Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-285/2020 18.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Hacıqabul rayonu, Meyniman kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında izahat verərək, bildirdi ki, o, 1967-ci ildə anadan olmuşdur. 22.10.1985-ci il tarixindən 09.11.1987-ci il tarixinədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Erməni işğalçıları Azərbaycan Respublikasına hücum edən zaman o da 08.07.N3-cü il tarixində səfərbərliklə əlaqədar könüllü olaraq hərbi xidmətə gedərək, N saylı hərbi hissənin tərkibində düşmənlərə qarşı vuruşmuşdur. Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 3 gün qar zolaqlarında qalmışdır. Nəticədə çoxsaylı ayaq hissələrində donvurmaya məruz qaldığı üçün Gəncə Hərbi Hospitalına göndərilmişdir. Həmin hospitalda uzun müddət müalicə almışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərə gedərkən 2 azyaşlı övladı var idi. O, vətəndaşlıq borcunu vətən uğrunda vermişdir, lakin uzun illər layiq olduğu müharibə veteranı vəsiqəsini almaq istəsə də, veteranlıq vəsiqəsini verən komissiya ərizəsinə rədd cavabı vermişdir. O, könüllü olaraq Vətənin azadlığı və suverenliyi uğrunda iştirak etməsi barədə Gəncə Hospitalından aldığı arayışları təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün təqdim etsə də, Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya ondan 30.03.N4-cü il tarixindən sonrakı xidməti haqqında məlumatı tələb etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 20.09.2019-cu il tarixli iclasında ərizəsinə və sənədlərinə baxılmış, ona 27.09.2019-cu il tarixində imtina məktubu verilmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materialında olan 02.10.2017-ci il tarixdə Hacıqabul RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 10.08.1967-ci il tarixdə Cəlilabad rayonu, Talış kəndində anadan olmuş, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin 15.07.2019-cu il tarixli 132 saylı arayışı ilə müəyyən olunur ki, verilir, 1967-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən də o, 22.10.1985-ci il tarixdən 09.11.1987-ci il tarixədək Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. 08.07.N3-cü il tarixdə səfərbərliklə əlaqədar yenidən hərbi xidmətə göndərilmiş, N saylı hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Qazax Hərbi Prokurorluğunun məktublarına əsasən hərbi qeydiyyata götürülmüşdür. Əsas: Qeydiyyat kartası. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 dekabr 2019-cu il tarixli 9/2-19820 saylı məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı "12.12.93", sıra-71, səh-29) İddiaçı adı qeyd olunmuşdur. Lakin adının qarşısında xidməti barədə müvafiq qeydlər aparılmamışdır. Sabirabad RHK-dan göndərilmiş, 1967-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 123 №-li əmrilə (əsas: §-9, səh-29, sıra-29, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 126 №-li əmrində 2-ci taburun hərbi qulluqçusu İddiaçı B. oğlunun (əsas: §-1, səh-39, sıra-27, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün Murovdağ istiqamətinə ezam olunması barədə məlumat vardır. Nümunəvi xidmətinə görə 2-ci taburun hərbi qulluqçusu, sıravi İddiaçı Bərəmxan oğluna N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 201 №-li əmrilə (əsas: §-8, səh-33, sıra-6, əmrdə adı "Sahbxan" və atasının adı "Bərəmxan" yazılmışdır, vəzifəsi göstərilməyib) "kiçik çavuş" hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissə komandirinin oktyabr-dekabr N3-cü il və yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin 19.11.N1-ci il tarixdən 10.05.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27.09.2019-cu il tarixli 1/H-13213 nömrəli məktubunda qeyd edilmişdir ki, sizə Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 20.09.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 09.09.2019-cu il tarixli 9/2-12767 nömrəli arayışına əsasən 25.09.N3-cü il tarixdən sonrakı xidmətiniz və N nömrəli hərbi hissənin N nömrəli xəstəlik tarixindən çıxarış epiqrizinə əsasən 30.03.N4-cü il tarixdən sonrakı xidmətiniz barədə məlumat olmadığına görə sizə "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan 23.10.2019-cu il tarixli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 123 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmiş, N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 126 №-li əmri ilə döyüş tapşırığını yerinə yetirmək üçün Murovdağ istiqamətinə ezam olunmuşdur. Lakin N №-li hərbi hissə komandirinin oktyabr-dekabr N3-cü il və yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin 15.07.2019-cu il tarixli 132 saylı arayışında N saylı hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Qazax Hərbi Prokurorluğunun məktublarına əsasən hərbi qeydiyyata götürülməsi qeyd edilmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş 09.03.1972-ci il təvəllüdlü X5 müharibə veteranı vəsiqəsini təqdim edərək, ifadəsində göstərdi ki, o, İddiaçı ilə birlikdə N3-cü ildə N saylı hərbi hissənin tərkibində Kəlbəcərdə erməni işğalçılarına qarşı döyüşmüşdür. O, N4-cü ilin fevralın 8-də qəlpə yarası alaraq, Gəncə Hospitalına yerləşdirildi. O, hospitalda olanda eşitmişdi ki, Sahibxan da donvurmadan Gəncə Hospitalına yerləşmiş və orada müalicə alır. Sonradan o, müalicəsini davam etdirmək üçün Bakı şəhərinə gəldi. Hal-hazırda ikinci qrup müharibə əlilidir. Müalicə aldıqdan sonrakı dövrdə əlil olduğu üçün hərbi hissəyə qayıda bilmədi və Sahibxandan da məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 04.05.1959-cu il təvəllüdlü X1 müharibə veteranı vəsiqəsini təqdim edərək, ifadəsində göstərdi ki, o, N3-cü ilin iyun ayında Hacıkənddə yerləşən N saylı hərbi hissənin tərkibində N nəfərdən ibarət tərkibdə şəxsi heyətin rəhbəri olaraq kapitan rütbəsində erməni işğalçılarına qarşı döyüşmüşdür. İddiaçı da həmin 40 nəfərlik şəxsi heyətin tərkibində idi. N4-cü ilin fevral ayında onlar mühasirəyə düşmüşdülər və fevral ayının 12-də mühasirədən çıxmışdılar. Hərbi hissənin tibb bölüyündən donvurmuş əsgərləri, eləcə də Sahibxanı qəbul edib, müalicə olunmaları üçün Gəncə Hospitalına göndərdilər. X2 müalicə olunduqdan sonra evə buraxılmışdır. Sonra o, yaralandı. Müalicə olunduqdan sonra hərbi xidmətini davam etdirərək 2000-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Eləcə də məhkəmə iclasında şahid qismində dindirilmiş 19.04.1965-ci il təvəllüdlü X3 müharibə veteranı vəsiqəsini təqdim edərək, ifadəsində göstərdi ki, o, N3-cü ilin iyununda Kəlbəcər rayonu uğrunda N saylı hərbi hissənin tərkibində döyüşmüşdür. İddiaçıı da orada görmüşdür. N4-cü ilin fevral ayında Murovda döyüşdükdən sonra mühasirəyə düşmüşdülər. Mühasirədən çıxanda isə o, güllə yarası aldığından Gəncə Hospitalına yerləşdirilmişdi. Orada müalicə alarkən Sahibxanın da donvurmadan Gəncə Hospitalında müalicə aldığını eşitmişdi. O, müalicə aldıqdan sonra hərbi hissəyə qayıtmışdı. Hospitalda olarkən Sahibxanın müalicəsinin davam etdirilməsi üçün evə buraxıldığını eşitmişdi. O, qanuni əsaslarla tərxis olunmuşdur. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr N5-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan sonra, Əsasnamə bir neçə dəfə dəyişdirilmişdir. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi müharibə veteranı adı və vəsiqəsinin verilməsini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, qüvvədə olan Əsasnamə isə N1-ci il oktyabrın 9-dan sonrakı dövr üçün bunun verilməsini belə əməliyyatlarda iştirak etmiş şəxslərdən hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, hərbi qulluqçulara, o cümlədən yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara şamil etmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» N2-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr N9-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar N6-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 23.01.N6-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır, hərbi bileti isə mövcud deyil. Cavabdehin 12 dekabr 2019-cu il tarixli 9/2-19820 saylı məktubunda da N №-li hərbi hissə komandirinin oktyabr-dekabr N3-cü il və yanvar-may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə məlumat aşkar olunmadığı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin 15.07.2019-cu il tarixli 132 saylı arayışında N saylı hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Qazax Hərbi Prokurorluğunun məktublarına əsasən hərbi qeydiyyata götürüldüyü qeyd edilmişdir. Bundan əlavə məhkəmə şahid ifadələrinə münasibət bildirərək, qeyd edir ki, şahidlər də ifadələrində İddiaçı hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə heç bir məlumatlarının olmadığını bildirdilər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması müəyyən olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə nzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» iddiası təmin edilməməlidir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)– yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» iddiası təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-285/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-285/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver