Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-280/2021 02.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, iddiaçının nümayəndəsi X7 (ünvan 1 mənzil 34-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X12 (Ağdam şəhəri, 20 Yanvar küçəsi ev 9, mənzil 6-da qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, ünvan 1 mənzil 34-də yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxxx 2020-ci il tarixli, **********8 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1974-2000-ci və xx.xx.2001-xx.xx.2002-ci illərdə işlədiyi müddəti sosial sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı nümayəndəsi X10 iddia tələbini dəyişərək, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialına qarşı işlədiyi illəri sosial sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı 1974-cü ildən 2000-ci il tarixə kimi Salyan rayonunda yerləşən Salyan rayon İstehlak Cəmiyyətində satıcı kimi işləmişdir. Həmin idarədən çıxdıqdan sonra Salyan 86 saylı X4 xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək xadimə vəzifəsində işləmişdir. İddiaçının məhkəmə qətnaməsində müəyyən edilən iş illəri nəzərə alınmaqla 25 ildən artıq sosisal sığorta stajı vardır. Qeyd olunanları nəzərə alaraq işlədiyi illəri sosial sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X15 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının işlədiyini iddia etdiyi 2001-2002-ci illər əmək kitabçasında qeyd olunmadığı və qanunvericiliyin tələbinə əsasən işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd əmək kitabçası hesab olunduğundan həmin dövrləri iş stajı kimi nəzərə almaq mümkün deyildir. Hazırki müraciətdən əvvəl iddiaçı 2018-ci il tarixdən etibarən dəfələrlə cavabdeh tərəfə müraciət etmiş, lakin xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci illərdə Salyan rayon 86 nömrəli mexanikləşdirilmiş səyyar dəstədə işləməsinə dair hər hansı subut təqdim etməmişdir. Hazırda məhkəməyə yeni bir subutun təqdim edilməsi həmin subutun mötəbərliyini şübhə altına alır. İddiaçı cavabdeh DSMF-nin 6 saylı regional ərazi filialına qarşı işlədiyi illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X13 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur və xx.xx.2018-ci il tarixdə 60 yaş 6 ayı (x xxxx 2017-xx xxxx 2018-ci il tarixlərdə qadınlar üçün pensiya yaşı 60 il 6 aydır) tamam olmuşdur. İddiaçının 86 saylı X5 tərəfindən verilmiş arayışdakı və Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)-936/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, ünvan 1 mənzil 34-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Azərkəndtikinti İ.B.Layihəkəndtikinti Kombinatı 86 saylı X1 arayışından görünür ki, İddiaçı Salyan 86 saylı X4 xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək xadimə vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Azərkəndtikinti İ.B.Layihəkəndtikinti Kombinatı 86 saylı X2 xx.xx.2021-ci il tarixli, 04 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildən 86 saylı X6 xadimə qəbul olunmuş, xx.xx.2002-ci il tarixli, 15 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2002-ci ildən işdən azad edilmişdir. İşdə olan Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)-936/2018 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı hüquqi faktın müəyyən olunmasına dair ərizəsi təmin edilmiş, İddiaçı 1988-ci və 1989-cu illər ərzində Salyan şəhərində yerləşmiş “Salyan rayon İstehlak Cəmiyyətində” satıcı kimi işləməsi və 1974-1987-ci və 1990-2000-ci illər ərzində “Salyan rayon İstehlak Cəmiyyətində” satıcı kimi işləməsi faktı müəyyən olunmuşdur. İşdə olan Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-936/2018 nömrəli məktubundan görünür ki, məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(057)-436/2018 saylı qətnaməsi xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixli, 2(057)-936/2018 saylı qərardadı xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Salyan rayon Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli, 191 nömrəli məktubundan görünür ki, “86 saylı X8” xx.xx.2001-xx.xx.2002-ci il tarixlərdə Salyan rayon Statistik Vahidlərin Dövlət Reyestrində qeydiyyatda olmuşdur və fəaliyyət göstərmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli nömrəli məktubundan görünür ki, ünvan 1 mənzil 34 ünvanda yaşayan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ verən azı 25 il (ümumilikdə 24 il 02 ay sığorta stajı müəyyən edilmişdir, ondan arxiv arayışına və məhkəmə qərarına əsasən 1988-1989-cu illər üzrə 01 il 02 ay)+(məhkəmə qərarına əsasən 1974-1987-ci illər üzrə 13 il, 1990-2000-ci illər üzrə 10 il) sığorta stajı və eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmadığı müəyyən edilmişdir. 2001-2002-ci illərdə 86 saylı SMD-də işləməsi barədə sonradan təqdim olunmuş arayışa əsasən bildirilir ki, göstərilən illər üzrə 86 saylı SMD-nin heç bir fəaliyyəti olmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (86 saylı X3 arayışını) təqdim etmişdir. Мəhkəmə 86 saylı X3 arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Həmçinin, iş materiallarındakı sübutlarla müəyyən olunur ki, “86 saylı X8” xx.xx.2001-xx.xx.2002-ci il tarixlərdə Salyan rayon Statistik Vahidlərin Dövlət Reyestrində qeydiyyatda olmuş və fəaliyyət göstərmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Мəhkəmə, eyni zamanda Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)- 936/2018 nömrəli qüvvəyə minmiş qətnaməsini də mötəbər sübut kimi qəbul edir. Həmin qətnamə ilə İddiaçı 1988-ci və 1989-cu illər ərzində Salyan şəhərində yerləşmiş “Salyan rayon İstehlak Cəmiyyətində” satıcı kimi işləməsi və 1974-1987-ci və 1990-2000-ci illər ərzində “Salyan rayon İstehlak Cəmiyyətində” satıcı kimi işləməsi faktı müəyyən olunmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 1974-1987, 1988-1989, 1990-2000-ci illərdə “Salyan rayon İstehlak Cəmiyyətində” satıcı və xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək Salyan 86 saylı X4 xadimə vəzifəsində işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan (xx.xx.2018-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan (xx.xx.2018-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-280/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-280/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver