Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2846/2024 19.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Ə.Rzayev adına Orand kənd tam orta məktəbinin direktoru X1 övladının keyfiyyətli təhsil almaq hüququnu pozduğu üçün 2021-2022ci,2022-2023-cü və 2023-2024 cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi və qanun yol verdiyi halda kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Ə.Rzayev adına Orand kənd tam orta məktəbinin direktoru X1 övladının keyfiyyətli təhsil almaq hüququnu pozduğu üçün 2021-2022ci,2022-2023-cü və 2023-2024 cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi və qanun yol verdiyi halda kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Lerik rayonu Ə.Rzayev adına Orand kənd tam orta məktəbi iş üzrə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndinə əsasən kimiya-biologiyaya, biologiyakimya, riyaziyyat-fizikaya, fizika-riyaziyyata və informatika-riyaziyata mahiyyət etibarı ilə yaxın fənnlərdir. Orand kənd orta məktəbinin direktoru Babək Rəhimov isə Nazirlər Kabinetinin qərarını öz yaxınlarının xeyrinə dəyişərək qanunsuz dərs bölgüsü aparmışdır. Məktəbin direktoru Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək öz qardaşlarına, qardaşı oğluna və digər qohumlarına qeyri ixtisas dərslərinin tədrisini tapşıraraq övladının keyfiyyətli təhsilalmaq hüququnu pozmuşdur. İxtisasca idman müəllimi olan Ramiz Rəhimov qeyri ixtisas olan Biologiya fənnindən necə diaqnostik imtahanda və kurikulum üzrə təlim kursunda iştirak edib və hansı kurikulum kursu idman müəlliminə biologiyadan serifıkat verib və nəyin müqabilində?! İdman müəllimi Ramizin oğlu olan kollec təhsilli ibtidai sinif müəllimi Rəhimov Mustafa necə diaqnostik imtahanda iştirak edib və hansı kurikulum kursu ona riyaziyyatdan sertifikat verib? Bu şəxs 5-11 ci sinfə kimi 2021-2022 ci tədris ilində riyaziyyatdan dərsləri əvəzçilik qaydasında tədris edib? Fizika müəllimi olan Rəhimov Müqabil kimyadan və yeznəsi Texnologiya müəllimi olan Asif Rəhimov informatikadan, məktəbin direktoru ixisasca texnologiya müəllimi olan Babək Rəhimov musiqidən hansı kurikulum kursunun sertifikatını alıblar və hansı yolla? Rəhimovlar ailəsi qeyri ixtisas fənlərindən hans təlim kurslarından keçərək qeyri ixtisas fənnlərinin peşəkarcasına bilmələri ilə bağlı verilmiş rəylərlə onunda bir valideyn kimi tanış olmaq hüququ vardır. Çünki bu müəllimlər onun azyaşlı övladına guya bilik öyrədirlər. Məktəb dövlət müəsissəsidir, dövlət vəsaiti hesabına maliyələşir, aşkarlıq, şəffaflıq və demokratik prinsiplərlə idarə olunmalıdır. Məktəb Rəhimov qardaşlarının şəxsi müəsissəsi deyildir. Rəhimov qardaşları nəinki qeyri-ixtisas fənnləri olan kimya, biologiya, informatika, musiqi, riyaziyyatı hətta dəmək saatlarını da guya tədris edirlər. Beləki, ata idman müəllimi olan Rəhimov Ramiz və ogul kollec təhsilli ibtidai sinif müəllimi Mustafa Rəhimov dərnək saatlarının pulunu da tədris adıyla mənimsəyirlər. Babək Rəhimovu məktəbdə dərslərin tədrisi düşündürmür. O özünün və qardaşlarının maddi rifahını düşünür və kimlərsə hansı məqsədlə onu himayə edir. Bununla da övladlarımızın keyfiyyətli təhsilalmaq hüququnu məhdudlaşdırırlar. Babək Rəhimovun yuxarıda adlarını qeyd etdiyi qardaşları və qohumlarının ixtisaslarına uyğun dərs yükü az olduğu üçün o qonşu məktəblərdən saat hesabı da olsa ixtisaslı müəllim gətirmək isdəmir ki, qardaşları və qohumlarını qanunsuz dərs yükü ilə təmin etsin. Təhsil haqında qanunları Baş Nazir, Elm və Təhsil Nazirliyi imzalayır. Ancaq yazılmış qanunlarıda Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəblər düzgün icra etmir. Bu məktəbdə qeyri ixtisas dərslər, fərdi məşğəllələri, fakultətiv və dəməkləri, hətta əvəçilik qaydada keçirilən dərsləridə Rəhimovlar tədris edir. Bu məktəbdə Azərbaycan Respublikasının Təhsil haqında qanun və təlimatlar düzgün tətbiq olunmur. İdman müəllimi olan direktorun qardaşı Ramiz Rəhimova verilmiş qanusuz Biologiya dərslərin qanuniləşdirməsindən ötrü gah Nazirlər Kabmetinin qərarına uyğun verilməsini, gah Biologiya ixtisasından sertivikatın olmasını gahda bu dərsin uzun müddət Ramiz Rəhimovun tədris etməsini bəhanə gətirərək Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək övladımın kefıyətli təhsil alma hüququnu pozurlar. Dəfələrlə Elm və Təhsil Nazirliyinə Orand kənd tam orta məktəbində aparılmış dərs bölgüsünün hansı qanun və təlimatla apardığı haqında müraciət etsə də müraciətindən yayınaraq müraciətinə aid olmayan cavablar verərərək valideyin kimi onun hüququnu pozmuşlar. Hansı qanunda yazılıb ki, Kimiya fənni Fizika fənninə, Biologiya fənni Bədən tərbiyə fənninə,( kollec təhsilli) İbtidai sinif fənni 5-11 siniflər üzrə riyaziyyat fənninə Texnologiya fənni İnformatika fənninə, Texnologiya fənni müsiqi fənninə yaxın fənlərdir. O, bir valideyin kimi dəfələrlə müraciət etsə də Elm və Təhsil Nazirliyindən yuxarıda qeyd etdiyi dərs bölgüsünün hansı qanun və təlimatla apardıqları barədə cavabı ala bilməmişdir. Məhkəmədən xahiş edir Orand kənd tam orta məktəbində 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü tədris illərində aparılmış dərs bölgülərinin hansı qanun və təlimatla apardıqları barəsində sorğu verilsin. Onun da bir valideyin kimi həmin illərdə aparılmış dərs bölgüsünün hansı qanun və təlimatla aparılması ilə tanış olma hüququ bərpa olunsun. Eyni zamanda azyaşlı uşağın atası olaraq uşağının mənafeyinə görə iddia verdiyi üçün, habelə uşağın atası olmağına dair qeydiyyat orqanında mövcud “Doğum haqqında şəhadətnaməni” nəzərə alınmağını, uşaq azyaşlı olmaqla onun övladıdır. Onun valideyn olaraq uşağın mənafeyi baxımından məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmağını nəzərə alınmağını xahiş edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin, 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Başqa sözlə desək, iddiaçı X2 Təhsil İdarəsinin tabeliyində olan Lerik rayon Orand kənd tam orta məktəbinin direktoru X1 2021-2022-ci,2022-2023-cü və 2023-2024 cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək qeyri ixtisas müəllimləri olan yaxın qohumlarının xeyrinə qanunsuz dərs bölgüsü apardığı üçün, əvəzçiliklə dərsləri qeyri ixtisas müəllimləri olan yaxın qohumlarına verdiyinə görə və etdiyi çoxsaylı müraciətlərə baxmayaraq Regional Təhsil İdarəsi bu qanun pozuntularının qarşısını almaqdansa onları qəbul edib və təsdiq edərək övladının kefıyətli təhsil alma hüququnu pozduğu qeyd edir. Lakin Cavabdeh İddiaçı hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Və beləliklə də, o, cavabdehə qarşı Ə.Rzayev adına Orand kənd tam orta məktəbinin direktoru X1 övladının keyfiyyətli təhsil almaq hüququnu pozduğu üçün 2021- 2022-ci,2022-2023-cü və 2023-2024 cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi və qanun yol verdiyi halda kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasınə tələb etməkdə haqlı olmamışdır.Həmçinin məhkəmə qeyd edir ki, hazırki tələblərə oxşar iddia növləri ilə iddiaçı bir neçə dəfə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 2560/2023 saylı, xx.xx.2023-cü il tarixli və həmin məhkəmənin 2-1(120)-5080/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları ilə iddia mümkün hesab edilməmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçının narazılığı məktəbdə müəllimlər arasında dərs bölgüsünün düzgün həyata keçirilməməsindən ibarətdir.Yəni, iddiaçının tələbi məktəbə qarşı yönəlmişdir.İş materiallarından müəyyən edilir ki, iddiaçının övladı məktəbə qəbul edilmiş və həmin məktəbdə oxuyur.İddiaçı ilə məktəb arasında mülki münasibətlər yaranmışdır ki, həmin münasibətlərə inzibati icraat qaydasında baxılması yolverilən deyildir.Həmçinin, məhkəmə qeyd edir ki, məktəblərdə dərs bölgüsü məktəblərin pedoqoji şuraları tərəfindən həyata keçirilir və təhsil idarəsinin dərs bölgüsünü müəyyən etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 30 iyul 2024-cü il tarixli, 2-1(120)-2846/2024 nömrəli hüquqi yardım məktubı ünvanlanmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Ə.Rzayev adına Orand kənd tam orta məktəbinin direktoru X1 övladının keyfiyyətli təhsil almaq hüququnu pozduğu üçün 2021-2022ci,2022-2023-cü və 2023-2024 cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi və qanun yol verdiyi halda kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2846/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2846/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver