Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-283/2022 24.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Astara rayon Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 02 saylı qərarı və digər hüquqmüəyyənedici sənədlər əsas götürülməklə, Maşxan kəndi ərazisində ona ayrılmış 200 kv.m həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(120)-1613/2021 saylı qərardadı ilə Astara rayon Təngərüd bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2-1(120)-283/2022 saylı qərardadı ilə iddia tələbinə “Astara rayon Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Abbasova (Əsgərova) Könül Valeh qızı xx.xx.1993-cü il təvəllüdlü ünvan 1i ünvanında yaşayır. Azərbaycan Respublikası Astara rayonu, Maşxan bələdiyyəsinin 14 yanvar 2011-ci il tarixli, 02 saylı və xx.xx.2011-ci il tarixli, 03 nömrəli müvafiq qərarı ilə yaşadığı kəndin ərazisində fərdi yaşayış evinin tikintisindən ötrü ona 200 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin 200 kv.m həyətyanı torpaq sahəsi aşağıda barəsində qeyd olunan ilkin hüquqmüəyyənedici sənədlər əsasında ona verilmişdir. Astara rayonu, Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 02 saylı qərarıvə xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı, DT və XK-nin Astara rayon şöbəsi ilə aramızda bağlanmış 25 fevral 2011-ci il tarixli, 01 nömrə ilə qeydiyyata alınmış torpağın alqı-satqısına dair Aktı, DT və XK-nin Astara rayon şöbəsinin xx.xx.2011 -ci il tarixli 18 saylı rəyi, DT və XK-nin Astara rayon şöbəsi və Maşxan bələdiyyəsi tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarışın əsli, Təngərüd bələdiyyəsi tərəfindən təsdiqlənmiş baş plandan çıxarışın əsli, xx.xx.2011 -ci il tarixli, A № 321664 qeydiyyat nömrəli plan və ölçü sənədinin (kadastr planı) əsli. Yuxarıda barəsində qeyd olunan ilkin hüquqmüəyyənedici sənədlərə əsaslanaraq Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən 200 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış xüsusi mülkiyyət hüquqlarını təsdiq edən müvafiq sənədlərlə “Çıxarış” və “plan və ölçü sənədi” verilməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən iddiaçı olaraq onun adına aidiyyəti hissədə qeydiyyata alınması zərurəti yaranmışdır. Qeyd olunan səbəblərdən, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü 17 avqust 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin Astara rayon şöbəsinə müracət etmişdir. Həmin ərəfədə müraciəti ********** qeydiyyat nömrə ilə icraata götürülməklə, sonradan onun ünvanına DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina cavabı verilmişdir. Belə ki, Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin ümumi formal cavabından belə məlum olur ki, Maşxan bələdiyyəsinin müvafiq qərarı əsasında alq-satqı olunan ona məxsus 200 kv.m həyətyanı torpaq sahəsinin onun adına, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab olunmuşdur. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi xidmət orqanı olaraq özünün “İmtina” bildirişində səbəb kimi aşağıdakıları göstərmişdir: “Sənədlərin qanunamüvafiqliyi tərəfindən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq aidiyyəti sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmin Ərazi İdarəsi imtinaya yeganə əsas olaraq bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə uyğun olaraq 2007-ci il 01 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin, təqdim olunmuş sözü gedən həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən qanunvericiliyin tələbinə əsasən Astara rayonu, Maşxan bələdiyyəsinin sözü gedən həyətyanı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının tanınması prosedurundan sonra notarial alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini özgəninkiləşdirə bilməsi bildirilir. Qeyd olunan səbəblərdən həyətyanı məqsədilə ayrılmış sözü gedən 200 kv.m torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqlarının qeydiyyata alınması proseduru təmin olunmamışdır. Astara rayonu, Maşxan bələdiyyəsinin 14 yanvar 2011-ci il tarixli, 02 saylı qərarı, xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı və digər ilkin hüquqmüəyyənedici sənədlərə əsasən həmin 200 kv.m həyətyanı torpaq sahəsinin reallıqda Maşxan bələdiyyəsindən satın alması tam sübuta yetirilmiş hesab olunmalıdır. Bələdiyyə həmin dövrdə birbaşa mənimlə alqı-satqı etmişdirsə, buna dair müvafiq sənədlər ləğv edilmiş DT və XK-nin Astara rayon şöbəsi tərəfindən təsdiqlənmişdirsə, habelə həmin torpaq sahəsinə dair təsdiqlənmiş plan və ölçü sənədi (kadastr planı) tərtib olunmuşdursa, aidiyyəti rüsumlar tərəfindən ödənilmişdirsə, habelə artıq həmin torpaq sahəsinin ayrılmasından on ildən artıq bir vaxt keçmişdirsə, halhazırda iddiaçı olaraq onun təqsiri, qüsuru və günahı nədən ibarətdir. İddiaçı olaraq onun dövlət tərəfindən qorunan hüququ nə səbəbdən pozulmalıdır. Belə ki, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən mənim ünvanıma göndərilmiş 25 avqust 2021-ci il tarixli, **********87 qeydiyyat nömrəli imtina bildirişində ona məxsus həmin 200 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduruna qərəzli mövqedən yanaşaraq ərizəni təmin etməmiş və müraciətdən imtina etmişdir. Həmin idarə paralel olaraq məhkəməyə müraciət etmək hüququnun olduğunu da imtina məktubunda qeyd etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 513 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayonunun Maşxan kəndində yaşayır. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin xx.xx.2011-ci il tarixli, 18 nömrəli rəyindən görünür ki, X1 nəzərdə tutulan torpaq sahəsi 0.02 hektar olmaqla Maşxan bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. İşdə olan xx.xx.2011-ci il tarixdə tərtib olunmuş, A № 321664 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Astara rayon Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 02 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün 200 kv.m torpaq sahəsi X2 adına qeydə alınmış və həmin torpaq sahəsinin koordinatları müəyyənləşdirilərək plan çizgisi tərtib olunmuşdur. İşdə olan Astara rayon Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarından və torpaq sahəsinin baş planından çıxarışdan görünür ki, Astara rayon Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı ilə Astara rayonu, Maşxan kənd sakini X3 bələdiyyənin ehtiyat fondundan alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.02 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmçinin həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İşdə olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Maşxan kənd sakini X3 Astara rayon Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı ilə 0.02 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Bunun müqabilində Astara rayon Maşxan bələdiyyəsinin hesabına 200 manat haqq ödənilmişdir. İşdə olan Astara rayon Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 02 nömrəli qərarından görünür ki, Astara rayon Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 02 nömrəli qərarı ilə Astara rayonu, Maşxan kənd sakini X3 bələdiyyənin ehtiyat fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən 200 kv.metr torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 195 nömrəli arayışından görünür ki, Abbasova (Əskərova) X6 bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 saylı iclas qərarına əsasən 200 km.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Hal-hazırda ayrılmış torpaq sahəsi onun istifadəsindədir və torpaq sahəsi üzərində heç bir mübahisə yoxdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********87 nömrəli məktubunda qeyd edilmişdir: Sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 17 avqust tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən, Maşxan bələdiyyəsinin xx.xx.2011-cı il tarixli, 02 saylı müvafiq qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü etibarlı nümayəndəsi olduğunuz şəxsə Abbasova (Əsgərova) Könül Valeh qızına ayrılmış 200 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin tikintisi məqsədilə müvafiq bələdiyyə qərarı əsasında etibarlı nümayəndəsi olduğunuz şəxsə Abbasova (Əsgərova) Könül Valeh qızına ayrılmış həmin 200 kv.m həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyiniz sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Bu baxımdan bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin, "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu ilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir.. Həmin dəyişikliyə uyğun olaraq 2007-ci il 01 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məlumat üçün bildiririk ki, tərəfinizdən təqdim olunmuş sözü gedən həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən Astara rayonu, Maşxan bələdiyyəsi sözü gedən həyətyanı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının tanınması prosedurundan sonra notarial alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini özgəninkiləşdirə bilər. Qeyd olunan səbəblərdən həyətyanı məqsədilə ayrılmış sözü gedən 200 kv.m torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların qeydiyyata alınması proseduru təmin olunmamışdır. Bu baxımdan bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları göstərilir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, təqdim olunmuş sənədlər üzrə yaranmış hüquqlara dair həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İşdə olan Astara rayonu Təngərüd bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03 nömrəli məktubunda qeyd edilmişdir: Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 03 saylı qərarı əsasında hazır ki, iş üzrə iddiaçı Abbasova (Əskərova) Könül Valeh qızına 200 m2 həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar hal-hazıra qədər qüvvədədir. Digər şəxslərin mənafeyinə toxunmur. Ayrılmış torpaq sahəsi qərar verildiyi andan hal-hazıradək hazırki iş üzrə iddiaçı Abbasova (Əskərova) Könül Valeh qızının istifadəsindədir. Odur ki, həmin bələdiyyə qərarı əsasında iddiaçıya ayrılmış 200 m2 torpaq sahəsinin onun adına qeydiyyata alınması barədə müvafiq qərar qəbul edilməsinə hər hansı bir etirazımız yoxdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********75 nömrəli məktubunda qeyd edilmişdir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 02 sentyabr tarixli, 2-1 (120)-1613/2021 saylı inzibati iş üzrə “ 200 kv. m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair sərəncama münasibətin (etirazın) bildirilməsinə münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə sərəncamda, habelə Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində göstərilən şəxsin (iddiaçı: İddiaçı) adına 200 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin üzərimizə qoyulması məsələsinə münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildiririk ki, hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. İş üzrə sərəncamın icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən, Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 02 saylı müvafiq qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü iddiaçıya ayrılmış 200 kv.m həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən plan və ölçü sənədinin, habelə müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2021-ci il 17 avqust tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən, hazırki iş üzrə İddiaçı məxsus həmin 200 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması xahiş edilmişdir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə sözü gedən 200 kv.m həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim edilmiş sənəd üzrə məlumatlarla faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Həmçinin, sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd qismində hazırki iş üzrə iddiaçı tərəfindən Maşxan bələdiyyəsinin torpaqayırma barədə 14 yanvar 2011-ci il tarixli 02 saylı qərarı, alqı-satqı aktı, yerquruluşu planından çıxarış və müvafiq icra hakimiyyətinin rəyi icraata təqdim olunmuşdur. Bu baxımdan bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə uyğun olaraq 2007-ci il 01 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məlumat üçün bildiririk ki, həmin dövrdə iddiaçı tərəfinizdən təqdim olunmuş sözü gedən həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən Astara rayonu, Maşxan bələdiyyəsi sözü gedən həyətyanı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının tanınması prosedurundan sonra notarial alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini özgəninkiləşdirə bilər. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları göstərilir. Yuxarıda qeyd olunan səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində hazırki iş üzrə iddiaçının adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmiş və onun ünvanına 25 avqust 2021-ci il tarixli, **********87 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. Belə ki, hazırki iş üzrə sərəncamın 2-ci bəndində qoyulan tələbin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq həmin torpaq sahəsinə dair iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) münasibətdə bildiririk ki, gələcəkdə aidiyyəti qurumun (bələdiyyənin aidiyyəti münasibəti) iştirakı və iddiaya münasibəti nəzərə alınmaqla iş üzrə qanunamüvafiq qərar qəbul edildiyi təqdirdə (hüquqmüəyyənedici sənədlər üzrə yaranmış uyğunsuzluqlara münasibətdə) tərəfimizdən təmin olunacaqdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********51 nömrəli məktubunda qeyd edilmişdir: sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 20 oktyabr tarixli məktubunuza müvafiq olaraq bildiririk ki, 2-1(120)-283/2022 saylı inzibati iş üzrə (iddiaçı: İddiaçı) Şirvan İnzibati Məhkəməsindən daxil olmuş hazırki sorğunun icrasına münasibətdə, tərəfimizdən mübahisələndirilən həmin əmlaka dair arxiv və elektron baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə sorğunun təmini tədbiri olaraq təhqiqat obyektinə keçirilən baxışın nəticələrinə dair barəsində qeyd olunan müvafiq rəyin təqdim olunmasına münasibətdə bildiririk ki, bələdiyyə qərarı əsasında hazırki iş üzrə iddiaçıya ayrılmış 200 kv.m həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edildi: Sorğunun 1-ci sualına münasibətdə bildiririk ki, sözü gedən 200 kv.m həyətyanı torpaq sahəsi qeyd olunan koordinatlarda yerləşir: X=310374.977 Y=4270008.294, X=310382.251 Y=4270008.001 X=310380.712 Y=4269979.793 X=310373.437 Y=4269980.101 Sorğunun digər hissələrinin cavablandırılmasına münasibətdə isə bildiririk ki, ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla, yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsidir. Sözü gedən torpaq sahəsi bələdiyyə qərarı ilə ayrıldığı vaxtdan hazırki iş üzrə iddiaçının istifadəsində olmaqla, təyinatı üzrə istifadə edilir. Bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcud deyildir, bələdiyyənin alqı-satqı predmeti sayılır, habelə ayrılmış torpaq sahəsi digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst- üstə düşmür və onların mənafeyinə toxunmur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Astara rayonu, Maşxan bələdiyyəsinin 14 yanvar 2011-ci il tarixli, 02 saylı və xx.xx.2011-ci il tarixli, 03 nömrəli müvafiq qərarı ilə Abbasova (Əskərova) Könül Valeh qızına 200 kv.m həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2011-cı il tarixli, 321664 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X7 kitabında xx.xx.2011cı il tarixdə, 53 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iş materiallarında olan məhkəmənin sorğusu əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********51 nömrəli məktubundan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Astara rayonu, Maşxan bələdiyyəsinin 14 yanvar 2011-ci il tarixli, 02 saylı və xx.xx.2011-ci il tarixli, 03 nömrəli müvafiq qərarına əsasən Abbasova (Əskərova) Könül Valeh qızına satılmış 200 kv.m həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla, yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsidir. Sözü gedən torpaq sahəsi bələdiyyə qərarı ilə ayrıldığı vaxtdan hazırki iş üzrə iddiaçının istifadəsində olmaqla, təyinatı üzrə istifadə edilir. Bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcud deyildir, bələdiyyənin alqı-satqı predmeti sayılır, habelə ayrılmış torpaq sahəsi digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür və onların mənafeyinə toxunmur. İddiaçı sözügedən Azərbaycan Respublikası Astara rayonu, Maşxan bələdiyyəsinin 14 yanvar 2011-ci il tarixli, 02 saylı və xx.xx.2011-ci il tarixli, 03 nömrəli müvafiq qərarını rəhbər tutaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Astara rayonu, Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, sözügedən 0,02 ha torpaq sahəsi iddiaçıya Azərbaycan Respublikası Astara rayonu, Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı ilə satılmış və həmin torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt və torpaq sahəsinə dair xx.xx.2011-cı il tarixli, 321664 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X7 kitabında xx.xx.2011-cı il tarixdə, 53 nömrə ilə qeydiyyata alınmışdır. Həmin sənədlər qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədlərin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Azərbaycan Respublikası Astara rayonu, Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı və həmin torpaq sahəsinə dair tərtib edilmiş torpaqların alqı-satqısına dair akt mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız olmuşdur. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X4 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Astara rayon Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Astara rayon Maşxan bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış 0,02 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-283/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-283/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver