Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-282/2021 14.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Kürdəmir rayonu Karrar bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli 03 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Kürdəmir rayonu Karrar bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli 03 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1666/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Kürdəmir rayonu Karrar bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli 03 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Мəhkəmə iclasında iştirak edən İddiaçı izahatında Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 izahatında Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Kürdəmir rayonu Karrar bələdiyyəsinin, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Kürdəmir rayonu Karrar bələdiyyəsinin, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Kürdəmir rayonu Karrar bələdiyyəsinə qarşı iddia qaldıraraq Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Kürdəmir rayonu Garıs-Əyribənd bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 1 saylı iclas protokolundan çıxarışdan görünür ki, Muğanlı kənd sakini İddiaçı ərizəsinə əsasən əkinçiliyi və heyvandarlığı inkişaf etdirmək məqsədi ilə 25 il müddətinə 200 hektar torpaq ayırma sənədlərinin ayrılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ilə ləğv olunmuş Garıs Əyribənd bələdiyyəsi arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx xxxxxx 2003-cü il tarixli müqavilədən görünür ki, bələdiyyənin xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı ilə 200 hektar torpaq sahəsi 25 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan “torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3769, KOD 90600001 nömrəli şəhadətnamədən görünür ki, Kürdəmir rayonu Garıs-Əyribənd bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, 1 saylı qərarının və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx xxxxxx 2003-cü il tarixli müqaviləsinin əsasında 200 hektar torpaq sahəsi, o cümlədən 79.0 hektar əkin, 121 hektar örüş torpaq sahəsi 25 il müddətinə İddiaçı müvəqqəti istifadəsinə verilmişdir. İş materialında olan Kürdəmir rayonunun Karrar bələdiyyəsinin 3-cü iclasının 3 nömrəli protokolunun xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, olan Kürdəmir rayonu Garıs-Əyribənd bələdiyyəsinin (indiki Karrar) İddiaçı ilə bağlanmış xx xxxxxx 2003cü il tarixli icarə müqaviləsinin 121 ha örüş sahəsi ilə bağlı olan hissəsinin xx.xx.2020-ci il tarixdən ləğv edilməsi qərara alınmışdır. İş materialında olan Kürdəmir rayonu Karrar bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 002/İ nömrəli məktubunda qeyd edilmişdir ki, Sizə məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 09/kol-1727 saylı məktubda Kürdəmir rayonu Garıs Əyribənd (indiki karrar) bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə və xx.xx.2003-cü il tarixli icarə müqaviləsi əsasında sizə icarəyə verilmiş 200 ha torpaq sahəsinin (121 ha örüş, 79 ha əkin) 121 ha örüş sahəsinin 50 ha hissəsində əkin işləri aparıldığının məlum olduğu bildirilmişdir. Odur ki, həmin məktubda Kürdəmir rayonu Karrar Bələdiyyəsinə tövsiyə olunmuşdur ki, bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarı dəyişdirilərək torpağın məqsədli təyinatı göstərilsin və həmin qərarın örüş hissəsi ləğv edilsin. Karrar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 saylı iclasında həmin məktub müzakirə olunmuş və Azərbaycan Respublikası Torpaq Məcəlləsi 73-cü maddəsi əsas götürülərək bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarı dəyişdirilərək həmin qərarın örüş hissəsi ləğv edilmişdir. Kürdəmir rayonu Karrar bələdiyyəsi sizə təklif edir ki, xx.xx.2003-cü il tarixli icarə müqaviləsinin Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 saylı iclasının qərarı ilə uyğunlaşdırılması üçün icarə müqaviləsi dəyişdirilsin. İş materialında olan Kürdəmir rayonu Karrar bələdiyyəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə ünvanladığı xx.xx.2020-ci il tarixli 003 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu Karrar bələdiyyəsinə daxil olmuş xx.xx.2020-ci il tarixli, 09/kol-1727 saylı məktubunuza cavab olaraq bildiririk ki, Kürdəmir rayonu Karrar Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclasında 03 saylı protokoluna əsasən, Torpaq Məcəlləsi 73-cü maddəsi əsas götürərək İddiaçı ilə xx xxxxxx 2003-cü il tarixli bağlanmış müqaviləsinin örüş sahəsi ləğv edilmiş və icarə müqaviləsinin həmin qərara uyğunlaşdırılması İddiaçı rəsmi məktubla təklif göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, hazırda mübahisələndirdiyi Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 saylı qərarı cavabdeh tərəfindən ona iddia ərizəsinə əlavə etdiyi Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 002/İ nömrəli məktubu ilə elə həmin ilin fevral ayında təqdim edilmişdir. Bundan sonra o həmin qərardan məlumatlı olmuş və həmin qərarın ləğv edilməsi üçün cavabdeh Kürdəmir rayonu Karrar bələdiyyəsinə həm şifahi həm də rəsmi qaydada müraciət etmişdir. Lakin müraciəti nəticəsiz qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayonu Garıs Əyribənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 01 saylı qərarı və İddiaçı ilə Garıs Əyribənd bələdiyyəsi arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx xxxxxx 2003-cü il tarixli müqaviləsi ilə İddiaçı 200 ha torpaq sahəsi icarəyə verimişdir. Sonradan yəni xx.xx.2020-ci il tarixdə Kürdəmir rayonu Karrar bələdiyyəsinin 03 saylı iclas qərarı ilə Garıs Əyribənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 01 saylı qərarı dəyişdirilərək həmin qərarın örüş hissəsi ləğv edilmişdir. Hazırda iddiaçı Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 saylı iclas qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının izahatından və iş materialında olan iddiaçınn təqdim etdiyi Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 002/İ nömrəli məktubundan müəyyən edilmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərardan (inzibati aktdan) 2020-ci ilin fevral ayından məlumatlı olmuşdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 nömrəli iclas qərarından 2020-ci ilin fevral ayından məlumatlı olduğundan və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, iddia ərziəsi xx.xx.2020-ci il tarixdə poçta, xx.xx.2020-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasanda iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Kürdəmir rayonu Karrar bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 nömrəli iclas qərarından məlumatlı olduğu vaxtdan 7 (yeddi) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Kürdəmir rayonu Karrar bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Kürdəmir rayonu Karrar bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli 03 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Kürdəmir rayonu Karrar bələdiyyəsinə qarşı “xx.xx.2020-ci il tarixli 03 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-282/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-282/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver