Məhkəmə qərarları › İş №2-1(120)-281/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-281/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-281/2021 14.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 8 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 8 saylı regional ərazi filialına qarşı «cəzadan azad edilməsi ilə əlaqədar olaraq birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsinin Masallı rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəzadan azad edilməsi ilə əlaqədar olaraq birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsin 17 fevral 2021-ci il tarixli, 2-1(120)-281/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsinin Masallı rayon filialına qarşı “cəzadan azad edilməsi ilə əlaqədar olaraq birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsinin Masallı rayon filialının əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 8 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. İşin halları: İddiaçı cəzadan azad edilməsi ilə əlaqədar olaraq birdəfəlik müavinətin təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsinin Masallı rayon filialına müraciət etmişdir. Cavabdeh 21 sentyabr 2020-ci il tarixli **********7 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyası X2 şəhər, Komsomolsk rayon məhkəməsinin 28.06.2017-ci il tarixli hökmü ilə RF CM-nin 30.1, 228.1.4-cü maddəsi ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Rusiya Federasiyası Samara Vilayət Məhkəməsinin 11.09.2017-ci il tarixli qərarı ilə əməlim CM-nin 228.2-ci maddəsinə tövsif edilərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının müddəti 4 ilə endirilmişdir. Sonradan Rusiya Federasiyası Samara Vilayət Məhkəməsinin 13 aprel 2020-ci il tarixli qərarı ilə yuxarıda göstərilən hökmlə təyin edilmiş cəzasının çəkilməmiş 3 ay 18 gün olan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Buna uyğun olaraq 15 aprel 2020-ci il tarixdə Rusiya Federasiyasında cəza çəkdiyi 5 saylı Cəzaçəkmə Müəssisəsindən azad olunmuşdur. Lakin Rusiya Federasiyası DİN-nin Bİ tərəfindən 14.04.2020-ci il tarixdə onun Rusiya Federasiyası hüdudlarından deportasiya olunması barədə qərar çıxarılmış və X2 şəhər mərkəzi rayon məhkəməsinin 15.04.2020-ci il tarixli qərarı ilə DİN-nin Bİ tərəfindən verilmiş iddia ərizəsi təmin edilərək 15 iyul 2020-ci ilədək Samara Vilayəti üzrə Rusiya DİN Bi xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilmişdir. X2 şəhər mərkəzi rayon məhkəməsinin 08.07.2020ci il tarixli qərarı ilə Samara Vilayəti üzrə Rusiya DİN Bi xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilmə müddəti 3 ay, yəni 15 oktyabr 2020-ci il tarixədək artırılmışdır. Qohumları tərəfindən avqust ayında onun üçün bilet alınmış və avqust ayının 21-də Samaradan Moskvaya, oradan isə Türkiyə Respublikasının İstanbul şəhərinə, daha sonra avqust ayınn 23-də Bakıya gəlmişdir. Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə təyin edilən birdəfəlik müavinətlə bağlı cavabdehə müraciət etsə də, 21 sentyabr 2020-ci il tarixli məktubla müraciəti əsassız olaraq təmin edilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Masallı rayonu, Mahmudavar kəndində doğulmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə X5 Şəxsinin Masallı rayon filialı tərəfindən iddiaçıya ünvanlanmış 21 sentyabr 2020-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Masallı rayon filialına daxil olan müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanununun 3.1-ci maddəsinə əsasən bu qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Bununla əlaqədar olaraq nəzərinizə çatdırırıq ki, siz 15.04.2020-ci il tarixdə digər dövlətin penitensiar müəssisələrindən cəza çəkməkdən azad edildiyiniz tarixdən 3 aydan çox müddət keçdiyi üçün cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə təyin olunan birdəfəlik müavinəti almaq hüququnuz yoxdur. İşdə olan 15 aprel 2020-ci il tarixli, 061155 nömrəli arayışda qeyd edilmişdir: verilir xx.xx.1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası, Masallı r-nu, Mahmudavar k.-də doğulmuş, subay, hərbi mükəlləfiyyətsiz, 28.06.2017-ci il tarixində Tolyatti ş. Komsomolsk r. M. tərəfindən 11.09.2017-ci il tarixli Samara vil. Apelyasiya qərardadı ilə CM 30.1, 228.1.4 maddələri üzrə verilmiş ciddi rejimli İK-də cəza müddəti 5 il müddətindən CM 228.2 maddəsi ilə ümumi rejimli İK-də 4 il müddətinə azaldılmış vət. İddiaçı ondan ötrü ki, o, 01 avqust 2016-cı il tarixindən 15 aprel 2020-ci il tarixinə kimi azadlıqdan məhrum etmə yerində saxlanılmış, oradan 13.04.2020-ci il tarixli Samara vil. Apelyasiya qərarı ilə CM 79 maddəsinə əsasən şərti olaraq 3 ay 18 gün vaxtından əvvəl azad edilmişdir. İşdə olan Rusiya Federasiyası X2 şəhəri Mərkəzi rayon məhkəməsinin 15 aprel 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1987ci il təvəllüdlü İddiaçı 15 iyul 2020-ci ilədək Samara vilayəti üzrə Rusiya DİN Bİ xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzinə (yerləşdiyi ünvan: Tolyatti şəh, Novozavodskaya küç., ev 7a) yerləşdirilməsi qərara alınmışdır. İşdə olan Rusiya Federasiyası X2 şəhəri Mərkəzi rayon məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1987ci il təvəllüdlü İddiaçı Samara vilayəti üzrə Rusiya DİN Bİ xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində (ünvan: Tolyatti şəh, Novozavodskaya küç., ev 7a) 15 oktyabr 2020ci il tarixinə kimi saxlanması müddətinin uzadılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə göndərdiyi 12.12.2020-ci il tarixli, 33/4260 nömrəli məktubundan görünür ki, İddiaçı dövlət sərhədindən 30.07.2013-cü il tarixdə çıxmış, 23.08.2020-ci il tarixdə geri qayıtmışdır. İşdə olan İddiaçı məxsus aviabiletdən görünür ki, İddiaçı 23 avqust 2020-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialinın məhkəməyə göndərdiyi 13 aprel 2021-ci il tarixli, **********7 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X5 şəxsin 8 saylı regional ərazi filialına qarşı “sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır. Aşağıdakı xüsusatlara görə iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: Belə ki “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 6-cı maddəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər barəsində həyata keçirilən tədbirlər əhatə olunmuşdur. Həmin maddənin 7-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 7-ci maddəsi sosial adaptasiyaya ehtiyacı olan şəxs statusunun yaranması şərtini müəyyən etmişdir. Həmin maddənin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Digər bəndinə əsasən isə penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Yuxarıda qeyd edilmiş normaların qarşılıqlı təhlilindən aydın olduğu kimi İddiaçı 15.04.2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilsə də, 21.09.2020-ci il tarixdə Fondun 8 saylı regional ərazi filialına (Masallı rayon filialına) müraciət etmişdir. Göründüyü kimi cəzaçəkmə müəssisəsindən azad edildiyi tarixdən müraciət tarixinədək 3 aydan çox müddət keçmişdir. R.l.İbadov iddia ərizəsində cəzaçəkmə müəssisəsindən azad edildikdən 3 ay ərzində müraciət edə bilməməsinin səbəbi xarici vətəndaşlar üçün müvəqqəti saxlanma mərkəzində pandemiya ilə əlaqədar saxlanılması olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 10.04.2020-ci il tarixli məlumatında qeyd olunmuşdur ki, “yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasında yaşayan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi Qaydalarına əməl etməyə, 20 aprel 2020-ci il tarixədək ölkəmizin Rusiya Federasivasıdakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq’’. İddiaçı Rusiya Federasiyası Samara Vilayəti Məhkəməsinin 13.04.2020-ci il tarixli qərarı ilə cəzaçəkmə müəssisəsindən azad edilmiş və Azərbaycana qayıtmaq barədə hər hansı bir müraciəti olmamışdır. Bundan əlavə, 14.04.2020-ci il tarixdə İddiaçı Rusiya Federasiyası ərazisindən deportasiya olunması barədə qərar çıxarılmışdır. 15.04.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı çıxışında onun ailəsinin olmasını, həyat yoldaşının Rusiya Federasiyası vətəndaşı, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlarının olmasını əsas gətirərək deportasiya edilməsi barədə qərara etiraz etmiş və ailəsi ilə birgə Rusiya Federasiyasında yaşamaq istədiyini qeyd etmişdir. Eyni etirazı 08.07.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı qeyd etmiş və Rusiya Federasiyası ərazisindən deportasiya olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycana qayıtmaq barədə müraciətinin olmaması ilə yanaşı, Rusiya Federasiyası ərazisindən deportasiya olunması barədə qərara etirazının olması iddiaçının ümumiyyətlə Azərbaycana qayıtmaq kimi bir niyyətinin olmamasına və mövcud şəraiti bəhanə etməsinə dəlalət edir. Qanunun 7-ci maddəsinin tələblərinə əsasən sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinəti Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 08.07.2020-ci il tarixli məhkəmə qərarı ilə İddiaçı 15.10.2020-ci il tarixədək xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilsə də, İddiaçı iddia ərizəsində qohumları tərəfindən avqust ayında bilet alındığı və avqustun 23-də Bakıya gəldiyini qeyd etmişdir. Bu o deməkdir ki, İddiaçı daha əvvəl gəlməsinə heç bir maneə olmamışdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda müavinət təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154-cü və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(120)-281/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərə daxildir: cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; sosial adaptasiya mərkəzləri yaratmaq; daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək; təhsil almalarına şərait yaratmaq; şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən bu Qanunun 6.1.7-ci maddəsində nəzərdə tutulan birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 177-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzadan azad edilmiş şəxslər qanunvericiliyə uyğun olaraq əmək və məişət şəraiti ilə təmin olunmaq və başqa növ sosial yardım almaq hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh inzibati orqan “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq İddiaçı sosial adaptasiyaya ehtiyacının olub-olmadığını, xarici dövlətin penitensiar müəssisəsində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmamasının səbəblərinin üzrlü olubolmamasını inzibati icraat qaydasında araşdırmamışdır. Həmçinin qanunvericilikdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər müəyyən edilmişdir. Cavabdeh iddiaçıya münasibətdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığını aydınlaşdırmadan, bununla bağlı iddiaçıya hüquqi yardım göstərmədən, iddiaçıya həmin tədbirlərdən sadəcə birdəfəlik pul müavinətinin verilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan müraciəti yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 8 saylı regional ərazi filialının üzərinə qoyulmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 8 saylı regional ərazi filialının üzərinə qoyulsun. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar