Məhkəmə qərarları › İş №2-1(120)-2802/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2802/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2802/2025 18.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 Elçin Sabir oğlu barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarının ləğvi və xx.xx.2006-cı ildən təyin edilən əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyasından qanunsuz tutulmuş pul vəsaitlərinin bərpası və pensiyadan aparılan tutulmaların dayandırılması, habelə xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixləri müddətində pensiya hüququnun bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Daha sonradan iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 Elçin Sabir oğlu barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarının ləğvi və xx.xx.2006-cı ildən təyin edilən əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci ildə Masallı rayonunun Qızılağac kəndində dünyaya gəlmiş, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Q-117239/2024 nömrəli məktubda ona pensiya ödənişinin xx.xx.2024-cü il tarixdə dayandırıldığının, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinətmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (ququmun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şçəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunması əsas götürülərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 180 manat və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində 2-ci dərəcə (orqanizmin funnksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilən şəxs kimi) əlilliyə görə sosial müavinət təyin edilmişdir. Həmin məktubda aprılmış xidməti araşdırma zamanı əlilliyə görə təyin edilmiş əmək pensiyasının 2002-2006-cı illər üzrə torpaq sahəsinə görə ödədiyi məcburi sosial sığorta haqları əsasında təyin edilməsinə baxmayaraq, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməməsi göstərilmiş, həmçinin xx.xx.2021-ci il tarixindən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixinədək əmək pensiyası üzrə artıq ödəmənin müəyyən edildiyi qeyd edilmişdir. Məhz bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün, əmək perisiyasından tutulmaların dayandırılması, tutulmuş pul vəsaitlərin bərpa edilməsi və xx.xx.2021-xx.xx.2023-cü il tarixləri müddətində pensiya hüququmun bərpası barədə məhkəməyə müraciət etməyi qərarlaşdırmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.2.10-cu maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət sığortaolunanın sığorta stajına daxil edilir. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya əlilliyə görə əmək pensiyası 2002-2006-cı illər üzrə torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları əsasında təyin edildiyi halda, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövr sığorta stajına daxil edilmir. Qeyd edilənlərə əsasən, iddiaçının sığorta stajı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulandan azdir. Mərkəzi filialın xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının pesiya işi üzrə artıq ödənilmiş məbləğ aşkarlanmış və onun əlilliyə görə pensiya işi ləğv edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən "İnzibati icraat haqqında" Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixdə iddiaçıya dəvət məktubu göndərilmiş (3-17-1/2-Q-64082/2024 nömrəli məktub) və xx.xx.2024-cü il tarixdə saat 16:30-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə X5 (Qəbul şöbəsinə) gəlməyi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməyi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 Sosial Müdafiə Fondunda (bundan sonra-Fond) qəbulda olmuş və iddiaçının əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin təyin olunacaq əlilliyə görə sosial müavinətin məbləğindən hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına razılıq verməmişdir. Mərkəzi filialın müvafiq qərarı əsasında İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixədək əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 180 manat və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi) əlilliyə görə sosial müavinət təyin edilmişdir. Həmçinin bildiririk ki, hazırda iddiaçının razılıq ərizəsi və məhkəmənin müvafiq qərarı olmadığından iddiaçının sosial müavinət məbləğindən hər hansı tutulma aparılmır. İddiaçı “əmək pensiyası hüququnun bərpa edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli, xxxxxxx0001 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 Elçin Sabir oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Q-117239/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filialın müvafiq qərarı əsasında təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixindən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixinədək əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 180 manat və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi) əlilliyə görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-34015/2025 nömrəli məktubundan görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyası 2002-2006-cı illər üzrə torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları əsasında təyin edildiyi halda, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemlərində sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının pensiya işi üzrə artıq ödənilmiş məbləğ aşkarlanmış və onun əlilliyə görə pensiya işi ləğv edilmişdir. MEİS-in "Sosial ödənişlər” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsə xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 61-80% pozulmasına görə sosial müavinət təyin edilmişdir. İddiaçıya müvafiq olaraq xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-64082/2024 nömrəli məktubla artıq ödənilmiş vəsaitin aşkar edilməsi haqqında məlumat verilmiş və o, inzibati icraata dəvət edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Mərkəzi Filialın inzibati binasında qəbul edilərək mülahizəsi dinlənilmiş və o, sosial müavinət məbləğindən tutulma aparılmasına razılıq vermədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-4/2-28236/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Məlumat üçün bildiririk ki, İddiaçı ilkin olaraq xx.xx.2006-cı il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona xx.xx.2006-cı il tarixindən təyin edilmiş əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixdən İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filialın müvafiq qərarı əsasında təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixindən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixinədək əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmiş, ona xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 180 manat və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi) əlilliyə görə sosial müavinət təyin edilmişdir. Cavabdeh orqan müvafiq hərəkətləri edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etməmişdir.Məhkəmə ilkin olaraq qeyd edir ki,iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərkən onun sosial sığorta stajı və əmək fəaliyyəti dövrü cavabdehə məlum olmuşdur, bu hal sonradan müəyyən edilməmişdir.İddiaçı tərəfindən həmin Qanunun 67-ci maddəsində nəzərdə tutulan etimad hüququnu istinad edən hallarla bağlı cavabdeh tərəfindən hər hansı əsas müəyyən edilməmişdir. Hətta iddiaçıya əmək pensiyası təyin olunması barədə cavabdehin qəbul etdiyi əlverişli inzibati akt qanunsuz olduğu və “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsində göstərilən əsasla ləğv edildiyi hallarda belə, həmin əlverişli inzibati akt əsasında icra edilmiş ödənişlər üzrə məbləğlər, onların ödənişinin qanunla müəyyən edilmiş qaydada dayandırılmasından asılı olmayaraq, geri tələb oluna bilməz. Bu, yalnız pensiyaçının razılığı ilə, qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən əsaslara görə ləğv edildiyi və geriyə ödənişə pensiyaçının razılığı olmadığı hallarda isə, həmçinin məhkəmə qaydasında mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən əsaslarla aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Ali MƏhkəməsinin 2-1(102)-2199/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında təsbit olunan mövqe). Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etibarlıdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuzdur. İnzibati orqanın arqumenti iddiaçıya əlilliyə görə əmək pensiyası 2002-2006-cı illər üzrə torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları əsasında təyin edildiyi halda, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməməsidir. İş materiallarına əlavə edilən sənədlərin tədqiqi zamanı isə qeyd edilən halın və zəruriliyin əsası cavabdeh orqan tərəfindən sübuta yetirilmir. Belə ki, məhkəmə tərəfindən İddiaçı barəsində inzibati orqan tərəfindən aparılan inzibati icraat materialları sorğu cavabı əsasında əldə edilərək tədqiq edilmiş və qeyd edilən materiallara əlavə edilən xx.xx.2006-cı il tarixli akta əsasən İddiaçı tərəfindən 2002-2006-cı illər üzrə müvafiq məcburi dövlət sosial sığorta haqlarının ödənişini təsdiq edən mədaxil qəbzləri üzrə ödənişin həyata keçirildiyi və cavabdeh orqanın nümayəndələri tərəfindən ödənişlərin hıyata keçirilməsi barədə halın həqiqiliyi imzalanılaraq öz təsdiqini tapmışdır. Həmin dövrdən uzun müddət keçdikdən sonra yenidən zəruriliklə bağlı həmin qəbzlərin İddiaçı tələb edilməsi halını məhkəmə qanunazidd hal kimi qiymətləndirir. Həmin ödənişlərin mötəbərliyini şübhə altına alan hər hansı hal müyyən edilməmiş, cavabdeh orqan tərəfindən şəxsin haqsız olduğu sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı barəsində tərtib edilən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarının ləğvini tələb etməkdə haqlıdır. Cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, inzibati icraatı düzgün aparmadan qərarlar qəbul edərək qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda, İPM-in 70.1ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Nəticə olaraq məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının təqsirli olması barədə heç bir qeydin, əsasın və sübutun olmadığı müəyyən edilmişdir. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Odur ki, cavabdehin üzərinə İddiaçı barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarının ləğvi və xx.xx.2006-cı ildən təyin edilən əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Cavabdehin hərəkətinin qanunsuzluğunun müəyyən edilməsi onun yaratmış olduğu nəticələrin də aradan qaldırılmasını ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarının ləğvi və xx.xx.2006-cı ildən təyin edilən əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar