavodu Azərbaycan Respublikasının Mülki məcəlləsinin 43.1-ci maddəsinin tələblərinə uyğun olan hüquqi şəxs statusuna malik olmayıb və müstəqil fəaliyyət göstərməmişdir. Belə ki, keçmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş ünvan 3 ünvanında yerləşən “Saatlı Layihə Kəndtikinti Kombinatı”nın balansında olan Beton Məmulatları sexi istehsal sahəsi kimi 1994-cü ildən fəaliyyət göstərməmişdir. Eyni zamanda həmin Beton məmulatları sexi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 6.8-ci bəndinə uyğun olaraq hərraca çıxarılmış və 07.11.2006-cı il tarixdə keçirilmiş hərracda əmək kollektivinin üzvü X6 tərəfindən özəlləşdirilmişdir. İş materiallarında olan “1976-2005-ci illərə” dair “X12” zavodu üzrə əmr kitabından çıxarışdan görünür ki, İddiaçı 21.12.2005-ci il tarixdə 32 nömrəli əmrlə ərizəsinə əsasən Dəmir Beton zavodunda fəhlə işindən azad edilmişdir. İş materiallarında olan Saatlı rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, Q- 31/194 nömrəli məktubu ilə göndərilmiş 1(055)-32/2020 saylı cinayət işinin materialında olan “Sübutların qiymətləndirilməsi barədə” 06 may 2020-ci il tarixli qərarında (31-ci vərəqin 5-ci abzası, 32-ci vərəqin 1-ci abzası və 33-cü vərəqin 3-cü abzasında) qeyd olunur ki, “...Bundan başqa Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsində 2019-cü ilin yanvar, aprel və may ayları ərzində pensiya təyinatı aparılmış 52 şəxsin (o cümlədən İddiaçı) əmək kitabçalarındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Belə ki, istintaq zamanı çoxsaylı istintaq hərəkətlərinin aparılmasına və aidiyyəti dövlət orqanlarına sorğular verilib cavablar alınmasına baxmayaraq uzun müddət keçməsi, müəssisə ilə bağlı zəruri sənədlərin arxiv fondlarında belə mükəmməl şəkildə qalmaması səbəbindən adları yuxarıda qeyd edilən şəxslərin əmək kitabçalarında qeyd edilmiş iş yerlərində işləyib-işləməmələrini sübuta yetirmək mümkün olmamış, ümumiyyətlə işləmələrini şübhə altına alan sübutlar, habelə həmin şübhələri aradan qaldıran sənədlər aşkar edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı təqsirliliyi, ümumiyyətlə onlara təyin edilmiş pensiyanın qanunsuzluğu sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilməlidir. Məhkəmə onu da qeyd ki, cavabdeh inzibati orqanın etirazında və etiraza əlavəsində göstərdiyi dəlillər üzrə cinayət işinin istintaqı zamanı tam araşdırma aparılmış və həmin xüsusatlara sözügedən qərarda qiymət verilmişidr. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə, daha doğrusu iddia tələbində göstərdiyi dövrlərə uyğun həmin müəssisədə işləməsi və əmək kitabçasının düzgünlüyü tam sübuta yetirilir. Odur ki, məhkəmə iddiaçının 08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixə kimi işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1ci bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı da, 08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixə kimi Saatlı rayon X1nda və digər müəssisələrdə işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmişdir. Cavabdeh isə qanunsuz olaraq, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının 08.01.1999-cu il tarixdən 21.12.2005ci il tarixə kimi işləməsi və digər iş illəri iddiaçıya məxsus NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisə tərəfindən sənədlərin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud fəaliyyətinə dair hesabatları vaxtlı-vaxtında aidiyyatı qurumlara təqdim etməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Başqa sözlə, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud müəssisənin fəaliyyətinə dair sənədlərin müəssisə tərəfindən düzgün təşkil edilməməsi, həmin işlərə görə heç bir cavabdehlik daşımayan, həmin müəssisədə fəhlə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Beləliklə də məhkəmə müəyyən etdi ki, iddiaçı 08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixə kimi işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, hüququnun yarandığı 05.07.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin olunsun. İddiaçı 08.01.1999-cu il tarixdən 21.12.2005-ci il tarixə kimi işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 05.07.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 10 saylı regional ərazi filialına həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-278/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-278/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver