Məhkəmə qərarları › İş №2-1(120)-283/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-283/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-283/2025 19.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Beyləqan rayonu Baharabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi ayrılmış 0,78 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beləqan rayonu Baharabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş 1,10 olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Beyləqan rayonu Baharabad bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Beyləqan rayonu Baharabad Bələdiyyəsinin 10 fevral 2007-ci il tarixli qərarı ilə 1.10 olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş Beyləqan rayon X1 Bələdiyyəsi ilə əvəz edilməsini və iddia tələbinin dəyişdirilərək “Beyləqan rayon Baharabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi ayrılmış 0,78 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş Beyləqan rayon X1 Bələdiyyəsi ilə əvəz edilməsi, tələbin isə “Beyləqan rayon Baharabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi ayrılmış 0,78 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu Mehrablı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı iclas protokolu ilə bələdiyyənin ehtiyyat fondundan 1,10 ha torpaq sahəsi ona satılmışdır. Bununla bağlı Beyləqan rayonu Mehrablı Bələdiyyəsi ilə arasında xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqı müqaviləsi bağlanmış və müqavilə sabiq Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin səlahiyyətli nümayəndəsinin imzası və möhrü ilə təsdiq olunmuşdur. Torpaq sahəsini almağına dair qanunvericilikdə müəyyən edilmiş həddə, yəni 1100 manat dövlət rüsumu xx.xx.2007-ci il tarixdə Beyləqan rayonu Mehrablı Bələdiyyəsinin hesabına ödənilmişdir. Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindəm 1,10 ha torpaq sahəsinin planı hazırlanaraq möhürlənmiş, şöbə tərəfində tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanması məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, torpaq sahəsini hüquqların dövlət reyestrində qeydiyyata alınmasından ötrü, zəruri sənədləri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə təqdim etmiş, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi torpaq sahəsinin adıma qeydə alınmasından imtina etmiş və 23 fevral 2023-cü il tarixli, 3-21-3-45/2-A-0023-8/2023 nömrəli imtina məktubu vermişdir. İddiasının mübahisə predmenti, torpaq sahəsinin hüquqların dövlət reyestrində qeydiyyata alınmasıdır. Çünki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra - Mülki Məcəllə) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən həyata keçirilir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi torpaq sahəsini adına qeydiyyata almaqdan və ona hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışın verilməsindən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsini qəbul etməyərək iddiaya qarşı yazılı etiraz təqim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Baharabad Bələdiyyəsinin 10 fevral 2007-ci il tarixli 04 saylı qərarı əsasında ayrılmış ümumi sahəsi 1.10 ha olan torpaq sahəsinin alqı-satqı aktında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəyində tarix və qeydiyyat nömrəsi qeyd olunmadığı və torpaq ayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyat və ya arxiv sürətlərinin olmadığı məlum olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8, 9, 11 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və 140-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan rayonu Baharabad Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli iclas protokolunun qərarı iıə sənədləşdirilməsi nəzərdə tutulmuş 1.10 olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin və üçüncü şəxs Beyləqan rayonu Baharabad bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Beyləqan rayonu ərazisində yerləşdiyindən və Beyləqan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Beyləqan rayonu Baharabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli iclas protokolundan görünür ki, Baharabad bələdiyyəsinin ehtiyat fondundan alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsinin alqı-satqı qaydasında Ağcabədi rayon sakini İddiaçı satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin hazırladığı sənədlər nəzərə alınması qərara alınmışdır. İşdə olan Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Beyləqan rayonu Mehrablı Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqı müqaviləsi bağlanmış və müqavilə sabiq Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin səlahiyyətli nümayəndəsinin imzası və möhrü ilə təsdiq olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinin iddiaçıya ünvanladı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-A-0023-8/2023 nömrəli məktubunda İşdə olan Beyləqan rayon Baharabad Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 02 nömrəli məktubunda qeyd edilmişdir ki, Baharabad bəlodiyəsiniıı 10 fevral 2007-ci il tarixli 04 saylı iclasda Ağcabədi rayon sakini İddiaçı 1.10 ha torpaq sahəs satılması haqqında qərar qəbul etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-10/3612/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Beyləqan rayonu Baharabad bələdiyyəsinin 10 fevral 2007ci il tarixli 04 saylı qərarı ilə Baharabad bələdiyyəsinə aid əkinə yararsız torpaq sahəsinin ərazisindən “Torpaqların alqı-satqısına dair akt əsasında İddiaçı satılmış 1,10 ha torpaq sahəsinin sərhəddinin döngə nöqtələrinin koordinatları torpaq sahəsi ayrılan zamanı tərtib olunmuş yerquruluşu planında olan istinad nöqtələrindən istifadə edilməklə müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayonu Baharabad bələdiyyəsinin 10 fevral 2007-ci il tarixli 04 saylı qərarı ilə Baharabad bələdiyyəsinə dair tərtib olunmuş yerquruluşu planında bələdiyyə mülkiyyətinə aid ərazi kimi qeydə alınmadığına görə həmin ərazinin mülkiyyət növünü və kateqoriyasını müəyyən etmək mümkün olmadı. Hazırda isə X5 Uçotu və İnformasiya Sistemində qeyd edilən 1.10 ha torpaq sahəsinin 0.4312 ha hissəsi bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi, 0.3510 ha hissəsi örüş sahəsi və 0.0128 ha hissəsi isə yol sahəsi kimi qeyd olunmuşdur. Eyni zamanda X5 Uçotu və İnformasiya Sistemində qeyd olunan 1.10 ha torpaq sahəsinin 0.2295 ha hissəsi reyestr nömrəsi **********35 olan və 0.0755 ha hissəsi isə **********36 olan çıxarışa əsasən, X3 torpaq sahəsi kimi qeyd olunmuşdur Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayonu Baharabad bələdiyyəsinin 10 fevral 2007-ci il tarixli 04 saylı qərarı ilə Baharabad bələdiyyəsinə aid əkinə yararsız torpaq sahəsinin ərazisindən "Torpaqların alqı-satqına dair akt əsasında İddiaçı satılmış 1,10 ha torpaq sahəsinin yerləşdiyi ərazi "Torpaq İslahatı aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında və həmin əraziyə aid fotopları sənədində qeyd edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazi "Torpaq İslahatı aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında mövcuddur. Qeyd edilən 1,10 ha torpaq sahəsi ilə digər təyinatlı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Ancaq, X5 Uçotu və informasiya Sistemində qeyd olunan 1.10 ha torpaq sahəsinin 0.2295 ha hissəsi reyestr nömrəsi **********35 olan və 0.0755 ha hissəsi isə **********36 olan çıxarışa əsasən, X3 torpaq sahəsi kimi qeyd olunmuşdur Araşdırma zamanı müəyyən olunmuşdur ki, X4 və ailə üzvləri tərəfindən "Torpaq İslahatı" aparılan zamanı JN 64 saylı Dövlət Aktı əsasında ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin ərazisindən istifadə edilir. Qərardadın beşinci sualı üzrə: Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir və hal-hazırda İddiaçı tərəfindən 1,10 ha torpaq sahəsinin 0.9850 ha hissəsi əkin və 0.1150 ha hissəsi isə örüş sahəsi kimi istifadə olunur. Qərardadın altıncı sualı üzrə: Beyləqan rayonu Baharabad bələdiyyəsinin 10 fevral 2007-ci il tarixli qərarı 04 saylı ilə Baharabad bələdiyyəsinə aid əkinə yararsız torpaq sahəsinin ərazisindən "Torpaqların alqı-satqısına dair akt esasında İddiaçı satılmış 1.10 ha torpaq sahəsinin ərazisi, qərarda və tərtib olunmuş yerquruluşu planında olan ölçü göstəricilərinə əsasən, qeyd edilən torpaq sahəsinin sərhədləri daxilində yerləşir. "Torpaqların alqı-satqısına dair" akt əsasında İddiaçı satılmış 1,10 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin dongə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. "Torpaq İslahatı aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında qeyd edilən torpaq sahəsinin ölçü göstəriciləri üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Ancaq, X5 Uçotu və İnformasiya Sistemində isə qeyd olunan 1.10 ha torpaq sahəsinin 0.2295 ha hissəsi reyestr nömrəsi **********35 olan ve 0.0755 ha hissəsi isə **********36 olan çıxarışa əsasən, X3 torpaq sahəsi ilə üst-üstə düşür. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X4 və ailə üzvləri tərəfindən "Torpaq İslahatı" aparılan zamanı JN 64 saylı Dövlət Aktı əsasında ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin ərazisindən istifadə edilir. Qərardadın yeddinci sualı üzrə: Beyləqan rayonu Baharabad bələdiyyəsinin 10 fevral 2007-ci il tarixli 04 saylı qərarı ilə Baharabad bələdiyyəsinə aid əkinə yararsız torpaq sahəsinin ərazisindən "Torpaqların alqı-satqısına dair akt əsasında İddiaçı satılmış 1,10 ha torpaq sahəsi faktiki olaraq İddiaçı tərəfindən 0.9850 ha hissəsi əkin və 0.1150 ha hissəsi isə örüş sahəsi kimi istifadə olunur. Qərardadın səkkizinci sualı üzrə: Mübahisəli torpaq sahəsinin ərazisində tikili mövcud deyildir. Qərardadın doqquzuncu sualı üzrə: Beyləqan rayonu Baharabad bələdiyyəsinin 10 fevral 2007-ci il tarixli qərarı 04 saylı ilə Baharabad bələdiyyəsinə aid əkinə yararsız torpaq sahəsinin ərazisindən "Torpaqların alqı-satqısına dair" akt əsasında İddiaçı satılmış 1.10 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-6601/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, elektron məlumat bazasında (X5 Uçotu və İnformasiya Sistemində) qeyd olunan 1.10 ha torpaq sahəsinin 0.4312 ha hissəsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin sahəsi, 0.3510 ha hissəsi bələdiyyə mülkiyyətinə aid örüş sahəsi, 0.0128 ha hissəsi bələdiyyə mülkiyyətində olan yol sahəsi, 0.305 (0.2295 və 0.0755) ha hissəsi xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı əkin sahəsi kimi qeyd edilmişdir. Lakin həmin torpaq sahəsi torpaq islahatı aparılan zaman tərtib edilmiş kompleks yerquruluşu lahiyəsində (DWG) qeyd edilməmişdir. Belə ki, Beyləqan rayonu Baharabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılan 1,10 ha torpaq sahəsi kompleks yerquruluşu xəritəsində həmin ərazi kollektor və pay torpaqları arasında yerləşən ərazi olmasına baxmayaraq, kompleks yerquruluşu xəritəsində həmin ərazi qeydə alınmamışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı Beyləqan rayon Baharabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi ayrılmış 0,78 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair bələdiyyə tərəfindən sənədlərin iddiaçıya natamam təqdim edilməsi, torpağın uqodiyasının yanlış qeyd edilməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmiş, eləcə də torpaq sahəsinin alınmasını təsdiq edən müvafiq qəbzin təsdiq edilmiş surətidə məhkəməyə təqdim edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-10/7364/2025 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Mübahisələndirilən bələdiyyənin qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən Beyləqan rayonu Baharabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Belə ki, məhkəməyə təqdim edilən sənədlərə əsasən torpaq sahəsi İddiaçı ayrılan zaman bələdiyyə ehtiyat fondundan kənd təsərrüfatı məqsədi ilə ayrıldığı öz təsdiqini tapmışdır. Eləcə də, torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəyi və yerquruluşu planı sənədinin mövcud olduğu, rəyə əsasən də torpaq sahəsinin bələdiyyə ehtiyat fondundan kənd təsərrüfatı məqsədi ilə ayrıldığı müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ona torpaq sahəsi ayrılan zaman müvafiq sənədlər təqdim edilmişdir ki, tərəf həmin sənədlərə etimad göstərmiş və bugünə kimi qeyd edilən formada istifadə etmişdir. Belə olan halda sonradan TEKUİS sistemində torpaq sahəsinin uqodiyasına dəyişiklik edilməsi tərəfin hüquqlarının pozulması ilə nəticələnmişdir. Beyləqan rayonu Baharabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarıilə İddiaçı torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Beyləqan rayonu Baharabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi ayrılmış 0,78 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Beyləqan rayonu Baharabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi ayrılmış 0,78 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar