Məhkəmə qərarları › İş №2-1(120)-2818/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2818/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2818/2025 07.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “vahid aylıq müavinət alanlar siyahısına daxil edilməsi ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, iddiaçıların nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “vahid aylıq müavinət alanlar siyahısına daxil edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəlilabad Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Cəlilabad RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/2221 nömrəli imtina cavabı verildiyi xx.xx.2021-ci il tarixdən hesablanmaqla onlara məcburi Köçükn statusuna görə vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçıların nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı1 və İddiaçı2 Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinatın ödənilməsi üçün adlarının xx.xx.2022-ci il tarixdən vahid aylıq müavinət alanlar siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, anaları X5 1993-cü ildə Cəbrayıl rayonu işğal olunduğu gündən məcburi köçkün düşmüşdür. Məcburi köçkün statusuna malik olmaqla, müvafiq vəsiqəyə malikdir. Məcburi köçkün düşdükdən sonra nikaha daxil olmuş və bu nikahdan onlar doğulmuşdur. Daha sonra nikaha xitam verilmiş və məhkəmə qətnaməsi ilə yetkinlik yaşına çatmayan övlaları onun himayəsində saxlanılmışdır. Anaları Cəbrayıl rayonundan məcburi köçkün olsa da, onlar bu statusa malik olmamışdır. Anaları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edərək onlara məcburi köçkün statusunun verilməsini xahiş etsə də, müraciəti təmin olunmamış, bundan sonra məhkəməyə müraciət etmiş, məhkəmə qərarı əsasında onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Bundan sonra vahid aylıq müavinətin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsələr də, cavabdeh inzibati orqan ataları məcburi köçkün olmadığı üçün Komitə tərəfindən imtina edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(120)-2818/2025 saylı qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizələri (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçılar hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Cəbrayıl rayon VVAQD şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 371081 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.2003-cü il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2003-cü ilin dekabr ayının 02 günündə 599 № ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında X9, ana qrafasında isə X7 qeyd olunmuşdur. İmişli rayon VVAQD şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 652183 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2005-ci ilin avqust ayının 26 günündə 724 № ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında X9, ana qrafasınd aisə X7 qeyd olunmuşdur. AA 475204 №-li və AA 475205 №-li məcburi köçkün vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixdə Qaçqınların və Məcburi Köçüknlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün vəsiqəsi verilmişdir. Cəbrayıl RİH Başçsının Hovuslu Kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 60 №-li, xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Cəbrayıl rayonu İsaqlı kənd sakini X3 hər ay üçün 60 (altmış) AZN məbləğində aylıq vahid müavinət ödənilir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1211/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin iyun ayından hesablanmaqla xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusuna görə vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112) 7338/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1211/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7338/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərar alınmışdır. Qərardadın 6-cı səhifəsinin 4-cü abzasında qeyd olunmuşdur ki, iddia tələbi iddiaya cavab verməli olmayan cavabdehə qarşı yöndəldiyi üçün iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 3-36-3/2-1126/2025 saylı,xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 və Əlizadə X8 rayonundan məcburi köçkündürlər. Komitə tərəfindən onlara məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Məcburi köçkün statusları ləğv edilməyib, qüvvədədir. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında X6 məcburi köçkün statusuna malik olması barədə heç bir qeyd aşkar edilmədi. Cəbrayıl Rayon İcra Hakimiyyətinin 5-40/2-2216\2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası” ilə tənzimlənir. Məhz sözügedən “Qayda”nın 1.2-ci bəndində hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara vahid aylıq müavinət təyin edilməsi nəzərdə tutulur. xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 atlarının məcburi köçkün statusu olmadığı üşün həmin uşaqlara indiyə kimi vahid aylıq müavinət ödənilməmişdir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da, rayonun işğalından sonra nikahı pozulmuş qadınlar və onların övladları üçün məcburi köçkün vəsiqəsinin verilməsi zamanı tələb olunan sənədlərin siyahısı üçün məcburi köçkün vəsiqəsinin verilməsi zamanı tələb olunan sənədlərin siyahısı təsbir olunub. Belə ki, qaydanın 2.4.4-cü bəndində işğaldan sonra boşanmış qadınlar və onların uşaqları üçün status verilməsi üçün digər sənədlərlə yanaşı, ərin (atanın) işğal zamanı hərbi və ya pasport qeydiyyatında olduğu rayonun aiddiyyəti qurumlarından, eləcə də işğal nəticəsində məcburən tərtk etdiyi rayonun icra hakimiyyətindən rəsmi arayış tələb edilir. Bununla belə, atanın məcburi köçkün olmaması nəzərə alınmadan uşaqlara məhkəmə qaydasında status verilmişdir. Uşaqlar məcburi köçkün statusu təsdiq edən vəsiqə ilə təmin edildikdən sonra, vahid aylıq müavinət verilməsi üçün sənədlərini daimi qeydiyyata olduqları Cəbrayıl rayonunun Hovuslu kənd İƏD üzrə nümayəndəliyinə təqdim etmiş və Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən həmin sənədlər hesabata əlavə edilərək 2022ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Lakin, Komitənin vahid aylıq müavinətlə bağlı müvafiq komissiyası İddiaçı1 və İddiaçı2 atasının məcburi köçkün statusunun olmadığını əsas gətirərək onlara vahid aylıq müavinət təyin etməmişdir. Bakı inzibati Məhkəməsinin 2-1(112)-7279/2021 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin icraatınd aolan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədə iddia, məhkəmənin 2-1(112)-7279/2021 saylı qərarı ilə təmin edilməmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)629/2022 saylı qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-7279/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilənədək iddia tələbi təmin edilmişdir. Cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1201/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli 2-1(103)-629/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini alaraq icraya yönəldilərək icra edilmişdir. İddiaçıların hazırkı iddia tələbinə cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli eyini məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə ddövlət büdcəsindən ödənişlər əvəzinə aylıq müavinətin ödənilməsi qaydasının 1.2 bəndinə əsasən hər iki valideyini “məcburi köçkün” statusuna malik olan uşaqlara vahid aylıq müavinət təyin edilir. Onlara aylıq vahid müavinətin təyin edilməsi üçün qeydiyyatda olduğu Hovuslu kənd İƏD üzrə nümayəndəliyinə təqdim etdiyi sənədlər Cəbrayıl rayon İcra hakimiyyəti tərəfindən hesabata əlavə etdiyi sənədlər Cəbrayıl rayon icra Hakimiyyəti tərəfindən hesabata əlavə edilmiş və 2022-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Komitə vahid aylıq müavinətlə bağlı fəaliyyət göstərən komissiya sənədləri araşdırılarkən atalarının məcburi köçkün vəsiqəsinin olmadığını əsas gətirərək onlara vahid aylıq müavinət təyin etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: (-); məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” Bu Qayda "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra - aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir:

1.1.ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, "məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); (-).

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İlkin olaraq, məhkəmə cavabdeh inzibati orqanın iddiaçıların ataları X6 məcburi köçkün vəsiqəsinin olmadığına münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, X6 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik olmaması onun “məcburi köçkün” statusuna malik olan uşaqlarına vahid aylıq müavinət təyin edilməsindən imtina konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da onların məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). Beləliklə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən iddiaçılara aylıq müavinətin verilməsindən imtina edilməsi onların konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə iddiaçılarıın nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinatın ödənilməsi üçün adlarının xx.xx.2022-ci il tarixdən vahid aylıq müavinət alanlar siyahısına daxil edilməsi öhdəliyi Cəbrayıl Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar