Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2796/2024 22.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı “xx.xx.1967-ci ildə anadan olmuş X2 adına xx.xx.2023-cü il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı “xx.xx.1967-ci ildə anadan olmuş X2 adına xx.xx.2023-cü il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qardaşı X3 12 avqust 1967-ci ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş və ailəsi ilə ayrıldığı üçün ünvan 1 ünvanda tək yaşamışdır. X3 21 iyul 2023-cü ildə Biləsuvar rayonu 6 saylı qəsəbə ərazisində yer suvaran vaxtı ürəktutmasından vəfat etmiş və mərhumun meydi təcili tibbi yardım avtomobili ilə tibbi müayinə olunması üçün Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə ilə bağlı Cəbrayıl Rayon Prokurorluğu araşdırma aparmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Mərhuma ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün dəfələrlə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına müraciət edilməsinə baxmayaraq lakin heç bir müsbət nəticəsi olmamışdır. Cəbrayıl Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının məktubunda mərhum X2 meyidinin Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən morqa gətirilməsi və meyidin müayinə olunması barədə sənədlər əsasında ölüm təsdiq olunur. Göründüyü kimi, mərhumun meyidi Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının həyətində olan morqda gətirilərək müayinə olunmuş və ölüm öz təsdiqini tapdığı halda nə üçün ölüm haqqında tibbi şəhadətnamə verilmir? Bundan başqa, müraciəti əsasında xəstəxananın 27 dekabr 2023-cü il tarixli 609 saylı məktubunda ölüm haqqında tibbi şəhadətnamənin verilməməsi imtina edilmişdir. Cavabdehin verdiyi imtina əsassızdır. Belə ki, buna imtina demək olarsa, cavabdeh heç bir qanuna və qərara istinad etmədən ərizəsinə izah vermişdir. Qeyd edilənlərə əsasən xx.xx.1967-ci ildə anadan olmuş X2 adına xx.xx.2023-cü il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Cəbrayıl rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti mərhum X2 oğlu Eldar Abbasova göndərilmişdir. İş materiallarında olan Cəbrayıl rayonu İcra Hakimiyyəti başçısının Böyük Mərcanlı ərazi nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 723 nömrəli arayışından görünür ki, mərhum X3 həqiqətən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində qeydiyyatdadır. Hal-hazırda məcburi köçkün kimi Biləsuvar rayonu ərazisindəki 6 saylı qəsəbədə 376 evdə yaşayırdı. 21 iyul 2023-cü ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan RespublikasıTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin İddiaçı ünvanladığı xx.xx.2023cü il tarixli, 609 nömrəli məktubundan görünür ki, 12 avqust 1967-ci il təvəllüdlü mərhum X2 meyiti 21 iyul 2023-cü il tarixdə “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin morquna gətirilmişdir. Mərhumun meyitinin ekspertizası Məhkəmə Tibbi Ekspertiza Komissiyası tərəfindən aparılaraq rəy verilmədiyi üçün mərhuma ölüm haqqında tibbi şəhadətnamə vermək “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin imkanları xaricindədir. Belə ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi üçün yaşadığı qəsəbə üzrə ərazi nümayəndəlikdən mərhumun öldüyünə dair arayış alınmalı, Cəbrayıl rayon Prokurorluğu araşdırma aparması ilə bağlı sənədlər toplanılaraq Azərbaycan Respublikası Şirvan inzibati Məhkəməsinə müraciət edilməlidir. Sonda isə məhkəmənin çıxardığı qərar əsasında Cəbrayıl Rayon icra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinə müraciət edilməlidir. İş materiallarında olan Cəbrayıl rayonu İcra Hakimiyyəti başçısının Böyük Mərcanlı ərazi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 64 nömrəli arayışından görünür ki, Cəbrayıl rayon İHB-nın Böyük Mərcanlı kənd sakini İddiaçı mərhum xx.xx.2023 cü ildə vəfat etmiş qardaşı X3 ilə doğma qardaşdırlar. İş materiallarında olan Azərbaycan RespublikasıTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 128 nömrəli məktubunda qeyd edilmişdir ki, 12 avqust 1967-ci ildə anadan olmuş X3 21 iyul 2023-cü il tarixdə Biləsuvar rayonu 6 saylı qəsəbə ərazisində yer suvaran vaxtı ürək tutmasından ölmüş onun meyiti təcili tibbi yardım avtomobili ilə müayinə olunması üçün Cəbrayıl RMX-nin morquna gətirilmişdir. Həmin faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırılma aparılaraq müvafiq qərar qəbul edilmişdir. İş materiallarında olan Cəbrayıl rayonu İcra Hakimiyyəti başçısının Böyük Mərcanlı ərazi nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 30 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini olmuş xx.xx.1967-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Biləsuvar rayon ərasində Cəbrayıl 11 məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbənin qəbiristanlığında dəfn edilmişdir. Onun ölüm səbəbi barədə nümayəndəlikdə dəqiq məlumat yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 163.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında Qanunun:
8. Ölümün qeydə alınması 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.6. Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.11. Ölüm qeyd edilərkən, ölənin yetkinlik yaşına çatmayan uşaqları barəsində məlumatı olan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi uşaqların yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına bir gün müddətində məlumat verməlidirlər. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi onun mərhum qardaşı X2 21 iyul 2023cü ildə Biləsuvar rayonu 6 saylı qəsəbə ərazisində yer suvaran vaxtı ürəktutmasından vəfat etmiş və mərhumun meydi təcili tibbi yardım avtomobili ilə tibbi müayinə olunması üçün Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə ilə bağlı Cəbrayıl Rayon Prokurorluğu araşdırma aparmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Mərhuma ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün dəfələrlə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına müraciət edilməsinə baxmayaraq lakin heç bir müsbət nəticəsi olmamışdır. Cəbrayıl Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının məktubunda mərhum X2 meyidinin Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən morqa gətirilməsi və meyidin müayinə olunması barədə sənədlər əsasında ölüm təsdiq olunur. Belə ki, ölümün qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında ölümün qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası imtina verdiyi zaman X2 21 iyul 2023-cü il tarixdə “həkimə qədər ölümü” diaqnozu ilə bağlı ölməsinin “cinayət işinin başlnmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarda öz əksini tapmasını nəzərə almamışdır. Odur ki, cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.1967-ci ildə anadan olmuş X2 adına xx.xx.2023cü il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. xx.xx.1967-ci ildə anadan olmuş X2 adına xx.xx.2023-cü il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Hilal Nəcəfov