Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2802/2024 24.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı «Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 65 saylı sərəncamına dəyişiklik edilərək sərəncamda torpaq sahəsinin uqodiyasının əkin sahəsi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 65 saylı sərəncamına dəyişiklik edilərək sərəncamda torpaq sahəsinin uqodiyasının əkin sahəsi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir və hüquqi yardım məktubu üzrə bildirmişdir ki, uzun illərdir onlar o torpaqlardan əkinçilik və heyvan saxlamaq məqsədləri üzrə istifadə etmişlər, cavabdeh orqan tərəfindən sərəncamda torpaq sahəsinin “heyvandarlığın inkişafı məqsədi üçün” ayrılmasından xəbərdar olmamışdır. Son zamanlar sərəncamda torpaq sahəsinin uqodiyasının qış otlaq sahəsi kimi qeyd edildiyindən həmin torpaqların əkin sahəsi kimi istifadəsində problemlər yaranmışdır, cərimə edilmişlər. Cavabdeh orqan tərəfindən sərəncam verilən zaman texniki səhvə yol verilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmişlər, cavabdeh orqan tərəfindən bildirilmişdir ki, məhkəməyə müraciət olunmasını tövsiyyə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 65 saylı sənəncamının surətindən görünür ki, Beyləqan rayonu, Birinci Aşıqlı kənd sakini İddiaçı rayon İcra hakimiyyətinə 14 may 2012-ci il tarixli M-381 saylı ərizə ilə müraciət edərək onun icarəsinə uzun müddətə heyvandarlığın inkişafı üçün 20 (iyirmi) hektar Dövlət fondu qış otlağından torpaq sahəsi ayrılması barədə müraciəti nəzərə alınaraq Beyləqan rayonu, Birinci Aşıqlı kənd sakini İddiaçı icarəsinə 7 h saylı Dövlət fondu qış otlağından heyvandarlığın inkişafı üçün uzun müddətə 15 (on beş ilədək) 20 (iyirmi) hektar torpaq sahəsi ayrılmışdır. İcarəsinə qış otlağı ayrılmış şəxsə qış otlağından istifadə qanunvericiliyinə sözsüz əməl edilməsi tapşırılmışdır. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 65 saylı sərəncamına dəyişiklik edilərək sərəncamda torpaq sahəsinin uqodiyasının əkin sahəsi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıni xahiş edir. İddiaçı 2012-ci il tarixdən mübahisəli inzibati aktdan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə olan halda İddiaçı qaldırdığı iddia mümkün sayıla bilməz. Bununla əlavə hətta iddiaçı həmin sərəncamı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, işin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı sözügedən sərəncam barədə 2012-ci il tarixdən məlumatlı olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 65 saylı sənəncamından məlumatlı olduğu vaxtdan 12 (on iki) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmə icraatına daxil olmuşdur. İddiaçının nümayəndəsi İddiaçı cavabdeh orqan tərəfindən mübahisəli sərəncam üzrə heyvandarlığın inkişafı üçün 20 ha torpaq sahəsinin ayrılması barədə xəbərdar olmadıqlarını, bu yaxınlarda texniki səhvi gördüklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 65 saylı sərəncamının təsviri hissəsində “Beyləqan rayonu, Birinci Aşıqlı kənd sakini İddiaçı Beyləqan rayon İcra hakimiyyətinə 14 may 2012ci il tarixli M-381 saylı ərizə ilə müraciət edərək onun icarəsinə uzun müddətə heyvandarlığın inkişafı üçün 20 (iyirmi) hektar Dövlət fondu qış otlağından torpaq sahəsi ayrılması barədə müraciətinin olması barədə məlumat qeyd edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş iddiaçı ilə Beyləqan rayon İcra hakimiyyəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmış, tərəflər müqaviləni imzalamışdır, müqavilənin 1.3-cü bəndinə əsasən, 20 ha torpaq sahəsinin heyvandarlığın inkişafı üçün verilməsi qeyd edilmişdir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, müqavilənin xüsusi şərti olaraq “icarəçi (İddiaçı) torpaqdan məqsədli təyinatına uyğun istifadə etməklə, icarə müqaviləsi şərtlərinə əməl etməli, torpağı əkib təyinatından çıxarmamalı, müqavilə şərtlərinə sözsüz əməl etməlidir. Müqavilə şərtlərinə əməl etmədiyi halda qış otlağı qeyri-şərtsiz icarəsində geri alınmalıdır.” göstərilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 417494 saylı, xx.xx.2013cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 65 saylı sərəncamının və xx.xx.2012-ci il tarixli, 12 saylı icarə müqaviləsinə əsasən, 200000 kv.m heyvandarlığın inkişafı məqsədi üçün torpaq sahəsi uçota alınmışdır. İş materialları və digər sənədlər araşdırılmş və iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə bildirdiyi iddiaçının “sərəncamda qeyd edilən qış otlağının heyvandarlığın inkişafı üçün ayrılması barədə” məlumatları oxumaması və xəbərdar olmaması barədə izahatı məhkəməyə inandırıcı gəlməmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 65 saylı sərəncamının iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Çünki, həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Məhkəmə tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli məktubla hüquqi yardım edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə tərəfindən İddiaçı izah edilir ki, cavabdeh orqanla aralarında bağlanmış xx.xx.2012-ci il tarixli torpaq icarə müqaviləsi üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmək, imtina olunduğu təqdirdə müvafiq rayon məhkəməsinə iddia tələbi ilə müraciət etmək hüququ vardır. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 65 saylı sərəncamına dəyişiklik edilərək sərəncamda torpaq sahəsinin uqodiyasının əkin sahəsi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2802/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2802/2024
24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver