Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2785/2025 12.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “mərhum əri X3 güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və hüququ yarandığı xx.xx.2010-cu il tarixdən əlillik təyin edildiyi xx.xx.2014-cü il tarixə kimi ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsinin və xx.xx.2014-cü il tarixdən vəfat etdiyi xx.xx.2014-cü il tarixə kimi yenidən hesablanaraq yaranmış fərqin, pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X7 həqiqətən də xx.xx.1975-xx.xx.1980-ci il tarixə (Əmr № 33/k) kimi “X13-Piy Zavodu”-da “5-ci dərəcəli çlingər”, xx.xx.1980-ci il tarixdən (Əmr № 43/k) xx.xx.1987-ci il tarixə (Əmr № 22/k) kimi həmin zavodda dəmir-yol sahəsinə “5-ci dərəcəli maşinist-teplovoz”, xx.xx.1988-ci il tarixdən (Əmr № 9-k) xx.xx.1994-cü il tarixə (Əmr № 2/k) kimi “X13-Piy Kombinatı”-nda “5ci dərəcəli maşinist-teplavoz”, xx.xx.1994-cü il tarixdən (Əmr № 39/k) xx.xx.2000-ci il tarixə kimi həmin kombinatda “maşinist-teplavozçu”, xx.xx.2001-ci il tarixdən (Əmr № 48/k) xx.xx.2002-ci il tarixə (Əmr № 13/k) kimi “X13-Piy ATSC”-də “çiyid sexi”-ndə “yükləyici”, xx.xx.2002-ci il tarixdən (Əmr № 36/k) xx.xx.2003-cü il tarixə (Əmr № 17/k) kimi həmin cəmiyyətdə “nəqliyyat sahəsi”-ndə “teplavozçu-maşinist”, xx.xx.2003-cü il tarixdən (Əmr № 33/k) xx.xx.2004-cü il tarixədək (Əmr № 16/k) “teplavozçu-maşinist”, xx.xx.2004-cü il tarixdən (Əmr № 47/k) xx.xx.2005-ci il tarixə (Əmr № 39/k) kimi həmin cəmiyyətdə “nəqliyyat sahəsi”-ndə “sürücü”, xx.xx.2005-ci il tarixdən (Əmr № 60/k) xx.xx.2006-cı il tarixə kimi “nəqliyyat sahəsi”-ndə “yükləyici”, xx.xx.2008-ci il tarixdən (Əmr № 33/k) xx.xx.2009-cu il tarixə (Əmr № 02/k) kimi “teplavozçu-maşinist”, xx.xx.2009-cu il tarixdən (Əmr 01/k) xx.xx.2009-cu il tarixə (Əmr № 13/k) kimi "xxxx" MMC-nin “Şirvan Yağ-Piy” filialında “teplovoz-maşinist” peşələrində işləmişdir. Onun işlədiyi peşələr ağır və zərərli iş stajı olduğuna görə hesab edir ki, ona 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi 25 ildən çox (27 il 10 ay 27 gün) və 12 il 06 aydan çox (25 il 01 ay 12 gün) güzəştli iş stajı olduğuna görə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısına əsasən xx.xx.2010-cu il tarixdən, 57 yaşından hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin mərhum əri X7 hüququ yarandığı 2010-cu il tarixdə ərizə ilə DSMF-nun Hacıqabul rayon şöbəsinə ərizə ilə müraciət etmişdir, amma həmin tarixdə ona imtina etmişlər, həmçinin xx.xx.2014cü il tarixdə böyrək çatışmamazlığı (dealiz) xəstəliyinə tutulduqdan sonra ona əlillik təyin edildiyi vaxtda da onun güzəştli iş stajı olduğu halda, lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Və DSMF-nin Hacıqabul rayon şöbəsi tərəfindən mərhum ərinə əlillik pensiyası təyin edilməsinə üstünlük verdiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Lakin uzun sürən xəstəliyinə görə mərhum əri X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Halbuki, mərhum əri X4 işlədiyi peşələr ağır iş stajı olduğuna görə ona xx.xx.2010-cu il tarixdən, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmədiyindən, bu səbəbdən də arvadı İddiaçı hüquqi varisi olaraq ərinin haqqı olduğu üçün ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə cavabdehə ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Onun cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə əmək kitabçasının əslinin, arxiv arayışının, şəxsiyyət vəsiqəsinin, hərbi biletin, nikah haqqında şəhadətnamənin, atesstatın, əmək kitabçasının, ölüm haqqında şəhadətnamənin notarial təsdiq edilmiş sürətinin, SOCAR-ın arayışın və MKTİK MMC-nin “Şirvan Yağ-Piy” filialının güzəştli arayışının əlavə edilərək o, iddiaçının mərhum ərinə xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunuun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh ona xx.xx.2025-ci il tarixli, 3-17- 1/2-Ə-4275/2024 №-li məktubla cavab verərək təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi mərhum əri Əbülfəz Əhmədovun qanunvericiliklə tələb olunan güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilən ailə başçısının itiriməyə görə əmək pensiyasının ərizədə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. O, yuxarıda qeyd edilənlərə əsasən cavabdehin imtinasından narazı qaldığı üçün mərhum ərinin sosial təminat hüququnun bərpa edilməsi üçün məhkəmə müdafiəsinə söykənərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldı. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən mən iddiaçının mərhum ərinin xx.xx.2006-cı il tarixə kimi ümumi 25 ildən çox (27 il 10 ay 27 gün) və 12 il 06 aydan çox (25 il 01 ay 12 gün) güzəştli iş stajımın olduğu üçün hesab edir ki, onun mərhum əri X4 xx.xx.2010-cu il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh onun mərhum ərinin xx.xx.2006-cı il tarixə kimi 12 il 06 ay güzəştli iş stajının olmadığını və həmçinin yenidən hesablanmanın qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə yenidən hesablanıb yaranmış fərqin ödənilməsindən imtina etmişdir. Lakin hesab edir ki, cavabdeh maddi hüquq normalarının tətbiqi baxımından səhvə yol verir. Cavabdehin onun mərhum ərinin ümumi iş stajı qəbul etdiyindən, ona görə də ümumi iş stajına olan hissəyə münasibət bildirməyəcək, lakin cavabdehin onun mərhum ərinin güzəştli iş stajına olan münasibətinə gəldikdə isə onu bildirir ki, cavabdeh güzəştli iş stajının hesablanmasında səhvə yol vermişdir. Belə ki, mərhum əri X3 işlədiyi xx.xx.1980-ci il tarixdən (Əmr № 43/k) xx.xx.1987-ci il tarixə (Əmr № 22/k) kimi həmin zavodda dəmir-yol sahəsinə “5-ci dərəcəli maşinist-teplovozçu”, xx.xx.1988-ci il tarixdən (Əmr № 9-k) xx.xx.1994-cü il tarixə (Əmr № 2/k) kimi “teplavozçu-maşinist” “5-ci dərəcəli maşinist-teplavozçu”, xx.xx.1994-cü il tarixdən (Əmr № 39/k) xx.xx.2000-ci il tarixə kimi həmin kombinatda “maşinistteplavozçu”, xx.xx.2001-ci il tarixdən (Əmr № 48/k) xx.xx.2002-ci il tarixə (Əmr № 13/k) kimi “X13-Piy ATSC”-də “çiyid sexi”-ndə “yükləyici”, xx.xx.2002-ci il tarixdən (Əmr № 36/k) xx.xx.2003-xx.xx.2003-cü il tarixə (Əmr № 17/k) kimi həmin cəmiyyətdə “nəqliyyat sahəsi”ndə “teplavozçu- maşinist”, xx.xx.2003-cü il tarixdən (Əmr .№ ,33/k) xx.xx.2004-cü il tarixədək (Əmr № 16/k) “teplavozçu-maşinist”, xx.xx.2005-ci il tarixdən (Əmr № 60/k) xx.xx.2006-cı il tarixə kimi “nəqliyyat sahəsi”-ndə “yükləyici”, xx.xx.2008-ci il tarixdən (Əmr № 33/k) xx.xx.2009-cu il tarixə (Əmr № 02/k) kimi “teplavozçu-maşinist”, xx.xx.2009-cu il tarixdən (Əmr 01/k) xx.xx.2009-cu il tarixə (Əmr № 13/k) kimi "xxxx" MMC-nin “Şirvan Yağ- Piy” filialında “teplovoz-maşinist” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”-nın XXİİ. YEYİNTİ SƏNAYESİ: 2. Yağ ekstraksiyası istehsalı bəndinin a) fəhlələr; yeyinti məhsulu “yükləyiciləri-boşaldıcıları (2240200a—12100)” kodu ilə və həmin siyahının XXVİİİ. Nəqliyyat: Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri; “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri (23001000— 14241)” kodu ilə qeyd edilmişdir və həmin peşələrə uyğundur. Onun mərhum əri X3 işlədiyi “X13-Piy Kombinatı”-nda (hal-hazırkı "xxxx" MMC-nin “Şirvan Yağ-Piy” filialın) “çiyid sexi”-ndə, “nəqliyyat sahəsi”-ndə “yükləyici” və nəqliyyat sahəsi”-də “teplavozçu-maşinist” peşələri üzrə ümumi 28 il 04 ay 12 gün güzəştli iş stajı vardır. Odur ki, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı: Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək, mərhum əri X3 güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və hüququ yarandığı xx.xx.2010-cu il tarixdən əlillik təyin edildiyi xx.xx.2014-cü il tarixə kimi ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsinin və xx.xx.2014-cü il tarixdən vəfat etdiyi xx.xx.2014-cü il tarixə kimi yenidən hesablanaraq yaranmış fərqin, pensiya məbləğinin ödənilməsini xahiş etmiş, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2025-ci il tarixli 3-17-1 /2-Ə-4275/2025 nömrəli məktubunda iddiaçının ərizədə qeyd etdiyi əsaslarla pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2- Ə-4275/2025 nömrəli imtinası qaıuıni və əsaslı olmuşdur. Bildirir ki, iddiaçının mərhum həyat yoldaşı X5 23 iyul 2014-cü il tarixdən Fondun Şirvan şəhər şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Belə ki, Ə.Əhmədov xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı da 25 fəvral 2024-cü il tarixdən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı R.X6 təqdim etdiyi mərhum həyat yoldaşı Əbülfəz Əhmədova dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı mövcud deyildir. Göründüyü kimi İddiaçı tələbinin qanunvericiliyin əsaslan baxımından həyata keçirilməsi mümkün deyildir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş və tərəflər məhkəmə iclasında iştirak edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinin təmin edilməməsini xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2014-cü il tarixli, 748 nömrəli qərarından görünür ki, X4 əlilliyə görə əmək pensiyası təyin edilmişdir. SER TSE-01№ 069010 nömrəli TSEK-də Müayinə Aktından görünür ki, X4 xx.xx.2014-cü il tarixdə 2 il müddətinə ümumi xəstəliklə birinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixli, AZ-İİ № 376284 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X9 pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-53841 nömrəli qərarından görünür ki, İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin X4 ünvanladığı xx.xx.2014-cü il tarixli, 40/452 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim etdiyiniz sənədlərə baxılmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən müəyyən olunur ki, sizin işlədiyiniz peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilən vəzifələrə uyğun gəlmir və bu səbəbdən sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə müəyyən edir ki, iddiaçının tələbi mərhum əri X3 güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və hüququ yarandığı xx.xx.2010-cu il tarixdən əlillik təyin edildiyi xx.xx.2014-cü il tarixə kimi ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsinin və xx.xx.2014-cü il tarixdən vəfat etdiyi xx.xx.2014-cü il tarixə kimi yenidən hesablanaraq yaranmış fərqin, pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarından müəyyən olunur ki, X4 xx.xx.2014-cü il tarixdə 2 il müddətinə ümumi xəstəliklə birinci dərəcəli əlillik təyin edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2014-cü il tarixli, 748 nömrəli qərarı ilə ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının mərhum əri vəfat etdikdən sonra iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X9 pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-53841 nömrəli qərarı ilə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinə xx.xx.2010-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ilk növbədə o, sağ ikən cavabdeh inzibati orqana müraciət etməli, müraciətindən imtina olunduğu təqdirdə məhkəmədə tələbini mübahisələndirə bilərdi. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin X4 ünvanladığı xx.xx.2014-cü il tarixli, 40/452 nömrəli məktubundan müəyyən edilir ki, qanunvericiliyin normalarına əsasən, onun işlədiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilən vəzifələrə uyğun gəlmədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. X1 həmin imtinanı məhkəmə qaydasında mübahisələndirməmiş və AZ-İİ № 376284 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi qaldırmaqda, yəni mərhum ərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, yəni 57 yaşdan təyin edilməsini tələb etməkdə subyektiv hüququ mövcud deyil. Həmçinin məhəmə iddia tələbinin digər hissəsinə münasibətdə diqqətə çatdırır ki, həmin tələblər iddianın birinci hissəsindən asılı və törəmədir. Bu səbəbdən də tələbin birinci hissəsi təmin edilmədən digər hissələr də öz həllini tapa bilməz. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya 19 fevral 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı yuxarıda qeyd olunan müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2785/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2785/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver