Məhkəmə qərarları › İş №2-1(120)-284/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-284/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-284/2021 17.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin planı və ölçüsündə düzəliş edilməsinin cavabdehə həvalə olunması» tələbinə dair iddiası üzrə iş materiallarına 17 may 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nizami” adına sovxozun 27.08.1993cü il tarixli, 47 nömrəli əmri ilə onun mülkiyyətinə verilmiş Masallı şəhərində yerləşən 400 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 07 oktyabr 2009-cu il tarixli, A № 121829 saylı torpaq sahəsinin planı və ölçüsündə düzəliş edilərək, X1 adının çıxarılaraq onun adının qeyd olunması barədə öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Nizami adına sovxozun 27.07.1993-cü il tarixli, 47 nömrəli əmri ilə onun mülkiyyətinə verilmiş Masallı şəhərində yerləşən 400 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 07 oktyabr 2009-cu il tarixli, A № 121829 saylı torpaq sahəsinin planı və ölçüsünün (kadastrının) ləğv edilməsi və həmin sənədlərdə düzəliş edilərək X1 adının çıxarılaraq onun, yəni İddiaçı qeyd olunaraq torpaq sahəsinə yeni plan və ölçünün (kadastrın) verilməsinin bir vəzifə olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Nizami” adına sovxozun 27.07.1993-cü il tarixli, 47 nömrəli əmri ilə ev tikmək üçün ona 0.04 hektar torpaq sahəsi verilmişdir. Sonradan 2009-cu ildə həmin torpaq sahəsinə sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin torpaq sahəsinə Dövlət reyestrindən çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etdiyi zaman ona məlum olmuşdur ki, torpaq sahəsinin planı və ölçüsündə onun adı deyil, səhvən qardaşı X1 adı qeyd olunmuşdur. Yol verilmiş bu səhv bir mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur. O, bu səhvin aradan qaldırılması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə müraciət etdiyi zamanda buraxılmış bu kobud səhvin aradan qaldırılması mümkün olmamış, ona rəsmi qaydada imtina məktubu verilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. “Nizami” adına sovxozun 27.07.1993-cü il tarixli, 47 nömrəli əmrində qardaşının adı deyil, onun adı qeyd olunmuşdur. X5 və Xəritəçəkmə Komitəsi həmin torpaq sahəsinə dair plan və ölçü sənədi verdiyi zaman səhvə yol vermişdir. Odur ki, göstərilənləri nəzərə alıb həmin səhvin düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi 22.12.2020cı il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilmişdir. Məktubda qeyd olunmuşdur ki, Masallı rayon “Nizami” adına sovxozun 27 iyul 1993-cü il tarixli, 47 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinə X1 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən 07 oktyabr 2009-cu il tarixdə 2685 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin plan və ölçü sənədi qüvvədə olduğu üçün torpaq sahəsinin sənədləşdirilməsi mümkün deyildir. Həmin sənədlər məhkəmə qaydasında mübahisələndirilə bilər. Göstərilən sənədlərdəki ziddiyyətlərə görə Masallı rayon “Nizami” adına sovxozun 27 iyul 1993-cü il tarixli, 47 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmənin 02.02.2021-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirib hesab edir ki, iddiaçı hazırki tələbi üzrə müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Masallı rayon “Nizami” adına sovxozun 27 iyul 1993-cü il tarixli, 47 nömrəli əmri ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.04 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, Masallı rayon “Nizami” adına sovxozun 27 iyul 1993-cü il tarixli, 47/1 nömrəli əmri ilə X2 fərdi yaşayış evinin tikintisi üçün 0.04 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Masallı rayon “Nizami” adına sovxozun 27 iyul 1993-cü il tarixli, 47/1 nömrəli əmri ilə X2 ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən 07 oktyabr 2009-cu il tarixdə 2685 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı torpaq sahəsinin planı və ölçüsündə onun adı deyil, səhvən qardaşı X1 adının qeyd olunduğunu iddia edərək hazırki iddianı irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Masallı rayon “Nizami” adına sovxozun 27 iyul 1993-cü il tarixli, 47 nömrəli əmri ilə İddiaçı torpaq sahəsi ayrılarkən torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən sxematik plan tərtib edilməmişdir. İddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş və 1971-ci il yanvar ayının 1dən qüvvəyə minmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsində göstərilmişdir ki, torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) torpaq sahəsinin hüdudları müəyyən edilir, həmin sahə digər sahədən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 24-cü maddəsində qeyd edilmişdir ki, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. Həmin Məcəllənin 25-ci maddəsinə görə torpaqdan müddətsiz (müvəqqəti) istifadə hüququ barəsində dövlət aktları istifadəyə verilmiş torpaq sahələri hansı rayon xalq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, təşkilatlarına və idarələrinə, habelə vətəndaşlara verilir. Həmin Məcəllənin 26-cı maddəsində göstərilmişdir ki, verilmiş torpaq sahəsi naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, həmin torpaq sahəsi iddiaçıya verilərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (1971-ci il redaksiyasında) yuxarıda göstərilən normaları pozulmuş, onun sözügedən torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktı ilə təsdiq olunmamış, torpaq sahəsinin dəqiq yerini əks etdirən sxematik plan tərtib olunmamış, torpaq sahəsinin ayrılması proseduru başa çatdırılmamışdır. Eyni zamanda məhkəmə 1992-ci il aprel ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən qeyd edir ki, torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri tərtib edib verdikdən sonra qüvvəyə minir. Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan istifadə hüquqları müvafiq orqanlar tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir (1992-ci il aprel ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsi maddələr - 29, 30). Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrılarkən 1992-ci il aprel ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin də tələblərinə riayət edilməmiş və torpaq sahəsinin hüquq müəyyənedici və texniki sənədləri hazırlanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması proseduru tam başa çatdırılmadığından, həmin zaman ona ayrılmış torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən sənədlər tərtib olunmadığından və onun hazırda mübahisələndirdiyi plan və ölçü sənədində qeyd olunan koordinatlarla özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsini təsdiq edən hər hansı ilkin hüquqmüəyyənedici və texniki sənədlər mövcud olmadığından iddiaçı hazırki iddia tələbini sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin planı və ölçüsü sənədinin üçüncü şəxsin adına hazırlanması nəticəsində subyektiv hüquqlarının pozulduğunu əsaslandıra bilmir və o, öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin planı və ölçüsündə düzəliş edilməsinin cavabdehə həvalə olunması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar