Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-283/2020 19.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin nümayəndəsi X1 (ali təhsilli, Dövlət Sosial X2 rayon şöbəsinin Sosial yardım və sosial müavinətlər sektorunun müdiri, ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «19 sentyabr 2015-ci il tarixdən 19 sentyabr 2018-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 19 sentyabr 2018-ci il tarixdə M/V 084690 saylı vəsiqə verilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə ərizə ilə müraciət edib ona müharibə veteranı vəsiqəsi təqdim edilməzdən əvvəlki 3 il üçün ödənilməmiş müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh 13 noyabr 2019-cu il tarixli **********9 saylı məktubunda iddiaçının müharibə iştirakçısı kimi müavinət almaq hüququnun 19.09.2018-ci il tarixdən, yəni müharibə iştirakçısı vəsiqəsini aldığı tarixdən yarandığını və həmin tarixdən müavinət ödənildiyini qeyd edərək, ərizəsinin təmin edilməsindən etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsinin müavinətin ödənilməsindən **********9 №-li, 13 noyabr 2019-cu il tarixli imtinasının qanunsuz hesab edilməsi və 19 sentyabr 2015-ci ildən 19 sentyabr 2018-ci ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq İddiaçı birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 18 iyul 1969-cu ildə Füzuli rayonunun Mahmudlu-2 kəndində anadan olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən N saylı hərbi hissənin tərkibində çoxsaylı döyüş əməliyyatlarında iştirakına görə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona müharibə veteranı adı və 19 sentyabr 2018-ci il tarixli 084690 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. O, müharibə veteranı kimi ona sosial müavinətin müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün hesablanaraq birdəfəyə ödənilməsindən ötrü ərizə ilə cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan **********9 №-li, 13 noyabr 2019-cu il tarixli məktubla 3 il üçün müavinətin ödənilməsindən imtina edərkən ona müharibə veteranı vəsiqəsinin 19 sentyabr 2018-ci il tarixdə verildiyini və onun üç il geri müavinət almaq hüququnun olmadığını əsas götürmüşdür. Hesab edir ki, ona müharibə veteranı vəsiqəsinin 19 sentyabr 2018-ci il tarixdə verilməsi onun məhz həmin tarixdə müharibə veteranı olmağı kimi qəbul edilə bilməz. Çünki o, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı sayılmışdır. Belə olan halda iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehin imtinası hüquqlarını pozduğuna görə qanunsuzdur. Ona görə də cavabdehin imtinasının qanunsuz hesab edilməsi və 19 sentyabr 2015-ci ildən 19 sentyabr 2018-ci ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin nümayəndəsi X3 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının müharibə veteranlarına ödənilən müavinəti almaq hüququ müharibə veteranı adını və vəsiqəsini aldığı 19.09.2018-ci il tarixdən yaranmışdır. İddiaçıya da 19.09.2018-ci il tarixdə müavinət təyin edilərək, həmin tarixdən ödənilir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və müharibə veteranı vəsiqəsinin təsdiq olunmuş surətlərini, Füzuli Rayon İHB-nin Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı müharibə veteranlarına ödənilən müavinəti müharibə veteranı vəsiqəsini aldığı 19 sentyabr 2018-ci ildən əvvəlki 3 (üç) il üçün almaq hüququna malikdir. Cavabdeh iddiaçıya müharibə veteranları üçün ödənilən müavinətin 19 sentyabr 2018-ci ildən əvvəlki 3 (üç) il üçün ödənilməsindən imtina edərkən iddiaçıya müharibə veteranı vəsiqəsinin 19 sentyabr 2018-ci il tarixdə verildiyini əsas götürmüşdür. Мəhkəmə bununla bağlı bildirir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin 19 sentyabr 2018-ci il tarixdə verilməsi о demək deyildir ki, iddiaçı həmin tarixdə müharibə veteranı olmuşdur. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı sayılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli Fərmanının 1, 1.9-cu bəndlərinə görə əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə-15 manat sosial müavinət müəyyən edilmişdir. «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2013-cü il tarixli 973 nömrəli Fərmanının 1.1, 1.1.7-ci bəndlərinə görə əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət-37 manat müavinət müəyyən edilmişdir. «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il Fərmanının 1-ci bəndinə görə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndində “37” rəqəmləri “45” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdehin iddiaçıya ödənilməli olan müavinəti 19 sentyabr 2018-ci ildən əvvəlki 3 (üç) il üçün ödəməməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranlarına ödənilən müavinətin ona 19 sentyabr 2015-ci il tarixdən 19 sentyabr 2018-ci il tarixədək hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən əvvəlki 3 (üç) il üçün, yəni 19 sentyabr 2015-ci il tarixdən 19 sentyabr 2018-ci il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı müavinətinin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən əvvəlki 3 (üç) il üçün, yəni 19 sentyabr 2015-ci il tarixdən 19 sentyabr 2018-ci il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı müavinətinin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov