Məhkəmə qərarları › İş №2-1(120)-2867/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2867/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2867/2025 10.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, iddiaçı Şirvan Şəhər Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Şirvan şəhər Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 13 saylı Şirvan Ərazi İdarəsi) qarşı “Günəşli” Kəndli fermer təsərrüfatı X3 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qeydə alınmış torpaq sahəsinin planı və ölçüsü əsasında xeyrinə yüklü edilən şəxs X1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (Seriya RX № ******* saylı) dəyişdirilərək, Şirvan şəhəri X4 yerləşən hüquq sahibi İddiaçı mülkiyyətində olan 3 ha həmin sözügedən torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları məqsədli təyinatına uyğun olaraq ( tərtib edilmə tarixi xx.xx.2018-ci il AN 263824 saylı) torpaq sahəsinin planı və ölçüsü əsasında torpağın kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından dəyişdirilib, Bələdiyyənin torpaq sahəsinin planı və ölçüsündə nəzərdə tutulan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün öhdəliyin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış əsasında X2 Şirvan şəhəri 1 saylı notariat kontorunun 3M 381 nömrəli xx.xx.2018-ci il tarixli icarə müqaviləsi əsasında Şirvan şəhəri X4 yerləşən 3,0 ha torpaq sahəsi icarə əsasında kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasında icarəyə vermişdir. Bu çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrində 30 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışa DƏDKR 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü torpaq sahəsinin planı 1:10000 əlavə olunmuşdur.Torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə mülkiyyətidir.Əsas fərqli cəhət ondan ibarətdir ki, DƏDKR 13 saylı Şirvan Ərazi İdarəsi hüquq sahibi İddiaçınə təqdim edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid deyil,yaşayış məntəqələri kateqoriyasına aid etmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsələr də, müraciətlərinin təmin olunmasından imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdeh iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(120)-2867/2025 saylı qərardadı ilə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin və üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X3 məhkəmə iclasında izahatında iddianın mümkün sayılaraq təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsinin 7 saylı ərazi şöbəsi tərəfindən veirlmiş 842 №li, xx.xx.2017-ci il tarixli rəyin 1-ci abzasında qeyd olunmuşdur ki, müsabiqə və ya hərraca çıxarılması yolu ilə icarəyə verilməsi nəzərdə tutulan 30 000 kv.m (3,0 ha) torpaq sahəsi Şirvan Bələdiyəsinin mülkiyətinə aid olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalıdır, Şirvan şəhəri, X4 yerləşməklə 4-cü zonaya daxildir və icarə predmetidir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Şirvan şəhəri, Sənaye qovşağı ünvanında yerləşən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar aid 3 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində Şirvan şəhəri İddiaçı adına qeydə alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Şirvan şəhər Bələdiyyəsi ilə X3 arasında Şirvan şəhəri, X4 yerləşən ümumi sahəsi 3.0 ha olan torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışının surətindən müəyyən olunur ki, Şirvan şəhəri, X4 yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpağa dair xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində X1 icarə hüququ qeydə alınmışdır. İddiaçının hazırkı iddia tələbinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-21-3- 38/2-5067/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Şirvan şəhərinin inzibati ərazisində, X4 yerləşən və **********35 reyestr nömrəli çıxarışla icarə hüquqları dövlət qeydiyyatına alınmış 3.0 ha torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunması barədə müraciətinə baxılmışdır. Tərəflərindən elektron kadastr məlumat bazasına əsasən (Şirvan şəhər ərazi vahidliyi hüdudları daxilindəki bələdiyyə mülkiyyətinə aid torpaqların uçotuna dair Yerquruluşu Planı) aparılan araşdırma zamanı sözügedən 3.0 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Buna görədə-tərəflərindən müvafiq düzəlişlərin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalan”nın 1.8-ci bəndinə əsasən bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyrir kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar. Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibini Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir (9.1), Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar;yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;xüsusi qorunan ərazilərin torpaqları;meşə fondu torpaqları;su fondu torpaqları; ehtiyat fondu torpaqları( 9.2),Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir (3-c bənd). Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində göstərilmiş DƏDKR publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamənin 3-cü bəndində Xidmətin vəzifələri aşağıdakı kimi göstərilmişdir: 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” qaydalarının 3.1-ci bəndinə əsasən Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları; 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr; 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. Göründüyü kimi nə Xidmətin Əsasnaməsində nə də ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydada Ərazi İdarəsinin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi kimi bir vəzifəsi nəzərdə tutulmamışdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2025-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu ünvanlamışdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı Şirvan Şəhər Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar