Məhkəmə qərarları › İş №2-1(120)-2800/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2800/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2800/2022 02.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, xx katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin restrukturizasiya olunmasının təmin edilməsi, bu hərəkətsizliyin hüquqi nəticəsi olan yaşayış sahəsinə dair ipoteka predmetinin əldə ediməsi üçün hərracın yekunları barədə protokolun, protokol əsasında bağlanmış alqısatqı müqaviləsinin və reyesrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddianın mümkünlük məsələsinə 04 noyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin restrukturizasiya olunmasının təmin edilməsi, bu hərəkətsizliyin hüquqi nəticəsi olan yaşayış sahəsinə dair ipoteka predmetinin əldə ediməsi üçün hərracın yekunları barədə protokolun, protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin və reyesrdən çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 gəlmiş və cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi gəlməmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı iddia tələbi ilə bağlı təqdim edilən 2-1(120)-2800/2022 saylı sərəncama yazılı münasibət bildirmiş və qeyd etmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı mərhum həyat yoldaşı X3 ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Fərmanın 2-ci hissəsinin tələblərinə əsasən restrukturizasiya ediləcək məbləğ 5465,36 manat müəyyən olunaraq müvafiq siyahıya daxil edilmişdir. Eyni zamanda göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığın təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. (portaldan çıxarış məktuba əlavə edilmişdir) Göründüyü kimi, iddiaçıya münasibətdə Palata Fərmanla onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil bildirmişdir ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. İddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tələbin inzibati xarakterli tələb olmadığını nəzərə alaraq məhkəmədən İddiaçı hazırkı iddiasının mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 25.2-ci maddəsinə görə ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı iddiasında cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin restrukturizasiya olunmasının təmin edilməsi, bu hərəkətsizliyin hüquqi nəticəsi olan yaşayış sahəsinə dair ipoteka predmetinin əldə ediməsi üçün hərracın yekunları barədə protokolun, protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin və reyesrdən çıxarışın ləğv edilməsi” tələbini irəli sürür. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı inzibati orqan olsa da, onun hərəkətləri inzibati akta, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsindəki “faktiki xarakterli hərəkətlər”ə bərabər tutula bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarına olan Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 6-1.16-2-2022-15315 nömrəli məktubundan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X3 ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüş və müvafiq qaydada restrukturizasiya edilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, İddiaçı iddiası üzrə müqavilənin restrukturizasiya olunmasının təmin edilməsinə dair hissə də ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra edilmişdir. Belə olan halda Azərbaycan Respublikası Mərkəzi Bankı iddia üzrə cavabdeh qismində çıxış etməməlidir. İddia tələbi ilə bağlı qeyd edilən tələb iddiaçının mərhum həyat yoldaşı X3 ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən törəyən iddia olduğu üçün mülki xarakterlidir, mübahisə publik deyil və vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Belə olan halda məhkəmənin qənaətinə görə qaldırılan iddia tələbi üzrə inzibati mübahisənin mövcud olmadığı müəyyən edilir və iddiaya inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar