Məhkəmə qərarları › İş №2-1(120)-2795/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2795/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2795/2025 17.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı ona Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla həmin torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ildə Cəlilabad rayon Ocaqlı Bələdiyyəsinə ona torpaq sahəsinin ayrılmasından ötrü müraciət etmiş və onun müraciətinə baxılmışdır. Belə ki, Cəlilabad rayon Ocaqlı Bələdiyyəsinin bələdiyyə şurasının 27 avqust 2007-ci il tarixli, 08 saylı iclas protokolunun çıxarışı ilə kəndin ərazisində sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsinin ona satılması məqsədəmüvafıq hesab edilmişdir. Buna müvafiq olaraq da qeyd edilən torpağın seçilməsi barədə akt tərtib edilib. Bundan sonra onunla Cəlilabad rayon Ocaqlı Bələdiyyəsi arasında “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında” 27 avqust 2007-ci il tarixli “alqı-satqı” müqaviləsi bağlandı və həmin müqaviləyə əsasən ona həmin kəndin ərazisində sahəsi 0,12 ha olan fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi satılıb. Həmin müqavilə əsasında akt tərtib edilmişdir. O, alıcı kimi torpağın satış qiymətinə uyğun olaraq Cəlilabad rayon Ocaqlı Bələdiyyəsinin hesabına 600 manat məbləğində pul ödəmişdir. Daha sonra isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon Şöbəsi tərəfindən ona satılan həmin torpaq sahəsinin planı tərtib edilmişdir. Belə ki, qeyd edilən torpaq sahəsinə, yəni ki, 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın və texniki pasportun verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizəsi ilə müraciət etmiş və oradan ona bildirilb ki, hüquqmüəyyənedici sənədlərin əslləri təqdim edilməmişdir. Halbuki, imtinada qeyd edilən sənədləri müvafiq quruma təqdim edilmişdir. Göründüyü kimi qeyd edilən torpaq sahəsinin ona məxsus olduğunu təsdiq edən kifayət qədər sübutlar olmasına baxmayaraq, cavabdeh qrumun əsassız imtinası onun mülkiyyət hüququnun tanınmasına maneələr yaradır. Qeyd olunan səbəblərdən iddiaçı olaraq o, mülkiyyət hüququnu tanıtdıra bilmir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin mümkün hesab edilməməsini xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbi üzrə qnaunvericiliyin normalarına uyğun olaraq müəyyən edilmiş xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İddiaçı hazırki tələblə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edən zaman cavabdeh orqana torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədin əsllərini təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə Cəlilabad rayonu Ocaqlı bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışa əsasən ayrılmış 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı daxil olan müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizdə qeyd olunan 0.12 ha torpaq sahəsinə dair hüququmüəyyənedici sənədlərin əsillərini, sənədlərin arxiv çıxarışını və Cəlilabad rayonu Ocaqlı bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə qərarın və torpaqların alqı-satqı aktının qüvvədə olmasına dair məktubu ərazi idarəsinə təqdim edəcəyiniz təqdirdə ərizənizin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə qeyd edir ki, cavabdehin məktubu imtina məzmunlu deyil, məlumat xarakterli olmuşdur. Həmçinin iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən imzalanmamış və tarix qeyd olunmamışdır. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. İddiaçı tərəfindən inzibati orqana müraciəti və tələbindən imtina olunması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və heç bir münasibət bildirilməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən və istifadəsində olan 0,12 ha həyətyanı torpaq sahəsinə müvafiq çıxarışın verilməsi tələbi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə bütün hüquqmüəyyənedici sənədlərin əslləri ilə birlikdə müraciət etməlidir. Müraciəti əsasında tələbin icrasından imtina cavabı alacağı təqdirdə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıra bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlər əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar