Məhkəmə qərarları › İş №2-1(120)-2869/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2869/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2869/2023 17.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinə qarşı “xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsini“ məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 nömrəli Qərarında 5.2-ci bəndin qeyd olunur ki, Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində isə qeyd olunur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı X1 ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən (xx.xx.2007ci il tarixli icarə müqaviləsi və s.) görünür ki, İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsi ilə X1 arasında 18.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Hazırkı mübahisə də həmin müqavilə üzrə öhdəliklərin icrasından yaranmışdır. Məhkəmə qeyd edir ki, iddianın predmeti tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və müqavilə əsasında verilmiş torpaq sahəsində aparılmış tikilinin sökülməsi ilə bağlı olduğundan həmin tələbə inzibati icraat qaydasında deyil, mülki (kommersiya) mübahisəsi kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə uyğun aidiyyəti üzrə ümumi məhkəmədə (rayon və ya şəhər məhkəməsinə) və yaxud mübahisənin xarakterindən asılı olaraq kommersiya məhkəməsində baxıla bilər. Beləliklə də məhkəmə müəyyən etdi ki, mübahisənin predmeti publik hüquq münasibətlərindən deyil, xüsusi hüquqdan yarandığından və tərəflər hazırkı mübahisəsi üzrə bərabər hüquqlu tərəflər olduğundan hazırkı iddiaya inzibati icraat qaydasında baxılması mümkün hesab edilməməlidir. Beləliklə də məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçının nümayəndəsinə həm şifahi, həm də yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi yəni hazırkı mübahisənin həlli üçün aidiyyatı üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) və yaxud mübahisənin xarakterinə görə kommersiya məhkəməsinə müraciət etməli olması ilə bağlı hüquqlarını izah etmişdir. Buna baxmayaraq iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinə qarşı “xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar